Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

“Mənim məktəbim”
Müasir məktəb modeli yeni idarəetmə üsuluna əsaslanır
08.12.2017 / No47


 

 


Klassik idarəetmə anlayışı dəyişməlidir

Səkinə RZAYEVA,
Bakı şəhəri, 302 nömrəli tam orta məktəbin direktoru

Yeni məktəb modeli formalaşır. Bu məktəb modeli bizdən informasiyalaşmanın getdikcə artdığı cəmiyyətin sifarişinə uyğun hərtərəfli şəxsiyyət yetişdirməyi tələb edir. Həmin şəxsiyyət gələcəyi bütün incəlikləri ilə qavraya bilən, hadisələrə obyektiv, tənqidi yanaşan, müstəqil qərarlar verən, daim dəyişən mühitdə yeni əlaqələr quracaq bilik və bacarıqlara sahib olmalıdır. Bu tələblər səviyyəsində şəxsiyyət formalaşdırmaq üçün, ilk növbədə, məktəb rəhbəri olaraq, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək, yeniliklər etmək, islahatlar aparmaq, işimizi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun qurmağımız olduqca vacibdir.

Təcrübə göstərir ki, informasiyalaşan cəmiyyətdə daim islahatlar aparılmalıdır. Bu islahatlar çərçivəsində biliklərin vərdişlərə çevrilməsi üçün təkmilləşmənin tətbiqi və dəyişikliklərin həyata keçirilməsi vacibdir. Bunun üçün əsaslı planlaşdırma lazımdır. Bu planlaşdırmanı müəyyənləşdirərək reallaşdıran məktəb rəhbərinin isə klassik idarəetmə anlayışı dəyişməlidir.

Yeni düşüncə və real addımlar

Məktəb idarəetməsi ilə bağlı fikir və düşüncələrimi reallaşdırmağa şans əldə etdiyim üçün özümü xoşbəxt sanıram. 2015-ci ildə “Potensial məktəb direktorları” təlimlərini bitirib müasir məktəb menecmenti kimi 302 nömrəli tam orta məktəbdə fəaliyyətə başladım. Bu təlimlər mənim üçün idarəetmə anlayışını tamamilə dəyişdi. Təlimlərdən sonra məktəb direktoru kimi fürsətləri dəyərləndirdim, yeniliyin asanlaşdırılmasına yönəldilmiş informasiyanı səmərəli idarə etməyə çalışdım. “Nəyi necə daha yaxşı idarə edə bilərəm” deyə düşündüm. Çünki yeni strategiyamı reallaşdırmaq, uğurlu məktəb modelini tətbiq etmək üçün, ilk növbədə, normal mühit yaratmalı idim. Bunun üçün müəllimlərin alternativ qərarlarını dinləməyə, şagirdlərin uğurlarını ön plana çəkməyə başladım.

Yeni məktəb modelinin tərəflərindən biri də qrup şəklində işləməkdir. Odur ki, məktəbin məqsəd və vəzifələrinə nail olmaq üçün planlaşdırma və məqsədyönlü fəaliyyət prioritetləri müəyyənləşdirmək məqsədilə bütün müəllimlərin səylərini birləşdirdim. İşə bağlılıq yaradan amillərdən biri kimi məsuliyyəti müəllim və şagirdlə bölüşdüm. Bununla da, yeni məktəb modelinin tərkib hissəsi olan bölüşdürülmüş idarəetməni tətbiq etmiş oldum. Mən hamını ümumi bir məqsəd uğrunda birləşdirərək həvəsləndirməyə çalışdım. Məsələn, 2015-ci ildə məktəbin “Kiçik akademiya”sını yaratmağa qərar verdik. Akademiyanın prezident, vitse-prezident və bölmə rəhbərlərini seçdik. Mən onlara istiqamət verdim, lakin görülən işlərdə şagirdlərin adını ön plana çəkdim və yanılmadım. Onlar da bütün səylərini birləşdirərək etimadı doğrultdular. Yaxşı əlaqələndirici olmağa çalışaraq məktəbin ictimaiyyətlə əlaqələrini gücləndirdim və təhsilalanlarımızı ictimai mühitə həvəsləndirdim.

