Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Qeyri-ənənəvi dərslər şagirdləri fəallaşdırır
15.12.2017 / No48


 
 

 

 


Məktəblərdə milli-mənəvi dəyərlərə məhəbbət, vətənpərvərlik hissləri, təfəkkür müstəqilliyi, tədqiqatçılıq bacarıqlarını formalaşdırıram

Bikə ALLAHVERDİYEVA,
Saatlı rayonu Ələddin Şüküroğlu adına Varxankənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dönəmində qloballaşan dünyada rəqabətədavamlı, yenilikləri ilə inkişafa xidmət etməklə öz xalqını ləyaqətlə təmsil edən vətəndaşlar yetişdirmək bugünün müəlliminin qarşısında duran əsas tələblərdəndir. Bəs hansı üsul və vasitələrdən istifadə etmək lazımdır ki, yetişən gənc nəsli düzgün istiqamətləndirmək, onlarda elmi biliklərə olan marağı gücləndirmək, təkcə sxematik biliklər formalaşdırmaq yox, həm də müstəqil tədqiqatçılıq bacarığı yaratmaq mümkün olsun? Gənc nəslin daxilində olan potensialı üzə çıxartmaq, onun təfəkküründə cücərən novatorluğa təkan vermək, ilk növbədə, ona təhsil-təlim verən müəllimin fəaliyyətindən asılıdır. Əsas məqsədə nail olmaq üçün müəllimə hansı keyfiyyətlərin vacibliyi, hansı üsul və vasitələrin önəm kəsb etməsi və s. kimi məsələlər məni daim düşündürmüşdür. Bəzən pedaqoji aləmin təklif etdiyi üsul, vasitələrin tətbiqi zamanı şərait və mühitdən asılı olaraq müəyyən çətinliklərlə qarşılaşırıq.

Uzun illərin təcrübəsindən bu qənaətə gəlmək olar ki, hər bir pedaqoji mütəxəssis üçün vacib olan ümumi və xüsusi bacarıqlar vardır və bu, müəllimin əsl məramına çatmasında böyük əhəmiyyət kəsb edir. Pedaqoji prosesin aparıcı qüvvəsi olan müəllimlər üçün ümumi bacarıqlar dedikdə aşağıdakı tələblər nəzərdə tutulur:

1. İlk növbədə müəllim şagirdlər arasında dərin nüfuz qazanmağı bacarmalıdır.

2. Müəllim şagirdə nümunə olmalıdır. Bunun üçün o, mədəni nitqi, geyimi, davranışı, fənninə olan sevgisi, dərin elmi biliyi, vətənpərvərliyi, milli-mənəvi dəyərlərə olan təəssübkeşliyi ilə fərqlənməlidir.

3. Müəllim şagirdin yaş səviyyəsinə enməyi bacarmalı, onun yaxın dostu, müdrik məsləhətçisi olmalıdır.

4. Müəllim şagirdlərin azad mühakimə yürütməsinə mane olacaq addımları atmamalı, onların fikrinə hörmətlə yanaşmalıdır.

5. Müəllim daim çalışmalı, ətrafda baş verən yeniliklərlə maraqlanmalı, şagirdləri həvəsləndirmək üçün müxtəlif üsul və vasitələrdən istifadə etməlidir.

6. Müəllim dərslikdə verilən materiala yaradıcı yanaşmalı, şagirdin ümumi dünyagörüşünə təsir edəcək əlavə materiallarla onları heyrətləndirməyi bacarmalıdır.

7. Müəllim kurikulumun qarşıya qoyduğu tələblərə dərindən yiyələnib, ona əməl etməklə şagirdləri düzgün istiqamətləndirməlidir.

