1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Müəllim-şagird münasibətləri pedaqoji əməkdaşlıq müstəvisində
01.12.2017 / No46


 
 

 

 


Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir

Kəmalə İSAYEVA,
Bakı şəhəri MLK-nın dil-ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Hazırda müəllimlər qarşısında yeni pedaqoji texnologiyalara yiyələnmək kimi ciddi vəzifə durur. Pedaqoji texnologiyalar çoxdur və onların hamısının öz məqsədi və istiqaməti vardır. Təhsil islahatının əsas məqsədlərindən biri ənənəvi yaddaş məktəbini təfəkkür məktəbinə çevirməkdir. Təfəkkür isə konstruktivizm nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə, sinifdə müəllim yox, şagird əsas götürülür. Nəzəriyyə şüurla bağlı olan psixologiyadan, təhsilə dair tədqiqatlardan, nevrologiya elmindən qidalanır, təhsildə fərdi yanaşmanı üstün tutur. Konstruktivizm nəzəriyyəsinin əsaslandığı sosial və koqnitiv (idraka əsaslanan) fərziyyələr öyrənmədə mühüm rol oynayır və öyrənmə nəzəriyyəsi kimi qəbul olunur. Əqlin inkişafında mühüm rol oynadığından onu beynin məşqi kimi də qəbul etmək olar.

Bu nəzəriyyəyə görə, mövzunu anlayıb başa düşmək, onu biliyə çevirərək tapşırıqları həll etmək üçün güclü təsəvvürə malik olmaq, xəyalında canlandırdığın obyekt haqqında mühakimə yürütmək, faktları dəqiqləşdirib mövzuya tətbiq etmək lazımdır. Bu isə koqnitiv nəzəriyyənin öyrənmək, qabaqcadan xəbər vermək, araşdırmaq, yaratmaq, təhlil etmək kimi prinsipləridir. Bu gün Azərbaycan təhsilində aparılan islahatlarda müəllim və şagird yaradıcılığına böyük önəm verilir. Müəllim öz dərsinə yaradıcı yanaşarsa, sözsüz ki, şagirdlər də sinifdə müəllimin bu yanaşmasına yaradıcı cavab verəcəklər.

Təlim prosesində xüsusi psixoloji mühit

Təlim prosesində elə qarşılıqlı münasibətlərin yaradılması nəzərdə tutulur ki, burada hər iki tərəf qarşıya qoyulmuş məqsədə çata bilsin. Əməkdaşlığın əsasında bu prosesin iştirakçıları arasında pozitiv münasibətlərin saxlanması durur və əlbəttə, əməkdaşlıq qurulması üçün əməkdaşların fəaliyyəti bir-birini məlumatlandıraraq həyata keçirilməsi vacibdir. Beləliklə, təlim prosesində xüsusi psixoloji mühit yaranır ki, burada təlim subyektləri bir-biri ilə qarşılıqlı əlaqədə olur. Bu isə fəaliyyət priyomlarının hesabına deyil, subyektlərin bir-birinə istiqamətlənmiş olmalarının nəticəsidir.

Təlim o vaxt effektli alınır ki, pedaqoq şagirdin fəaliyyətinə məharətlə rəhbərlik edir. Birgə fəaliyyətə sıx şəkildə qoşulmuş şagirdin şəxsi keyfiyyətləri, əməliyyatlardakı müstəqilliyi bu cür əməkdaşlığın əsasını təşkil edir. Müəllimlə belə qarşılıqlı münasibətlərdə olan şagirdin daha aktiv və sərbəst olmaq imkanı yaranır. Bundan başqa, bu aktivliyi düzgün idarə etməklə şagird şəxsiyyətində müsbətyönümlü dəyişikliklərin baş verdiyini görmək olar.

Qeyd etmək lazımdır ki, təlim prosesində müəllim və şagird arasında münasibətlərin necə qurulması ünsiyyət və qarşılıqlı təsir vasitələrinin xarakterinə birbaşa təsir edir. İlk növbədə, indiyədək formalaşmış olan müəllim-şagird münasibətlərinin tipləri ilə tanış olaq. Onları şərti olaraq 4 tipə bölmək olar.

Müəllim-şagird münasibətlərinin tipləri

Birinci tip: “müəllim-şagird” münasibətləri yüzilliklər ərzində təlim prosesinin aparıcı didaktik modeli olmuşdur. Bu model müəllim və şagird arasındakı bilavasitə əlaqəyə əsaslanır. Belə pedaqoji qarşılıqlı təsirin “prototipi” ana və uşaq arasındakı münasibətlərdir. Didaktik şagird-müəllim münasibətləri praktikada müxtəlif tədris formaları və metodları ilə müşayiət olunur. Burada aktuallaşan münasibətlərə: mentor (mürəbbi) və şagird; “evdə məktəb” müəllimi və şagird; tədrisin müxtəlif sahələrində ustad və şagird; xüsusi qayğıya ehtiyacı olan uşağa bərpaedici-pedaqoji, korreksiyaedici və tibbi proqram kontekstində fərdi olaraq tədrisin aparılması aiddir.

