1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

ADPU-da professor Həsən Mirzəyevin 90 illik yubileyi qeyd olunub
01.12.2017 / No46


 
 

 

 


Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor Həsən Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, millət vəkilləri, universitet rektorları, Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məsul şəxsləri, şair və yazıçılar, ziyalılar, incəsənət xadimləri, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirdən öncə yubiley iştirakçıları professor Həsən Mirzəyevin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Rektor professor Həsən Mirzəyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1948-1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb. H.Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957-1959-cu illərdə isə məktəb direktoru işləyib. H.Mirzəyev 1959-1962-ci illərdə ADPİ-də “Azərbaycan dilçiliyi” ixtisası üzrə aspiranturada təhsil alıb. Aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək ADPU-da işləyib. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində çalışıb. H.Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1990-cı ildə professor elmi adını alıb.
H.Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

H.Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib. Fəxri xiyabanda dəfn edilib.

Tədbirdə professor H.Mirzəyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.

Tədbirin aparıcısı, filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov professor H.Mirzəyevi Azərbaycan dilçilik elminin inkişafında mühüm xidmətlər göstərən alim, vətənpərvər və görkəmli ziyalı kimi səciyyələndirib.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov, YAP-ın Səbail rayon təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyev, millət vəkili Aydın Mirzəzadə çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda H.Mirzəyevin vətənpərvər, həqiqətsevər, sözündə, məsləkində dönməz, cəsarətli, prinsipial, mübariz, çevik, dinamik, dövlətə və dövlətçiliyə sadiq vətəndaş, dərin elmi biliyə, yüksək intellekt səviyyəsinə malik alim olduğu xüsusi vurğulanıb.

Sonda H.Mirzəyevin oğlu Müşfiq Mirzəyev çıxış edərək tədbirin yüksək səviyyədə keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.
 

yuxarı ⤴