1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Məktəb islahatının aparıcı qüvvəsi: səriştəli müəllim
03.12.2016/№47

 

 


Müasir təlim biliyi şagirdə deyil, şagirdi biliyə çatdırmağı məqsəd kimi qarşıya qoyur. Bu isə “Müəllim nəyi tədris edir?” deyil, “müəllim necə tədris edir?” məqsədlərini reallaşdırmağa istiqamətləndirir. İslahatın mərkəzində səriştəli müəllim dayanır. İslahatın aparıcı qüvvəsi də səriştəli müəllimdir! Ənənəvi fəaliyyətdə (təlimdə) ilişib qalan müəllim deyil, səriştəli mütəxəssis hazırlığı olan müəllim. O müəllim ki, çoxcəhətli və çoxşaxəli fəaliyyətə üstünlük verir və özünütəhsillə məşğuldur. O müəllim ki, vəzifə borcundan daha artıq nailiyyət hədəfləri vardır.
Müasir müəllimin təlim məqsədləri və nailiyyət hədəfləri olmalıdır.
Ona görə də:
1. Dərslərimi əvvəlcədən layihələşdirirəm.
2. Gözlənilən nəticələri əvvəlcədən müəyyənləşdirirəm.
3. Təlimdə motivləşməyə üstünlük verirəm. Bu, şagirdlərin idrak fəallığını artırmaqla təlim məqsədlərini yerinə yetirməyə təminat yaradır və məntiqi təfəkkürü gücləndirir.
4. Təlim üsullarını elə seçirəm ki, şagirdlərim tarixdə baş verən dəyişiklikləri, fərqli və oxşar cəhətləri ayırd etməyi, dəyərləndirməyi, tədqiqat aparmağı, təqdimat etməyi, nəticə və ümumiləşdirməni, yaradıcı tətbiqetməni, İKT-dən istifadə etməyi bacarsınlar.
Seçmə üsulla hər bir sinifdə şagird nailiyyətlərinin uçotunu aparıram, nəticələrini isə şagird portfoliyasına daxil edirəm. Bu, şagirdlərin və valideynlərin böyük marağına səbəb olur və sinifdaxili rəqabəti gücləndirir. Zənnimcə, nəticəyönümlü təlimin açarı bu problemin uğurlu həllindən xeyli dərəcədə asılıdır.
Şagird nailiyyətlərinin uçotu ilə bağlı əsas götürdüyüm komponentlər aşağıdakılardır:
Şagirdlərin:
meyil və maraqları həyat bacarıqları
diqqət və fəallığı idrak fəallığı
ümumi səviyyəsi sınaq imtahanları
istedad səviyyəsi mərkəzləşdirilmiş buraxılış
maraq səviyyəsi imtahanlarının nəticələri
illik qiymətləndirmə (IX-XI siniflərdə) (KSQ, BSQ) İKT bacarıqları
Bu təlim komponentlərinin icrası mürəkkəb olsa da nəticəyönümlü təlim üçün açar rolunu oynayır. Müşahidələr göstərir ki, bir müəllimin digər müəllimin təlim metodundan, təhsildə və təlimdə baş verən innovasiyalardan o qədər də xəbəri yoxdur. Nəticədə fənn müəllimi nəinki digər müəllimin, həm də özünün dərsinin mənfi və müsbət cəhətlərinin təhlilini verə bilmir.
İnnovasiyalara üstünlük verən və fəal təlim metodu ilə işləyən səriştəli müəllim ilk növbədə özünüqiymətləndirməni bacarmalıdır. Müasir dərs hansı meyarlarla qiymətləndirilməlidir? Öz təcrübəmdə özüm tərtib etdiyim ( bu barədə “Azərbaycan müəllimi” qəzetinin 21 noyabr 2015-ci il tarixli nömrəsində təkliflərlə çıxıs etmişəm) 12 qiymətləndirmə meyarından istifadə edirəm. Bunlar aşağıdakılardır:
1. Mövzu ilə bağlı maraqlı və orijinal formanın seçilməsi. Gözlənilən nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi və ilkin səviyyənin qiymətləndirilməsi.
2. Dərsin təchizi. Əyaniliyin təmin olunması. İKT-dən istifadə səviyyəsi.
3. Mövzu ilə əlaqədar problemin ( motivasiyanın) qoyulması və şagirdlərin (qrupların) onun həllinə cəlb edilməsi. Dərsdə şagirdlərin idrak fəallığının təmin olunması.
