1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı?
08.12.2017 / No47


 

 

 


Prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov bu vəzifədən azad olunaraq vergilər naziri təyin edilib. M. Cabbarovun təhsil naziri kimi 4 il 7 aylıq fəaliyyəti nə ilə yadda qalıb? Millət vəkilləri, media rəhbərləri və ekspertlər APA-nın bu barədə sorğusunu cavablandırıblar.

Milli Məclisin üzvü Zahid Oruc bildirib ki, Mikayıl Cabbarovun təhsil naziri kimi dörd il ərzində fəaliyyəti əhəmiyyətli və danılmazdır: “Ali təhsil müəssisələrinin rəhbər korpuslarında aparılan dəyişikliklər faydalı olub. Hər zaman korrupsiya hallarına yol verilən tələbə köçürülmələrinin elektronlaşdırılması, bu sahədə şəffaflaşdırma və sair kimi məsələləri əlavə etdikdə dəqiq yol xəritəsinə malik, hədəfləri olan və buna uyğun komanda quraraq addım-addım irəliləyən nazirin fəaliyyətinə şahid olduq. Hesab edirəm ki, bu, uğurlu idi. Əminəm ki, ölkə Prezidenti tərəfindən təyin olunacaq yeni təhsil naziri həmin müsbət zəmin üzərində qurulan işləri irəliyə aparacaq.

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, təhsil sahəsi islahatların ehtiyatla və mərhələli şəkildə həyata keçirilməsini tələb edən sahədir: “Son illər ərzində bu sahədə xüsusilə prioritetlərin müəyyənləşməsi istiqamətində ciddi işlər görülüb. Eyni zamanda, müəllimlərin işə qəbul prosesi elektronlaşdırılıb və şəffaflaşdırılıb. Həmçinin son illər diqqətimi çəkən əsas işlərdən biri təhsil menecmentinin formalaşması istiqamətində atılan addımlar olub. Xüsusilə orta məktəblərdə direktor və direktor müavinlərinin təyinatı ilə bağlı görülən işləri, mütəxəssislərin hazırlanması prosesini dəstəkləyirəm. Prioritetləri və hədəfləri bilən, idarəetmə bacarığını mənimsəmiş mütəxəssis olmadan bu sahədə islahatlar aparılması mümkün deyil. Məncə, Təhsil Nazirliyində başlamış bu proses davam etdirilməlidir. Təhsil sahəsində cəmiyyət, ziyalılar, aktiv kəsim arasında konstruktiv diskussiya mühiti yaranıb, bunun da qorunub saxlanmasına ehtiyac var”.

Millət vəkili Fazil Mustafa deyib ki, təhsil islahatlarının son illər bir sıra yeniliklərlə müşayiət olunduğunu söyləmək olar: “Xüsusilə məktəb direktorlarının müsabiqə yolu ilə seçilməsinin müsbət bir tendensiya olduğunu düşünürəm. “Təhsil TV”nin maarifləndirici funksiya yerinə yetirməsi də müsbət hadisədir. Ali məktəblərdə SABAH kurslarının açılışı da faydalı yeniliklərdən sayıla bilər. Tədris metodikasında çox ciddi yeniliklər də tətbiq olundu. Ümid edirəm ki, yaxın zamanlarda bu islahatların faydalı nəticələri ortaya çıxacaq”.

Millət vəkili Aydın Mirzəzadənin fikrincə isə, son 4 ili Təhsil Nazirliyinin fəaliyyətinə yeniliyin gəlməsi, müasir təhsil fəlsəfəsinin bərqərar olması kimi qiymətləndirmək olar: “Gənclərə böyük etimad göstərilməsi, müəllimlərin statusunun və nüfuzunun cəmiyyətdə qaldırılması üzrə işlərin görülməsi, yeni tikilən məktəblərə yeni ab-hava, yeni düşüncə gətirilməsi, təhsilin səviyyəsinin artırılması - bütün bunları ötən dövrün müsbət addımları kimi xarakterizə etmək olar. Ümumən götürdükdə, bu gün Azərbaycan təhsili dünya standartlarına cavab verən səviyyəyə gəlib çatıb”.

