1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

“Fikirləşdim ki, anam kimi müəllim olum”
15.12.2017 / No48


 

 

 


Fərqanə Balakişiyeva: “Bu peşənin şərəfli olması ilə yanaşı, məsuliyyətli olduğunu da bilirdim”

Fərqanə Balakişiyeva 1991-ci ildə Samux rayon Qırmızı Samux kəndində anadan olub. 2009-2013-cü illərdə Gəncə Dövlət Universitetində kimya müəllimliyi üzrə ali təhsil alıb. 2015-2017-ci illərdə GDU-də üzvü kimya ixtisası üzrə magistraturanı bitirib. Samux rayon Qarayeri qəsəbə 2 nömrəli ümumi orta məktəbdə kimya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Gənc müəllimin fikir və təəssüratılarını öyrənmək üçün onunla müsahib olduq.

- Müəllimlik peşəsinə sizdə maraq hardan yaranıb?

- Bizim ailədə anam illərdir müəllim işləyir. Onun hər gün böyük həvəslə məktəbə hazırlaşması, şagirdlərdə tədris etdiyi fənnə marağı, müxtəlif yarışlar və müsabiqələr təşkil etməsi və bu kimi hallar məndə müəllim olmaq həvəsini daha da artırdı. Fikirləşdim ki, anam kimi müəllim olum.

- Müsabiqə imtahanından uğurla keçəndən sonra müəllim adına layiq görüldüyünüz xəbəri eşidən zaman hansı hisslər keçirdiniz?

- Həmin an keçirdiyim hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Uşaqlıqdan bu günədək arzusunda olduğum peşəyə öz biliyim hesabına yiyələnmişdim. Bu peşənin şərəfli olması ilə yanaşı, çox da məsuliyyətli olduğunu bilirdim. Ona görə də işimə daha da məsuliyyətlə yanaşıb, yeni uğurlar əldə etmək üçün çalışmağı qarşıma məqsəd qoymuşdum.

- Şagirdlərlə ilk dərs gününüz necə keçdi?

- İlk dərsim VII sinifdə oldu. Şagirdlər dərsə çox maraqlı idilər. Onlar kimya ilə hələ yeni tanış olurdular. İlk gün olduğu üçün çox həyəcanlı idim, amma sinfə daxil olub, lövhə qarşısında şagirdlərlə tanış olmağa başladım. Şagirdlərin mənə qarşı isti münasibəti bütün həyəcanımın yox olmasına səbəb oldu.

- Müəllimliklə bağlı praktik təcrübəniz yox idi, bu amil sizə ilk vaxtlar çətinlik yaratdı?

- Əvvəl özüm də düşünürdüm ki, mənə çox çətin olacaq şagirdlərlə dil tapmaq. Amma məktəbdə məndən çox əvvəl işləyən təcrübəli müəllimlərin böyük dəstək və köməklikləri nəticəsində elə bir çətinlik çəkmədim. Məktəbə, kollektivə, şagirdlərə alışmağım çox vaxt aparmadı.

- Gələcəkdə tədris etdiyiniz fənnə şagirdlərdə maraq yaratmaq üçün hansı işləri görməyi düşünürsünüz?

- Kimya maraqlı fəndir. Təcrübəmdə tədris etdiyim fənnə şagirdlərin marağını artırmaq üçün laboratoriya işlərinə üstünlük verməyi, qruplar şəklində yarışlar və maraqlı viktorinalar təşkil etməyi düşünürəm.

- Sonda müəllim olmaq istəyən şəxslərə gənc müəllim kimi nə tövsiyə edərdiniz?

- Zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar deyənlər çox olmuşdur. Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Nizami Gəncəvi müəllimi günəşə bənzədirdi. L.N.Tolstoya görə öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim əla müəllimdir.

Nurəddin BABAYEV,
Samux Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