1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

 
 

 

 



Orxan PAŞA
(Məhərrəm QASIMLI),
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı

Sazım

Koroğlular yadigarı,
A simləri şimşək sazım.
Ər oğullar vəfadarı,
Əyilməyən bilək sazım.

Umud verib umudlanan,
Eldən ayrı buludlanan,
Dədələşən, qorqudlanan,
Ruhumuza dirək sazım.

Qəriblərdən xəbər gəlsə,
Axşam ötüb səhər gəlsə...
Durnalardan nəmər gəlsə-
Bəsindi bir lələk, sazım.

Öyüd aldın göz açanda,
İgid oldun iz açanda,
Gözəllərdən söz açanda
Kəlmələri yüyrək sazım.

Bu dünyanın çarxı nəymiş,
Suyu nəymiş, arxı nəymiş.
Baş açılmaz qurğu nəymiş,
Aç hikməti, bilək sazım.

Gahdan nərə çəkib qızan,
Gahdan qübarında azan.
Kükrəyəndə-dəli ozan,
Kövrələndə-ürək sazım.

***

Ay qoca dünya

Beş kəlmə sözüm var, tökmə qaşqabaq,
Deyirəm, biləsən, ay qoca dünya.
Yorğun karvanına yetişmir heç vaxt,
Gecikən, tələsən, ay qoca dünya.

Elə fırlanır ki, düzdüyün pərlər,
Tülküdən tük salır aslanlar, nərlər.
Qurduğun qurğuya mat qalır ərlər,
Nə ağır şələsən, ay qoca dünya.

Namərd səni yoldan-yola çəkibdi,
Gahdan sağa, gahdan sola çəkibdi,
Yüz yerə sədd qurub. qala çəkibdi,
Sanır ki, köləsən, ay qoca dünya.

Oyunlar oynadın altun-axçadan,
Zərli imarətdən, güllü baxçadan.
Zamanı yetincə güldün ucadan-
Məkirli lələsən, ay qoca dünya.

Qapın kip örtülüb, bacan görünmür,
Çəkdiyin hasardan qaçan görünmür.
Hansı sirr üstəsən, açan görünmür-
Bağlısan hələ sən, ay qoca dünya.

Orxan Paşam açıb çox aşkar deyir,
Yoxsa qaranlıqda işıq var?!-deyir.
Ölən öldürənə xilaskar deyir,
Bəs niyə beləsən, ay qoca dünya?!
Dedim ki, biləsən, ay qoca dünya...

***

Bu yol yaman uzaq oldu

Bahar gəzən yaşıl ümid
Xəzan vurmuş yarpaq oldu.
Nisgil tapdı dəli könül,
Ayrılığa dustaq oldu,
Bu yol yaman uzaq oldu.

Yol üstə yol çəkdi gözlər,
Doluxsunub susdu sözlər.
Qurtarmadı çöllər, düzlər,
Dağ arxası yüz dağ oldu,
Bu yol yaman uzaq oldu.

Həsrət yeriyibdi qana,
Çəkilib getməz bir yana.
Üşüyürəm yana-yana-
Yüyrək dilim yazıq oldu.
Bu yol yaman uzaq oldu.

Yıxıldım, dizim göynədi,
Qırıldı sözüm, göynədi.
Ürəyim, gözüm göynədi.
Vüsal mənə yasaq oldu,
Bu yol yaman uzaq oldu.

 



Emin PİRİ,
Xızı rayonu Türkoba kənd ümumi orta məktəbinin tarix müəllimi, Prezident təqaüdçüsü

Şəhid oğlunun dedikləri

Darıxır anamın cehizlik ütüsü
Atamın biçənək ətirli
pal-paltarıyçün...
Ütüyə gəlmir ancaq heç birisi!..

Atamdan qalanlar
sandıq vətəndaşı
illərdir qırışmır
Anamın əlləri qırışıb ancaq,
ütümüz də qocalıb.

Atamın pal-paltarı
cəzasını çəkir
sandıq küncündə
dərsə hazırlıqsız bir şagird kimi.

Gözləyirəm... iki ilə, üç ilə...
bəlkə nə vaxtsa...
boyum çata atama.
Geyəm paltarlarını.
yıxam özümü yerdən-yerə,
sürünəm asfalt üstdə,
bəlkə bir az qırış qatam
bəlkə bir az çirkləndirəm
sevindirəm anamın əllərini,
sevindirəm ütümüzü...

...Anamı heç elə görməmişdim
Atamı gətirəndə sıxmışdı əllərini...
camaat görməsəydi
yumruqlardı atamı:
“bu iki yetimə bəs, kim baxacaq?!”

...Sonralar üzümə baxıb,
saçıma əl gəzdirdi
və... “şəhidlər ölməz” dedi...

Yayın gözü açılan kimi
anam yorğan-döşək çırpır həyətdə.
Gözündə sevgi, qolunda nifrət.
Çırpır ürəyinin çırpıntısını,
çırpır atamın yoxluğunu.