Millət vəkili Tahir Mirkişili qeyd edib ki, son illər Azərbaycanda dövlət başçısı tərəfindən aparılan islahatlar iqtisadiyyatın və idarəetmənin bütün sahələrini əhatə etməkdədir: “Əlavə olaraq dünyada yeni yaranan paradiqmalar təhsilin də qarşısına yeni vəzifələr qoyub, sürətli, əhatəli islahatların aparılmasını labüd edib. Son illər təhsildə aparılan islahatlar ciddi və əhatəli təhlillər üzərində qurulub. Məhz bu yanaşmanın nəticəsində şagirdlərin və tələbələrin bilik və vərdişlərində keyfiyyət dəyişiklikləri artıb, idarəetmə strukturlarında çevik yanaşma tətbiq olunub, İKT-dən istifadə geniş yayılıb. Peşə təhsilinin inkişafı isə iqtisadiyyatın qarşısında duran məsələlərin həllinə ciddi dəstək olub”.

“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı bildirib ki, son 4 ildə Azərbaycan təhsil sistemində inkişafa doğru böyük dəyişikliklər olub: “Bunu kimsə dana bilməz. Ancaq təhsil elə bir sahədir ki, aparılan islahatların, görülən işlərin nəticəsi illər sonra hiss olunur. Təhsil Nazirliyinin bütün strukturları son 4 ildə ictimai fikrə hər zaman diqqətlə, hörmətlə yanaşıb, haqlı tənqidləri qəbul edib. Ölkə mediasında təhsillə bağlı dərc edilən yazılar heç zaman reaksiyasız qalmayıb. Bir sözlə, artıq Təhsil Nazirliyi hər kəs üçün əlçatandır”.

“525”-ci qəzetin baş redaktoru Rəşad Məcid Təhsil Nazirliyinin fəaliyyətindəki ötən 4 ili dinamiklik, hərəkətlilik, zamanın sürətli tempi ilə ayaqlaşmaq istəyi kimi qiymətləndirib: “Media rəhbərləri ilə, yazıçılarla birlikdə iştirak etdiyim çoxsaylı tədbirlərdən təəssüratım kreativliyin aşılanması, yeni innovasiyaların tətbiqi, ənənəvi metodları sındırmaq, fərqli və müasir yanaşma metodlarının tətbiqidir. Bu dəyişikliklər gözümüzün önündə baş verib. Rəqabət hissi yaradan, bilikləri ortaya çıxaran müsabiqələrin, yarışların təşkili, bir yandan “Məktəblinin dostu” kimi şagirdlərə sərbəst yaradıcılıq imkanları verən layihələr, ali məktəblərdə imtahan sisteminin dəyişilməsi, tələbələrin yalnız biliyinə, savadına güvənməyin uğur üçün yeganə yol olmasına inandırılması, özünə güvən hissinin aşılanması, qısa müddətdə buna nail olunması böyük bacarıqdır. Müəllimlərin və direktorların imtahanla seçilməsi, neqativ məqamlara səbəb ola biləcək yolların qapadılması uğurlu nəticələrdəndir”.

Təhsil eksperti Etibar Əliyev hesab edir ki, Mikayıl Cabbarov Azərbaycanın təhsil tarixində adı yalnız yaxşıya çəkilən nazir kimi qalacaq: “Onun imza atdığı islahatlar Azərbaycan təhsilinin simasını dəyişdi. Bu islahatların rasional davamı olacaqsa, təhsildə daha böyük uğurlar əldə olunacaq”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli son 4 il ərzində Azərbaycanın təhsil sistemində görülən işlərin davamlı inkişaf üçün möhkəm təməl yaratdığını düşünür: “Müəllimlərin işə qəbulu ilə bağlı yaradılmış şəffaf mühit bütövlükdə təhsilə olan münasibəti dəyişib. Universitetlərimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, SABAH qrupları, ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə dəyişməsi bu qışa müddətdə əldə olunmuş böyük uğurlardır. Şübhə etmirəm ki, zaman keçdikcə görülən işlərin miqyası daha aydın görünəcək”.

