1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

Rektor danışır
“Müəllim hazırlığı ölkənin milli təhlükəsizlik məsələsidir”
08.12.2017 / No47


 

 

 


Cəfər Cəfərov: “Elə bir mexanizm işləyəcək ki, hamı qaydalara əməl edəcək”

Ruhiyyə DAŞSALAHLI,
Jalə MÜTƏLLİBOVA

Azərbaycanda ali təhsil müəssisələrinin standartları dəyişir. İdarəetmədən başlayaraq maliyyələşdirilməyə qədər hər məsələdə universitetlər yeni çağırışlara uyğunlaşmağa səy göstərir. Bəs bu dəyişikliklərə ənənələrə sahib ali təhsil ocaqlarımız necə cavab verir?

“Azərbaycan müəllimi” qəzetinin bu sıradan olan suallarına Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov cavab verir.

- Ölkəmizdə pedaqoji kadr hazırlayan ən böyük müəssisə olan Azərbaycan Dövlət Pedaqoji Universitetində vəziyyət necədir? Son qəbulun nəticələri sizi qane edirmi?

- Qane edir. Təhsil Nazirliyi sistemində olan ali təhsil müəssisələri arasında builki qəbul planının dolması faizinə görə ən yüksək nəticə ADPU-dadır. Yerlərin 97 faizdən çoxu dolub. Bu, universitetin tarixində görünməyən nəticədir.
- Bu nəticəyə nail olmaq üçün nə edilib?

- Əslində, ölkədə müəllim peşəsinə maraq artıb. Bir neçə ildir atılan ardıcıl addımlar əldə etdiyimiz bu nəticədə böyük rol oynayıb. Ölkə Prezidentinin bununla bağlı iradəsi var, Təhsil Nazirliyinin rəhbərliyi bu işə xüsusi diqqət yetirir. Ümumiyyətlə, pedaqoji təhsilin təşkili ilə bağlı atılan addımlar çoxdur. Bilirsiniz ki, iki ali təhsil müəssisəsi - Azərbaycan Müəllimlər İnstitutu ilə Pedaqoji Universitet birləşdirildi. Bundan başqa, Pedaqoji Kollec ADPU-nun tərkibinə verildi. Müəllim yetişdirilməsi ilə bağlı olan qurumların böyük əksəriyyəti ADPU-da, bir çətir altında birləşdirildi. Kompleks tədbirlər nəticəsində yüksək balla müəllim peşəsini gələcək həyat yolu seçən gənclərin sayı ildən-ilə çoxalır. 3 il əvvəl 6 nəfər 500-dən artıq bal toplamışdısa, bu il universitetimizi seçənlər arasında 282 nəfər 500-dən çox bal toplayan var. Ayrı-ayrı ixtisaslar üzrə qəbul olunanların yarıdan çoxu belə nəticələr göstərib. Məsələn, dil-ədəbiyyat ixtisası üzrə 50 faizdən yuxarı, riyaziyyat üzrə 48 faizdən çox tələbə məhz yüksək bal toplayanlardır. Bu, Pedaqoji Universitetin tarixində görünməmiş bir nəticədir.

“Mənə təzyiqlər çox idi”

- Dediyiniz kimi, yüksək balla müəllimlik ixtisasını seçənlərin sayı ildən-ilə artır. Daha üstün səviyyədə olan tələbələrlə işləmək öz üzərində işləməyən müəllimlər üçün çətinlik yarada bilər. Kollektiviniz və universitet buna hazırdımı?

- ADPU-da işlərin yaxşılaşdırılması məqsədilə xeyli addım atılıb. Ali təhsil müəssisəsi müasir tələblərə uyğun olaraq daim yenilənməlidir. Bunu birdən-birə etmək mümkün olmadığından biz də prosesə mərhələlərlə start vermişik. Kollektivin böyük bir hissəsini birdən-birə işsiz qoymaq olmaz. Bundan başqa, yeniləri yetişibmi, onları əvəz edəcək kadr varmı? Bunu da düşünməliyik. Ona görə də mərhələlərlə yenilənəcəyik. Yaxşı tələbənin olması üçün güclü müəllim kontingenti olmalıdır.

