Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Qlobal hadisəyə çevrilən repetitorluq
15.12.2017 / No48


 

 

 


Hər yerdə məqsəd birdir: nüfuzlu ali məktəbə daxil olmaq

Rüstəm QARAXANLI

Dünyanın elə bir ölkəsi yoxdur ki, orada daha güclü təhsil naminə repetitorluq fəaliyyəti göstərən mütəxəssislər və bu növ xidmətlərdən yararlanan uşaqlar, yaxud gənclər olmasın. Statistikaya nəzər yetirdikdə görünür ki, repetitorluq anlayışının mövcudluğu heç də hər zaman təhsil səviyyəsinin güclü, ya da zəif olması ilə əlaqədar deyil. Bu xidmətlərdən bizdə olduğu kimi, postsovet məkanında da, Qərbin inkişaf etmiş ölkələrində də, son yarım əsrdə Cənub-Şərqi Asiyanın sürətli tərəqqi yolu keçmiş dövlətlərində də istifadə olunur. “Repetitorluq biznesi”ndə dövriyyə edən kapitalın statistikası belə mövcuddur!

Bu gün Azərbaycanda övladını ali məktəbə hazırlayan, nəinki hazırlayan, uşağının yüksək nəticə göstərməsini arzulayan əksər valideyn repetitora müraciət edir. Müəllim nə qədər savadlıdırsa, bir çox valideynin təsəvvüründə övladının ali məktəbə daxil olmaq perspektivləri daha yüksək qiymətləndirilir. Halbuki imtahanların uğurlu sonucunda abituriyentlə onu hazırlaşdıran müəllimlərin xidmətlərinin pay nisbəti ciddi araşdırma mövzusudur. Tutaq ki, müəllim çox savadlıdır, ancaq uşaq ya bu savadla ayaqlaşa bilmir, ya qaba səslənsə də, tənbəldir, ya da konkret olaraq oxumaq istəmir. Savadlı repetitor uğurlu nəticənin yeganə təminatçısıdırmı? Yüzlərlə övladımız var ki, Azərbaycanın ucqar güşələrində repetitorsuz oxuyub ali məktəbə qəbul imtahanlarında kifayət qədər yüksək göstəricilərə nail olublar.

Əgər əksəriyyət repetitordan savadlısı və az savadlısı, güclüsü və nisbətən zəifi olmaqla istifadə edirsə (unutmayaq ki, fəaliyyət göstərən hazırlıq kurslarını da repetitorluq mövzusundan kənarda tutmaq olmaz), nədən bu fəaliyyət və xidmətlər sferasına bir növ neqativ fon, münasibət var? Məsələnin iqtisadi tərəfini qısaca araşdırsaq, mənzərə bundan ibarət olacaq: azad iqtisadiyyat, azad bazar, təklif-tələbat münasibətlərinin mövcud olduğu cəmiyyətdə repetitor seçimi iqtisadi xarakterli istənilən digər seçimlə eynixassəlidir: kimin maliyyəsi çoxdursa, bahalı avtomobil alır, şəxsi evini tikdirir, bahalı brendlərdən geyimlər geyinir və s. Kimin pulu azdırsa, büdcəli davranmağa çalışır. Kimin pulu çoxdur, populyar repetitora müraciət edir, kimin büdcəsi məhduddursa, adi, orta səviyyəli müəllim və ya hazırlıq kurslarından yararlanır. Bu, normaldır. Bəs məsələnin psixoloji tərəfi nədən ibarətdir? Ən populyar cavab budur: məktəbdə təhsil normal olarsa, əlavə müəllimə ehtiyac qalmaz!

Gəlin bir anlıq bu tezislə razılaşaq. Dərhal sual meydana çıxır: məktəb zəifdirsə, ali məktəbləri və güclü orta təhsil ocaqları, ümumiyyətlə, mütərəqqi təhsil sistemləri olan ölkələrdə nə səbəbdən repetitorlar var və onların xidmətlərindən istifadə olunur?

Cənubi Koreyanın 24 milyard dollarlıq dövriyyəsi

Repetitorlardan ABŞ, Qərbi Avropanın aparıcı ölkələri, Sinqapur, Honkonqda belə yararlanırlar. Məsələn, Amerikada repetitorlara daha çox SAT hazırlığında ehtiyac duyulursa, Rusiyada bu xidmətlərdən yararlanma nisbəti son illərdə Ümumi Dövlət İmtahanı müstəvisinə keçib. Azərbaycan da postsovet məkanının təmsilçisi olduğundan, keçmiş sovet respublikalarındakı vəziyyət maraq kəsb edir. Təqribi hesablamalara görə, Rusiyada repetitorluq biznesinin illik dövriyyəsi 500 milyon dollar təşkil edir. Şimal qonşumuzda paytaxtda yaşayan uşaqların 80, regionlardan olanların isə 60-70%-i əlavə müəllim xidmətlərinə müraciət edir. Özü də məktəbə “inamsızlıq”, etibar etməmə sindromu hər yerdə var. Rusiyalı təhsil eksperti İrina Abankina deyir ki, burada da valideynlər məktəbə tam inanmır, uşaqlarının imtahanlarda yüksək bal toplamaları üçün fərdi hazırlığa üstünlük verirlər.

