Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Azərbaycan qədər əbədi
15.12.2017 / No48


 

 


Azərbaycan xalqı hər il may ayının 10 - nu, özünün ümummilli lideri Heydər Əliyevin doğum gününü bayram təqviminin ən önəmli tarixlərindən biri olaraq qeyd etdiyi kimi, dekabrın 12-ni, müasir dövrün ən qüdrətli dövlət xadiminin, siyasətçisinin, sərkərdəsinin, diplomatının vəfatı gününü də millətin və dövlətin tarixində ən hüznlü günlərdən biri kimi qarşılayır. Heç şübhəsiz ki, Azərbaycan xalqı öz liderinə yalnız onun adı ilə bağlı bu iki tarixdə yox, ilin bütün günləri sayğı, ehtiram nümayiş etdirir və Azərbaycan dövləti yaşadıqca bu ehtiram, sayğı davam edəcək. Əslində bir az diqqətlə araşdırsaq, müasir Azərbaycan tarixinin təxminən hər gününə ümummilli liderin adı ilə, fəaliyyəti ilə, xalq, vətən və dövlət naminə atdığı addımlarla bağlı əlamətdar hadisənin düşdüyünün şahidi olarıq. Səbəb çox sadədir. Ulu öndər zamanın tələbi və xalqın təkidi ilə yenidən hakimiyyətə gələndən sonra özünün də dediyi kimi, qalan ömrünü Azərbaycana həsr etdi. Heydər Əliyevin nəinki ömrünün hər gününü, hər dəqiqəsini belə Azərbaycana, azərbaycanlılara həsr etməsi, usanmadan, istirahət etmədən işləməsi elə bir tarix yazdı ki, o tarixin hər günündə ümummilli lideri ehtiramla yad etdirəcək əmələ rast gəlirik.

Halbuki onun təkcə Azərbaycanı bir dövlət olaraq parçalanıb məhv olmaqdan, xalqı mənən tamam çökməkdən xilas etməsi bəs idi ki, bu dövlət, bu xalq daim onu ehtiramla yad etsin. Amma əlbəttə ki, Heydər Əliyev bununla kifayətlənməyib özünün şah əsəri olan müasir Azərbaycanı yaratdı.

Hamımıza məlumdur ki, 1991-ci ilin oktyabrında Azərbaycan imperiya caynağından xilas olub dövlət müstəqilliyini bərpa etsə də, dövlətçilik institutunun nizama düşməsi, dövlətin inkişafa doğru yönəlməsi mərhələsi 1993-cü ilin ikinci yarısından, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladı. Həmin dövrdə Ermənistanın Dağlıq Qarabağda Azərbaycana qarşı apardığı müharibənin törətdiyi iqtisadi-siyasi böhran, ölkə daxilində gedən hakimiyyət uğrunda mübarizənin ortaya qoyduğu anarxiya və özbaşınalıq respublikanı daha səriştəli siyasətçinin idarə etməsi zərurəti yaratmışdı. Xüsusilə dövlətimizin xarici siyasətində mühüm vəzifələrin yerinə yetirilməsinə ehtiyac var idi. Problemlər olduqca çox idi, zamansa gözləmirdi. Heydər Əliyevdən əvvəlki dövlət başçıları bir tərəfdən respublikaya hərbi təcavüzün qarşısını almalı, digər tərəfdən də Azərbaycanı parçalamağa çalışan daxili və xarici qüvvələri, böyük dövlətləri neytrallaşdırmalı idilər. Onlarsa heç sülh, əmin-amanlıq şəraitində də ölkəni idarə etmək iqtidarında olmayan təsadüfi adamlar idi.