İllər uzunu belə olub ki, müsabiqə keçirilib, ancaq hamı bilib ki, həmin yer filankəsindir. Real müsabiqə vəziyyəti, demək olar ki, heç vaxt yaranmayıb. Çünki vəziyyəti bildiklərindən müsabiqəyə sənəd verməyiblər. Bu il ilk dəfə olaraq real müsabiqə vəziyyəti yarandı. 114 vakant yerə 500 adam sənəd verdi. Onların 150 nəfəri universitetdən kənar adamlar idi. Müsabiqənin yekununda 112 nəfər qalib çıxaraq 5 illik müqavilə ilə işə götürüldü, əməkhaqlarına əlavələr oldu. Hətta onların arasından da dekan və kafedra müdiri seçkilərində namizədliyini irəli sürənlər çıxdı. İllər uzunu bu işin arzusunda olan adamlar öz bacarıqları sayəsində universitetdə iş yeri qazandılar. Onların 10 faizi kənardan gələnlərdir. Biri 10 ildir müdafiə edib, laborant işləyirdi, artıq müəllimdir. Eləsi də var ki, həmin yerdə çalışırdı, müsabiqədə qalib gəlib, yenə öz vəzifəsində qalıb.

Hazırda tam yenilənməkdən söhbət getmir. Ümumiyyətlə, universitetdə bütün təyinatların - köməkçi heyətdən tutmuş hətta dekan və kafedra müdirinin seçimi müsabiqə yoluyla həyata keçirilir. Hazırda 22 vakant yer elan olunub və artıq 90 nəfər həmin yerə namizədliyini verib. Bu günlərdə müsabiqə başlayacaq. Komissiya baxandan sonra rektora təqdimat verilir. Şübhəsiz ki, istədiyi adamı işə götürmək rektorun haqqıdır. Əlavə söhbətlər olmasın, demokratiklik təmin olunsun deyə, hətta bu məsələdə də halalca haqqımdan imtina etmişəm. İndiyədək 16 nəfər kafedra müdiri, 4 nəfər dekan seçilib. Bir nəfər deyə bilməz ki, seçkiyə hər hansı təzyiq göstərilib. Halbuki mənə təzyiqlər çox idi.

- Belə çıxır ki, bu mərhələ ağrılı keçir?

- Siz təsəvvür edin ki, “ənənələr” içərisində formalaşmış cəmiyyətimizdə hər kəs özünə borc bilir ki, tanıdığı biri varsa, ondan nəsə xahiş etsin. Dəfələrlə deyiblər ki, bilirəm, mümkün deyil, amma qoy gəlsin qəbuluna, özün “yox” de. Bu cür təzyiq xarakterli müraciətlərin qarşısında seçki prosesi indiyədək normal getdi. İkinci mərhələ seçkiləri də keçirəndən sonra elə bir mexanizm işləyəcək ki, rəhbərlikdə kimin olmasından asılı olmayaraq, insanlar bu qaydalara vərdiş edəcəklər. Doğru olanı da budur.

- İşçilərinizin sayı birləşmələrdən sonra artmışdı. Müsahibələrinizin birində qeyd etmişdiniz ki, təkrarlanan vəzifələr var. İndi vəziyyət necədir?

