1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

“Şah Qacarın uşaqlığını oynamışam”
01.12.2017 / No46


 

 

 


Beynəlxalq müsabiqələr qalibi Canəli Canəliyev görkəmli sənətkarlarla səhnəni bölüşməyindən qürurlanır

Sifai SƏFƏROVA

Həyatda yüksək yaradıcılıq qabiliyyəti tələb edən elə peşə, elə sənət növləri var ki, onun mahir daşıyıcısı olmaq üçün tək oxumaq, bu sahələrlə bağlı nəzəri biliklərə dərindən yiyələnmək bəs etmir, həm də dərin istedad sahibi olmalısan. Şairlik, aşıqlıq, rəssamlıq, heykəltəraşlıq, aktyorluq və sair sahələr belə sənət növlərindəndir. Bu yazımızda biz kiçik yaşlarından aktyorluq peşəsinin vurğunu olan, öz istedad və bacarığı ilə görkəmli sənətkarların diqqətini cəlb edən, tanınmış səhnə ustadlarından bu sənətin incəliklərini səbrlə öyrənən, artıq böyük bir yaradıcı kollektivin üzvünə çevrilən Canəli Canəliyev ilə həmsöhbət olub yeniyetmə aktyorun yaradıcılıq yoluna işıq salırıq. Onunla Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının sinif otağında görüşdüm. Çox səmimi və mehribandır. Gəlişimin məqsədini söylədikdə çox sevindi, “uğurlarımın sayı-hesabı yoxdur”, - dedi:

İlk uğurlarım bağçadan başlayıb

- 2004-cü ildə Azərbaycanın dilbər guşələrindən biri olan Lerik rayonunun Mastail kəndində anadan olmuşam. Ancaq sonra atamın işi ilə əlaqədar Bakı şəhərinə köçdük və VI sinfədək paytaxtdakı Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə təhsil aldım. Evimizin yaxınlığında körpələr evi-uşaq bağçasında olarkən çoxlu şeirlər əzbərləyirdim. Buna görə də tərbiyəcilər məni çox istəyirdilər. Bayramlarda, əlamətdar günlərdə şeirlər, nağıllar, tapmacalar söyləyirdim. Orada keçirilən bütün müsabiqələrdə birinci olurdum. Öyrəndiyim nağıl qəhrəmanlarının obrazlarını müxtəlif yestlərlə ifa etməyə çalışırdım. Mənə hədiyyələr də verirdilər. İlk uğurlarım elə bağçadan başlayıb. Anamın dediyinə görə çox çevik, hər şeylə maraqlanan fəal bir uşaq olmuşam.

Aktyorluq sənətinin sirlərini öyrənirdim

7 yaşım olarkən teatra, aktyorluq sənətinə həvəsimi görən valideynlərim məni Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Gənc aktyorlar dərnəyinə üzv yazdırıblar. Dərnək rəhbərim Xanım İsmayılova idi. Ondan aktyorluq sənətinin sirlərini öyrənirdim. Orada da müəllimimin sevimli sagirdlərindən idim. Onun dərsini sevə-sevə öyrənir, tamaşalarda fəallıq göstərirdim. Mən eyni zamanda mərkəzdə bədii qiraət və rəqs dərnəklərinə də gedirdim. “Çiçəyim” uşaq teatr studiyasının təşkil etdiyi tamaşalarda vaxtaşırı iştirak etmişəm.

