|
ABŞ-ın ən yaxşı müəllimi Maykl Soskil
uşaqlara məktəbdə qadjetdən istifadəni qadağan etməmənin 5 səbəbini izah
edir
Oruc MUSTAFAYEV
ABŞ-da keçirilən “2017-ci ilin müəllimi” müsabiqəsinin qalibi, Pensilvaniya
ştatından olan Maykl Soskil öz açıqlamaları ilə ölkənin pedaqoji mühitində
qızğın müzakirələrə rəvac verib. ABŞ-ın ən yaxşı müəllimi hesab edir ki,
məktəblərdə qadjetlərdən istifadənin qadağan olunması siyasəti tədris
prosesinə nəinki kömək edir, əksinə ziyan vurur. M.Soskil ümumtəhsil
məktəblərində mobil qurğulardan istifadənin qadağan edilməməsinin aşağıdakı
5 səbəbini əsaslandırmağa çalışır və müəllimləri bu fikirlərə münasibət
bildirməyə səsləyir.
Biz uşaqları gələcəyə hazırlamalıyıq
Əgər biz şagirdlərimizi məktəbdən sonrakı böyük həyata hazırlayırıqsa, artıq
indi onlara o alətlərdən istifadə etməyə icazə verməliyik ki, gələcək
həyatlarında onlara lazım olacaq. Siz mobil telefonlardan və planşetlərdən
tamamilə istifadə olunmadığı nə qədər iş yerinin adını çəkə bilərsiniz?
Mexanik telefonla detalları sifariş edir, planşetdə mühəndislər cizgilərə
baxır, həkimlər dərman dozalarını hesablayır, dükançılar isə xərclərlə
gəlirləri yoxlayırlar. Siyahı sonsuzdur. O vaxt ki bizim şagirdlərimiz
peşəkar olacaqlar, mobil texnologiyalardan istifadəyə ehtiyac daha güclü
olacaq. Şagirdlərimizi bu dünyaya hazırlamamaq cinayətdir.
Biz uşaqlarımızın xeyri üçün dərsdə telefonlardan istifadə edə bilərik
Bizim məktəblərimizdə büdcə problemlərinin olduğu indiki vaxtda asanlıqla
əlçatan olan texnologiyalardan istifadə məntiqlidir. Avadanlığın bahalığını
əsas gətirərək rəqəmsal texnologiyaları təhsil prosesinə daxil etməyə
tələsməyən nə qədər məktəb var? Bəli, onlar çoxdur! Bununla belə, bizim hər
bir şagirdimizin cibində internetə çıxışı olan kiçik kompüter, internetdə
isə minlərlə pulsuz əlavələr var ki, onlardan dərsdə uşaqlarımızın təlimi
xeyrinə istifadə edə bilərik. Amma biz bunun yerinə dərsdən əvvəl uşaqlardan
telefonları yığır və ölü yük kimi qutuya qoyuruq.
Telefonlar 21 əsr bacarıqlarını öyrətməyə kömək edir
Mobil qurğular uşaqları 21-ci əsrin bacarıqlarına öyrətmək üçün əla
vasitədir. Əgər siz istəyirsinizsə ki, uşaqlar əməkdaşlıq etməyi öyrənsinlər,
bunun üçün telefondan daha yaxşı alət varmı? Məktəblər tərəfindən telefondan
istifadənin əleyhinə olan əsas arqumentlərdən biri odur ki, uşaqlar aldada,
köçürdə bilərlər. Mən cavab olaraq demək istəyirəm ki, bu vəziyyətdə
günahkar uşaqlar və onlarda telefonun mövcudluğu deyil, məhz diqqətsiz
təşkil edilmiş tapşırıqlardır ki, onlara da cavabı internetdə tapmaq olar.
