1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

MDU-nun Bakı Filialında Azərbaycanda ilk dəfə Beynəlxalq Coğrafi İmla - 2017 tədbiri keçirilib
01.12.2017 / No46


 

 

 


Əhalinin coğrafi savad səviyyəsinin qiymətləndirilməsinə yönəlmiş genişmiqyaslı təhsil aksiyasında 800-dən çox insan iştirak edib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında Coğrafi İmla - 2017 adlı nadir beynəlxalq layihə həyata keçirilib. İlk dəfə 2015-ci ildə Rus Coğrafiya Cəmiyyəti (RCC) tərəfindən Rusiyada keçirilmiş layihə bu il beynəlxalq səviyyəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Rus Coğrafiya Cəmiyyəti tarixən rus xəritəşünaslığının mərkəzlərindən biri olub. V.Y.Struve, F.F.Şubert, N.D.Artamonov, K.A.Salişşev kimi məşhur geodezist, topoqraf və kartoqraflar bu cəmiyyətin üzvləri olublar. Cəmiyyətin kartoqrafiya toplusu 1845-ci ildə cəmiyyətin yaradıldığı vaxtdan formalaşmağa başlayıb. Bu gün həmin topluda 40 minə yaxın nadir atlas və xəritə var. Son illərdə isə yeni buraxılmış kartoqrafiya materialları və geoloji informasiya xarakterli məlumatlar hesabına, o cümlədən cəmiyyətin qrant dəstəyi sayəsində həmin toplunun həcmi əhəmiyyətli dərəcədə artıb. 2015-ci ildə RCC-nin Qəyyumlar Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilk dəfə Ümumrusiya Coğrafi İmla tədbiri keçirilib.

Beynəlxalq Coğrafi İmla əhalinin coğrafi savad səviyyəsinin qiymətləndirilməsinə yönəlmiş genişmiqyaslı təhsil aksiyasıdır. 2017-ci ildə İmla artıq beynəlxalq səviyyəyə çatıb və bu il noyabrın 26-da dünyanın 25-dən çox ölkəsində (o cümlədən Rusiya, Azərbaycan, Argentina, Çexiya, Danimarka, Böyük Britaniya, Norveç, Türkiyə, Monteneqro və başqa dövlətlərdə) imla keçirilməsi məqsədilə məxsusi olaraq hazırlanmış regional məkanlar fəaliyyət göstərirdi.

MDU-nun Bakı Filialında Beynəlxalq İmlada iştirak etmək arzusunda olanların sayı 800-dən çox idi. Qeyd etmək lazımdır ki, Filial bu tədbirin keçirilməsi üçün ən böyük məkanlardan birini təqdim edib və imla iştirakçılarının sayına görə Rusiyadan xaricdəki məkanlar arasında birinci olub.

Həmin gün Filialın tədris korpusunun auditoriyalarında bütün zəruri şərait yaradılmış, texniki cəhətdən yüksək səviyyədə təchiz olunmuş 12 auditoriya ayrılmışdı.

Rus dilində keçirilən coğrafi imlada iştirak etmək könüllü idi. İmla müxtəlif çətinlik dərəcəli 3 bloka bölünmüş 30 test tapşırığından ibarət idi. Birinci blokdakı suallar coğrafi anlayış və terminlərlə bağlı biliklərə aid idi. İkinci blok xəritə ilə işləmək bacarıqlarının yoxlanmasına, üçüncü blok isə səyyahların gündəliklərindəki qeydlərə və bədii əsərlərdən seçilmiş parçalara əsasən coğrafi obyektlərin təyin edilməsinə yönəlmişdi.

İmla başlanmazdan əvvəl tədbirin hər bir iştirakçısına imlanı yazmaq üçün möhürlənmiş blank, tapşırıqların mətni yazılmış blank və onun doldurulmasına dair şifahi təlimat paylandı. Hər bir iştirakçıya fərdi eyniləşdirmə nömrəsi verilmiş, bu nömrə imla yazma üçün blank alınarkən həmin blanka yazılır. Eyniləşdirmə nömrəsi kəsmə vərəq şəklində də təkrarlanır və həmin vərəq imlanın iştirakçısında qalır. İmlaya görə verilən balların maksimum sayı 100-dür. Tapşırıqların yerinə yetirilməsi uçun iştirakçılara 45 dəqiqə vaxt verilib. İştirakçıların təlimatlandırılması vaxtı da nəzərə alınmaqla imla üçün ayrılan ümumi vaxt 60 dəqiqə olub.

