Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

“Müəllim təkcə öyrədən deyil, həm də öyrənəndir”
08.12.2017 / No47


 

 

 


Suqra Novruzova: “Mən şanslıyam ki, təhsil aldığım məktəbə müəllim kimi qayıtmışam”

Suqra Novruzova Bakı Dövlət Universitetinin tarix fakültəsinin tarix müəllimliyi ixtisasını bitirib. Azərbaycan Dövlət Pedaqoji Universitetində magistr təhsili alıb. Bu il müəllimlərin işəqəbulu müsabiqəsində 54 bal toplayaraq Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb. Gənc müəllimin fikir və təəssüratlarını öyrənmək üçün çalışdığı məktəbdə onunla həmsöhbət olduq.

- Suqra Novruzova üçün müəllimlik peşəsi nə deməkdir?

- Açığı desəm, uşaqlıqdan müəllimlik peşəsini çox sevirəm. Mən şagird olarkən öz tarix müəllimimi çox sevirdim. Müəllimimə olan sevgim məni müəllim etdi. Həmişə hesab etmişəm ki, müəllimlər qeyri-adi bir təbəqə, zümrədirlər. Ümumiyyətlə, həm mənəvi, həm də dini dəyərlərimizdə müəllimliyə bir növ münasibət fərqlidir. Cəmiyyətimizdə biz həmişə müəllimlərlə bağlı yalnız müsbət məqamlara rast gəlmişik.

- Bildiyimiz kimi hazırda çalışdığınız məktəb ilk iş yerinizdir. Şagirdlərlə münasibətiniz necədir?

- Bəli, ilk iş yerim Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdir. Mən şanslıyam ki, bir zamanlar təhsil aldığım məktəbə müəllim kimi qayıtmışam. Şagirdlərlə münasibətim düşündüyümdən daha yaxşıdır. Düşünürəm ki, bu qısa vaxtda şagirdlərin sevgisini, hörmətini qazana bilmişəm. Məncə, bir müəllim üçün də ən vacibi məhz elə budur.

- Şagirdlərlə işləmək çətin deyil?

- Mənim üçün yox. Əksinə, xoşdur. Dərs vaxtı, yaxud dərsdən sonra şagirdlərlə söhbət edirəm. Dərslərimiz maraqlı keçir, mövzularla bağlı müəyyən diskussiyalarımız olur. Bu, mənə zövq verir. Çünki mən öz peşəmi sevirəm. Müəllimlik mənim üçün qeyri-adi bir peşə olduğuna görə şagirdlərlə olan münasibətlərimin yaxşı olmağını özümə borc bilirəm.

- Belə bir deyim var ki, müəllim daim mütaliə etməlidir. Bu fikirlə razısınız?

- Əlbəttə, razıyam. Yaxşı müəllim olmaq istəyirsənsə, təbii ki, başladığın yolda iri addımlarla irəliləməlisən. Bunun üçün də çoxlu mütaliə etmək, informasiya qəbul etmək, bir sözlə, maariflənmək lazımdır. Müəllim təkcə öyrədən deyil, həm də öyrənəndir.

- Tədris etdiyiniz fənnə şagirdlərdə maraq yaratmaq üçün nələr edirsiniz?

- Tarix elə bir fəndir ki, düşünürəm, bu fənni sevməyən çox az adam tapılar. Dərs dediyim şagirdlərdə maraq yaratmaq üçün birinci növbədə onlarla münasibətimi düzgün qurmağa, şagirdləri vətənpərvər ruhda tərbiyə etməyə çalışıram. Nəticə etibarı ilə ən birinci vacib məqam ailələrinə, vətəninə, millətinə xeyirli bir insan olsunlar. Əgər bir insan xeyirli bir insandırsa, o təbii ki, müxtəlif sahələrdə yalnız müsbət irəliləyişlər əldə edə bilər.

- 54 balla işə qəbul olmusunuz. Gələcəkdə müəllim olmaq arzusunda olan şəxslərə nə tövsiyə edərdiniz?

- Səmimi olaraq deyim ki, yüksək bal toplamaq elə də çətin deyil. Öz fənnini sevmək kifayət edir ki, sən yüksək nəticə əldə edəsən. Hörmətli həmkarlar, öz üzərinizdə çalışsanız asanlıqla siz də müəllim adını qazana bilərsiniz.

Mən gənc müəllim kimi fürsətdən istifadə edib Təhsil Nazirliyinə öz təşəkkürümü bildirirəm ki, tam şəffaf və ədalətli şəkildə müəllimlərin işə qəbulu müsabiqəsini keçirir, bu da bizim kimi gənc kadrların işlə təmin olunmasına böyük dəstəkdir.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