Müəllimin xüsusi bacarığı isə onun pedaqoji ustalığından, dərsi qurmaq məharətindən asılıdır. Müəllim şəraitdən asılı olaraq dərsini elə qurmalıdır ki, şagirdlərin fəallığına nail ola bilsin. Bunun üçün o, interaktiv təlim metodlarından yaradıcılıqla istifadə etməli, müasir dərsin mərhələlərini elə qurmalıdır ki, şagirdlərdə dərsin bitməsinə təəssüf hissi yaransın. Mən Azərbaycan dili və ədəbiyyat dərslərimdə məhz bu məqsədləri həyata keçirmək üçün müxtəlif üsul və vasitələrdən istifadə edirəm. Dərslərimdə şagirdləri təkcə elmi biliklərə yiyələndirməklə kifayətlənmir, onlara layiqli vətəndaş, xalqımıza, dövlətimizə, vətənimizə məhəbbət hissi aşılayır, humanist keyfiyyətli, milli-mənəvi dəyərlərə ehtiram göstərən əsl insan kimi formalaşdırmaq üçün dərsin verdiyi bütün imkanlardan istifadə etməyə çalışıram. Bunun üçün dərslərimin hər bir mərhələsini yenilikçi, rəngarəng mahiyyətdə təşkil edirəm. Məsələn, motivasiya mərhələsində xalqın şifahi söz xəzinəsindən: atalar sözü, bayatı, xalq mahnısından istifadə etməklə onların diqqətini əsl məqsədə yönəldirəm. Tutaq ki, VIII sinifdə Z.Xəlilin Xocalı faciəsinin qəhrəmanı olan Əlif Hacıyevə həsr olunmuş “Sonuncu güllə” əsərini tədris edirəm. Bu zaman səsucaldan vasitəsilə kompüterdə aşağıdakı bayatını səsləndirirəm:

Əzizinəm, ay ağa,

Məni salma ayağa.

Dost baxsa, başa baxar,

Düşmən baxar ayağa.

Xalq təfəkkürünün müdrik ifadəsi olan bu kiçik bayatıda hansı fikir aşılandığını şagirdlərdən ümumi sorğu şəklində soruşur və nə üçün düşmənin məhz ayağa, dostun başa baxması anlamının mahiyyətini açıqlamağa çalışdırıram. Bu zaman şagirdlər həm öz düşüncələrinə, həm də öyrəndikləri bilgilərə istinadən “papağ”ın lap qədimlərdən xalqımız arasında qeyrət simvolu olduğu və bizi istəməyənlərin çox zaman onu ayaqda görməsi, lakin həmişə ucalığı sevən xalqımızın onu qorumaq üçün canından belə keçməyə qadir olduğunu söyləyirlər. Bu zaman Azərbaycan filmlərindən, yaxud M.Müşfiqin “Oxu tar” şeirindən nümunələr gətirməklə fikirlərini izah edirlər. Bu isə tədqiqat sualının yaranmasına, asanlıqla məqsədə doğru irəliləməyə nail olmağa və şagirdlərdə milli-mənəvi dəyərlərə olan ehtiramı artırmağa böyük stimul verir. Ümumiyyətlə, hər bir mövzunun xarakterindən asılı olaraq dərslərimi müxtəlif formalarda qururam. Həmin formaların bir neçəsini diqqətə çatdırmaq istərdim:

1. Şagirdlərin təfəkkür müstəqilliyinin inkişafına nail olmaq üçün istifadə etdiyim dərs formalarından biri “Dərs-kəşf” modelidir. Bu dərslərdə mövzu ilə bağlı bilgilər əldə etdikdən sonra qruplara belə bir tapşırıq təqdim edirəm: hansı qrup öyrəndiyimiz mövzu ilə bağlı elə bir maraqlı fakt və ya məlumat verə bilər ki, o fikir bizim üçün yeni olsun və biz ona heç bir informasiya mənbəyində təsadüf etməmiş olaq. Bu zaman şagirdlər fikirləşməyə, qruplardaxili müzakirəyə başlayırlar, onlar özlərinin “kəşf” hesab etdiyi fikirləri sinifdə bir-biri ilə bölüşürlər. Sonda, həqiqətən, maraqlı, tutarlı fikirlərlə də qarşılaşıram. Ən dəyərli faktları təqdim edən qrupu mükafatlandırır, onu “həftənin lideri” adlandıraraq qalib kimi alqışlayırıq. Əlbəttə ki, şagirdlərin hamısı yenilik kəşf etməsə də, bu dərs modeli onlarda tədqiqatçılq, müstəqil axtarıcılıq bacarıqlarının inkişafına önəmli təsir göstərir.