Məktəbdə etibarlı, səriştəli və təşəbbüskar kollektivin yaranması üçün kollegial idarəetmə tətbiq olunmalıdır. Məhz bu səbəbdən, məktəbdaxili pozitiv münasibətlər formalaşdırmaq üçün bütün təhsil iştirakçılarını stimullaşdırmağa çalışıram. Həmçinin, məktəbin təkmilləşməsi üçün müəllimlərin peşəkar inkişafı və keyfiyyətli təlim-tədris prosesi təmin olunmalıdır. Bu amilə əsaslanaraq, müəllimlərimiz həm də texnoloji biliklərini inkişaf etdirirlər. Hərtərəfli düşüncəyə malik insanlar yetişdirməkdən ötrü müəllimlərimiz daim şagirdlərə öyrənməyi öyrədirlər.

Səmimi münasibət və dəqiq müşahidə

Zənnimcə, uğurlu məktəb modelini şərtləndirən amillərdən biri də təhsil müəssisəsində işin səmimiyyət üzərində qurulmasıdır. Məktəb rəhbərinin pedaqoji heyətdən və digər işçilərdən seçilməməsinin mühüm olduğunu düşünərək, onlara hər bir işdə kömək göstərməyə çalışıb məktəbin abadlaşdırılmasında və müxtəlif tədbirlərin təşkil və keçirilməsində fəal iştirak edirəm.

Təhsil müəssisəmizdə daxili mədəniyyət prinsipini inkişaf etdirmək üçün mütəmadi olaraq etik davranış qaydalarını təbliğ edirəm. Hətta bəzi qaydaların hər gün tənəffüs zamanı məktəb selektoru vasitəsilə səsləndirilməsini təmin edirəm. Məktəbdə mütəmadi olaraq, “Etik qaydalar”, “Nitq mədəniyyəti”, “Mütaliə vərdişləri” adlı seminarlar təşkil olunur. Məktəbdənkənar tədbirlərimiz də bütün təhsil iştirakçılarının mədəni inkişafına təkan verir. Çalışırıq ki, tədbirləri məktəblilərin yaş qrupları üzrə təşkil edək. Bununla, həm tədris prosesi pozulmur, həm də hər mövzuya uyğun anlama qabiliyyəti təmin olunur. Məktəbdaxili ictimai nəzarət dəstələrinin yaradılması da nizam-intizama və mədəniyyətin təkmilləşməsinə effektiv təsir göstərir. Bu zaman həm də şagirdlər özlərini səlahiyyətli hiss edirlər. Düşünürəm ki, məktəblilər həm də nəzarətsiz etik davranış qaydalarını öyrənməlidirlər. Məsələn, məktəbimizdə tənəffüs zamanı dəhlizlərdə fləşmoblar keçirilir. Bu zaman şagirdlər müəllimin nəzarəti olmadan sakitlik və dinləmə mədəniyyəti nümayiş etdirirlər.

Bütün bunlarla yanaşı, həm də məktəbdə dəqiq müşahidə aparmağa, təhsil müəssisəsinin fəaliyyətində çatışmazlıqları müəyyənləşdirərək onları aradan qaldırmağa çalışıram.

Eyni zamanda, məktəb direktoru olaraq ictimaiyyətə daim açığam. Fəaliyyətimizə dair məlumatları həmişə məktəb saytında və sosial şəbəkələrdə yerləşdirirəm. Bununla da, həm ictimaiyyət arasında haqqımızda müsbət rəy formalaşmasını, həm də məktəb heyətimizin həvəsləndirilməsini təmin edirəm.

