1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

Uşaqlarda davranış pozuntusu - səbəblər və çıxış yolları
15.12.2017 / No48


 

 

 


Övladınıza onu çox sevdiyinizi göstərin

Elşad SƏFİXANOV,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin psixoloqu

Ümumi təhsil məktəblərində şagirdlərin təlim nailiyyətləri ilə yanaşı, onların davranışı da mühüm məsələlərdən biridir. Hər hansı şagirddə məktəbliyə yad, müəllim, şagird və ya valideynləri narahat edən bir davranış müşahidə olunarsa, müəllimlər və məktəb rəhbərliyi uşaqla, valideynlə məsələni müzakirə edir və problemin həllinə nail olurlar. Bu, bəzən asan, bəzən də xeyli dərəcədə çətin başa gəlsə də, məktəbin qarşısında duran ən vacib istiqamətlərdəndir. Bir sıra hallarda məktəblərdə bəzi uşaqların davranışına görə digər şagirdlərlə müəyyən problemlər yaşadığını eşidirik. Təəssüf ki, bəzən bu kimi problemlər valideynlər arasında da düzgün olmayan müzakirələrə və anlaşılmazlığa gətirə bilir. Belə vəziyyət nədən qaynaqlanır və həlli yollarını harda axtarmalıyıq? Hər bir valideynə öz övladı əzizdir. Bu, təbiidir. Ancaq cəmiyyətə sözün hər mənasında dəyərli vətəndaş təqdim etmək məsuliyyətli və çətin işlərdən biridir. Belə ki, tərbiyə diqqət və inadkarlıqsız mümkün olmayan, uzun müddət yorulmadan gecə-gündüz zəhmət tələb edən, çoxşaxəli bir prosesdir. Bütün bunları nəzərə alsaq, valideynlərin tez-tez müxtəlif çətinliklərlə qarşılaşması təsadüfi deyil. Belə çətinliklərdən biri, valideynlərin dili ilə desək, “uşaqların özlərini pis aparmasıdır”. Elmi dildə isə “davranış pozuntusu” adlandırdığımız psixoloji termindir. Bu, uşağın müxtəlif ruhi və fiziki səbəblərə bağlı daxili toqquşmaları davranışlarına ötürməsi nəticəsində ortaya çıxır. Acıdillik, əsəbilik, təcavüzkarlıq, barışmazlıq, yalan demə, oğruluq kimi davranışlar buna misaldır.

Rastlaşdığı maneələr uşağın gücünü artırır

Davranış, hər hansı bir fərdin digər insanlarla ünsiyyəti zamanı müşahidə edilən hərəkətlərinin cəmidir. Uşağın davranış və hərəkətlərinə yetəri qədər nəzər yetirilməsə ətraf mühitlə əlaqələrin pozulması ilə nəticələnər. Müxtəlif şəraitdə maneələrin, problemlərin dəf edilməsi uşağın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Uşaq inkişafının təbii axarı içində bir tərəfdən yeni istedadlar və bacarıqlar qazanarkən, bir yandan da bir çox problemlərlə qarşılaşır. Rastlaşdığı bütün maneələr uşağın ruhi gücünü artırır və öz çətinlikləri ilə bacarmağı öyrədir.