2. Şagirdlərin fəallığına şərait yaradan dərs formalarından biri də “Dərs-kompüter” modelidir. Bu dərslərdə mən Web2 alətlərinin interaktiv nümunələrindən istifadə etməklə şagirdlərin təfəkkür fəaliyyətinin sürətli və dəqiq ifadəsi üçün şərait yaradıram. Şagirdlərin həvəslə qatıldıqları “Kahoot” kompüter yarışması, krossvordlar bu cəhətdən onların ən çox sevdikləri öyrənmə üsuludur. Bu dərs şagirdləri düşünməyə sövq etməklə, rəqabətcil mövqedə dayanaraq müstəqil mühakimə yürütməsində mühüm rol oynayır. Adətən, bu dərs modelindən ümumiləşdirici təkrarlarda istifadə edirəm ki, bu da şagirdlərin mövzunu dərindən mənimsəməsində əhəmiyyət kəsb edir.

3. Şagirdlərin tədqiqatçılıq bacarığının inkişafında “Dərs-səyahət” formasının da böyük rolu vardır. Bu dərsin mahiyyəti ondadır ki, dərsdənkənar müddətlərdə şagirdlər, bir növ, müxtəlif dünyagörüşlü müdrik, məlumatlı insanlardan müsahibə götürmək üçün “səyahət”lərə çıxır və onların səsini yazaraq ayrı-ayrı dərslərdə mövzuya uyğun istifadə etməklə əsl araşdırma apararaq maraqlı nəticələr əldə edirlər. Artıq əlimizdə yaşadığımız bölgənin fərqli dialekt xüsusiyyətləri ilə bağlı maraqlı tədqiqat faktları və folklor nümunələri vardır.

4. Şagirdlərdə tədqiqatçılıq bacarığını inkişaf etdirməklə yanaşı, onlarda milli-mənəvi dəyərlərə məhəbbət, vətənə, soy-kökə bağlılıq, tolerantlıq, multikultural mədəniyyət haqqında geniş düşüncə tərzi yaratmaq, islamın elmi mahiyyətini dərindən dərk etmək, fanatizmdən uzaq olmaq və s. kimi keyfiyyətlər formalaşdırmaq üçün “Dərs-kino” modeli də maraqlıdır. Bu modeldən məqamında istifadə edərək, hər bir şagirdin mənəvi aləmini zənginləşdirmək mümkündür. Belə dərslərdə mən Azərbaycan filmlərindən fraqmentləri və ya bütöv filmi növbəli şəkildə dərslərdə təqdim edirəm. Tutaq ki, “Kitabi-Dədə Qorqud” eposunun ayrı-ayrı qollarını müxtəlif siniflərdə tədris edirik. Bu zaman şagirdlərin yaş xüsusiyyətinə uyğun olaraq bu epos əsasında çəkilən cizgi filmini və ya bədii filmi təqdim edirəm. Məsələn, VII sinifdə “Bamsı Beyrək” boyunu tədris edərkən Türkiyə incəsənət mütəxəssislərinin bu dastanın motivləri əsasında çəkdikləri “Dede Korkut hekayeleri”ndən bu boyu şagirdlərə təqdim və əsərdəki əhvalatlarla filmdəki əhvalatları müqayisə edir, fərqli məqamları üzə çıxarır və onların səbəblərini araşdırırıq. Bu, dərsdə oxumağa marağı zəif olan şagirdləri də həvəsləndirir, oxumadıqları mövzunu öyrənmək üçün onlarda istək yaradır. Bu prosesi dərsdənkənar günlərdə, ayda bir dəfə ədəbi nümunələrə rəğbət yaratmaq, şagirdləri həmin filmlərin əsasında çəkildikləri əsərləri oxumağa sövq etmək üçün “Mənim sözüm” adlı ədəbi dərnəyin toplantısında da həyata keçirirəm.

