1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Oxuduram, pul ödə
01.12.2017 / No46


 

 

 


Və yaxud kitabxanalar hamı üçün əlçatandırmı?

Ruhiyyə DAŞSALAHLI

Məktəb direktorlarının oktyabr ayında keçirilən imtahanından namizədlərin bəziləri qənaətbəxş çıxmadılar. Ən yüksək nəticə göstərərək test imtahanından müsahibə mərhələsinə keçənlərin belə, oxu vərdişinin olmadığı müəyyənləşdi. İxtisasca tarix müəllimi olan namizədlərin bir qismi tarixi şəxsiyyətlərin ədəbiyyata inteqrasiyası barədə suala cavab verə bilmədilər. Belə məlum oldu ki, onların böyük əksəriyyətinin Əzizə Cəfərzadənin bədii obrazını yaratdığı tarixi şəxsiyyətlərdən, Fərman Kərimzadənin bədii təsvirini verdiyi tarixi hadisələrdən xəbəri yoxdur. Ondan sonra meydana belə bir sual çıxdı: oxu vərdişi formalaşmış şagird, kitabı sevən tələbə, tədqiqatçı alim, hər gün mütaliə edən müəllim, həkim, mühəndis, memar yetişməsinə nə mane olur?

Oxuyan var, oxumağa şərait yoxdur?

“Oxuyan harda olsa, oxuyacaq”, - deyənlərlə razılaşmaq olar, ancaq ən çətin şəraitdə belə oxumağı unutmayanlara arxayın olsaq, mütaliədən kəsilənlərin sayı çox, hər fikrini ayrı-ayrı müəlliflərdən sitatlarla tamamlayanların sayı az olacaq. Hələ oxumağa şərait olmadığı üçün elm dalınca gedənlərin azaldıqca azalan sayından danışmıram.

İxtisasca həkim olan oxucu Araz Hüseynov şəraitsizlikdən oxumağın daşını atanlardan yox, oxumağa yer axtara-axtara şəhərdə gəzmədiyi kitabxana qoymayanlardandır. Onun “Azərbaycan müəllimi”nə söylədiklərindən sonra ən vacib problem - kitabxanalarda çatışmazlıqlar hər birimizin nəzərində daha aydın canlanacaq: “Azərbaycan Tibb Universitetini bitirmişəm. Hazırda Türkiyədə uzmanlıq imtahanlarına hazırlaşıram. Ailəli olduğum üçün bəzən hazırlaşmaq üçün evdən uzaqlaşmaq məcburiyyətində qalıram. Odur ki, tez-tez kitabımı götürüb oxumaq üçün normal şəraiti olan bir yer axtarışına çıxıram. Masazır qəsəbəsində yaşayıram və bu ərazidə kitabxana xidməti, demək olar ki, yoxdur. Xırdalanda kitabxananın da olduğu binanı müəllimlərə icarəyə veriblər. Həmin otaqdan icarə haqqı müqabilində repetitorluq fəaliyyəti üçün istifadə edilir. Məcburən bir az daha yaxın olan və şəraiti ölkədəki bütün kitabxanalardan yüksək səviyyədə olan AMEA Mərkəzi Elmi Kitabxanasına üz tuturam. Bu kitabxananın üstünlüyü axşam 21.30-dək oxumaq imkanının olmasıdır. Bir müddətdir ki, bu kitabxana da ödənişli olub. Üzvlük haqqı kifayət qədər bahadır. O qiymətlə xidmət uyğun gəlmir. Bayram və istirahət günlərində işləsəydi, bəlkə üzvlük haqqı şərtinə normal baxmaq olardı. Amma belə deyil.

Yəni, şəhərimizdəki bütün kitabxanalar iş saatında işləyir. Həmin kitabxanalardan biri də Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasıdır. Bir müddət idi ki, orada oxuyurdum. Soyuqlar düşəndən oraya da gedə bilmirik. Kitabxanada isitmə sistemi ya yoxdur, ya da bilərəkdən isitmirlər. Ümumiyyətlə, iş və dərs saatlarının bitdiyi, insanların kitab oxumaq üçün vaxt ayıra biləcəyi saatlarda kitabxanalar da qapılarını üzümüzə bağlayır. İstirahət, bütün qeyri-iş saatlarında və günlərində kitabxanalar da işləmir”.