- İki ali təhsil müəssisəsi birləşəndən sonra 1800 nəfər işçimiz vardı. Hazırda 1400 nəfər işləyir. Ancaq Bakıda, filialları nəzərə almasaq, pedaqoji heyət 800 nəfər civarındadır. Optimallaşdırma mərhələsində ixtisarlar oldu. Qərarı da öz ixtiyarlarına buraxdıq. Elmi Şuranın qərarı ilə təsdiq edilən sayı şöbələrə təqdim etdik və dedik ki, kimin gedəcəyinə şöbə özü qərar versin. Çox çətin vəziyyət yarandı. Bir il ərzində həftədə iki dəfə qəbul keçirirdim, bu məsələlərlə bağlı hər qəbula 45-50 nəfər gəlirdi. Təşəkkürə gələn çox az olurdu, hamı şikayət, giley-güzar edirdi. Hər qəbuldan sonra gecələr yata bilmirdim. Asan deyil ki... Gəlib deyirlər ki, “Bəs indi mən neyləyim?” Bilirəm ki, universitet bu yükü götürə bilmir, amma optimallaşdırma prosesi mütləqdir və ixtisarlara məcburuq. Ötən bir ildə mənim üçün ən ağır proses məhz bu idi. Bu ixtisarları əzazil olduğumuz üçün etməmişik. ADPU-nun büdcəsi tələbələrin ödənişləri hesabına formalaşır, bir də dövlət hesabına təhsil alanlara görə dövlətin ayırdığı vəsaitdir. Olan büdcə universitetdə bu qədər ştat saxlamağa imkan vermir.

Vəziyyəti təsəvvür etməyiniz üçün sizə bir rəqəm verim: universitetin kitabxanasında 70-ə yaxın işçi çalışırdı. İndi iki universitetin birləşməsi nəticəsində 4 korpusda dərs keçirik və cəmi 28 kitabxanaçı işləyir. Bunu etməsək, sağlamlaşdırma prosesini aparmaq çətin olacaqdı.

“Kollektiv rahat nəfəs almağa başlayıb”

- Məlumdur ki, bu universitetdən böyük gözləntilər var. Xüsusən, yaralı yerimiz sayılan pedaqoji kadr hazırlığı məsələsində. Vəziyyəti bu heyətlə dəyişmək mümkündürmü?

- Hesablamalarımıza görə, 2-3, hətta 4 il ərzində biz müəllim potensialını tamamilə yeniləşdirmiş olacağıq. Yeniləşdirmə o anlama gəlməməlidir ki, həmin yerlərin hamısına tamamilə yeni adamlar gətiriləcək. Öz üzərində işləməyi sevənlər, özünü inkişaf etdirənlər, işləməyi bacaranlar, özünü işi ilə tələbələrinə sevdirənlər və ən əsası, müsabiqədən keçənlər işinə davam edəcəklər. Bunu kollektiv də yaxşı başa düşür. Müşahidələrimiz göstərir ki, bu müsabiqələr onları hərəkətə gətirib. Bundan başqa, “açıq dərs”lər keçirilir. Bəzi müəllimlər yaşının bu vaxtında biabır olacağından ehtiyatlanıb dərsi keçməkdən imtina edir. İmtina etməsə də, dərs başlayandan 15 dəqiqə sonra sözü bitənlər, dərsdə deməyə söz tapmayanlar da olub. Təbii ki, layiqli dərs keçənlər də çoxdur.

- Ekspert Əjdər Ağayev qəzetimizə müsahibəsində belə bir məqamı qeyd etmişdi ki, böyük əksəriyyəti yaşlı nəslin nümayəndəsindən ibarət olan köhnə kollektiv yeni rektorun tətbiq etməyə çalışdığı yeniliyi qəbul etmək istəmir. Yeni rektorun köhnə kollektivlə problemi tətbiq edilən yeniliklərin qəbulu ilə bağlıdır, yoxsa başqa iddialar da var?

- Kollektiv müqavimət göstərmir. İndiyədək bir neçə nəfərin problemi olub. Onlar da məhkəməyə müraciət ediblər. Bütün instansiyalardan keçiblər, amma heç bir müsbət cavab ala bilməyiblər. Belə müraciətlərin olmasına da normal baxıram. Hüquqi dövlətdə yaşayırıq və kim narazıdırsa, məhkəməyə müraciət etsin, ona məhkəmə qaydasında cavab verək. Narazılardan biri dekan seçkilərinə qatılıb və alternativinə 29 səslə uduzub. Ona, ümumiyyətlə, səs verən olmayıb. Dünən qəbulumda idi və ona da dedim ki, insan işlədiyi kollektivdə bir nəfərin belə ona səs verməməsindən utanmalıdır. O isə dünyaya car çəkir.