İnkişaf pillələrində hətta adi problemlərin həlli zamanı uşaq valideynlərinin yanlış mövqeyi ilə və ya müxtəlif maneələrlə rastlaşsa, bu, sonrakı yaş dövrlərinə ötürülə bilər. Bunlara reaksiya olaraq uşaqda emosional səviyyədə pozuntular müşahidə olunur və adi problemlər böyüyür. Məsələn, 2-3 yaşında uşağa özbaşına yemə vərdişi verilməzsə, bu problemlər sonrakı dövrlərə ötürülür və yeni dövrdə uşaq daha çox çətinliklərlə üzləşir. 2 ilə 6 yaş oyun çağında oyuna doymamış və ya dostluq əlaqəsi qurmamış bir uşaq, məktəb dövrü 6 ilə 12 yaşında kütləvi oyunlara qoşulmur. Beləliklə də yoldaşları ilə qaynayıb qarışmaq əvəzinə, daim tək qalarsa, gələcəkdə ünsiyyət qurmaqda çətinlik çəkən bir şəxsə çevriləcək. Əgər uşaq müstəqil olaraq əynini geyinmək və yemək yemə bacarığına sahibsə və ailə tərəfindən daim bu bacarıqlarını nümayiş etdirməsi qarşısı alınıbsa, sonrakı yaş dövrlərində uşaq bu sahələrin inkişafında çətinliklərlə üzləşəcək. Uşağın etibarlı, sağlam bir şəxsiyyət kimi inkişaf etməsi üçün inam verən, anlayışlı, sevgi dolu, müsbət bir valideyn modeli və ətraf mühitə ehtiyacı var. Əks halda inamsızlıq, kimsənin onu sevmədiyini düşünmək, ətrafındakılara şübhəylə baxmaq, mürəkkəb duyğu və ziddiyyətlər içində qalmaq kimi hallar yaranır. Lazımsız işlərə əl atmaqla, öz davranışları ilə uşaqlar böyüklərin diqqətini cəlb etməyə çalışırlar. Bununla da uşaqda daimi əsəbilik, dava-dalaş, acıdillik, söz eşitməmək, yolagetməzlik və s. kimi hallar yaranır.

Davranış pozuntularına səbəb olan amillər

Uşaqların hərəkətinin davranış pozuntusu sayıla bilməsi üçün iki nüansa diqqət yetirmək lazımdır - yaş amili və diqqətsizlik (diqqət ehtiyacı).

Hər bir inkişaf dövrünün özünəməxsus davranışları var. Bu səbəbdən uşağın inkişaf dövrünün xüsusiyyətlərini yaxşı bilmək lazımdır. Freydin və Eriksonun nəzəriyyələrinə əsasən, şübhə və utanc dövründə kiçikyaşlı uşaq özəl bir fərd olduğunu öyrənir. Xəyal dünyası çox geniş olduğu üçün inanılmaz əhvalatlar danışır. Hələ ki yalanla yalan danışmağı ayırd edə bilmirlər. İkinci nüans uşaqda uzun müddət israrlı şəkildə göstərilən davranış növüdür. Uşağın davranışlarının normaya uyğun olmadığını təyin etmək üçün bu əlamətləri 6 ay ərzində müşahidə etmək lazımdır. Hər hansı bir çətinliklə üzləşdiyi zaman uşağa lazımi kömək göstərilməsə, onda gərgin halların yaranması və həmyaşlılarından geri qalma kimi əlamətlər üzə çıxar.

Davranış pozuntularının səbəbləri aşağıdakılar da ola bilər. Məsələn, diqqəti çəkmək. Uşağa lazımi diqqət və sevgi göstərilmədiyi təqdirdə, ya da kifayət qədər zaman ayrılmadıqda o, diqqəti çəkmək üçün davranışında bu kimi hallara yol verir. Əgər uşaqlar valideynlərindən, yaxud onları əvəz edən şəxslərdən lazımi qədər diqqət almırlarsa, onlar fikir cəlb etməyin ən asan yolunu sözə baxmamaqda görürlər. Əminsiniz ki, övladınız qışqırmadıqda, dalaşmadıqda, sizi narahat etmədikdə belə, ona kifayət qədər diqqət yetirirsiniz? Adətən məhz neqativ hallarda valideynlər öz vacib işlərini qoyub uşaqları ilə məşğul olmağa can atırlar. Uşaqlar yaşlarının az olmasına baxmayaraq şüuraltı bütün bu xırdalıqları mütləq hiss edirlər. Unutmayın ki, normal inkişaf üçün sizin diqqətiniz övladlarınıza su və qida qədər vacibdir!

Nə etməli?