Müsahibimiz deyir ki, Türkiyədə kitabxanaların işi fərqlidir. Oxumaq istəyəndə istənilən kitabxanada buna imkan tapırsan: “Üstəlik, hamısı da pulsuzdur. Pullu xidmət göstərənlər də var, ancaq onların kafe xidməti, hətta pulsuz yemək verənləri də olur. Azərbaycanda isə pulsuz kitabxana - Milli Kitabxana səhər 10-da işə başlayır, axşam 8-də bağlanır. Mərkəzi Elmi Kitabxanada axşam 10-a qədər “Oxu zalı” xidmət göstərir. 24 saat xidmət göstərsə, o da bizim işimizə yarayar. Tanıdığım uşaqlar var ki, birləşib sadəcə “Oxu zalı” kimi istifadə edə biləcəkləri ev tutublar. Oxumaq istəyəndə həmin evə gedirlər. Pullu xidmətə keçən kitabxanalar əvvəlcə xidməti yaxşılaşdırmalıdır”.

Dəyişməyə ümid varmı?

Kitabxanalara yolu düşən hər kəs bunları bilir. Hər gün dəyişən və dəyişməyi tələb edən zamanla ayaqlaşmaq üçün, görəsən, kitabxanalarımızın bir planı varmı?
“Azərbaycan müəllimi” kitabxanaların oxucunun təsvir etdiyi real mənzərəsinin tezliklə dəyişə biləcəyi ehtimalını araşdırıb. Özü də çox uzağa getmədən, bu ehtimalı reallaşdırmaq imkanları olan kitabxanalardan başlayıb. Azərbaycan özünün iqtisadi inkişafı, insan kapitalının formalaşmasını təmin edəcək tədbirləri ilə dünyadakı yerini çoxdan möhkəmləndirib. Artıq bir çox sahədə məhz Avropa ilə ayaqlaşan, dünyanın ən böyük şəhərləri ilə rəqabətə girməyə hazır sayılan Bakı kitab oxumaq həvəskarı olan sakinlərinin və qonaqlarının bu istəyini niyə yerinə yetirmək iqtidarında olmasın?

Milli Kitabxanada pulsuz oxu, kitabla isin

1923-cü ildən fəaliyyət göstərən və nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biri olmağa iddialı Azərbaycan Milli Kitabxanası (AMK) vətəndaşların mütaliə hüquqlarını reallaşdırıb. Həm açıq, həm də qapalı oxu zalı, həmçinin virtual kitabxana xidməti AMK-nın kitab fondundan istənilən yerdən və məkandan istifadə etməyə imkan verir. AMK-nın məlumat-biblioqrafiya aparatından və fondlarından, oxu zallarından istifadə etmək hüququ verən əsas sənəd oxucu biletidir. Oxucu bileti şəxsiyyəti təsdiq edən sənədlərlə verilir və ilk bilet ödənişsizdir. Ancaq itirildikdə, korlandıqda və istifadəyə yararsız hala salındıqda onların dublikatı pulla verilir. Ödənişli kartın qiyməti isə cəmi 2 manatdır. AMK-dan 16 yaşına çatmış və şəxsiyyət vəsiqəsini, habelə vətəndaşlığını təsdiq edən sənədi (xarici pasport) təqdim edən Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilərlər. Kitabxananın elmi zallarından isə hər oxucu istifadə edə bilmir. Həmin zallara üzv olmaq üçün oxucu elmi dərəcə və fəxri ad haqqında sənədin surətini təqdim etməlidir. Milli Kitabxanada birdəfəlik bilet də verilir. Bu xidmət bütün oxucular üçündür.
Bura qədər Milli Kitabxananın heç bir qüsuru yoxdur. İş rejiminə gəlincə, bu baxımdan da onun üstünlükləri var. Belə ki, hər gün saat 10:00-dan 20:00-dək oxucularının xidmətində olan kitabxananın istirahət günü bazar ertəsidir. Oxucular şənbə-bazar günləri də kitabxanadan kitab alıb oxuya bilər. Oxucular üçün bir də yay mövsümündə bəzi məhdudiyyətlər yaranır. İyul-avqust aylarında kitabxana 1 növbəli iş rejiminə keçir. Həftənin I, III, V günləri səhər saat 9:30-dan 17:00-dək, II, IV, VI günləri isə saat 12:30-dan 20:00-dək işləyir.