Məktəblinin dəyərləndirilməsi və böyük arzular

Bir məsələni də qeyd edim ki, dünya çox sürətlə dəyişsə də, mütaliə inkişaf üçün ən klassik və səmərəli vərdiş olaraq qalır. Dünyanın mütərəqqi təhsil sistemlərinin məzmununa nəzər yetirəndə görürük ki, onların tam əksəriyyəti sərbəst mühakimə yürütmək, yeni fikir irəli sürmək, hadisələri önləmək, arzulanan gələcəyi görə bilmək, proqnozlaşdırmaq kimi qabiliyyətləri formalaşdırmaq və inkişaf etdirmək üzərində qurulub. Bu işin mərkəzində də elmi və bədii mütaliə dayanır. Çünki mütaliə xəyal gücü və düşüncəni formalaşdıran, onu inkişaf etdirən ən başlıca vasitədir. Bu məqsədlə məktəbimizdə sistemli olaraq tədbirlər keçirilir. Müxtəlif əsərlərin mütaliəsini təşkil edirik, şagirdlərimizin Təhsil televiziyasında yayımlanan “Qiraətçi” verilişində iştirakı təmin olunur və s.

Unutmayaq ki, bizim müəllimliyimiz təhsil almağa ehtiyacı olan şagirdlərin varlığına bağlıdır. Təbii ki, məktəbdə şagirdlərə ilk növbədə akademik biliklər öyrədilir. Ancaq, məktəblilərin şeir söyləməyə, mahnı oxumağa, rəqs etməyə də marağı var. Bu amillər onların istedadını üzə çıxarmaqla yanaşı, həm də məktəb həyatını daha maraqlı və unudulmaz edir. Şagird məktəbdə özünü xoşbəxt hiss etməlidir. Ola bilsin ki, artıq "böyümüşük" və şagirdlərin oxuyub-oynaması bizə maraqlı gəlmir. Amma məktəbdə oxuyub-oynamağa yer ayırmamağımız aşağı sinifdə oxuyan şagirdlərə qarşı ədalətsizlik olar. Əsl fədakar müəllim bütün şagirdləri öz doğma övladı bilməli, onların acısını, sevincini bölüşməli, üzlərinə gülməli, bir bənd şeir söyləmək üçün çəkdiyi zəhməti ürəkdən alqışlamağı bacarmalıdır.

Müasir dövrdə insanlar daha çevik və inklüziv təhsil proqramı tələb edir. Bu gün məktəbin vəzifələri dəyişib. Artıq biz cəmiyyətin sifariş etdiyi şagirdi hazırlayırıq. Səriştəli məktəb direktoru isə məktəbi dəyişməklə cəmiyyətə təsir göstərə bilir. Belə ki, hər bir inzibati ərazidə yerləşən məktəbin öz tələbləri var. Əgər hər hansı bir ərazidə istənilən radikal qüvvə gənc nəsli öz tərəfinə çəkirsə, deməli, orada məktəbin fəaliyyəti düzgün qaydada aparılmır.

Məktəb kollektivi ilə müzakirələrimiz zamanı həmişə tövsiyə edirəm ki, arzulardan ruhlansınlar, amma reallıq hissi ilə qərar versinlər. Tənqidlərdən nəticə çıxarıb zəif göstəricilərin səbəblərini müəyyənləşdirərək inkişaf etməyi, irəli getməyi bacarsınlar. Belə ki, real vəziyyət üzə çıxarılmadan inkişafa nail ola bilmərik.

Yekun olaraq bildirirəm ki, uğurlu məktəb modeli yaratmaq üçün məktəb rəhbəri davamlı olaraq öz komandası ilə bərabər pedaqoji prosesi izləməli, müvəffəqiyyət göstəricilərini müşahidə etməli, sistemli tədbirlər görməli, yanaşma, strategiya və qərarların səmərəliliyini müəyyənləşdirməli, bununla da, dövlətin təhsil siyasətini gerçəkləşdirməyə nail olmalıdır.

Mən direktor olaraq, təkcə rəhbərlik etdiyim məktəbin deyil, ölkəmizdəki bütün ümumi təhsil müəssisələrinin inkişafını arzu edir və öz təcrübəmi bacardığım qədər paylaşmağa çalışıram.

yuxarı ⤴