|
Ölkəmizin üç ali məktəbi Parisdə
keçiriləcək seminarda təmsil olunacaq
Gələn həftə ölkəmizin 3 ali məktəbinin - Azərbaycan Texniki Universiteti (AzTU),
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Sumqayıt Dövlət
Universitetinin (SDU) rektorları Fransaya səfər edəcəklər. Səfər
çərçivəsində Erasmus+ layihəsinə əsasən hər üç universitetlə Avropa
universitetləri arasında ikili diplom müqaviləsinin imzalanması gözlənilir.
İkili diplomla bağlı üç universitetin nümayəndələrindən ibarət komissiya
üzvləri Azərbaycan Texniki Universitetində toplaşaraq səfər öncəsi son
müzakirələrini keçiriblər. Toplantıda müzakirə mövzusu müqavilədən irəli
gələn şərtlər olub.
Erasmus+ layihəsinin regional koordinatoru, AzTU-nun kafedra müdiri Həsən
Hüseynov bildirib ki, görüş Fransanın CNAM Universitetində keçiriləcək və
Azərbaycan universitetlərindən olan səlahiyyətli şəxslərlə interaktiv olaraq
ikili diplom müqaviləsinin bəzi şərtləri razılaşdırılacaq. H.Hüseynovun
sözlərinə görə, müqavilə ilə bağlı şərtlər və ümumilikdə müqavilə bazası
universitetlərə göndərilərək əlaqədar işçi qruplarının rəyi öyrənilib.
İkili diplom müqaviləsinin predmeti olan ixtisaslar sorğu əsasında müəyyən
edilib. H. Hüseynov bildirib ki, sorğuya ümumilikdə 500 nəfər cəlb olunub:
“Biz öncə Avropa ekspertlərinin iştirakı ilə sorğunun suallarını, formasını
hazırladıq. Sonra üç universitet birgə əmək bazarında olan 500 nəfər
arasında bu sorğunu keçirərək binaların enerji səmərəliliyi sahəsində hansı
ixtisasların prioritet olduğunu və həmin ixtisaslar üzrə kadrların hansı
biliklərə yiyələnməsinin vacib olduğunu müəyyən etdik”.
Layihə koordinatoru hesab edir ki, ikili diplom verilməsi nəzərdə tutulan
ixtisasa yiyələnən kadrların işlə təminatı məsələsində problem yaranmayacaq:
“Bu kadrlara əmək bazarında böyük ehtiyac var. Onlara qoyulan tələbləri
birbaşa olaraq əmək bazarında olan ixtisaslı mütəxəssislər, rəhbər şəxslər
müəyyən edib. Yəni, işəgötürənlərdən artıq tələbi almışıq. Biz ixtisasları
müəyyən edərkən sorğu anketləri və internet resursları üzərindən
araşdırmalarla kifayətlənmədik. 50 nəfər müxtəlif müəssisə rəhbəri ilə
müsahibə təşkil olundu. Onlarla söhbətin nəticələri də sorğuya daxil edilib
və təklifləri nəzərə alınıb”.
İkili diplom müqaviləsinin predmeti olan üç ixtisas: “Bərpa olunan enerji
mənbələri” (AzTU), “Enerji səmərəliliyi” (AzMİU) və “Binaların enerji
təchizatı” (SDU) ixtisaslarına qoyulan tələblər Təhsil Nazirliyi tərəfindən
də bəyənilib. Nazirlik ixtisaslara görə müəyyən edilən kredit sayının Avropa
universitetləri ilə uyğunlaşdırılmasının tərəfdarıdır.
Qeyd edək ki, Parisdə təşkil olunacaq seminarda Azərbaycan universitetləri
ilə yanaşı Rusiya Federasiyasının (5) və Çinin (2) tərəfdaş universitetləri
də təmsil olunacaq. Seminarın nəticəsindən asılı olaraq ikili diplom
müqaviləsinin Fransanın CNAM, İspaniyanın Sevilya, Almaniyanın Leypsiq,
İtaliyanın Pavia və Turin universitetləri ilə bağlanması planlaşdırılıb.
|