Məktəblilərin konkret biliklərini yoxlayan testlər onları böyük dünyada
qarşıdakı həyata hazırlamır. Biz onlara informasiyanı axtarmağı, qərarlar
qəbul etməyi, hansısa bir məsələ üzərində birgə işləməyi öyrətməliyik. Belə
bacarıqlar lazımdır onlara. Və burada mobil telefon bizim köməkçimiz ola
bilər, çünki o dünyanın hər hansı nöqtəsində olan insanlarla kommunikasiyanı
həyata keçirməyə imkan verir. Siz uşaqların Fransanın iqlimi haqqında
biliklərini yoxlamaq üçün onlara test verirsiniz? Daha yaxşı olar ki, siz
onlara dərsdə fransalı məktəblilərlə video konfrans təşkil etməyi təklif
edəsiniz ki, onlar öz ölkələrinin iqlimindən danışsınlar. İnanın, bu yolla
alınmış biliklər unudulmayacaq.
Biz uşaqlara göstərməliyik ki, ikiqat standartlardan istifadə etmirik
Mən müxtəlif məktəblərdə ayrı-ayrı müəllimlərin fərqli dərslərində olurdum
və onların dərsdən əvvəl uşaqlardan smartfonları necə yığmasını, özlərinin
isə dərsdə həm telefondan, həm də planşetdən tez-tez istifadə etməsini
görürdüm. Bəzən hətta uşaqlar müstəqil iş yerinə yetirərkən qohumlarına
mesaj göndərir və ya sosial şəbəkədə olan məlumatları oxuyur. Əgər bunları
mən görmüşəmsə, bunu həm də uşaqlar görür. Və artıq buna alışırlar ki, ikili
standartlar normaldır, sonralar isə bu bilikləri özləri ilə yaşlı
həyatlarına aparırlar. Lakin ikili standartlar pisdir və bizə uşaqlara məhz
bu həqiqəti öyrətmək lazımdır.
Uşaqları qadjetlərdən təhlükəsiz istifadəyə öyrətmək lazımdır
Bizə uşaqlara texnologiyalardan təhlükəsiz istifadə üsullarını öyrətmək
lazımdır. Telefonları yığmaq, dərsin sonuna kimi qutuya qoymaq və sonra
qaytarmaq uşaqlara qarşı məsuliyyətsiz münasibətdir. Biz məktəbdə qadağan
etsək də, etməsək də məktəblilər mobil telefonlardan istifadə edirlər. Onlar
ünsiyyət saxlayır, sosial şəbəkələrdən istifadə edərək bir-birinə şəkil
göndərir və informasiya istehlak edirlər. Bizə onlara bunu necə təhlükəsiz
etməyi öyrətmək lazımdır. Təhlükələr və mobil qurğulardan istifadənin
əngəlləri yox olmur. Məyər, şagirdlərimizə təhlükəsiz yaşamağı öyrətmək
bizim vəzifəmiz deyilmi?
ABŞ-ın ən yaxşı müəlliminin təhsilə dair düşüncələri belədir. O deyir ki,
gəlin, hər şagirdin keyfiyyətli təhsil alması, həyatda xoşbəxt və
müvəffəqiyyətli olması üçün bərabər imkanları təmin edən bir ictimai təhsil
sistemi quraq.
Qeyd edək ki, STEM təhsili, qlobal əməkdaşlıq və texnologiyaların
inteqrasiyası sahəsində tanınmış ekspert olan M.Soskil müəllimlər, təhsil
KİV-i, sosial yenilikçilər üçün çoxsaylı peşəkar tədris məşğələləri işləyib
hazırlayıb. 2017-ci ildə ABŞ-ın ən yaxşı müəllimi elan olunub. Riyaziyyat və
təbiət elmləri sahəsində böyük nailiyyətlərinə görə ABŞ prezidenti
mükafatına layiq görülüb. O, 2016-cı ildə bütün dünya üzrə keçirilən “İlin
qlobal müəllimi” müsabiqəsinin 10 finalçısından biri olub.
|