|
Bakı Dövlət Sosial İqtisadi Kollecində
Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan “Həqiqət və gözəllik
aşiqi” mövzusunda musiqili ədəbi-bədii gecə keçirilib. Prezident İlham
Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin
keçirilməsi haqqında” sərəncamına müvafiq olaraq təşkil olunan tədbirdə
unudulmaz şairin həyat yolundan söz açılıb.
Sonra şairin yaradıcılığının bütün istiqamətləri geniş təhlil edilməklə
yanaşı, onun klassik və aşıq şeiri üslubunda yazdığı qəzəl, müxəmməs və
başqa qoşmaları tələbələrin ifasında təqdim olunub. Şairin sözlərinə
yazılmış nəğmələr gecəyə yeni bir rəng qatıb, Səməd Vurğunun “Vaqif”
pyesindən göstərilən bir səhnə isə iştirakçılar tərəfindən rəğbətlə
qarşılanıb. Gecədə həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin tələbələri Bakı Dövlət Sosial İqtisadi Kollecinin
tələbələri ilə birlikdə M.P.Vaqif lirikasının ürəklərə yol tapan sehrini
musiqinin dili ilə böyük şövqlə ifa ediblər.
Tədbirdə Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor
Nazim Kazımov, Bakı Qida Sənayesi Kollecinin direktoru, fəlsəfə elmləri
doktoru Vilayət İsmayılov, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
nəzdində Bakı Neft-Energetika Kollecinin direktoru, pedaqogika üzrə fəlsəfə
doktoru Mehman Abduləzizov çıxış edərək Molla Pənah Vaqifin öz ənənələri ilə
seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar olduğunu qeyd ediblər, ustad
şairin əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya
nümunələri meydana gətirdiyini söyləyiblər.
Gecənin sonunda Bakı Dövlət Sosial İqtisadi Kollecinin direktoru, pedaqogika
üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərək mədəniyyətimizə böyük dəyər
verdiklərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
|