...Atamın izini,
dizini döyür anam.
Sonra nəsə fikirləşib
gözünü döyür anam...

 



Mələksə MURQUZOVA,
Göygöl rayonu 3 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini

Sülh

Qanadlı quş olub göyə uçaydım,
Günəştək nurlanıb işıq saçaydım.
Sərhəddi yox edib yollar açaydım,
İstərəm, sülh olsun bütün dünyada.

Sevincdən ağlasın ağlayan ana,
Sülh sevinc gətirsin bütün cahana.
Torpaq boyanmasın tökülən qana,
İstərəm, sülh olsun bütün dünyada.

İrqiyyət olmasın ağdı-qaradı,
Hamısı insandı, candı, baladı.
Nüvə silahları dəhşət, bəladı,
İstərəm, sülh olsun bütün dünyada.

Analar çəkməsin bala naləsi,
Körpələr dinləsin lay-lay nəğməsi.
Qulaq eşitməsin top-tüfəng səsi,
İstərəm, sülh olsun bütün dünyada

Yox olsun ortadan bu dava, bu qan,
Millətlər yaşasın xoşbəxt, firavan.
Gözlərdə nur olsun, işlər firavan,
İstərəm, sülh olsun bütün dünyada.

Həzin bir musiqi xalqı oyada,
Günəş parıldaya mavi səmada.
Barıt partlamasın sakit havada,
İstərəm, sülh olsun bütün dünyada.

Axı nə xeyri var qanlı davanın,
Murazı gözündə qalır cavanın.
Tüstüsü kəsilir yurdun-yuvanın,
İstərəm, sülh olsun bütün dünyada.

İclas gedir, dolur-boşalır zallar,
Dünyanı dağıdır bu qeyli-qallar.
Beynimdə dolanır fikir-xəyallar,
İstərəm, sülh olsun bütün dünyada.

Niyə çalışırıq torpağı bölək,
Dünya möcüzədir sirri öyrənək.
Əlacsız olana lazımdır kömək,
İstərəm, sülh olsun bütün dünyada.

***

Oxumaq

Əlifba təhsildə biliyə açar,
Oxumağı öyrən, yazmağı bacar.
Oxuyub öyrənsən, qalmazsan naçar,
Oxumaq, oxumaq, yenə oxumaq.

Ağac susuz olsa tökər yarpağı,
Tez sınar ağacın quru budağı.
Özünə vərdiş et hey oxumağı,
Oxumaq, oxumaq, yenə oxumaq.

Oxuyub öyrənən qalmaz geridə,
Çalışar məntiqi fikir yürüdə.
Öyrənmək istəyər yeri, göyü də,
Oxumaq, oxumaq, yenə oxumaq.

Oxumaq vərdişin keçsin iliyə,
Oxuyub yiyələn dərin biliyə.
Oxusan, gedərsən bil irəliyə,
Oxumaq, oxumaq, yenə oxumaq.



Əbülfət ZEYNALOĞLU,
Bakı şəhəri E.Şəmiyev adına 149 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Azərbaycan bayrağı

Yayılırkən ellərə
Azadlığın sorağı,
Bülənd olsun göylərə
Azərbaycan bayrağı.

Səslənsin üfüqlərə
Nəğməmin xoş ahəngi,
Nur saçsın şəfəqlərə
Bayrağımın hər rəngi.

Göy rəngim ulu Türkün
Danılmaz haqq səsidir,
Al rəngim mərd Babəkin
Azadlıq nəfəsidir.

Yaşılım dilimizin,
Dinimizin rəmzidir,
Hər üçü elimizin
Ürəyinin nəbzidir.

Ayparam bir nurlu yaz -
Sevinci üzə gələr,
Səkkiz guşəli ulduz
Zülmətin bağrın dələr.

Vətən! Şanlı bayrağın
Dalğalanar əbədi.
Bu müqəddəs torpağın
Odur sevgi məbədi.

***

Himni doğma Vətənin

Oynadar için-için
Könlünü dinləyənin.
Şirindir onun üçün
Himni doğma Vətənin.

Duyğumun sədasıdır,
Ölməzlik nidasıdır,
Ruhumun qidasıdır
Himni doğma Vətənin.

O, eşq təranəsidir,
Könlüm pərvanəsidir.
Yurdumun nəğməsidir
Himni doğma Vətənin.

Cavadın zəkasıdır,
Üzeyir dühasıdır,
Azadlıq dünyasıdır
Himni doğma Vətənin.

Sevda dolu tər çiçək,
Eşqimlə bəslənəcək.
Əbədi səslənəcək
Himni doğma Vətənin.

***

Azad Azərbaycanın azad vətəndaşıyıq

Yandırın ocaqları
Eşqimiz qanad açsın,
Yurdumun çıraqları
Cahana şölə saçsın.
Sanmasınlar zamanın
Biz acı göz yaşıyıq,
Azad Azərbaycanın
Azad vətəndaşıyıq.