5. Şagirdlərin mənəvi aləminin inkişafında “Dərs-müqayisələr”in də əhəmiyyəti danılmazdır. Tutaq ki, dərsin mövzusu “Sifətin dərəcələri”dir. Bu zaman üzərində Azərbaycan və ingilis dillərində sifətin müqayisə dərəcələrinə aid nümunələr olan plakatlar şagirdlərə təqdim olunur. Azərbaycan və ingilis dillərində sifətin müqayisə dərəcələrinin fərqli və oxşar cəhətləri əks etdirilir və hər dilin özünəməxsus qanunauyğunluqları ilə bağlı maraqlı məqamları üzə çıxararaq müqayisələr aparılır. Bu, həm fəndaxili, həm fənlərarası, həm də fənn və ətraf aləmlə müqayisəli şəkildə də həyata keçirilə bilir.

6. Şagirdlərin öyrəndikləri bilikləri dərindən mənimsəmələrində “Dərs-yarış” modelinin mühüm əhəmiyyəti vardır. Bu dərs zamanı şagirdlər ya qrup, ya cütlər, ya da fərdi şəkildə yarışır, qalib gələn tərəf öz gücünə güvənərək daha geniş həcmli yarışlara qatılmaq üçün özlərində inam hiss edir. Ən çox ümumiləşdirici dərslərdə istifadə etdiyim bu modeldə poeziyaya aid keçilən nümunələri, dramatik qarşılaşmalardan ən təsirli səhnələri bir-birinə söyləyən şagirdlərdən çaşmayanı, ifadəli nitqə müraciət edəni və s. keyfiyyətə malik olanlar qalib hesab olunaraq “meydan”da özünə yeni rəqib axtarır. Bu da bütün şagirdlərdə rəqabətcillik, özünü sübutetmə kimi keyfiyyətlərin formalaşmasında böyük əhəmiyyət kəsb edir.

7. Şagirdlərdə incəsənətə olan marağı artırmaq, onlardakı yaradıcılıq keyfiyyətlərini üzə çıxarmaq üçün “Dərs-incəsənət” modelindən tez-tez istifadə edirəm. Bu dərslərdə şagirdlərə hər hansı əsərin məzmunu və təhlilindən sonra bu mövzunun onların daxili aləmində yaratdığı hisslərin sözün, rəngin, musiqinin və ya plastilinin köməyi ilə ifadə etməsini tapşırıram. Bu zaman onlar öz bacarıqlarına uyğun maraqlı əl işləri, poeziya nümunələri, rəsm əsərləri ilə öz daxili dünyalarının mücərrəd təəssüratlarını əyani formada meydana çıxarırlar.

Beləliklə, bu və ya digər formalarda təşkil etdiyim dərslərdə şagirdlərin bilik, bacarıq və vərdişlərinin müxtəlif cəhətdən inkişafına nail oluram. Ona görə də şagirdlərimiz istər Təhsil Nazirliyinin keçirdiyi olimpiadalarda, inşa, bədii qiraət müsabiqələrində, istərsə də “Fövqəladə hallar şagirdlərin gözü ilə”, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Axıska Türklərinin “Vətən” Cəmiyyəti, “İnsan hüquqları” təşkilatının keçirdiyi müxtəlif nominasiyalı müsabiqələrində birincilik qazanaraq, diplom, tərifnamələrlə təltif olunur ki, bunlar da onlarda təhsilə, oxumağa marağı daha da artırır.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

yuxarı ⤴