Bu kimi hallarda nə etmək olar? Övladınızla ünsiyyətinizi artırın, imkan olduqca ona olan xoş münasibətinizi nümayiş etdirin. Çalışın bunu neytral vəziyyətlərdə, aranızda heç bir narazılığın baş vermədiyi məqamlarda həyata keçirəsiniz ki, hər biriniz situasiyanı aydın şüurla qiymətləndirəsiniz. Bununla yanaşı, uşaqlarımıza vaxt ayırmağımız və onlarla məşğul olmağımız lazımdır. Ailənizin gündəlik həyatına bacardığınız qədər (həddini aşmamaq şərtilə) yeniliklər qatın: birlikdə gəzin, oyunlar oynayın, maraqlarınızı bölüşün, eyni vaxtda süfrə başına toplaşın. Birlikdə keçiriləcək zamanın kəmiyyəti deyil, keyfiyyəti önəmlidir. Birlikdə uşağın sevəcəyi işləri görməli, onunla rollu oyunlar oynanılmalıdır. Keyfiyyətli vaxt keçirmək, uşağın yaşadıqlarını anlamağa çalışmaq problemlərinin həll etməsinə yardım edir. Ancaq unutmamalı ki, hər iki valideynin diqqəti eyni dərəcədə övlad üçün önəmlidir və biri digərini əvəz etmir. İstənilən uşaq ona olan qayğını müəyyən dərəcədə özünəməxsus qiymətləndirir. Belə hallarda siz də onu kiçik dəcəlliklərinə görə danlamayın, daha sakit, dözümlü, mehriban olun. Hər nə olursa olsun, uşaqda qarşılaşılan uyğunsuz və dözülməz vəziyyət qarşısında mütləq səbrli olmağı bacarmalıyıq. Övladınıza onun davranışından asılı olmadan çox sevdiyinizi göstərin. Onun şəxsiyyətini davranışından ayırmağı öyrənin. Yəni, o xoşagəlməz hərəkətlər edirsə, bu onun “pis uşaq” olması demək deyil, pis hərəkət etməsi deməkdir. Tərbiyə prosesində bütün bunları nəzərə alsanız, bir neçə müddətdən sonra övladınızın yaxşıya doğru dəyişdiyini görəcəksiniz.

Sərbəstlik uğrunda mübarizə-inadkarlıq

Hədsiz diqqət, valideynlərin övladlarını təhlükədən qorumaq məqsədilə hər saniyə yanında olması uşaqları yorur və onlar azadlıq, müstəqillik uğrunda mübarizəyə başlayırlar. Artıq iki yaşında uşaq inadkarcasına və möhkəm səslə “mən özüm” deyə hər bir işi özü köməksiz etməyə səy göstərir. Adətən valideynlər buna əsəbiləşir, axı uşağı öyrətməyə cəhd etmədən daha az vaxt və güc sərf etməklə həmin işi uşağın əvəzinə görmək daha asandır. Əslində onları bu qədər himayə etməklə azadlıqlarını çərçivəyə alır, məsuliyyətsiz böyümələrinə təkan veririk.

Bəs bu halda nə etməliyik. Burada birinci vəziyyətin əksinə olaraq övladınıza qarşı aşırı diqqəti azaldın, onun hər hərəkətini idarə etməkdən əl çəkin. Əgər özü çətinliklə də olsa nəyi isə edə bilərsə onun əvəzinə bu işi görməyin. Övladınıza həddindən artıq çətin və ya əksinə, həddindən artıq asan tapşırıqlar verməyin. Hər bir halda uşaqlara öz səhvləri üzərində öyrənmək imkanı yaradaraq onlara dəstək olun. Artıq üç yaşından övladınıza seçim hüququ verin, ancaq seçimin kəmiyyətini öz əlinizdə saxlayın və seçimlərinin istər mənfi, istərsə də müsbət nəticələrini ona göstərin.