Məhz ümummilli liderin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda mövcud reallıqları nəzərə alan və ölkənin milli mənafelərinin qorunmasına yönəlmiş xarici siyasət kursu həyata keçirilməyə başlandı. Xüsusilə bu baxımdan ulu öndərin Azərbaycan tarixindəki yeri və rolu əvəzedilməzdir. Məhz o, belə bir dövrdə müasir Azərbaycanın qaranlıqdan işığa doğru dönüşünün əsasını qoyaraq, ölkənin gələcəyinə dair xalqda yaranan ümidsizliyi aradan qaldıra bildi. Məhz Heydər Əliyev ölkənin daxili və xarici bədxahlarının, eləcə də dünyanın bəzi güc mərkəzlərinin məkrli niyyətlərinin Azərbaycanda həyata keçiriləcəyi barədə ümidlərini puça çıxartdı. Beləliklə, Azərbaycanı istəməyən, onun güclü dövlətə çevrilməsini əngəlləməyə hazır olan dünya Heydər Əliyevin güclü siyasi məntiqinin və manevrlərinin qarşısında aciz qaldı. Xalqın öz liderinin ətrafında birləşməsi, onun siyasi kursunu dəstəkləməsi, Heydər Əliyevə qarşı hazırlanan sui-qəsdlərin və dövlət çevrilişlərinin qarşısına hamılıqla çıxması Azərbaycanın tezliklə qüdrətli dövlətə çevrilməsini qaçılmaz etdi.

İllərdir Azərbaycanda və dünyanın azərbaycanlılar yaşayan hər yerində onun vəfatı gününün hüznlə, amma həm də yaddaşlardan silinməyəcək xoş, qürurverici xatirələrlə yad edilməsi də xalqın öz liderinə minnətdarlıq hissindən irəli gəlir. Bu günə dünya azərbaycanlılarının da biganə qalmamaları, yaşadıqları ölkələrdə bu tarixi günü səmimiyyətlə yad etmələri Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün və unudulmazlığının bariz nümunəsidir.

1990-cı ilin qanlı 20 yanvar hadisələrində Heydər Əliyevin atdığı addımı nəinki azərbaycanlılar, bütün dünya - xüsusilə kommunist bayrağı altında yaşayan xalqları yaxşı xatırlayır. Sovet ordusunun Bakıda törətdiyi qətliama laqeyd qala bilməyən Heydər Əliyev yenidən böyük siyasətə qayıtdı və xalqa sahibsiz olmadığını anlatmaqla yanaşı, özünün kim olduğunu təkcə Azərbaycanın düşmənlərinə yox, bütün dünyaya bir daha xatırlatdı. Özü də imperiyanın mərkəzində, imperiyanın əleyhinə çıxaraq. 20 yanvar hadisələrindən sonra Moskvadakı Azərbaycan Nümayəndəliyinə gedib öz xalqını müdafiə etməsinə və hələ də qılıncının qəbzəsi belə kəsən imperiyaya meydan oxumasına görə onu öldürə də bilərdilər. Amma Heydər Əliyevi Tanrı qorudu və Azərbaycana bağışladı. Əgər 1993-cü ilədək ölkədə xırda adamların dövrü yaşanırdısa, həmin tarixdən sonra Azərbaycanda Heydər Əliyev erası başlandı. Düzdür, bu dövr -yəni ulu öndərin Azərbaycanı yenidən idarə etməsi faktiki olaraq cəmi 10 il çəkdi. Amma həmin müddətdə Azərbaycana sərf edilən zəka, enerji və görülən işlər həqiqətən də zamanın hüdudlarını xeyli aşmış oldu. Ulu öndər Azərbaycanın səriştəsizlik, hərc-mərclik, anarxiya və digər arzuolunmaz səbəblərə itirdiyi vaxtı da öz zəkası və uzaqgörən siyasi bacarığı hesabına bir borc kimi aradan qaldıra bildi.

