1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Şagirdlərin oxu bacarıqları üzrə nəticələri yüksəlib
08.12.2017 / No47


 

 

 


Oxu prosesinin ayrı-ayrı komponentlərində də əsaslı yaxşılaşma qeydə alınıb

Samirə KƏRİMOVA,
Niyazi RƏHİMOV

Son illər Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn islahatlar həm də kəmiyyət göstəricilərinə əhəmiyyətli təsirini göstərməkdədir. Dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübənin öyrənilməsi və ölkə təhsilində tətbiqi, bir sıra uğurlu layihələrin həyata keçirilməsi, bu sahədə müsbət nəticələrin əldə olunması təhsilimizin inkişafında mühüm rol oynayır. Qeyd edək ki, dünya təhsil sisteminə inteqrasiyanın bir istiqaməti də beynəlxalq qiymətləndirmələrdir ki, (PISA,PIRLS, TIMSS) bunların hər birində ölkəmiz iştirak etməkdədir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etmək, təhsil səviyyəsinin digər dövlətlərlə müqayisə etməklə yanaşı, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa imkan yaradır.

Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatlardan biri sayılan PIRLS-də Azərbaycan məktəblilərinin nəticələri ürəkaçan olub.

Dekabrın 7-də Təhsil Nazirliyində PIRLS tədqiqatı üzrə azərbaycanlı şagirdlərin göstərdikləri yüksək nəticə ilə bağlı keçirilən brifinqdə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, son 5 ildə oxu bacarıqları üzrə IV sinfin sonunda yüksək nəticə göstərən azərbaycanlı şagirdlərin sayı 2 dəfə artıb. Belə ki, PIRLS-in nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib.

Oxu prosesinin ayrı-ayrı komponentləri üzrə də ölkə üzrə şagirdlərin nəticələrində əsaslı yaxşılaşma qeydə alınıb. “İnformasiya almaq məqsədilə” oxu bacarıqları 460 baldan 475 bala, ədəbi məzmunlu mətnlər üzrə oxu bacarığı 461 baldan 465 bala qədər inkişaf edib. Şagirdlərin “İzah, inteqrasiya və qiymətləndirmə” bacarıqları 449 baldan 463 bala, “birbaşa nəticə çıxarma” bacarıqları isə 469 baldan 476 bala qədər artıb.

Məlumat üçün bildirək ki, IV sinif şagirdləri arasında keçirilən PIRLS (Progress in International Reading Literacy Study)-oxunun və qavramanın keyfiyyətini tədqiq edən beynəlxalq qiymətləndirmə proqramıdır. PIRLS ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı, ən perspektivli araşdırmalardan biridir. PIRLS tədqiqatı 2001-ci ildən başlayaraq Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən hər beş ildən bir keçirilir. Azərbaycan Respublikası bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 olaraq müəyyən edilir.

PIRLS -2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 340.000-dən çox şagird, 330.000 valideyn, 16.000 müəllim, 12.000 məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox IV sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib.

PIRLS tədqiqatı şagirdləri nəticələrinə görə 4 səviyyəyə bölür. Bunlar “mükəmməl”, “yüksək”, “orta” və “aşağı” səviyyələrdir. PIRLS-2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olma payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. Şagirdlərimizin “yüksək” səviyyə üzrə nəticələri isə 2011-ci illə müqayisədə 9 faizdən 16 faizə yüksəlib. Daha dəqiq desək, son 5 ildə ölkə üzrə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərən ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərən şagirdlərin sayı 37 faizdən 27 faizə enib.

Nəticələr nə göstərir?