Valideynə qarşı güc gəlmək məqsədi, əsasən uşağın “intiqam istəyi”ndən irəli gəlir. Uşaqlarda intiqam arzusu müxtəlif səbəblərdən yarana bilər: inciklik, qısqanclıq, yerinə yetirmədiyiniz vəd və ya günahsız olduğu halda cəza və s. Bu siyahını çox uzatmaq olar. Bəzən uşaqlar böyüklərin tənqidlərinə şüuraltı belə cavab verirlər: “Sənin fikrincə mən pisəm? Əslində sən hələ mənim pisliyimi görməmisən, mən sənə göstərərəm!”. Xüsusilə kötək yeyən, sevgi verilməyən, qayğı göstərilməyən uşaq ana-atasından intiqam almaq istəyir. Həddindən artıq avtoritar, qatı intizam və basqıcı mövqe ana-ataya qarşı qəzəb və nifrət hisslərinin inkişaf etməsinə və buna paralel olaraq üsyankar, narazı bir fərd əmələ gəlməsinə səbəb olur.

Çıxış yolları axtararkən, öncə hansı səbəbdən sizi günahlandıra biləcəyini özünüz üçün aydınlaşdırın. Bunu uşaqdan soruşmayın, özünüz düşünün. Bəlkə digər övladınıza daha çox diqqət ayırırsınız, bəlkə söz verdiyiniz oyuncağı almaq yadınızdan çıxıb, bəlkə ona qoyduğunuz qadağa övladınızın ürəyincə deyil?! Ancaq unutmayın ki, onun ürəyincə olmayan hər şeyi dəyişmək məcburiyyətində deyilsiniz! Əgər qadağalar onun xeyri üçün qoyulubsa, sizin kapriziniz deyilsə, bunu sadəcə ona başa salmağa çalışın.

Özünə inamsızlıq

Ana-atanın həddindən artıq qoruyucu, lazım olduğundan artıq diqqət göstərməsi, hərtərəfli, nümayişkaranə nəzarətdə saxlaması da uşağın davranışlarına mənfi təsir göstərir. Nəticədə uşaq digər şəxslərə qarşı həddən artıq asılı, özünə inamı olmayan, duyğusal olaraq tez qırılan bir insan olur. Bu vəziyyət uşağın öz-özünə verdiyi qiyməti azaldır, dəyərsiz hiss etdirir. Həmçinin daimi tənqidlər, uğursuzluq, yaşıdları tərəfindən qəbul olunmamaq və ya alçaldılma hətta, yaşlı insanları belə sındıra bilər. Belə hallarla daim qarşılaşan uşaq özünə inamı itirir və nəticədə: “Mən nə etsəm də heç vaxt məndən razı qalmırsınız. Siz böyüklər nəyi necə etməyi daha yaxşı bilirsiniz. Çalışmaq nəyə gərəkdir ki?! Onsuz da heç nə alınmayacaq. Mən pisəm, neynəsəm də xeyiri yoxdur!”, - deyə düşünür.

Valideyn uşağın özünə güvənməsini istəyirsə, öncə ona güvənməlidir. Valideyn uşağın səyini tərifləməli və ürəkləndirməlidir. Cəsarətləndirmə uşağın özünü dəyərli görməsi üçün çox əhəmiyyətlidir. Cəsarətləndirmə uşağı olduğu kimi qəbul edib, onu özü olduğu üçün qiymətləndirmədir. Bu xüsusi diqqət tələb edən məsələlərdən biridir. Uşaqdan daim yaxşı davranış tələb etməyi dayandırın. Ona dincəlmək, uşaqlığından həzz almaq üçün imkan yaradın. Axı siz özünüz də mükəmməl deyilsiniz. Hər bir insanın bu və ya digər sahədə bacarıqları var, övladınıza öz istedadını tapmaqda yardımçı olun. Onu digər uşaqlarla heç zaman müqayisə etməyin. Müqayisə ancaq onun özü ilə gərəklidir ki, nəticələrini qiymətləndirə bilsin: bu gün daha yaxşı idin və s. Tərif üçün məqamlar axtarın, ən xırda müsbət dəyişiklikləri belə qiymətləndirin, kiçik nəticələri belə canfəşanlıqla vurğulayın.