Müasir şəraitdə bu model müxtəlif forma variantlarında müəllim və şagird arasında fərdi-didaktik əlaqə, yaradıcılığa və müstəqilliyə stimullaşdıran iş, fərdi olaraq təlim problemlərinin müzakirəsi və konsultasiyası kimi işlənir. Bu tip pedaqoji qarşılıqlı münasibətlərinə ikilik (cüt) şəklində dominantlıq xarakterikdir.

İkinci tip: “müəllim-auditoriya” münasibətləridir. Bu, böyük sayda insan kütləsinə nəsihətvermə, təşviqat, mobillik, maariflənmə məqsədi daşıyan dialoji formada müraciətdir. Auditoriya ilə ünsiyyətin əsas formaları çıxış, təbliğ, məruzə, mühazirədir. Burada materialın və yeni informasiyanın rasional və “ekonomik” təqdim olunması əsas rol oynayır. Bu tip təlim ali məktəb üçün səciyyəvidir.

Üçüncü tipə “müəllim - qrup” münasibətləri aiddir. Bu tip üçün vasitəsiz kommunikasiya xarakterikdir. Həmçinin kommunikasiyanın çoxtərəfli və qarşılıqlı münasibətlərin qabarıq əməkdaşlıq xüsusiyyətinə malik olması ilə seçilir.

Dördüncü tip: “müəllim - təlim vasitəsi - şagird” üçün distant təlim xarakterikdir. Burada təlim kompüter və digər texniki vasitələrlə həyata keçirilir. Şagirdlər tərəfindən təcrübənin mənimsənilməsi şəxsi münasibətlər xaricində mümkün deyil. Məhz münasibətlər çərçivəsində şagird müəllimin qiymətləndirilməsini başa düşür. Həm də şagird özü də müəllimini qiymətləndirir. Müəllimə münasibət şagirdin uğurunu şərtləndirir. Pedaqoqa qarşı pozitiv münasibət təlimə marağı, şagirdlərin biliklərə yiyələnmə istəyini artırır, fəaliyyətə və əməkdaşlığa həvəsi güclənidirir.

Belə qarşılıqlı proses olmasa, şəxsiyyətin formalaşması baş verməz. Həmçinin bu zaman müəllim nəyin korreksiyaya ehtiyacı olduğunu, mənimsənildiyini və özünün nəyə əsaslanacağını müəyyənləşdirə bilir. Bu mənimsəmə prosesləri öz-özünə baş vermir. Formalaşan şagird şəxsiyyəti müəllimin dəstəyi nəticəsində digər insanların nəzər-nöqtəsini, davranış və əməllərini nəzərə almağın vacibliyini öyrənir.

Şagirdin bütün şəxsiyyət keyfiyyətlərinin nəzərə alınması çox əsasdır. Bu, təlimin tempini və keyfiyyətini dəyişməyə imkan verən ən mühüm amildir. Müəllimlə şagirdin əməkdaşlığı təkcə tədris metod və vasitələrinin tətbiqindən ibarət deyil. Burada mənəvi əlaqə də hökmən olmalıdır. Müəllim ötürdüyünün şagird tərəfindən qəbul edilməsinə, özününküləşdirməsinə şərait yaratmalıdır. Bu mənəvi əlaqə emosional, qiymətləndirici və iradi xarakter daşıyır.

Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən “müəllim-şagird” münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.

İlk növbədə, müəllim özü dəyişməlidir

Təhsil islahatlarının tələblərinin yerinə yetirilməsində, ilk növbədə, müəllim özü dəyişməli, təlimin yeni texnologiyalarını bilməli, yeni proqram və dərsliklərdən, fənn kurikulumunun tələblərindən irəli gələn dəyişiklikləri tətbiq etməyi bacarmalıdır. Yeni metodlardan istifadə zamanı müəllim şagirdlərin idraki fəallığına, müstəqil düşünmə qabiliyyətinin inkişafına nail olur. İş prosesində müəllim-şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır. Lakin müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, onu təhqir etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır.

Müəllim və şagird arasında problemlər adətən, şagirdlər sinifdən-sinfə keçdiyi zaman və onların yaş dövrləri ilə əlaqədar olaraq baş verir. Məsələn, 4-cü sinifdən 5-ci sinfə keçəndə yeni müəllimlərlə tanışlıq zamanı şagirdlərin psixologiyasında müəyyən dəyişikliklər olur. Birdən-birə onlar bir müəllimin əlindən çıxıb, bir neçə müəllimin qarşısında otururlar. Yeni müəllimlərlə tanışlıq onların özünəməxsus xarakterlərinin formalaşmasında mühüm rol oynasa da, ibtidai sinfi yenicə bitirmiş şagirdlər arasında çaşqınlıq yaradır. Bu sahədə onlara yeni təyin olunmuş sinif rəhbəri və məktəbin psixoloqu kömək etməlidir.

Düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil sistemində şagird-müəllim problemlərinin yaranmasına gətirib çıxarır.

yuxarı ⤴