1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Ən yüksək bal toplayan müəllimlə söhbət
10.12.2016/№48

 

 


Dekabrın 8-də Kürdəmirdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. İmtahanda Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Xəyalə Veyisova bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb. Xəyalə Veyisova 1982-ci ildə Kürdəmir rayonunun Yenikənd kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində coğrafiya ixtisası üzrə təhsil alan X.Veyisova hazırda Famil Həşimov adına şəhər 3 nömrəli tam orta məktəbdə coğrafiya fənnini tədris edir. Bir neçə yerli və beynəlxalq mükafatlara layiq görülən X.Veyisova 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib, həmin ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.

- Müəllimlərin diaqnostik qiymətləndirilməsini necə dəyərləndirirsiniz?
- Diaqnostik qiymətləndirmə, doğrudan da, müəllimlərin öz üzərlərində məsuliyyətlə çalışmaları üçün çox yaxşı bir addımdır. İmtahanlardan qabaq mənə rayon müəllimləri də müraciət edirdilər. Əgər coğrafiya fənni üzrə rayonumuzun müəllimlərinin nəticələri çox yüksək olsa, mən buna çox sevinəcəm. Öz müşahidəmdən onu deyə bilərəm ki, müəllimlər bu imtahana çox ciddi hazırlaşdılar. Onlar deyirdilər ki, həm ixtisas biliklərimizi artırdıq, həm də dərslərimizi daha yaxşı tədris etməyi öyrəndik.
Özümə gəldikdə isə, mən demişdim ki, 60 bal toplamalıyam. Əgər maksimum olmayacaqsa, qoy 55 olsun, amma 59 bal olmasın. Hərdən özümü psixoloji cəhətdən hazırlamaq üçün deyirdim ki, 60 olmaya da bilər. Amma alınmırdı, yalnız maksimum nəticə haqqında düşünürdüm.
- Yüksək bal topladığınızı görəndə hansı hissləri keçirdiniz?
- İndiyədək onlarla imtahanda iştirak etmişəm. Amma bu imtahanda sanki istirahət etdim. Sakitlik, nəzarətçilərin davranışı, proqramın rahatlığı. Ən çox narahat olurdum ki, proqramda ləngimə olsa, mənim vaxtım gedəcək. Ancaq hər şey yüksək səviyyədə oldu. Bütün suallara cavab verdim, ekranda sıfırları gördüm. Bildim ki, 40 deyil, 50 bal da ola bilməz. Əlimi stola vurub, qışqırdım. Nəzarətçilər tez yaxınlaşdılar ki, imtahan zamanı belə davranmaq olmaz. Sonra bildilər ki, 60 bal toplamışam. Hamı gəlib təbrik etdi.
- İmtahana necə hazırlaşdınız?
- Mən öz ixtisasımı bilirəm. Bu imtahana müəllimlərlə birgə hazırlaşmışam. Müəllimlər imtahana hazırlaşan zaman zəng edirdilər, müxtəlif suallar ətrafında müzakirələr aparırdıq. Beləcə, mən özüm də həm araşdırır, həm öyrənirdim, həm də biliklərimizi paylaşırdıq.
- Diaqnostik qiymətləndirməyə hazırlaşan müəllimlərə nə tövsiyə edərdiniz?
- Müəllimlik elə bir peşədir ki, mütəmadi olaraq biliklər yenilənməlidir. Müəllimlərə bütün proqramı əvvəldən axıra qədər təkrarlamağı tövsiyə edirəm. İmtahanlar müəllimin daha peşəkar olmasına gətirib çıxarır. Bəzən müəllimlər həyəcanlanır, qorxur, lakin buna əsas yoxdur. Diaqnostik qiymətləndirməni müəllimlərə biliklərini artırmaq üçün yaradılmış ən gözəl imkan hesab edirəm.

www.edu.gov.az

yuxarı ⤴