1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

“Mənə olan ümidləri doğrultmalı idim”
01.12.2017 / No46


 

 

 


Respublika fənn olimpiadasının gümüş medalçısı Murad Cəbrayılov: “Öyrənmək istədiyimi öyrənəndən sonra bütün yorğunluğum keçir”

Murad Cəbrayılov Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin XI sinfində oxuyur. O, keçən il Respublika fənn olimpiadalarında biologiya üzrə gümüş medal mükafatçısı olub. Bu il daha böyük uğur qazanmaq üçün səylə çalışır. Arzusu orta məktəbi bitirdikdən sonra ürək həkimi olmaqdır.

- Murad, bilirik ki, dərslərini çox yaxşı oxuyursan. Hər gün dərslərə necə hazırlaşırsan?

- Bu, əslində bir az da vərdiş məsələsidir. Dərslərə daim hazır olmağa lap aşağı siniflərdən vərdiş etmişəm. Düşünürəm ki, yaxşı bir vərdişdir və bütün şagirdlər daim dərsə hazır olmağı özündə vərdişə çevirməlidir. Belə olmağımda, əlbəttə ki, valideynlərimin və müəllimlərimin rolu böyük olub. Məsələn, bir gün başın nəyəsə qarışanda və sabahkı dərsinə hazırlaşmayanda gecə yata bilmirsən və o narahatlıq səni vadar edir ki, işığı yenidən yandırıb oxu masasına yönələsən. Vərdişi pozmaq necə narahat edirsə, yerinə yetirmək də o qədər rahatlıq gətirir.

Onlar oxuyurlar, demək, mən də oxumalıyam

- Yəqin ki, sizin sinifdə də dərslərini yaxşı oxumayan uşaqlar var. Birinci sinifdən birlikdə oxumusunuz, səncə, istiqamətinizi ayıran amillər hansılar olub? Necə olur ki, sən dərslərini belə yaxşı oxuduğun halda, onlar oxumurlar. Axı sizə eyni müəllimlər dərs keçir və eyni sinifdə oxuyursunuz?

- Birinci, uşağın özünün oxumağa həvəsi olmalıdır. Bu həvəsi də yəqin ki, onda valideyn, ailə formalaşdırır. Mən özümdən böyük bacı-qardaşıma baxıb oxumuşam. Onlar oxuyurlar, demək, mən də oxumalıyam. Deyirlər, “Aşıq gördüyünü çağırar”. Yəni, mühit çox önəmlidir; valideynlərin diqqəti, nəzarəti. Amma elə də ola bilir ki, valideyn nə qədər istəsə də, dəstək olsa da uşaq oxumaq istəmir.

Məcbur etmək yox

- Bəs, səncə, onda nə etmək lazımdır? Bir uşaq-şagird psixologiyası ilə sən bu sualın cavabını daha yaxşı bilərsən yəqin. Necə etmək lazımdır ki, o uşaq oxusun, onda oxumaq həvəsi yaransın?

- Nələrsə etmək olar, onu həvəsləndirmək, cəlb etmək üçün. Məsələn, dostluq elədiyi, oyun oynadığı uşaqlar nəyə meyillidirlərsə, o da ona meyilli olacaq. Onun üçün də, dost seçiminə nəzarət etmək olar. Başa düşə biləcəyi şəkildə izah etmək, söhbət aparmaq, bunları yəqin ki, müəllimlər və valideynlər edirlər. Amma bunların heç bir təsiri olmaya da bilər. Mən düşünmürəm ki, bu çox böyük bir problemdir. Əsas odur ki, həmin uşaq tərbiyəsiz olmasın. Onun yəqin ki, başqa bir istedadı mütləq var. Oxumaq istəmirsə, onu yalnız yola gətirmək, oxumağın lazımlı və maraqlı olduğunu başa salmağa çalışmaq olar, məcbur etmək yox. Məcbur etməkdənsə həmin qüvvəni onun istedadını üzə çıxarmağa sərf etmək daha faydalı olar. Bir də məqsəd çox önəmlidir. Bəzən (bəlkə də çox vaxt belə olur) uşaqlar oxumağı elə də sevmirlər. Onlara əziyyət kimi gəlir. Amma hansısa bir peşə onların çox xoşuna gəlir və o peşəyə yiyələnmək üçün oxumaq “əziyyətinə” qatlanırlar. Bu, pis deyil əslində, o peşəni nə qədər çox istədiklərini göstərir. Məqsədlərinə çatmaq üçün bütün qüvvələrini səfərbər edirlər. Amma daha yaxşı olardı ki, sevə-sevə oxusunlar. Bu daha maraqlı və əziyyətsiz olardı.

- Deyirsən əziyyətsiz. Məgər bu qədər oxumaq səni yormur, gecə gec yatmaq halları?

- Hə, əlbəttə, mən də yoruluram. Amma öyrənmək istədiyimi öyrənəndən sonra bütün yorğunluğum keçir. Hansısa çətin bir məsələnin həlli yolunu tapanda ən gözəl istirahəti etmiş kimi hiss edirəm.