Beynəlxalq uşaq bayramlarına qatıldım

Həmçinin gimnaziyada teatr şöbəsinin VII sinif şagirdiyəm. Burada da keçirilən bütün tədbirlərdə iştirak edirəm. Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinə qatılaraq I yeri qazandım. Müxtəlif tədbirlərdə dəfələrlə görkəmli şair və dramaturqların əsərlərindən parçalar söyləmiş və kompozisiyalar nümayiş etdirmişəm. Televiziya kanallarında uşaq verilişlərinə dəvət olunuram. 2014-cü ildə ilk dəfə İstanbul şəhərində keçirilən 23 Nisan beynəlxalq cocuq bayramında iştirak etdim. “Turp” tamaşasında baba, “Cırtdan”da isə Əli rollarını oynadım. Eyni zamanda milli və dünya rəqslərimizi məharətlə ifa etdim və diplomla mükafatlandırıldım. 2015-ci ildə isə Bodrumda keçirilən beynəlxalq uşaq bayramına qatıldım. 7 gün orada qaldım. Türk ailələrində olduq. Çox yaxşı insan idilər. Mən orada özümə çoxlu dostlar tapdım - Kvanc, Kann, Əli və başqaları. Onlarla sosial şəbəkə vasitəsilə əlaqə saxlayıram.

Müəllimin hər kəlməsini dinləyirdim

Növbəti illərdə də beynəlxalq uşaq bayramlarında iştirak etmişəm. Türkiyənin Bursa şəhərində olarkən qaldığımız ailələrin uşaqlarının təhsil aldıqları məktəblərə getdim. Dərslərində oturdum. Müəllimin hər kəlməsini dinləyirdim. Mən də onlar kimi türkcə danışırdım. Paytaxta dönəndə Əli və Zeynəbdən ayrılmaq mənim üçün çox çətin idi. Onlara çox öyrəşmişdim. Məni şəhərləri ilə tanış etdilər, çəkdikləri rəsmləri bizə bağışladılar. Mən də Azərbaycan haqqında apardığım atributları onlara hədiyyə etdim, xatirə şəkilləri çəkdirdik.

I yerə çıxaraq kubok qazandım

Türkiyənin Kayseri şəhərində olarkən “Arşın mal alan” tamaşasında Vəli obrazını ifa etdim və I yerə çıxaraq kubok qazandım. 2016-cı ilin oktyabrında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa təqdim olundu. Aparıcı rollardan birini oynayırdım. Onda mənim 10 yaşım vardı. Bütün iştirakçılar ayağa qalxdı, alqışlarla qarşılandım. Qürur duyurdum ki, xalq artistləri Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov və digərləri ilə bir səhnəni bölüşürəm. Biz yaradıcı heyətlə Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələri , mövhumat və cahilliyin poetik və dramatik lövhələrini tamaşaçılara çatdıra bilmişdik. Müxtəlif vaxtlarda “Şah Qacar” tamaşasında Qacarın uşaqlığını oynamışam. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley tədbirində onun, eləcə də Yaşar Nurinin uşaqlıq illərini oynamışam. İştirak etdiyim bütün beynəlxalq müsabiqələrdə və festivallarda I yeri tutmuşam. Tamaşalar hazırlayarkən, evdə məşq edərkən müəllimim bacım və anam olur. Onlar səhvlərimi düzəldir, oynadığım rollara ilk qiyməti verirlər.

Teatr şöbəsinin müdiri, əməkdar müəllim Hicran Sadıqzadənin söylədikləri: - Canəli Canəliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının istedadlı yeniyetmə aktyorlarından biridir. Həm aktyor, həm də nəzəri biliklərin sahibi Canəli bədii qiraətçi kimi də dövlət tədbirlərində M.Arazın, B.Bahabzadənin, Z.Yaqubun şeirlərindən parçalar söyləyir. Qeyd edim ki, noyabrın 16-da “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Cənub zonasına yolasalma mərasimində iştirak edən Canəli şeir söyləmə qabiliyyətinə görə I yeri qazanıb. “Hyatt Regecy”də “Uşaq qaynar xətt” xidmətinin fəaliyyəti ilə bağlı keçirilən tədbirdə də aparıcı olub. Əminik ki, istedadı ilə Canəli gələcəkdə teatrımızın parlaq sənətkarlarından biri olacaq.
 

yuxarı ⤴