Təhsil eksperti Nabatəli Qulamoğlu deyib ki, Mikayıl Cabbarov Təhsil Nazirliyində yeni iz qoyub: “İlk növbədə təhsilimizdə baş alıb gedən korrupsiyanın qarşısını almaq üçün mexanizmlər yaratmaq yolunu seçdi. Başa düşdü ki, hədə-qorxu, tapşırıqlarla bunu həll etmək mümkün deyil. Təhsildə müəllim sıxlığını aradan qaldırmaq üçün bir sıra tədbirlər həyata keçirdi. Bu, həm də kadr potensialının saflaşması anlamına gəlirdi: diaqnostik qiymətləndirilmə aparıldı, mövcud kadrların potensialı müəyyən edildi. Müəllimlərin yeni qayda üzrə işə qəbulu prosesinə start verildi. Artıq hər kəs anladı ki, yaxşı iş yeri qazanmaq üçün bilik əsas meyardır. Birinci siniflərə qəbulla bağlı sui-istifadə hallarının qarşısını almaq üçün qəbulu elektron formada həyata keçirmək üçün qaydalar təsbit edildi. Diplomların nostrifikasiyasını da elektron formada həyata keçirməyə başladılar, çünki təcrübə göstərdi ki, bununla bağlı ciddi sui-istifadə halları mövcuddur. Ən başlıcası, M. Cabbarov Təhsil Nazirliyinə demokratik ruh gətirdi, müstəqil fikir söyləmək, tənqidlərə açıq olmaq artıq ənənəyə çevrildi. Yeni qayda ilə direktorların işə qəbulunu təşkil etdi. Təmayüllər üzrə təhsilin inkişafına start verdi. Məktəblərdə yeni qiymətləndirmə mexanizmi yaradıldı”.

Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov qeyd edib ki, son 4 ildə birmənalı şəkildə təhsil sektorunun fərqli bir mərhələyə qədəm qoyduğunu söyləmək olar: “Bu, həm ali təhsil sahəsində aparılan islahatlar, eyni zamanda orta məktəb səviyyəsində tətbiq edilən yeni mexanizmlərlə bağlıdır. Ali təhsil səviyyəsində ali məktəblərin statusunun dəyişdirilməsi, eyni zamanda birbaşa adambaşına maliyyələşmə mexanizminin tətbiqinə başlanması ali məktəblər üçün yeni imkanlar açdı. Bu imkan verdi ki, ali məktəblər kənar mənbələrdən istifadə etməklə təhsilin keyfiyyətinin artırılması imkanlarına malik olsun. Aparılan islahatlar ali məktəb sahəsində kök salmış korrupsiya hallarının minimallaşdırılmasına səbəb oldu. Son 4 ildə Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi müşahidə edilib. Məncə, son 4 ili qiymətləndirəndə aparılan islahatlar gələcəkdə əldə ediləcək nailiyyətlər üçün bir baza formalaşdırdı. Son 4 il Azərbaycan təhsil sistemində xüsusi bir mərhələ kimi qiymətləndirilir. Bu, Azərbaycan təhsilinin həm dünya, həm də regionda mövqeyinin güclənməsinə gətirib çıxardı”.

“1news.az” agentliyinin müxbiri Elşən Rüstəmov qeyd edib ki, təhsildə 2-3 il ərzində nəticələrin görülməsi mümkün deyil, buna minimum 7-8 il tələb olunur: “Mikayıl Cabbarov Azərbaycanın müstəqilliyi dövründə ən yaxşı nazirlərdən biri kimi mənim yaddaşımda qalıb. Prezidentin sərəncamı ilə vergilər naziri təyin olunması onun xidmətlərinin yüksək qiymətləndirildiyinin göstəricisidir. Əminəm ki, Mikayıl Cabbarov yeni vəzifəsində peşəkarlıqla özünü göstərəcək”.

Professor Şahlar Əsgərov son 4 il ərzində təhsildə baş verən dəyişiklikləri 4 sözlə ifadə edib - ümid, inam, tərəqqi və dəyər: “Mikayıl müəllim bu sifətləri cəm şəklində təhsil sistemimizdə yarada bildi. O, təhsil islahatlarını yeni mərhələyə çıxardı: “Əməkhaqqı ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirirəm. Müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra əməkhaqqının artımının şahidi olduq. Nəinki Bakı şəhərində, rayonlarda da bu proses davam edir. Bununla yanaşı, sənədlərin elektron qaydada qəbulunun həyata keçirilməsi də olduqca müsbət haldır”.
 

yuxarı ⤴