İmla başlanmazdan əvvəl Rus Coğrafiya Cəmiyyəti tərəfindən hazırlanmış maraqlı materiallar nümayiş etdirilib. “Putoran vadisi. Əlçatmaz gözəllik”, “Multi-Rusiya”, “Rusiya qoruqları”, “Rusiya zirvələri”, “Yeri gəlmişkən, coğrafiya haqqında” adlı videomateriallar imla iştirakçılarının böyük marağına səbəb olub. Yaşından, təhsilindən, sosial mənsubiyyətindən, dini etiqadından və vətəndaşlığından asılı olmayaraq arzu edən hər kəs bu imlada iştirak edirdi. Burada Rusiyanın Bakıdakı səfirliyinin əməkdaşlarını, “Rossotrudniçestvo” agentliyinin, Moskvadan Rus Coğrafiya Cəmiyyətinin nümayəndələrini, məktəbliləri və tələbələri, ölkənin ali məktəblərinin professor və müəllimlərini, AMEA alimlərini, yaradıcı ziyalıların və digər müxtəlif peşələrin nümayəndələrini görmək olardı. İmla dərsinin keçirilməsi üçün auditoriyalarda işə cəlb edilmiş bütün moderatorlar M.V.Lomonosov adına MDU-nun professorları və dosentləri idi.

Tədbir iştirakçıları öz şərhlərində MDU-nun Bakı Filialında imlanın yüksək səviyyədə təşkil olunmasını və keçirilməsini, Azərbaycanda belə bir layihənin reallaşdırılmasının vacibliyini qeyd ediblər.

Rusiyanın Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri İqor Yeronin: “Artıq üçüncü ildir ki, keçirilən Coğrafi İmla insanların təhsili ilə bağlı yaxşı bir ənənəyə çevrilib. Azərbaycanda bu imla Rusiyanın ən yaxşı ali məktəbini təmsil edən MDU-nun Bakı Filialında keçirilir. Təəccüblü deyil ki, bu hadisə məhz burada keçirilir. İştirakçıların sayı dünyanın istənilən başqa ölkəsindəkindən çoxdur”.

285 nömrəli məktəbin müəllimi Safura Rəhimova imlada öz uşaqları - 278 nömrəli məktəbin şagirdləri 14 yaşlı Nigar və 10 yaşlı Nicat ilə birlikdə iştirak edib. O deyir: “Coğrafi imla bu bazar günü bizim üçün ailəvi bayram oldu. Burada, MDU-nun Bakı Filialında biz çoxlu yeni və maraqlı məlumatlar aldıq. Belə tədbirlər intellektual inkişafa kömək edir, insanın dünya görüşünü xeyli genişləndirir. Bu, bizim uşaqlarımızın inkişaf etməsi üçün gözəl imkandır”.

Rus Coğrafiya Cəmiyyətinin Moskva vilayət bölməsinin icraçı direktorunun müavini Yuri Minnikov: “MDU-nun Bakı Filialında Coğrafi İmla üçün ayrılmış məkan bu məqsədlə dünyada ayrılan ən böyük məkandır. Hər şey - imlanın təşkili, iştirakçıların sayı, bu hadisəyə maraq ən yüksək səviyyədədir. Bütün bunlar onu göstərir ki, imla bayramı baş tutub! MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevaya və bu tədbirin baş tutmasına kömək etmiş hər kəsə Azərbaycanda coğrafi imlanın keçirilməsi üçün gözəl şərait yaratdıqlarına görə dərin minnətdarlığımı bildirmək istərdim. Biz bu barədə Moskvada hökmən danışacağıq. Hamınız çox sağ olun!”.

Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər kafedrasının professoru Rüfət Qasımov: “İmla ölkənin təhsil sisteminin həyatında mühüm hadisə oldu. Bu tədbirdə yaşından və sosial mövqeyindən asılı olmayaraq hər kəs öz biliklərini yoxlamaq, çoxlu yeni məlumatlar almaq imkanına malik idi. İnsan bütün həyatı boyu öyrənməlidir. İqtisadiyyat sahəsində çalışan bir müəllim kimi, mənim üçün özümü coğrafiya sahəsində sınamaq, ölkəmizin gələcəyi olan istedadlı, biliklərə can atan gəncləri görmək çox maraqlı idi”.