- Həmin namizədlə məsələ nə yerdə qaldı?

- O, bir qəbahətinə görə işdən xaric olunanlardandır. Seçkilərə qatılmaq istədi, biz də mane olmadıq. İnsanların gözü tərəzidir. Bilirsinizmi, bu prosesin sonunda kollektiv rahat nəfəs almağa başlayıb. Bəzilərinin ifadəsidir, “yumaq kimi bükülmüşdük” deyirlər. Artıq müəllimlikdə arzularını reallaşdırmaq imkanı qazanıblar. Müsabiqəyə qatılan 500 nəfərdən biri narazıdırsa, buna mən heç nə edə bilmərəm. Çünki komissiyanın 20-30 üzvü var. Demokratiyanın bu üzü də var. Azlığın olduğu kimi, çoxluğun da hüququ tanınmalıdır. Amma narazı namizəd tanımaq istəmir və seçkinin nəticəsini ləğv etdirməyə çalışır. Təklif edirik növbəti seçkiyə qatılsın, razılaşmır. Bir sözlə, hikkə, inad, müəllimə yaraşmayan davranışlarla istəklərinə nail olmaq istəyirlər. Müəllim mədəniyyət, ədalət örnəyidir. Məhz bu simasını ortaya qoymaq əvəzinə, xırda hisslərə uyub o istiqamətdə hərəkət etməyə çalışırlar.

- Bu prosesdə ədalətli ola bilirsinizmi?

- Gücüm çatan qədər çalışıram ədalətli olum. Hər halda tanıyanlardan soruşa bilərsiniz. Tələbkarlıq övladlarıma, yaxınlarıma qarşı da eynidir. Çünki bu, sadəcə təhsil məsələsi deyil. Ölkə Prezidenti son çıxışlarında da hədəfləri göstərdi. Həmin işləri görməkdən ötrü güclü insan kapitalına ehtiyac var. Burada bilik, qabiliyyət, bacarıq, vətənpərvərlik kimi çoxlu sayda xüsusiyyətlərdən söhbət gedir. Bunları hədəf kimi qoyub, reallaşdırmada bir istisna etdinsə, qurduğumuz sistem dərhal çökər. Heç kimə izah edə bilməzsən ki, ümumən ədalətliyik, ancaq bu məsələdə istisna etdik. Elə bir sistem qurmaq istəyirik ki, insan faktorundan asılı olmasın.

- Bəs, komissiyanın ədalətinə necə, güvənirsiniz?

- Seçki keçirilən həmin 112 yerdə ən layiqlilərin olduğuna inanmaq istəyirəm. Ehtimal edirəm ki, komissiyanın işində hansısa yanlışlıqlar ola bilər. İnsandırlar, öz istəklərini yeritməyini də istisna etmirəm. “Açıq dərs” keçilir, dərs barədə komissiya üzvləri öz rəyini verir. Rəylər təhlil edilir, kafedranın iclasında müzakirə olunur, fakültə iclası keçirilir. Bu qədər böyük prosesin hər mərhələsində ədalətin təmin edilməsindən söhbət gedir. Növbəti seçkilərdə bəzi yeniliklər tətbiq etməyi planlaşdırırıq. Komissiyaları fakültələrin ixtiyarından çıxarmağı düşünürük. Ümumuniversitet üzrə bir komissiya yaradıb müsabiqəni fakültələrin nümayəndələri, o cümlədən daha nüfuzlu insanların iştirakı ilə aparmağı planlaşdırırıq.

“Test sisteminə keçid məcburiyyətdən qəbul olunmuş qərardır”

- Rüşvətxorluğa qarşı necə mübarizə aparırsınız?