4. Şagirdlərdə (şagirdlərlə) həssas ünsiyyət və əməkdaşlığın yaradılması (müəllim bələdçi, şagird tədqiqatçı rolunda)
5. İnteraktivlərdən məqsədyönlü, mövzuya uyğun şəkildə istifadə olunması.
6. Dərsin təbiyəedici və inkişafetdirici xarakterdə olması. Təlim üsulları seçilərkən şagirdlərin meyil və maraqlarının nəzərə alınması.
7. Mövzu ilə bağlı şagirdlərə həyat bacarıqlarının aşılanması.
8. Şagirdlərə fərdi və diferensial yanaşmanın təmin olunması, onların müstəqilliyinə, təşəbbüskarlığına psixoloji dəstək mühiti və şəraitin yaradılması.
9. Tədris olunan mövzunun dərsin gedişində mənimsədilməsi.
10. Mövzu ilə əlaqədar qiymətləndirmə meyarlarının seçilməsi (diaqnostik, formativ, summativ).
11. Ev tapşırığı (layihə). İcra vəziyyətinin yoxlanılması.
12. Təlim vaxtının optimal bölüşdürülməsi.
Bu meyarlar əsasında özünüqiymətləndirmənin aparılması aşağıdakı nəticələri əldə etməyi reallaşdırır:
1. İnnovasiyalara əsaslanan fəal təlim metodunun uğurlu tətbiqini. Dərsin müsbət və mənfi cəhətlərini ayırd etmək imkanının reallaşdırılmasını.
2. Gözlənilən nəticələri əvvəlcədən müəyyənləşdirməyi.
3. Tədris olunan mövzunun dərsin gedişində mənimsədilməsini.
4. İKT-dən istifadə bacarıqlarının formalaşdırılmasını.
5. Şagird nailiyyətlərinin qiymətləndirilməsini.
6. Nəticəyönümlü təlim resurslarının yaradılmasını.
İnnovativ müəllim hazırlığı üçün məktəbdə tədris və təlim bazasının yaradılması, sinfin və müəllimin izolyasiya şəraitindən azad edilməsi və digər bir sıra zəruri şərtlərin yerinə yetirilməsi tələb olunur.
Bu məqsədlə:
* Məktəbdə idarəetmə və planlaşdırma səmərəli aparılmalıdır.
* Məktəb rəhbərləri tərəfindən müəllimlərin nailiyyət hədəfləri düzgün müəyyənləşdirilməlidir.
* İxtisas və peşə səviyyəsinin yüksəldilməsi ilə əlaqədar müəllimin özünütəhsilinin praktik əsaslarla təşkili, bununla əlaqədar məktəblərdə metodik təminat və xidmət müasir tələblərə uyğunlaşdırılmalıdır.
* Tədrisin keyfiyyəti və təlim nəticələrinə görə müəllimin cavabdehliyi artırılmalıdır, məktəbdaxili monitorinq və qiymətləndirmənin tətbiqi, müəllimlərin ildə bir dəfə məktəbdaxili qapalı diaqnostik qiymətləndirməyə cəlb edilməsi təmin edilməlidir.
* Məktəbdə müəllimyönümlü proqramların, pilləli inkişafı tənzimləyən kateqoriyaların tətbiqi həyata keçirilməlidir.
* Diferensiyaya əsaslanan əməkhaqqı sisteminə keçid məqsədilə müəllimlərin 3 pilləli reytinq cədvəlləri (məktəb, rayon (şəhər), respublika) hazırlanmalı və tətbiq edilməli, reytinq cədvəlləri əsasında 3 pilləli “Müəllim saytı” yaradılmalı, məktəbdə və bütövlükdə təhsil sistemində rəqabət mühiti formalaşdırılmalıdır.
* Məktəbdə innovativ mərkəzlər və interaktiv siniflər təşkil edilməlidir.
* İxtisasartırma, təlim kursları və treninqlərin effektivliyi artırılmalıdır.
* Mərkəzlə (Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı məktəbləri və s.) region məktəbləri arasında təcrübə mübadiləsinin gücləndirilməsi və bununla əlaqədar region müəllimlərinə dövlət hesabına yaradıcılıq ezamiyyələri verilməlidır.
