1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Riyaziyyat fənninin tədrisində müasir innovasiyalar, yaradıcı yanaşma
01.12.2017 / No46


Foto1

 

(Foto2)

 

 


Öyrədici layihə şagird üçün yaradıcı potensialını maksimum üzə çıxartmaq fürsətidir

Günay HÜSEYNZADƏ,
Bakı şəhəri 193 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi, AMEA İdarəetmə Sistemləri İnstitutunun doktorantı

Qloballaşan dünyada qarşıda duran vəzifələrdən biri də təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılmasıdır. Təsadüfi deyil ki, son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi məsələsi daha həssas bir mövzuya çevrilmişdir. Ümumtəhsil məktəblərində Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisinə ayrılan diqqət, IX sinif buraxılış imtahanlarında aparılan dəyişikliklər bunun bariz nümunəsidir.

Bu gün təhsilin keyfiyyəti cəmiyyətin inkişafı ilə bilavasitə əlaqədardır. Təhsilin keyfiyyətini yüksəltmək, aşağı sinif şagirdlərinin fənlərə olan marağını artırmaq üçün yeni yanaşmalar zəruridir. 2017-ci il martın 5-də VI və VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili tədqirəlayiq haldır. Müşahidələrimə əsasən qeyd edə bilərəm ki, fənn müsabiqələri VI və VII sinif şagirdlərinin fənlərə olan marağını artırmış və onlarla məqsədyönlü işlərin aparılmasına zəmin yaratmışdır.

Müasir zamanda inkişaf və tərəqqi, ilk növbədə, qabaqcıl texnologiyaların və elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların müxtəlif sahələrə uğurlu tətbiqi ilə bağlıdır. Digər sahələrdə olduğu kimi, təhsilin də informasiyalaşdırılması, innovasiyalarla zənginləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı inkişafın təmin edilməsi mühüm məsələlərdən biridir.

Bu sahədə müxtəlif növ elektron təhsil resurslarının hazırlanması istiqamətində müvafiq layihələr həyata keçirilmişdir. Elektron resursların tədris və təlim materiallarını əhatə edərək bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tədris prosesində qabaqcıl müəllimlərin dərslərini videoçəkiliş edərək interaktiv texnologiyaları tətbiq etməklə şagirdlər üçün maraqlı videodərslər yaratmış və təhsil portalının bir sahəsi olan videodərslər portalına yerləşdirmişdir. Portalda riyaziyyat fənni üzrə iştirak etdiyim fəal təlimə əsaslanan videodərslər yerləşdirilmişdir. Portalda iştirak edən və eləcə də onun imkanlarından daim yararlanan bir müəllim kimi deyə bilərəm ki, əgər şagird dərs zamanı hər hansı mövzunu yaxşı dinləyə bilməyibsə, başa düşməyibsə və ya müəyyən səbəblərdən dərsdə iştirak etməyib və bununla da keçilən mövzu ilə bağlı heç bir anlayışı yoxdursa, bu zaman o, internet vasitəsilə videoportala daxil olub müvafiq fənni seçməklə həmin mövzunu tapıb izləyə bilər. Videodərslərin adi dərsdən əsas üstünlüyü odur ki, şagird bu dərsləri bir neçə dəfə təkrar izləmək imkanına malikdir. Bununla da şagird mövzunu tam mənimsəyənə qədər dərsi təkrar izləyə bilər. Riyaziyyat fənninin tədrisində bu, mütləq şərtdir. Hər sinifdə təlim nəticələri zəif olan şagirdlər olur. Həmin şagirdlərlə diferensial təlim aparmaqla yanaşı onları video dərslər portalından istifadə etməyə istiqamətləndirsək qısa zaman ərzində bu şagirdlərin təlim nəticələrində dəyişiklik olacağının şahidi ola bilərik. Belə ki, portal şagirdin dərsi anlama keyfiyyətini artırır. Şagird hər videodərsi dinlədikdə ona bir neçə test təklif olunur, bu testləri cavablandırmaqla sonda topladığı bala əsasən dərsi nə dərəcədə doğru mənimsədiyini təyin edə bilir. Videodərslərdən məktəbdə tədris prosesində də istifadə etmək olar. Bu, artıq müəllimin yaradıcı yanaşmasından asılıdır. Bildirmək istəyirəm ki, elektron resurslar portalı kifayət qədər zəngindir. Burada videodərslərlə yanaşı, elektron dərsliklər, e-test, elektron tapşırıqlar, xarici elektron resurslar, intellektual oyunlar və s. var. E-test portalında şagirdlər bal toplamaqla reytinq cədvəlində yerini müəyyən edir. Bu da onları daha yüksək nəticə göstərmək üçün çox oxumağa sövq edir.