- 7-8 nəfər müəllim sırf bu səbəbdən işdən azad olundu. Sizə bir fakt deyim. Şəkidən bir valideyn gəldi. Ötən qış semestrində övladı rüşvətlə qiymət alıb. “Biz bilirik ki, bu, universitetdə həyata keçirilən işlərə uyğun hal deyil”, - dedi. Özünə borc bilib ki, bunu bizə desin. Qəbula gələn valideyn burda olduğu müddətdə adıçəkilən müəllimi dəvət etdik. Rüşvət aldığını boynuna aldı. Elə yerindəcə işdən azad edilməsi ilə bağlı ərizəsini aldıq.

- Bəs, tələbənin taleyi necə oldu?

- Söhbət bir tələbədən yox, qrupdan gedirdi. Tələbələrin də universitetdən qovulması təklif edilirdi, ancaq sözügedən qrupun qrup nümayəndəsinə şiddətli töhmət verməklə kifayətləndik. Tələbələrə qarşı yumşaqlıq göstərdik. Universitet iki tərəfdən ibarətdir: təhsil xidməti verənlər və təhsil xidməti alanlar. Universitetin rektoru olsam da, bu və bənzər hallarda təhsilverənlərin təmsilçisiyəm. Təhsil verən tərəfə, təhsilin nəticəsinə cavabdehəm. Daha artıq məsuliyyət təhsil xidmətlərini təqdim edən tərəfdən olduğundan cəza da bu tərəfə daha çox oldu. Həmin müəllimlə yanaşı, 2 nəfər başqa müəllimin da adı hallanırdı və onların da məsələsi elə həmin gün həll olundu. İstəməzdim ki, işlər bu həddə gəlib çatsın. Sonradan öyrəndim ki, onların arasında çox çətin vəziyyətdə olan da var.

- İstər elektron kütləvi informasiya vasitələrini, istər yazılı mətbuatı izləyəndə belə təəssürat yaranır ki, pedaqoji kadr hazırlayan müəssisələrimiz kadr hazırlığında qüsurlu və problemlidirlər. Yaxud da həmin pedaqoji müəssisəyə gələnə qədər ailədə, orta məktəbdə problemlər yaşanır. Bunun da kökü gedib pedaqoji müəssisəyə bağlanır. Həmin uşaqların böyük əksəriyyətini tərbiyə edənlər yenə pedaqoqlardır. Orta və ali məktəblərimizdə nə baş verir? Sadəcə ajiotajdır, yoxsa...

- Təəssüf ki, dediyinizdə bir həqiqət var, ancaq birmənalı cavab vermək də çox çətindir. İnsanlar ayrı-ayrı qurumları qınamaqla, təqsirləndirməklə öz suallarına cavab tapdıqlarını düşünürlər. Halbuki, hesab edirəm ki, cəmiyyət olaraq işin bu nöqtəyə gəlməsinə hər birimiz kömək etmişik. Kimsə öz övladını hansısa qanunsuz, təmənnalı yolla universitetə düzəldirsə, düzlüyün, təmizliyin olmamasıyla bağlı danışması qeyri-səmimi görünür. Çünki bu işin iki tərəfi var. İllər uzunu Gəncədəki, Qazaxdakı, digər yerlərdəki filiaların problemləri olub. Cəmiyyət bu barədə məlumatlı olduğundan ondan danışmağın bəlkə də yeri yoxdur. Biri var ki, qəbul olunub, ancaq oxumayıb, başqa yollarla qiymət alıb, bir də var ki, saxta diplomlar hazırlanıb. Yəni, surət çıxarılıb, fotoşopla düzəlişlər edilib. Bunların sayı da bilinmir hələ. 1000, 5000, 10000, bəlli deyil. Hüquqi varis olaraq, gedən məhkəmə proseslərinə dəvət edilir, iştirakımız zəruri olan proseslərə qatılırıq. İşi görən adamlar kimlərdir? Bu cəmiyyətin üzvləri. İşi görənlər bir tərəfdir, məsuliyyəti bəllidir, onları qoyaq qırağa. Axı, ikinci tərəf də saxta diplomu almaq istəyənlərdir. Cəmiyyətin inkişafı ilə bağlı ayrı-ayrı üzvləri düşünməlidir. Düşünməlidirlər ki, axı, gələcəyimizi oxutduracaq müəllimlər yetişdiririk.