Böhran vəziyyətində olan iqtisadiyyat, qarşısıalınmaz sürətlə artan inflyasiya, işsizlik, yoxsulluq, günü-gündən geri gedən səhiyyə, elm, təhsil, mədəniyyət, torpaqların işğalının davamı və nəhayət siyasi tənəzzülə məruz qalan Azərbaycanı səriştəsiz rəhbərlərdən təhvil alan Heydər Əliyev onu iqtisadi, siyasi, elmi, mədəni yüksəliş yoluna çıxardaraq xalqa qaytardı. Məhz onun sosial-iqtisadi, müstəqil daxili və xarici siyasəti nəticəsində Azərbaycan böyük beynəlxalq layihələrə imza atan ölkəyə çevrildi, regionda hesablaşılmaması mümkün olmayan dövlət statusu qazandı. Sonradan bu layihələrdən əldə edilən gəlirlər hesabına Azərbaycan bütün digər sahələrlə yanaşı, təhsilə də böyük vəsaitlər sərf elədi. Bütün məktəblər təmir edildi, yeni təhsil ocaqları tikildi, ölkənin paytaxtından ucqarlarınadək bütün təhsil müəssisələri yeni avadanlıqlar və müasir texnologiya ilə təmin edildi. Latın qrafikası ilə kitabların nəşrinə xüsusi önəm verilməsi elm-təhsillə yanaşı, digər sahələrin də hərtərəfli inkişafını təmin etdi. Respublikanın maliyyə imkanları genişləndikcə digər sahələrdə olduğu kimi, təhsildə də maaşlar, təqaüdlər dəfələrlə artırıldı və bu proses indi də davam edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin insan kapitalına maliyyə yatırımı qoyulmasını dövlət siyasətinin əsas prioriteti elan etməsi isə ölkədə təhsilin inkişafına daha böyük təkan verdi. Ulu öndərin əsas arzularından olan elmin və mədəniyyətin inkişafı yönündə atılan addımlar təkcə bu sadalananlar deyil əlbəttə. Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Heydər Əliyev Fondunun təhsilin inkişafına verdiyi maddi-texniki və mənəvi töhfələrdən, heç şübhəsiz ki, irihəcmli əsərlər, qalın kitablar yazmaq olar.

Hazırda Azərbaycanda dövlət büdcəsinin daha çox sosial yönümlü olması və əhalinin rifahına hesablanması da məhz ümummilli liderimiz Heydər Əliyev siyası kursunun davamıdır.

Başladığı işin özündən sonra davam etməsini, özü də uğurla və büdrəmədən davam etməsini təmin etmək üçün dövlətin sükanını öz siyasi varisi, cənab Prezidentimiz İlham Əliyevə tapşırması da ümummilli liderin uzaqgörənliyinin bariz nümunəsidir.
Artıq Azərbaycan dünyada ən sürətlə inkişaf etməkdə olan demokratik, hüquqi dövlətdir. Beynəlxalq təşkilatların, dünyanın nəhəng iqtisadi mərkəzlərinin hesablamalarına, nüfuzlu reytinq cədvəllərinə görə, bu inkişaf ildən-ilə daha da sürətlənir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu davam etdirməklə özündən əvvəl əldə olunmuş nailiyyətləri daha uca zirvələrə doğru aparır. Bu işdə Azərbaycan xalqı da öz Prezidentinin ətrafında inamla dayanır. Xalqın Prezidentin ətrafında sıx birləşərək öz ümummilli liderinin siyasi kursuna sadiq qalması hər il may ayının 10-da olduğu kimi, dekabrın 12-də də özünü daha qabarıq büruzə verir.

Ulu öndərin xatirəsinə belə həssas münasibət ölkənin gələcəyinə inamı daha da artırır. Xalqın öz ümummilli liderini belə həmrəyliklə yad etməsi əmin olmağa əsas verir ki, ulu öndərin siyasi kursu, onun iqtisadi strategiyası Azərbaycanda hələ uzun illər davam edəcək, daha da möhkəmlənəcək.

Qalib HƏSƏNOV,
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru

yuxarı ⤴