1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Qrant müsabiqəsi üzrə qalib layihələr
“AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə”
01.12.2017 / No46


 

 

 


Şagirdlərin bu fənlərə marağı artırılır

Sənan NEMƏTOV,
Ağsu şəhər A.T.Nadirov adına 1 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru, layihənin rəhbəri

Ağsu şəhər A.T.Nadirov adına 1 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey Ağsu rayonunun ən böyük məktəbidir. Məktəb-liseydə hazırda 1071 nəfər şagird təhsil alır. Mən 2016-cı ildən yeni qaydalarla keçirilən direktorların işə qəbulu müsabiqəsində uğur qazanaraq məktəbə direktor təyin olunmuşam. Məlum olduğu kimi, bu ildən Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi təşkil olunur. Mən təhsilimizin inkişafına xidmət edən bu kimi tədbirlərin təşkilatçısı olan Təhsil Nazirliyinə, müsabiqənin keçirilməsində əməyi olanlara minnətdarlığımı bildirirəm. Sevindirici haldır ki, rayonumuz bu layihələrdən üçünə sahib olub.

Layihəm fərdi kateqoriyalar sırasına daxildir. “AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” adlanan layihədə məqsəd cəmiyyətin inkişafının əsasını təşkil edən texniki-təbiət fənlərinin tədrisinə önəm vermək, şagirdlərin bu fənlərə diqqətini daha da artırmaqdır. Dövlətimizin qayğısı sayəsində məktəbimizdə müxtəlif fənn kabinetləri, laboratoriyalar təşkil edilib. Biz həm müəllimlərlə, həm də həmin sahənin mütəxəssisləri ilə müzakirə aparıb belə qərara gəldik ki, laboratoriyalara kurikulum üzrə dərsləri yüksək səviyyədə keçməyə imkan verən mobil cihazlar alaq, məktəb həyətində biopark, təcrübə-bağçılıq sahəsi yaradaq, şagirdlərdə bu fənlərə həvəs oyadaq və elə edək ki, şagirdlər bu dərslərdə maraqla, həvəslə çalışsınlar.

Təhsil Nazirliyinin təklif etdiyi layihələrin mövzularına baxıb seçim edəndə belə fikirləşdik ki, “AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” mövzusu şagirdlərin dünyagörüşünün, intellektual səviyyəsinin artırılmasında daha böyük rol oynaya bilər. Həqiqətən də layihədən gözləntilərimiz artıq özünü doğrultmaqdadır. Layihənin başlandığı ilk günlərdən şagirdlər bu işə həvəslə yanaşır, maraqlanırlar. Ənənəvi sovet təhsilinin əsas çatışmayan cəhətlərindən biri nəzəriyyənin praktikada əksini tapmaması idi. Bizim layihə isə imkan verir ki, şagirdlər özləri praktik tapşırıqlar həyata keçirsinlər.

Təcrübə göstərir ki, şagirdlərdə dərsə o zaman maraq yaranır ki, dərslər yorucu yox, motivasiyalı, şagirdlərin yaddaşında qalan olsun, təkcə sinif otağı ilə məhdudlaşmasın. Xüsusən də biz xarici təcrübəyə əsaslanan dərsləri təhlil edərkən görürük ki, onlarda dərslər həm şagirdlər, həm də müəllimlər üçün çox maraqlı olur, darıxdırıcı olmur. Bunun da əsas səbəblərindən biri məhz dərslərdə əyani təcrübələrin aparılması, məktəbin başqa məktəblərlə, müəssisə və təşkilatlarla əlaqə yaratmasıdır. Biz də çalışdıq ki, layihə çərçivəsində Ağsu şəhərində yerləşən “AZ-GRANATA MMC” ilə əlaqələr quraq, onların laboratoriyalarında praktik dərslər keçək, emal prosesi ilə tanış olaq. Eləcə də Ağsunu dünyaya tanıdan, onun tarixini yüksək səviyyədə öyrənən “MİRAS” Mədəni İrsə Kömək İctimai Birliyi ilə sıx əməkdaşlıq etmək, onların təşkil etdiyi “Orta əsr Ağsu şəhərinə” turlara qatılmaq istəyirik. Çalışacağıq ki, bu işləri görməklə şagirdlərimizin dünyagörüşünü artıraq, dərsləri onlar üçün yaddaqalan edək və bu layihə onların hafizəsində həmişə məktəb illərindən yaxşı bir xatirə kimi qalsın. Həmçinin layihə məktəblilərdə əməkdaşlıq, özünəinam hissini artırmağa da kömək edəcək.

Artıq layihəyə start verilən gündən icra planına uyğun ardıcıllıqla tədbirlər görülməyə başlanılıb. Sorğu vərəqləri hazırlanıb, şifahi və yazılı sorğular keçirilib, texniki-təbiət fənlərinə marağı olan şagirdlər müəyyən edilib. Layihədə nəzərdə tutulduğu kimi, məktəb həyətində bioparkın hazırlanması üçün bir sıra ağaclar əkilib, səliqə-sahman yaradılıb. Həmçinin “AZ-GRANATA MMC”-nin laboratoriyasına ekskursiya təşkil edilib, şagirdləri maraqlandıran, təhsillərində onlara gərəkli olan informasiyalar verilib, onlar müvafiq cihazlarla tanış olublar. Layihə dekabrın 22-dək davam edəcək. Qalan bu müddət ərzində “AZ-GRANATA” müəssisəsində daha dörd “açıq dərs”, “Orta əsr Ağsu şəhərinə” turlar təşkil ediləcək, ekspertlərimiz tərəfindən təlim-seminarlar keçiləcək, məktəbin kimya, fizika və biologiya laboratoriyaları üçün müəyyənləşdirdiyimiz lazımi mobil cihazlar alınacaq.
 

yuxarı ⤴