MİR24 TV-nin verdiyi məlumata əsasən, Qazaxıstanda bu göstərici 40%-dir. Özü də iqtisadi tənəzzül, yaxud maliyyə böhranı bu “bazar”a da təsirsiz ötüşmür. Qazaxıstandan olan rus dili pedaqoqu Larisa Qalyuk deyir ki, əvvəllər uşaqlar həftəyə 3-4 dərs götürürdülərsə, indi özlərini 2 dərsədək məhdudlaşdırıblar. Ancaq bu vəziyyət müvəqqətidir, çünki maliyyə böhranı da daimi anlayış deyil.

MDB məkanında ən populyar repetitorlar ingilis dili müəllimləridir. İkinci yerdə riyaziyyat gəlir. Rusiyalı ekspertlər repetitorlar biznesini “kölgə təhsili” adlandırırlar. Bu ölkədəki repetitorların cəmi 4%-i fəaliyyətlərini leqal əsaslar üzərində qurub, qalanları isə iş sferalarını reklam etməkdən yayınırlar.

Honkonq Universitetinin Müqayisəli Təhsil Mərkəzinin direktoru Mark Brey dünyada repetitorluğu sistemli şəkildə öyrənən ilk alimdir. Onun sözlərinə görə, bu gün repetitorluq məfhumu bir qlobal hadisəyə çevrilib. Sistem Şərqi Asiya ölkələrində çox populyardır. Cənubi Koreya, Çin və Tayvanda əlavə müəllim xidmətlərindən gen-bol istifadə edirlər. Avropanın həm Qərbində, həm də Şərqində repetitorluq xüsusi təəccüb doğuracaq fəaliyyət sahəsi deyil. Afrikada, Şimali Amerika və Avstraliyada da məktəbdənkənar müəllim xidmətləri mövcuddur. Honkonqda məktəblilərin 70%-i əlavə müəllimlə məşğul olur. İngiltərə özünün təhsil sistemi ilə fəxr edir, ancaq məktəblilərin 27%-i orta məktəbin son illərində repetitordan faydalanır. M.Breyin fikrincə, bu statistika İngiltərə üçün əsl şokdur. Cənubi Koreya sərt və tələbkar təhsil sistemi ilə dünyada məşhur olsa da, “kolgə təhsili”nin şəksiz lideridir. İllik 24 milyard dollarlıq dövriyyə! Burada ilkin siniflərdə repetitorluq orta məktəbin yuxarı siniflərindən daha tələb olunandır.

Məsələnin ayrıca diqqət kəsb edən tərəfi maliyyə amilidir. M.Breydə olan informasiyaya görə, Almaniyada müəllimlə əlavə hazırlıq “bazarı”nın dövriyyəsi 1,5 milyard dollar təşkil edir. Fransada 2,2 (bu göstərici hər il 10% artır), Türkiyədə isə 2,9 milyard (illik 1% artımla) dollar. Hazırda Yunanıstan, İtaliya, Kipr və İspaniyada, sözün əsl mənasında, repetitorluq bumu hökmranlıq edir. Bu ölkələrdə dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin 20%-ə qədəri məbləğdə valideynlər özəl müəllim xidmətlərinə pul xərcləyirlər. Bu fakt onunla izah olunur ki, maliyyə böhranı şəraitində dövlətin təhsilə ayırdığı vəsait azalır, valideyn isə uşağına yüksək təhsil vermək niyyətindən imtina etmək fikrində deyil. Bəzi mənbələr repetitorluğun yalnız Skandinaviya ölkələrində populyar olmadığını göstərir. Ancaq misal üçün, orta təhsili məşhur olan Finlandiyada belə, iri şəhərlərdə bu növ xidmətlərə müraciət edənlər var.