Valideynlərin yanlış mövqeyi

Davranış pozuntusu olan uşaqların valideynlərinin yanlış mövqeləri belədir:

- bəzi valideynlər uşaqlarının şüurlu olaraq etdiklərini düşünərək problemi görməməzliyə vurur və ya davranışı və uşağı təzyiq altına almağa çalışır. Halbuki, uşaqların çox böyük əksəriyyəti, şüurlu olaraq bu davranışları nümayiş etdirmir. Ətrafına bir məlumat vermək üçün, yəni "Xahiş edirəm, məni dinlə, diqqətini mənə ver” mesajını ötürürlər. Onlar bu hərəkətləri narahat olduqları vəziyyəti ifadə etmək üçün edirlər.

- Valideynlər problemi aradan qaldırmaq üçün müxtəlif cəza üsullarına, hətta zorakılığa, uşağı alçaldıcı, təhqiredici və ittihamedici yollara əl atırlar. Ailələrin cəzadan, ittihamedici mövqe və zorakı davranışlardan uzaq durmaları lazımdır. Bu tip mövqelər problemi artırmaqdan başqa bir işə yaramaz.

- Bəzi valideynlər uşağına lazımsız dərəcədə diqqət göstərir. Bunlar, adətən, qoruyucu ailə tipi dediyimiz ailələrin uşaqlarıdır. Bu ailələr onsuz da daim müəllimin səhvini arayır. Ən kiçik şeydə müəllimi günahlandırır. Bu valideynlərin uşaqları da valideynlərinin hədsiz müdafiəçi mövqeyindən ilhamlanaraq hədsiz maraq istəyən və özünə inam əskikliyi yaşayan uşaqlardır. Bu səbəbdən valideyn müəllimlə hər zaman çəkişmə halındadır. Uşağın sinif şəraitində olduğunu unudur. Müəllimin təkcə onun uşağıyla maraqlanmasını istəyir. Bunu açıq dilə gətirməsə də elə istəkləri vardır ki, müəllimin bunları sinif şəraitində yerinə yetirməsi çox çətindir. Müəllimlər uşaqlardan çox bu uşaqların valideynləri ilə məşğul olmaq məcburiyyətində qalırlar.
- bir başqa qrup valideynlər uşağına laqeyd, biganə yanaşanlardır. İclasdan - iclasa məktəbə gəlir, ya da heç gəlmir. Müəllim valideynlə görüşmək üçün cəhd edir, lakin valideyn buna laqeyd yanaşır.

Valideynlər əvvəlcə bu nasazlığın olduğunu qəbul etməli, mütəxəssislərdən və müəllimlərdən gizlətməyə yönəlməməlidir. Həqiqətən, uşaqda bəzi davranış pozuntuları olduğu müəyyənləşibsə, valideyn uşağa qarşı mütləq soyuqqanlı və sakit yanaşmalıdır. Valideyn, xoşlamadıqları əməllərindən ötrü uşağa ləqəb qoşmaqdan çəkinməlidir. Əsasən davranış pozuntularının yaranmasında ailə mühiti və ailə başçıları arasında toqquşmalarının böyük rol oynadığı məlumdur. Valideynlər, uşaqda bəzi davranış pozuntularının ortaya çıxmaması üçün, davranışları ilə uşağa təsdiqedici bir model olmağı bacarmalıdır. Ana-atalar, sadəcə yanlış davranışın nə olduğunu söyləməklə kifayətlənməyib düzgün davranışın nə olduğunu açıq, aydın, sadə bir dillə uşağa izah etməli, dərhal ardından doğrusunu davranışları ilə uşağa göstərməlidirlər.

yuxarı ⤴