Eynilə də imtahan prosesinin təşkili ilə bağlı paradoksal vəziyyət yaranmışdı. Test sisteminə keçid məcburiyyətdən qəbul olunmuş qərardır. İnsan faktoru, onun təsiri ilə ortaya çıxan əyər-əksikliklər aradan qalxsın deyə, qəbul imtahanlarında belə bir sistemə gedilib. Bu yolun semestr imtahanlarında tətbiqinin də üstünlükləri ola bilər. Ancaq düzgün tətbiq edilmədikdə, görün nəyə gətirib çıxarmışdı. Test imtahanının suallarını satmaqla məşğul oluruq, o da üzə çıxanda, cavabı satırıq. Nəticədə tələbə sualı belə oxumur. Sadəcə bir neçə rəqəmi əzbərləyir. 3-5 dəqiqə ərzində imtahanını verib qurtarır. Təsəvvür edin, illər uzunu kitab üzü açmadan imtahanını verib, diplomunu alır. Həm saxta diplom alanlar, həm də universiteti kitab üzü açmadan bitirən, nə nitq, nə təqdimat qabiliyyəti olan, bir çox keyfiyyətdən məhrum yüzlərlə, minlərlə kadr məktəbə doluşub. Azərbaycanda belə müəllimlərin sayı nə qədərdir? Təəssüf ki, onların sayı çoxdur və bunun birdən-birə dəyişdirilməsi mümkünsüzdür. Bu, ağır bir prosesdir. Bununla bağlı ilk növbədə həmin o kadrları yetişdirən təhsil müəssisəsinin özündə yeniləşmə olmalıdır. Bu da uzunmüddətli prosesdir. Təsəvvür edin ki, imtahan prosesi yeniləşdi, indi tamamilə yazılı qaydada aparılır. Görün nə ilə öyünürük, uşaqlar kitab oxumağa başlayıb.

- Belə bir situasiya da var: imtahan prosesində nə komissiya əziyyət çəkir, nə də tələbə narahat olur. Ancaq o imtahanın nəticəsinin əziyyətini hamı çəkir.

- Ona görə deyirəm ki, bu, daha böyük söhbətin mövzusudur. Müəllim hazırlığı ölkə üçün ordu quruculuğu, hətta bəlkə ondan daha artıq dərəcədə vacibdir. Müasir şəraitdə görüləsi işləri də göz önünə gətirərək belə düşünürəm ki, müəllim hazırlığı ölkənin milli təhlükəsizlik məsələsidir. Bununla bağlı görüləcək işlər çoxdur. Təhsil Nazirliyi də, Pedaqoji Universitet olaraq biz də məşğul oluruq. Hazırda həm infrastrukturun müasirləşdirilməsi, həm tədrisin optimallaşdırılması, həm də kadrların yenilənməsi ilə bağlı addımlar atılır. Yəqin razılaşarsınız ki, bu vəziyyətdən çıxmaq da zaman istəyir. Buna baxmayaraq, artıq tendensiya var, rəqəmlər mövcuddur. Təhsil Nazirliyinin kollegiya iclasında bununla bağlı rəqəmlər səsləndirildi. Müsbət tendensiyalar var. Bunu görmək lazımdır. Bəzi hallarda neqativ məqamlardan danışanda insanlarda bədbin əhvali-ruhiyyə yaranır. Belə bir şey yoxdur. Müalicə olunmaqdan ötrü prosesə düzgün diaqnoz qoyulmalıdır. Diaqnoz artıq qoyulub, işin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır.

yuxarı ⤴