MDU-nun Bakı Filialının iqtisad fakültəsinin ikinci kurs tələbəsi Şəbnəm Quliyeva: “İmla bizim doğma filialda keçirilir və bu, bizim üçün sevindirici hadisədir. İqtisadiyyat ilə sıx bağlı olan coğrafiya məni həmişə maraqlandırıb və bu sahədə öz biliklərimi yoxlamaq mənim gələcək inkişafım üçün mühüm amildir”.

189-190 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Riad Mirzəyev: “Burada mən ümumtəhsil məktəblərinin çoxlu şagirdlərini, öz dostlarımı gördüm. Bizim yaşda biliklər əldə etmək çox vacibdir, onlar gələcəkdə hökmən lazım olacaq. Qeyd etmək istərdim ki, suallar çox maraqlı və ibrətamiz idi. Bu imla mənim üçün bir növ müsabiqə oldu. Mən özümü yoxlamaq istəyirdim və bu təcrübə çox faydalı oldu”.

Eldar Quliyev adına 145 nömrəli məktəbin 10-cu sinif şagirdi Fidan Quliyeva: “Azərbaycanda coğrafi imla keçirilməsi bizi çox sevindirdi. Bizim Rusiya tarixinə və Rusiya coğrafiyasına çox böyük marağımız var və bu tədbir bizə bu sahədə öz biliklərimizi yoxlamaq, Rusiya haqqında yeni biliklər əldə etmək imkanı verir”.

Bakıya Dnepropetrovskdan köçüb gəlmiş Lyubov Abdullayeva: “Rus Coğrafiya Cəmiyyətinin MDU-nun Bakı Filialında həyata keçirilən layihəsi ölkələr arasında dostluq körpüsüdür. Bu tədbir uşaqların, gənclərin və yaşlı nəslin böyük diqqətini cəlb edib. Coğrafi İmla xalqları, müxtəlif yaşlı və müxtəlif peşələrə aid insanları birləşdirir”.

“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov: “Müasir dünyada tarixi və coğrafiyanı bilmək çox vacibdir. Coğrafi İmla beynəlxalq miqyaslı hadisədir. Azərbaycanda MDU-nun Bakı Filialında və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilən bu tədbirdə mindən çox insan iştirak edir. Bu, MDB ölkələrində ən yüksək nəticə və bizim ümumi qələbəmizdir”.

İmlanın moderatoru, M.V.Lomonosov adına MDU-nun iqtisad fakültəsinin professoru Kaysın Xubiyev: “İmlanın MDU-nun Bakı Filialında keçirilməsi faktı mənim üçün xüsusilə maraqlıdır. Bu layihənin MDU-nun Bakı Filialında təşkili və keçirilməsi ən yüksək tərifə layiqdir. Bu mühüm hadisədə iştirak etməyimə görə çox şadam”.

İmlanın moderatoru, MDU-nun fizika fakültəsinin professoru, fizika-riyaziyyat elmləri doktoru Aleksandr Slepkov: “Mən özüm də imlada iştirak etdim, ola bilsin ki, sualların hamısına cavab vermədim, lakin bu çox maraqlı tədbirdir və mənim çox xoşuma gəldi. MDU-nun Bakı Filialı Coğrafi İmlanın keçirildiyi ən böyük beynəlxalq məkanlardan biridir. Cari il M.V.Lomonosov adına MDU-nun Bakı Filialı üçün yubiley ilidir - 10-cu tədris ilidir. Artıq çoxdandır ki, bu filial iri beynəlxalq layihələrin uğurla həyata keçirildiyi və belə tədbirlərin yüksək səviyyədə reallaşdığı bir məkana çevrilib. Məsələn, 2015-ci ildə filialda dünyanın 80 ölkəsindən 600-ə yaxın şagirdin iştirakı ilə məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirildi. Beynəlxalq Olimpiadanın İdarəetmə Komitəsinin rəyinə görə, həmin olimpiada məktəblilərin kimya olimpiadalarının keçirilməsi tarixində ən uğurlu və ən yaxşı olimpiada oldu.