AMK-nın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova qəzetimizə açıqlamasında bildirib ki, əslində, oxucuların real problemləri ilə tanışdırlar. Açıq havada kitabxana və elektron xidmət vasitəsilə onların kitab oxumaq tələbatını ödəməyə çalışırlar. Əsas oxucu kütləsi isə “kitabla isinənlər” olduğu üçün bu soyuqda açıq hava kitabxanasında da oxucuya rast gəlinir.
Oxucularının maksimum ehtiyacını ödəməyə çalışsalar da, iş rejimini dəyişməklə bağlı gündəmdə məsələ yoxdur.

Mərkəzi Elmi Kitabxanada qüsursuz şərait, qüsurlu xidmət

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) oxucu kütləsi günü-gündən artan azsaylı kitabxanalardandır. Xidmətdə keyfiyyət göstəriciləri ən üstün səviyyədədir, yəni şəraitinə söz ola bilməz. Oxucuları ilə münasibətləri ondan da yaxşıdır. Buna elə qeydiyyat bölməsindəcə şahid oluruq. Oxucu bölməyə yaxınlaşan kimi, ona bütün qaydalar izah olunur. Kitabxananın iş saatı, iş günü, xidmət haqqı, xidmətdə güzəştli şərtləri və s. Oxucu heç bir sual vermədən kitabxana əməkdaşı onu ətraflı məlumatlandırır.

Beləliklə, məlum olur ki, bu kitabxana qeyri-iş günləri istisna olmaqla, hər gün və ancaq iş saatlarında xidmət göstərir. AMEA-nın nəzdində olan Mərkəzi Elmi Kitabxananın kitabları axşam saat 6-ya, oxu zalı isə saat 21.45-ə kimi ixtiyarınızdadır. Burada xidmət pulludur. AMEA işçilərinin 5 manat ödədiyi illik xidmət haqqı AMEA əməkdaşı olmayan oxucular üçün 100 manatdır. İki xidmət paketi təklif edilir: aylıq və illik. Aylıq 10, illik 100 manatdır. Halbuki bir neçə ay öncəsinədək hər kəsə eyni xidmət və ikiqat aşağı qiymətlərin nəzərdə tutulduğu tarif təklif edilib. Xidmət sayı və vaxtında ciddi dəyişiklik olmasa da, qiymət birdən-birə yüksəlib. Yəni, cəmi 3 saat 45 dəqiqə əlavə oxu zalı xidməti üçün hər ay 5 manat ödəyən oxucu artıq 10 manat ödəməlidir.

Kitabxanadan güzəştli qaydada yararlananlar da var. Bunlar əlilliyi olan şəxslər və 75 yaşdan yuxarı oxuculardır.

Publik hüquqi şəxs olmayan publik şəxs

AMEA MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlünün sözlərinə görə, bu qərar bir neçə ay əvvəl verilib: “Ölkədə bir çox dövlət qurumunun publik hüquqi şəxsə çevrilməsi prosesi gedir. Biz də özünümaliyyələşdirmə imkanı yaratmaq məsədi ilə bu addımı atmışıq. Kitabxana publik hüquqi şəxs olmasa da, bizim də ciddi maliyyə qaynaqlarına ehtiyacımız var. Oxucuların sayı hər gün artır. Bu tələbatı ödəmək lazımdır”.
Xatırladaq ki, kitabxana fəaliyyətə başlayandan axşam növbəsi tətbiq edilib. Yəni, köhnə tariflə axşamlar kitabxanadan istifadə etmək mümkün olub. Bəs, o zaman mümkün olan bir xidməti sonradan kəskin qiymət fərqi ilə təqdim etməyin kökündə nə dayanır?

M.Göyüşlünün cavabından belə məlum olur ki, kitabxana rəhbərliyi qiyməti günbəgün artan oxucu sayına uyğun olaraq dəyişib: “Kitabxana yeni, oxucu az idi. Odur ki, axşam növbəsinə işçi çıxarmadan vaxtı uzada bilmişdik. Mühafizəçilər azsaylı oxucularımıza nəzarət edə bilirdi. Say artdıqca bunu etmək çətinləşdi. Çünki açıq fondlarımız var. Orada əməkdaşlar olmalıdır. Həmin əməkdaşlar saat 18.00-dək işləyir, əksəriyyəti də xanımlardır. Onları saxlaya bilmərik axı. Başqa bir tərəfdən, 6-dan 10-a qədər saxlamaq üçün ödəniş etmək lazımdır. Hər adam da qala bilməz. İnformasiya təhlükəsizliyinin də təminatı məqsədilə belə bir addım atdıq”.