Vətən sorağımızla
Min illər yol gəlmişik,
Üçrəngli bayrağımla
Yenidən dirçəlmişik.
Babəkin, Səttarxanın
Qeyrət məsləkdaşıyıq,
Azad Azərbaycanın
Azad vətəndaşıyıq.

Xətai qüdrətimə
Bələddir tarix özü,
Varıma, sərvətimə
Dikilib qərbin gözü.
Bizik nuru cahanın,
Biz oddan yaranmışıq.
Azad Azərbaycanın
Azad vətəndaşıyıq.

Dolaşır yurdumuzu
Pak ruhu şəhidlərin,
Ucaldır adımızı
Şöhrəti igidlərin.
Neçə mərd qəhrəmanın
Ölməz silahdaşıyıq,
Azad Azərbaycanın
Azad vətəndaşıyıq.

 



Bəhruz BABAŞOV,
ADPU-nun Cəlilabad filialının ibtidai sinif müəllimliyi ixtisası üzrə III kurs tələbəsi

Müəllim


Sənə hörmətim var hədsiz-hüdudsuz,
Hər zaman arxasan mənə, müəllim.
Keçdiyin uğurlu, şərəfli yollar
Fikrində canlanır yenə, müəllim.

Elə bil, qarşında donmuşdur zaman,
Ən ülvi istəksən, ən təmiz insan .
Bizi gələcəyə səslədin hər an,
Yaraşır təriflər sənə, müəllim.

Sən böyük varlıqsan, ustadsan bizə,
Daim yetişmisən köməyimizə.
Qatıb gecələri nurlu gündüzə,
Çıxartdın bizləri günə, müəllim.



Lalə MAHMUDZADƏ,
Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbin X sinif şagirdi

Sona yetir məktəb illəri

Çırpınır qəlbimdə ürəyim mənim,
Bir yanda sevincim, bir yanda qəmim.
Ayağım titrəyir dönməyir geri,
Axı, sona yetir məktəb illəri.

Ayırır dostları, üzür hər kəsi,
Kövrəldir hamını son zəngin səsi
Deməyə heç kimə, gəlməyir dilim
Əlvida ey sinif, əlvida müəllim.

Ayrılıb getsəm də nə qədər uzaq,
Bir gün qapınızda olacam qonaq.
Unudub hicranı, unudub qəmi,
Əlimdə qovluğum müəllim kimi.



Məsumə MUSA,
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin IV kurs tələbəsi

Vətənimi sevirəm

Vətənimi sevirəm,
Mən də vətənpərvərəm.
O qədər gözəldir ki,
Cənnətə bənzədirəm.

Torpağı and yerimdir,
Sonsuzadək gəzərəm.
Bu torpaqdan gen düşsəm
Qərib olub ölərəm.

Tarixin yaddaşında,
Dədə Qorqud yaşında,
Qobustanın daşında
İzlərini gəzirəm.

Namərd düşmən başını
Mübariz tək əzərəm.
Hər igid məzarına
Gül-çiçəklər düzərəm.

Rəngli göy qurşağından
Al, göy, yaşıl seçərəm.
Zəfər bayrağımıza
Ulduzları bəzərəm.

Dağlarının başını,
Torpağını, daşını,
Hər yarım qarışını.
Təmənnasız sevirəm.

Közünü, ocağını,
Ucunu-bucağını,
Bu doğma qucağını,
Qeyri-şərtsiz sevirəm.

Odunu, atəşini,
Küləyin gərdişini.
Sübh çağı Günəşini
Həvəslə seyr edərəm.

Bağında çiçəyini,
Arını, böcəyini.
Gül üstə ləçəyini
Qoxlayıb əzizlərəm.

Havasından doyunca
Nəfəsimə çəkərəm.
Suları cana məlhəm,
Dərdə dərman içərəm.

Səhər tezdən xaşını,
Kətəsi, lavaşını.
Min bir çeşid aşını
Doya-doya yeyərəm.

Çağlayan Xəzərində,
Qumlu sahillərində.
Bakı tək şəhərində
Yaşamasam ölərəm.

Arazım var, Kürüm var,
Kəpəzim, Göy-gölüm var.
Qarabağ tək elim var
Dünyaya car çəkərəm.

Qüdrətimsən, gücümsən,
İlk hərfim, ilk sözümsən.
Canda ruhum, özümsən
Özümdən çox sevərəm.

Dilimin təpərisən,
Milyonların səsisən,
Azadlıq nəğməsisən
Var ol,yaşa, deyirəm.

Əbədim, əzəlimsən,
Şeirimsən, qəzəlimsən.
Elimsən, gözəlimsən
Adınla fəxr edirəm!
Vətənimi sevirəm!
 

yuxarı ⤴