Ona görə də ən yüksək səviyyədə təşkil olunmuş bugünkü tədbir də ən gənc iştirakçılarından başlamış yaşlı nəslin nümayəndələrinə qədər hər kəsin böyük marağına səbəb oldu. Ümumiyyətlə, filialın təchizatının yüksək səviyyədə olmasını, buradakı müasir auditoriya və laboratoriyaları qeyd etmək istərdim. Burada işləmək və təhsil almaq çox xoşdur. Təsadüfi deyil ki, İmla məhz MDU-nun Bakı Filialında keçirildi”.

İmlanın moderatoru, filologiya elmləri doktoru, M.V.Lomonosov adına MDU-nun filologiya fakültəsinin ən yeni rus ədəbiyyatı tarixi və müasir ədəbi proses kafedrasının müdiri Mixail Qolubkov: “Bu ildən etibarən Coğrafi İmla beynəlxalq miqyas alıb. Bu vaxt Bakıda olmağıma və belə mühüm bir layihədə iştirak etməyimə görə çox şadam. Bu, MDU-nun Bakı Filialının və Azərbaycan paytaxtının həyatında çox mühüm hadisədir, çünki ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına, Rusiya coğrafiyasının öyrənilməsinə şərait yaradır. Bu hadisə bizim həyatımızda bayramdır. Mən bu tədbirin uğurla həyata keçirilməsi münasibətilə Bakı Filialının bütün kollektivini təbrik edirəm”.

Rus Coğrafiya Cəmiyyətinin Azərbaycandakı təşəbbüs qrupunun rəhbəri Cavid Zamanov: “MDU-nun Bakı Filialında Coğrafi İmlanın keçirilməsi böyüməkdə olan nəslin təhsilinin və tərbiyəsinin inkişafına böyük töhfə verməklə bərabər, həm də bütün iştirakçılar üçün gözəl bayram oldu”.

Həmin gün M.V.Lomonosov adına MDU-nun Bakı Filialında bu nadir tədbirin əvvəlindən sonuna qədər əsl bayram şəraiti hökm sürürdü.

Coğrafi İmlanın bütün iştirakçılarına sertifikatlar verildi. İmlanın nəticələri dekabrın 25-də elan ediləcək.

Qeyd edək, MDU-nun Bakı Filialında 6 fakültə fəaliyyət göstərir: tətbiqi riyaziyyat, kimya, filologiya, psixologiya, iqtisadiyyat və fizika fakültələri. Filialın çox zəngin kitabxanası, kimya, fizika və psixologiya fakültələrində tədris prosesinin təmin edilməsi və elmi tədqiqat işləri aparılması üçün zəruri olan, demək olar ki, istənilən dərəcədə mürəkkəb eksperimental araşdırmalar aparmağa imkan verən ən müasir avadanlıqla təchiz olunmuş 22 tədris-elmi laboratoriya var. Bakı Filialı həm humanitar, həm də fundamental elm sahələrində gənc tədqiqatçıların elmi potensialının artırılmasına həmişə xüsusi diqqət yetirir. Artıq üçüncü ildir ki, MDU-nun rəhbərliyi filialın məzunlarına Moskva Dövlət Universitetinin əyani aspiranturasında pulsuz oxumaq üçün yerlər ayırır. Bakı Filialı lap əvvəldən özü üçün asan olmayan yol seçib: burada indiki dövrdə çox populyar olan beynəlxalq hüquq, hüquqşünaslıq kimi ixtisaslar və istiqamətlər açmaq əvəzinə, humanitar ixtisaslarla yanaşı dəqiq elmlər üzrə yüksək ixtisaslı kadrlar hazırlanmasına xüsusi diqqət yetirilib və bu gün də belədir. Bu yaxınlarda filialda ən müasir avadanlıqla təchiz edilmiş yeni “Nüvə və atom fizikası” tədris laboratoriyası açılıb.

Filialın nisbətən qısa müddətdə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tədris və elmi-akademik fəaliyyətin bütün sahələrində qazandığı nailiyyətləri çox sadalamaq olar.

Rus Coğrafiya Cəmiyyətinin rəhbərliyi məhz filialın bütün uğurlarını və nailiyyətlərini nəzərə alaraq bu İmlanın məhz MDU-nun Bakı Filialında keçirilməsi təşəbbüsü ilə filialın rektoru, akademik Nərgiz Paşayevaya müraciət edib.
 

yuxarı ⤴