* Rayon (şəhər) TŞ-də, məktəblərdə təhsil ekspertləri təsisatı yaradılmalı, 45 dəqiqəlik dərsin qiymətləndirilməsinin vahid “meyarlar”ının tətbiqi üçün “Təlimat” və “Əsasnamə” təsdiq edilməlidir.
Öz təcrübəmə və müşahidələrimə istinadən qeyd edirəm ki, fəal təlim metodu ilə qurulan müasir dərs üçün müəyyən edilən standartlar və meyarların praktikada tətbiqi bir çox problemləri üzə çıxarır ki, səriştəli müəllim onları aradan qaldırmağı bacarmalıdır.
Bu aşağıdakılardır:
1. Müəllimin sinfi (kollektivi) idarə edə bilmək səriştəsi olmalıdır.
Müşahidələr göstərir ki, müəllimlər (xüsusilə gənc müəllimlər) dərsi deyə bilir (bu onun ixtisas səviyyəsinə aiddir), amma sinfi (kollektivi) idarə edə bilmirlər (bu onun peşə səviyyəsi ilə bağlıdır).
2. Şagirdlərin (bütün sinifin) bilik, bacarıq və idrak fəallığı qənaətləndirici olmalıdır. Heç də sirr deyildir ki, təhsilin icbari olması ilə əlaqədar biz yaxşı oxuyanla, istedadla pis oxuyanı bir parta arxasında oturduruq. Müasir təlim, fəal təlim seçilmişlərin yaradıcılıq məhsulu və ya nümunəsi olmalıdır. Qruplarla iş aparmalı olan müəllim (bələdçi) bəzən məcbur olur ki, hər qrupa bir istedadlı şagird (tədqiqatçı) paylasın ki, təlim məqsədlərini qismən də olsa reallaşdıra bilsin.
3. Məktəbdə təlim şəraiti, metodik təminat və xidmət müəyyən edilmiş standartlara uyğun gəlməlidir. Bu o deməkdir ki, izolyasiya şəraitində olan sinifdə müəllimin fəal təlim metodu ilə təlim aparması reallığa uyğun deyildir. Məsələn, sinifdə İKT vasitələri yoxdursa, gözlənilən nəticələri əvvəlcədən müəyyənləşdirmək inandırıcı görünmür. Ona görə də hər bir dərs üçün təlim şəraiti yaradılmalıdır.
Ənənəvi təlimdə monoloji mədəniyyət formalaşırdısa, müasir təlim dialoji mədəniyyətin formalaşmasına xidmət etməlidir. Müəllim bələdçi, şagird tədqiqatçı (fasilitasiya) formulası da buradan qidalanır.
Fəal təlim metodları ilə 45 dəqiqəlik dərsi təşkil edən müəllim ilk növbədə hansı zəruri problemləri həll etməlidir? Öncə mövzu ilə bağlı orijinal və maraqlı forma seçilməlidir. Problemin (motivasiya) qoyulması ilə bağlı mövzuya uyğun olaraq bir deyil, bir neçə rəmzi material şagirdlərə (qruplara) təqdim edilməlidir. Çünki rəmzi materiallar üçün hazırlanmış yönəldici suallar vasitəsilə diaqnostik qiymətləndirmə (ilkin səviyyənin qiymətləndirilməsi) aparmaq zəruridir. Müəllim əmin olmalıdır ki, şagirdlər (qruplar) prosesə hazırdır. Yalnız ilkin səviyyə müəyyən edildikdən sonra tədqiqat sualına keçid məqbul sayılmalıdır. Sonrakı mərhələləri aparmaq üçün müəllim (bələdçi) şagirdlərin (qrupların) meyil və maraqlarını nəzərə almalıdır. Bununla əlaqədar təlim üsullarının seçilməsində şagirdlərin də maraqları əsas götürülməlidir. Müşahidələr göstərir ki, dərsin ilkin mərhələsində yol verilmiş səhvlər 45 dəqiqəlik prosesin uğurla başa çatdırılmasına əngəllər törədir. Nəticədə təlim vaxtının optimal bölüşdürülməsi üçün müəyyən edilmiş standartlar və meyarlar pozulur. Bu isə gözlənilən nəticələri əvvəlcədən müəyyənləşdirməyə imkan vermir.

Əmiraslan BƏŞİROV,
Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbin müəllimi, əməkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

yuxarı ⤴