Fəxarət hissi ilə əvəz olunan məsuliyyət

- Keçən il Respublika fənn olimpiadalarında biologiya üzrə gümüş medal mükafatçısı oldun. Olimpiada, öz nəticən, mükafatı alarkən keçirdiyin hisslər... Bu barədə bizə nə deyə bilərsən?

- Öncə deyim ki, bu tip müsabiqələr, olimpiadalar, bilik yarışları bizim üçün çox lazımlıdır. İstər biliyimizi sınamaq, istər uğurumuza əsasən motivə olmaq üçün. Həm də belə müsabiqələrdə bir müddətlik oxuma tempimiz, mühit və şərtlər dəyişir, yəni monotonluq pozulur. Yeni dostlar qazanırıq, komanda ilə birgə ümumi məqsəd üçün mübarizə aparırıq. Bu isə öyrənməyi daha maraqlı və əyləncəli edir. Olimpiadanın məktəb mərhələsində mən özümü və müəllimimi təmsil edirdim və o duyğu var idi ki, mən qalib olmalıyam, rayon turunda mən məktəbimi təmsil edirdim və yenə də mən qalib olmalı idim, zona turunda rayonumu təmsil edirdim və bu dəfə daha çox məsuliyyət hiss edirdim, nəhayət, respublika turunda şimal zonasını təmsil edirdim. Ailəmin, müəllimlərimin, rayonumun mənə ümidləri böyük idi və mən o ümidləri - özümü doğrultmalı idim. Bayaqdan hər mərhələ üçün dediyim “məsuliyyət” hissi qələbədən sonra, artıq fəxarət hissi ilə əvəz olunmuşdu. Ailəni, məktəbini, rayonunu təmsil etdiyinə görə qürur duyursan və nəhayət, sənə olan ümidləri doğrultmaq, əməyinin bəhrəsini görmək... Bütün bunlar çox müdhiş duyğular yaradır.

Uğurlu şagird həm də tədqiqatçı olur

- Uğurlu şagird olmaq üçün sadəcə dərslikləri oxumaq kifayətdirmi?

- Əslində hə. Yəni sırf şagird adı ilə kifayət edə bilər. Amma uğurlu insan olmaq üçün daim axtarış aparmaq, əlavə nələrsə oxumaq lazımdır. Bir də ki, uğurlu şagird mütləq həm də tədqiqatçı olur, əlavə materiallar axtarır. Mən daim öyrəndiyim mövzulara dair əlavə materiallar axtarıram. Bəzən heç dərslikdə olmayan mövzuları da araşdırıram. Aşağı siniflərdə oxuyanda mövzularıma dair əlavə materiallar mənim üçün elə də əlçatan deyildi, ona görə də öz sinfimdən yuxarı sinif kitablarını oxuyurdum. Çox vaxt keçdiyimiz mövzudan sonrakı mövzuları oxuyuram. Bəzən isə bütün kitabı.

Ürək həkimi olmaq istəyirəm

- Muradın ixtisas seçimi necə olacaq bəs? Gələcəkdə biz onu hansı sahədə görə biləcəyik?

- Gələcəkdə ürək həkimi olmaq istəyirəm. 8-ci sinifdən bunu qətiləşdirmişəm və məqsədimə çatmaq üçün var gücümlə çalışıram.

- Gələcəyin üçün həyatının ən önəmli anı kimi hansı anı təsvir edə bilərsən? Və 45 yaşında adi bir günün...

- (Düşünür). Yəqin ki, bir xəstəliyin əlacını kəşf etdiyim gün. Beynəlxalq bir tədbirdə böyük bir auditoriya qarşısında səhnədə kəşfimi təqdim edirəm. Auditoriyada valideynlərim, müəllimlərim və tələbələrim... O an mənim üçün həyatımın ən gözəl anı olacaq. Ən coşqulu “təmsil etmə” duyğusu, ən gözlənilən an. Həyatımın sıradan günü isə, iş günüm, xəstələrim və mən...

İnsan özünü hər zaman lazımlı, önəmli hiss etmək istəyir. Mənə görə bu hissi yaşadacaq ən əsas peşə həkimlikdir. Əlbəttə, hamı kimi mən də istərdim ki, həyatda heç bir xəstəlik olmasın, amma xəstəliklər həmişə olub, həyat, insan olduqca da olacaq. Əsas odur ki, hər bir dərdin dərmanı tapılsın. İnsan kiməsə adi bir şeydə kömək edəndə nə qədər mənəvi rahatlıq duyur. O ki qaldı, kimisə sağlamlığına qovuşdurmaq, həyatını xilas etmək və bunun bəxş etdiyi hissləri hər gün yaşamaq...

Uğur üzlərinə güləcək

- Murad, ilk olaraq qarşıda gələn olimpiadada sənə uğurlar arzulayırıq və uğurlarının həyatın boyu davam etməsini, ən əsası, istədiyin peşəyə yiyələnməni diləyirik. Son olaraq həmyaşıdlarına hansı mesajı vermək istərdin?

- Təşəkkür edirəm. Həmyaşıdlarıma həyatda uğurlar arzu edirəm. Qarşılarına mütləq məqsəd qoysunlar və məqsədlərinə çatmaq üçün bütün qüvvələrini səfərbər etsinlər. Və bundan sonra uğur üzlərinə güləcək.

Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