Xatırladaq ki, M.Göyüşlü “İnformasiya təhlükəsizliyi” deyərkən, informasiya daşıyıcısı olan kitablar üçün yarana biləcək təhlükə - oğurlanma, cırılma kimi halları nəzərdə tutur.

Beləliklə, bu əsasla axşam növbəsinin dayandırılmasına qərar verilib. İşdən sonra bir neçə saat əlavə xidmət göstərilməsinə alışan oxucular məsələyə biganə qalmayıb və müvafiq orqanlara müraciət ediblər. Yenidən gecə növbəsinin açılmasına qərar verilib: “Binanın bilinən-bilinməyən çoxsaylı xərcləri var. Ona görə də üzvlük haqqına dəyişiklik etdik”.

M.Göyüşlü deyir ki, kitabxana AMEA-nındır. Odur ki, AMEA üzvləri il ərzində 5 manat ödəyirlər. Ancaq ildə 100 manat ödəyən oxucularla eyni hüquqlara malikdir.

Qiymətdə maksimum, xidmətdə minimum

Beləliklə, əvvəllər illik 60 manat ödəyən oxucu artıq 100 manat ödəyir. Bunun müqabilində öz gətirdiyi kitabı ona verilən əlavə 3 saat 45 dəqiqə oxumaq imkanı qazanır. Halbuki, aylıq üzvlük haqqı 2 dəfə artıb. M.Göyüşlünün fikrincə, bu, çox normaldır: “Bizim oxucuları kitabla təmin etməkdən savayı da işlərimiz var. MEK həm də çoxsaylı tədbirlər məkanı, ölkə əhəmiyyətli layihələrin həyata keçirildiyi yer, informasiya resursları mərkəzi, informasiya xidməti göstərən qurumdur. Bütün bu vəzifələrin öhdəsindən gəlmək üçün isə maliyyəyə ehtiyacımız var. Oxucu haqlıdır. Amma biz xidmət göstərən olaraq belə qərar qəbul etmişik və buna görə də müvafiq qurumlara hesabat vermişik”.

“Lazım olan şəxslərə” hesabat verildiyindən özünü ictimaiyyətə və oxuculara hesabat vermək məcburiyyətində hiss etməyən MEK sözçüsü soruşur: “Xidmətdə nə artıraq ki?”.

Xidməti 24 saat ola bilər, işlədiyi müddətdə kitabların oxucuların ixtiyarında olması mümkündür, qeyri-iş günlərində də xidmət göstərər və hətta Türkiyədə olduğu kimi, aclıq və susuzluq hiss edən oxucuya kitabxanadan ayrılmadan yeməyə və içməyə nəsə təklifi edilə bilər. Təklif çoxdur. MEK onların hansını reallaşdırmaqda özündə güc tapa bilər?

M.Göyüşlünün sözlərinə görə, 24 saat, qeyri-iş günləri də daxil olmaqla hər gün açıq kitabxana sisteminə keçmək planlarında var. Bu fikir ötən ilin illik hesabatında da qeyd olunub. Nə vaxt reallaşacağı, reallaşarsa, qiymətə təsir edib-etməyəcəyi hələlik heç kimə bəlli deyil: “Müəssisənin rəhbəri optimal olan situasiyada qərar qəbul edəcək”.

Yuxarıda qeyd etdiyimiz kimi, kitabxanada əlil şəxslər və 75 yaşdan yuxarı olanlar üçün güzəştlər nəzərdə tutulub. Maraqlıdır, MEK-in 75 yaşdan yuxarı neçə oxucusu var? Sual xoşuna gəlməyən sektor müdiri: “Güzəşt təkcə 75 yaşdan yuxarı olanlara deyil, akademiyanın magistrlərinə də edilib. Onlar xidmətlərimizdən tamamilə pulsuz istifadə edir. 18 yaşı tamam olan hər kəs ödəniş etməlidir. Mərkəzi Elmi Kitabxananın əməkdaşları 180-200 manat maaş alırlar. Buna baxmayaraq, fədakarlıqla işini görür. Üzvlük haqlarıyla onların maaşına əlavə mükafat yazılır”, - deyib söhbəti bağlayır.

Söhbət bağlansa da, bu məsələ bağlanmayıb. Günü-gündən artan tələb üzərində düşünmək xidmət sahələrinin borcudur. Hələ nəzərə alaq ki, bu xidmət sahəsi təhsilə, elmə bağlıdır.

yuxarı ⤴