Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın təhsil və elm
nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
03.12.2016/№47
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın
27-də Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın ölkəmizə
səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı
təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün
çoxlu mövzuların olduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli
münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində
uğurla inkişaf etdiyini vurğuladı.
Təhsil sahəsində əlaqələrin ənənəvi xarakter daşıdığına toxunan dövlətimizin
başçısı bildirdi ki, çox mühüm olan odur ki, ötən 25 il ərzində ölkələrimiz
bu ənənələri nəinki qorudu, hətta daha da möhkəmləndirdi. Prezident İlham
Əliyev bunun həm orta, həm də ali təhsil sahələrini əhatə etdiyini dedi.
Rusiya təhsil ocaqlarında azərbaycanlı tələbələrin təhsil aldıqlarını qeyd
edən dövlətimizin başçısı artıq Azərbaycanda da Rusiya ali məktəblərinin
təhsilini almaq imkanı olduğunu vurğuladı. Rusiyanın iki ali təhsil
müəssisəsinin filiallarının Azərbaycanda uğurla fəaliyyət göstərməsinin
önəmini qeyd edən dövlətimizin başçısı nazirin ölkəmizdə olduğu müddətdə bu
proseslərlə yaxından tanışlıq imkanı olacağını dedi. Prezident İlham Əliyev
ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə
bağlı təhsil nazirlikləri arasında səmərəli müzakirələrin aparılacağına
ümidvar olduğunu bildirdi.
Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva dedi: “Gözəl
ölkənizə, gözəl paytaxtınıza səfər etmək üçün yaratdığınız imkana görə
minnətdarlığımı bildirirəm”.
Prezident İlham Əliyevin fikirlərinin təsdiqi olaraq Olqa Vasilyeva öz
növbəsində təhsil sahəsində ənənəvi əməkdaşlığımızın hazırda da inkişaf
etdirilməsinin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında orta, ali və
elmi təhsil sahəsində əlaqələrə toxunan rusiyalı nazir Lomonosov adına
Moskva Dövlət Universitetinin və Seçenev adına Birinci Moskva Dövlət Tibb
Universitetinin Bakı filiallarının uğurla fəaliyyət göstərdiyini dedi. Rus
dilinin inkişafı məsələlərinə toxunan nazir bunu ölkələrimizi və
xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi
dəyərləndirdi. Xanım Olqa Vasilyeva qeyd etdi ki, Azərbaycanda, o cümlədən
rus dilində təhsil aparılan məktəblərdə oxuyan xeyli sayda şagirdlərin
olduqları nəzərə alınaraq, məsələn, Lomonosov adına Moskva Dövlət
Universitetinin tərkibində filoloji qrupun açılması təklif olunur.
Görüşdə Azərbaycanda rus dilinin və Rusiya Federasiyasında azərbaycanlıların
sıx yaşadıqları ərazilərdə Azərbaycan dilinin tədrisinə texniki dəstək
göstərilməsinin vacibliyi qeyd olundu, Rusiya-Azərbaycan Universitetləri
Assosiasiyasının Bakıda keçiriləcək konfransının əhəmiyyətindən danışıldı,
universitetlərarası əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olundu.
Söhbət zamanı ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən kənd
təsərrüfatı sahəsində kadr hazırlığı ilə bağlı qarşılıqlı təcrübə
mübadiləsinin zəruriliyi qeyd edildi.
AZƏRTAC
|