Sosial şəbəkələrdə müxtəlif müəllim qrupları var. Həmin qruplara nəzər saldıqda kifayət qədər İKT bacarıqlarına malik müəllimlərin olduğunu görmək mümkündür. Əksər müəllimlər bu qruplarda hazırladıqları resursları paylaşır. Təbii ki, nəticədə digər müəllimlər də bu resurslardan istifadə etmək imkanına malik olur. Lakin bəzən resurs çoxaldıqca, əvvəlcədən yüklənmiş fayllar geridə qalır və nizamsız yerləşdiyi üçün tapmaq çətinləşir və ya axtarılan resursun varlığını təyin etmək mümkün olmur. Əgər bir resurs bazası olsa və bu resurslar həmin bazada siniflər üzrə sistemli şəkildə yerləşdirilsə, bu, bütün müəllimlər üçün faydalı olar. Məhz bu səbəbdən riyaziyyat fənni üzrə resurs bazası yaratmaq qərarına gəldim. Qabaqcıl, təcrübəli riyaziyyat müəllimlərindən məsləhət aldım. Onlar bu fikri çox bəyəndilər və dəstək oldular. Artıq riyaziyyat müəllimlərinin daim istifadə edə biləcəyi resurslar toplusundan, yəni, kiçik və böyük summativ nümunələri, dərs icmalları, interaktiv lövhələrdə istifadə üçün nəzərdə tutulmuş elektron dərslər, web alətlərin tətbiqi ilə hazırlanmış onlayn tapşırıqlar, dərslərin videoxülasəsi, iş vərəqləri və s. ibarət resurs bazası olan bir sayt mövcuddur (hg-riyaziyyat-alemi.blogspot.com). Hər bir müəllimin hazırladığı resurs saytda yerləşdirilə bilər. Düşünürəm ki, belə bir resurs bazasının varlığı müəllimlər üçün faydalıdır. (Foto1)

Standartlara əsaslanan nəticəyönümlü təlim proqramı təlimin düzgün təşkilini və sinifdə şagirdlərin standartları mənimsəməsini nəzərdə tutur. Artıq mühüm olan şagirdin təkcə mövzunu mənimsəməsi, bilik toplaması deyil. Daha vacib bildiklərini tətbiq etmək bacarığının formalaşmasıdır. Təhsilin keyfiyyətini yüksəltmək məqsədilə məktəbdə tədris prosesində inkişafetdirici effektə nail olmaq üçün yeni üsullardan, xüsusilə öyrədici layihələrdən geniş istifadə edilir. Bu metodun əsas mahiyyəti şagirdlərə əldə etdikləri biliklərin həyatda onlara lazım olacağını göstərməkdir. Müəllim yeni informasiyaların alınma mənbəyini və ya bu informasiyaları necə axtarmaq mümkün olduğunu göstərərək şagirdi istiqamətləndirə bilər. Öyrədici layihənin tətbiqində müəllimin rolu dəyişiklik yaradır. Bu cür yanaşmada layihə işi müddətində müəllim təşkilatçı, istiqamətləndirici, ortaq, məsləhətçi rolunu oynaya bilər. Öyrədici layihə şagird üçün yaradıcı potensialını maksimum üzə çıxartmaq fürsətidir. Bu fəaliyyət şagirdə öz gücünü fərdi və ya qrup halında göstərməyə, sosiallaşmağa, bütün bacarıqlarını toplamağa, sistemli düşünməyə, müsbət nəticə əldə etməyə şərait yaradır. Müəllim üçün isə öyrədici layihə təlim və tədrisdə interaktiv inkişaf rolunu oynayır. Layihənin düzgün təşkilində və nəticələnməsində müəllimin rolu böyükdür. Belə ki, müəllim layihəni nə qədər dəqiq təşkil edərsə, onun müsbət nəticələnməsinə daha çox yol açar.
Riyaziyyat fənnindən belə layihələrə bir neçə nümunə göstərmək istərdim.

1. Təbiətdə riyaziyyat;
2. Riyaziyyat və coğrafiya;
3. Gündəlik həyatda riyaziyyat;
4. Bir bank işçisinin həyatında riyaziyyatın əsas rolu;
5. İnşaatçıya riyaziyyat nə üçün lazımdır?
6. Bizi əhatə edən aləmdə paralel və perpendikulyar düz xətlər və s.

Aşağıdakı 7-ci sinif şagirdləri ilə qeyd olunan mövzulardan bir neçəsi üzrə aparılan layihələrin mərhələləri ilə bağlı şəkillər təqdim olunur. (Foto2)

Layihə nəticəsində şagirdlərdə tətbiqetmə bacarıqları formalaşır. Şagirdlər layihə zamanı özləri tədqiqatçı olaraq axtarış aparır və nəticələr əldə edir. Bunları hərəkət planına uyğun aparır və sonda layihə işini təqdim edir. Layihə işinin nəticələrinə görə divar qəzeti, elektron təqdimat, bukletlər və s. hazırlanır. Bütün bunlar şagirdlərdə tətbiqetmə bacarıqlarını formalaşdırmaqla hədəflərini genişləndirir. Nəzəri metodiki biliklərin aşılanması ilə yanaşı, praktik tətbiqetmə bacarıqları formalaşdırır.
Yenilikləri asanlıqla qəbul edən gənc nəsil, bu gün həmin yenilikləri məktəbdən və müəllimlərdən də gözləyir. Əgər biz XXl əsrdə yaşayırıqsa, deməli, zamanın tələbi ilə uzlaşmaq lazımdır. Zamanın müəllimi yaradıcı, peşəkar, öz üzərində çalışan, təkmilləşən olmalıdır.

yuxarı ⤴