Distant-repetitorluq və sosial aksiya

Təbii ki, hər yerdə məqsəd birdir: yaxşı təhsil alıb yüksək göstəricilərlə nüfuzlu ali məktəbə daxil olmaq. Ancaq bir sıra ölkələrdə repetitorluqdan yararlanma prosesinin sosial mahiyyəti də var. Məsələn, Brey yazır ki, Cənubi Koreyada uşaqlar birlikdə müəllim yanına sırf “kampaniyaya görə” də gedə bilərlər. Yəni filankəslər gedir, gəlin biz də gedək, bir yerdə olaq. Üstəlik, uşağı repetitora gedən valideyn bununla bir növ vaxt da udur. Axı iş gərgin, rəqabət sərt, iş günü uzun: məktəbdən sonra uşaq harada və kimlə qalsın?

Hazırda distant-repetitorlar çox məşhurdur. İnternet buna imkan verir. Məsələn, ABŞ-da yaşayan məktəbli, yaxud tələbə Hindistandan olan repetitorun xidmətlərindən istifadə edir. Qiymətlər qat-qat ucuzdur! ABŞ-da eyni zamanda “Heç bir uşaq geridə qalmasın” adlı proqram hazırlanır. Proqrama əsasən, dövlət özəl repetitorlardan yararlanmaq üçün aztəminatlı ailələrə maddi yardım göstərəcək.

Honkonqda tramvay və ya avtobuslarda repetitorların böyük şəkilləri əks olunmuş reklam lövhələrini görmək olar. Bu müəllimlər kütləvi tineycer ordusu və iri auditoriyalara malikdirlər. M.Brey: “Bu adamlar çox varlıdırlar, iri biznesmendirlər. Onlardan biri mən dərs dediyim universitetdə imtahandan kəsildi və bakalavr adını belə ala bilmədi. Sonra özəl repetitorluqla məşğul oldu və böyük uğur qazandı”.

Repetitorlar birlikdə güclüdürlər

Bir çox ölkədə repetitorluq fəaliyyəti leqal əsaslar üzərində qurulub. Elə bu səbəbdəndir ki, bir sıra yerlərdə, məsələn, Rusiyada bu sferanın şəffaflaşdırılması tələbləri irəli sürülür. Qərb təhsil sistemində repetitorların bir yerdə birliklərdə toplaşması təcrübəsi var. Məsələn, Fransada “Acadomia” adlı şirkət çox məşhurdur. Yaponiyada isə “Kumon” adlı şirkət inkişaf edir və dünyanın bir neçə ölkəsində artıq nümayəndəliyini açıb. Repetitorların fikrincə, müştərək fəaliyyət həm peşəkar artım, həm də qarşıya çıxacaq problemlərin həlli baxımından olduqca vacibdir. Fransız şirkətin şüarı belədir: “Hər bir uşağın perspektivinə inanırıq”. Fransalı repetitorlar əmindirlər ki, düzgün yanaşma təqdirində hər bir şagirdi Eynşteyn etmək olar.

Bəzi mütəxəssislər repetitorluq xidmətlərindən istifadənin mənfi tərəflərini qabardırlar. Onların fikrincə, uşaqların məktəbdən sonra əlavə yüklənmələri onlarda stress yaradır. Bundan başqa, özəl müəllim anlayışı sosial bərabərliyə də zərbədir: kimin pulu var, əlavə müəllim tutur və təhsildə irəli gedir.

Repetitorlar kimlərdir? M.Brey bu fəaliyyətlə məşğul olan şəxsləri qruplaşdırır:

- Özəl qaydada və ya ixtisaslaşmış şirkətlərdə işləyən peşəkarlar;

- Dərsdən sonra öz şagirdləri ilə məşğul olan müəllimlər;

- Qazanc əldə etmək istəyən tələbələr;

- Ali məktəb professorları;

- Təqaüdə çıxmış pedaqoqlar.

Göründüyü kimi, repetitorluq, yaxud özəl müəllimlik bizdə olduğu kimi, dünyanın hər yerində var. Zəif təhsili olan ölkələrdə də, “savad cənnəti” olan dövlətlərdə də. Ümumən götürdükdə, insan oğlunun daim ən öndə olmaq, ən yaxşısını əldə etmək, hamıdan fərqlənmək kimi təbii istəkləri kontekstindən repetitorluğa da müraciət etmək olar. Kim istəmir ki, övladı savadlı olsun? Xaricdə, dünyanın nüfuzlu təhsil ocaqlarında, yaxud vətənimizdəki ən arzuolunan ali məktəblərdə uşaq oxutmaq hansımızın arzusu deyil? Həmin bu arzu və istək də əlavə xidmətlər sferasını formalaşdırır. Tələbat təklifləri doğurur. Bəlkə elə tarixə müraciət edək: məgər təhsil özü ibtidai repetitorluqdan kütləvi məktəblərə doğru yol qət etməyib?

yuxarı ⤴