1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Muzeydə dərs
01.12.2017 / No46


 

 

 


Təranə MƏHƏRRƏMOVA,
əməkdar jurnalist

Xarici ölkələrdə muzeyləri gəzərkən diqqətimi çəkən məqamlardan biri təkcə dünyanın hər yerindən gələn qocalı-cavanlı hər kəsin dəqiqələrlə nadir eksponatların qarşısında dayanıb susmaları olmur. Məktəbyaşlı uşaqların maraqdan geniş açılan gözlərindəki heyrəti seyr etmək qədər zövq aldığım heç nə yoxdur. Məktəblilərin ekspozisiyaları sonsuz həvəslə ziyarət etmələri məni orijinal, qədim eksponatlar qədər məmnun edir. Afinada “Akropol” muzeyində, Budapeştdə “Kopernik Elm Mərkəzi”ndə, Londonun “Britaniya Muzeyi”ndə, “Madam Tüsso” muzeyində, Sankt-Peterburqun “Ermitaj”ında, Almaniyanın Tarix Muzeyində, Moskvanın “Tretyakov qalereyası”nda, Edinburq Milli Muzeyində ziyarətçilərin çoxunun məktəblilər olduğunu müşahidə etmişəm. “Britaniya muzeyi”ndə daş döşəmənin üzərində oturub əllərindəki dəftərlərə dağılmış - başsız, qolsuz heykəllərin surətini köçürən uşaqların marağını xeyli izləmişəm. Müəllimlərinə yaxınlaşıb onların qeyri-adi maraqlarının səbəbini öyrənmək istəyəndə “Uşaqlar ölkələrinin tarixini, incəsənətini öyrənirlər” cavabını eşitmişəm. “Muzeydə dərs bizim təhsil proqramının əsas hissələrindən biridir” - deyirdilər. Sonradan bu cavabı digər muzeylərdə dərs keçən azyaşlıların müəllimlərindən də eşitdim. Bu, məktəb nəzəriyyəsinin təcrübədə ən gözəl tətbiqi idi. İncəsənət, musiqi, tarix, biologiya, zoologiya, ədəbiyyat və başqa dərslərdə şagirdləri elmi muzeylərə, art qalereyalara və ev muzeylərinə aparır, əyani vəsaitlərlə dərs keçirlər. Uşaqlar dərsliklərdə oxuduqları mövzularla bir növ əyani tanış olur və bu, onların yaddaşına ömürlük yazılır. Onların dünyagörüşü məktəbin hüdudlarından kənarda formalaşır. Uşaqlar təkcə ölkələrinin deyil, dünyanın böyük alimlərini, şəxsiyyətlərini, qəhrəmanlarını tanıyırlar. Müəllimlərin kitablar üzərində öyrətdiyini canlı olaraq seyr etdikləri heykəllər, abidələr, portretlər onların yaddaşına həmişəlik yazır. Bu, uşaqlarda həmçinin yaşadıqları ölkəyə, doğulduqları torpağa sevgi hissi aşılayır, ölkələrini, tarixlərini, mədəniyyətlərini sevməyi öyrədir.

Öz məktəblərimizdə təhsil alan uşaqlar üçün də belə bir təcrübənin olmasının vacibliyini düşünürəm. Hərçənd bəzən ayrı-ayrı fənn müəllimləri ilə söhbətdə “uşaqları muzeylərə aparırıq” fikrini eşidirəm. Ancaq bu, mütəmadi və tədris səviyyəsində deyil. Məsələn, elə bu günlərdə məktəblilərin payız tətili başa çatdı. Qohum-əqrəbanın, dost-tanışın məktəbyaşlı uşaqlarının hər hansı muzeyə aparılması ilə maraqlandıqda müsbət olmayan cavablar aldım. Nə tətil günlərində, nə də dərs günlərində uşaqları muzeylərə və ya tarixi məkanlara aparan var. Olsa-olsa şagirdləri aradabir şəhəri gəzintiyə götürürlər.

Muzeyə ziyarət, muzeydə dərs və s. valideyn və məktəbin qarşılıqlı işbirliyinin məhsulu olmalıdır. Məktəb şagirdləri teatra və ya muzeyə aparmaq istəyəndə valideynlər “pul yığılır” deyə hay-küy qoparır və ya narahatlıq keçirirlər. Valideynlərin həvəsləri olsa belə, adətən iş-gücdə olduqlarından bu mövzuda övladlarına vaxt ayıra bilmirlər. Çox vaxt da bu, ömründə bircə dəfə muzeyi ziyarət etməyən valideyn üçün əhəmiyyət kəsb etmir. Yəni, övladlarını müxtəlif kurslara, fənlər üzrə repetitor yanına, dil bilgiləri mənimsəməyə göndərən cəmiyyət özü də bu prosesi dəstəkləməlidir.

Məktəbə gəlincə, muzeylərə bu tip səfərlər çox nadir hallarda təşkil olunur, nəinki tədris kimi. Bu baxımdan uşaqlar muzeylərdən, oradakı eksponatlardan xəbərsizdirlər. “Muzeydə dərs” bizim tədris proqramlarında yer tutmur.

Məsələn, Səməd Vurğunun, Abdulla Şaiqin, Niyazinin yaradıcılığından keçilən dərs saatlarını muzeylərdə davam etdirmək maraqlı olardı. Tutaq ki, Niyazinin ev-muzeyində bəstəkarın pianosunu, şəxsi əşyalarını görmək, onun və ailəsinin, dövrünün məşhur insanlarının portretləri ilə tanış olmaq şagirdlər üçün əsl təcrübi bilikdir. Bu dərs onlara həmin dövrün musiqi mühiti haqqında kitabda oxuduqlarından daha çox məlumat verəcək, müşahidələri onların biliyini zənginləşdirəcək. Və yaxud tarix dərslərində Azərbaycan Tarix Muzeyini və ya İstiqlal muzeyini ziyarət etmək onların biliklərini daha da cilalayar. Təcrübələr də bu cür dərslərin daha çox effekt verdiyini göstərir. Beləcə, Teatr Muzeyində görkəmli aktyor və rejissorlarla, Musiqi Alətləri Muzeyində məşhur bəstəkarlar, milli musiqi alətləri və musiqi tariximizlə, Xalça Muzeyində xalq sənətimizin nadir nümunələri ilə tanışlıq, eləcə də Qobustan, Qalaya səyahət şagirdlərin dünyagörüşündə mühüm rol oynaya bilər. Onlar Azərbaycan tarixinin, mədəniyyət və incəsənətinin müxtəlif mərhələləri ilə canlı tanış ola bilərlər. Görkəmli şəxsiyyətlərin ev-muzeyləri onlara örnək olar.

Nə qədər desək də texnologiyalar əsridir, dünya qloballaşır - biz mənəvi dəyərləri kənara ata bilmərik. Çünki biz robot böyütmürük, insan yetişdiririk. Müasir biliklərə yönələn, yeri gələndə sosiallaşan, İT mənimsəyən, rəqabətli əmək bazarına uyğun, amma mənəvi dünyası ilə bütün trendlərə adekvat olan insan. Qoy onun bir əli kompüter, robot texnologiyalarının hazırlanması üzrə proqramlarda olsun, amma ürəkləri milli musiqimizdən, tariximizdən, incəsənətimizdən uzaq durmasın. Humanist ideyalara söykənən elm daha mütərəqqi olar.
 

yuxarı ⤴