Nəticələrə əsasən, qızların oxu bacarığı oğlanlarla müqayisədə daha yaxşıdır. Bundan başqa, şəhər məktəbləri ilə kənd məktəbləri arasında da müəyyən fərq müşahidə olunur. Tədqiqatlar onu da göstərir ki, şagirdlərin evdə oxumaq üçün mühitinin olması və oxu vərdişlərini artırmaq üçün müxtəlif resursların mövcudluğu da oxu bacarıqlarına təsir edən amillərdəndir. Digər tərəfdən, burada ən diqqətçəkən məsələ isə məktəbəqədər təhsilə cəlb olunanlarla bağlıdır. Qeyd edək ki, PIRLS-in apardığı tədqiqatlarda iştirak edən uşaqların cəmi 50 faizi məktəbəqədər təhsilə cəlb olunanlardır. Digər 50 faizi ümumiyyətlə, məktəbəqədər təhsil almayanlardır. Statistik təhlillərdən məlum olub ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların oxu bacarıqları cəlb olunmayanlarla müqayisədə daha yaxşıdır. Məsələn, bağçaya getməyən uşaqlar oxu bacarıqları ilə bağlı tədqiqatlarda orta hesab edilən 500 baldan 462 bal yığıbsa, 1 il bağçaya gedənlər 480, 2 il bağçaya gedənlər isə 493 bal yığıb. Təkcə bu statistik təhlillər bir daha sübut edir ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların oxu bacarıqları sürətlə artır. Onu da deyək ki, məktəbəhazırlıqla bağlı Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qruplara cəlb olunan uşaqların sayı ötən illə müqayisədə 55 faizdən 65 faizə yüksəlib.

PIRLS-ın apardığı tədqiqatlar onu da göstərdi ki, Azərbaycan məktəbliləri oxu bacarıqları ilə bağlı heç də dünyanın inkişaf etmiş ölkələrindəki şagirdlərdən geri qalmırlar. Sıralamadakı rəqəmlərə baxdıqda da görürük ki, az bir fərqlərlə digər ölkələr bizdən yuxarıdadır. Onu da nəzərə alaq ki, PIRLS-in seçdiyi 170 məktəb arasında respublikamızda təhsil uğurlarına görə daha öndə gedən, nüfuzlu məktəblər iştirak etməyib. Təbii ki, həmin təhsil müəssisələri də tədqiqatlarda iştirak etsəydi, nəticələr daha da yüksək olardı.

Şagirdlərimizin uğuruna təkan verən amillər

Son illər təhsilin bütün pillələri üzrə əsaslı dəyişikliklərə nail olan Təhsil Nazirliyi həmçinin ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində də davamlı işlər görür. Belə ki, məktəbəhazırlıq qruplarının təşkil edilməsini, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsini, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimlərinin keçirilməsini, müəllimlərin peşəkar inkişafı, həmçinin valideynlər ilə bağlı bir sıra tədbirlərin görülməsini, eyni zamanda şagirdlərin oxu vərdişlərinin təşviqinə, oxu bacarıqlarının inkişafına yönəlmiş “Zərdabi-İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi”nin reallaşdırılmasının beynəlxalq qiymətləndirmə tədqiqatında şagirdlərimizin uğur qazanmasına təkan verən başlıca amillərdən hesab etmək olar.

“Zərdabi-İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi”nə Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ilindən start verilib. Layihə məktəb, valideyn və ictimaiyyətlə iş aparmaqla, üç istiqamətdə həyata keçirilir.

Layihənin icrasında məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilməsidir. Oxu bacarıqlarının formalaşdırılması və inkişafı yönündə valideynlərin biliyinin artırılması, şagirdlərin oxu prosesini təşkil edən tərəflərindən biri kimi onların həmin prosesə fəal cəlb edilməsi, bu yöndə məktəb rəhbərlərinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi, həmçinin ictimaiyyətin diqqətini oxu bacarığının, mütaliə mədəniyyətinin formalaşdırılmasının vacibliyinə yönəltmək də layihənin əsas məqsədlərinə daxildir. Layihə Təhsil Nazirliyinin ölkə təhsilinin tarixində funksional savadlılığın artırılmasına, şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə yönəldilmiş bu mövzuda reallaşdırdığı “ilk”lərdəndir.

yuxarı ⤴