Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb
17.12.2016/№49

 
 

 

 


Azərbaycan Dövlət İqtisad Universitetində

Ümummilli lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və ali məktəbin professor-müəllim heyəti Fəxri xiyabanı ziyarət ediblər. UNEC kollektivi ümummilli liderin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. Onlar həmçinin oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üstünə də gül dəstələri düzüblər.
Anım tədbiri universitetdə davam etdirilib. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.
YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, prorektor Mikayıl Zeynalov “Heydər Əliyev və vətənpərvərlik tərbiyəsi”ndən danışıb. Bildirib ki, müstəqil Azərbaycanın siyasi-ideoloji strategiyasında mühüm yer tutan və ulu öndərin böyük dühasının bəhrəsi olan vətənpərvərlik təlimi müstəqil dövlətimizin hərtərəfli inkişafının etibarlı təməlidir. M.Zeynalov Heydər Əliyevin tövsiyə etdiyi əsl vətənpərvərliyin təməlində hər zaman Azərbaycan naminə çalışmaq, onun hərtərəfli yüksəlişinə səy göstərmək, milli-mənəvi dəyərləri qorumaq, Vətən və xalq qarşısında borc və məsuliyyəti dərk edib əməli fəaliyyətdə rəhbər tutmaq olduğunu vurğulayıb. Hazırda ölkəmizdə vətənpərvərlik prinsiplərinin ardıcıl və əhatəli şəkildə həyata keçirilməsində ulu öndərin siyasi kursuna dönmədən əməl olunur, Vətənimizin və xalqımızın hərtərəfli yüksəlişi üçün misilsiz işlər görülür.
UNEC-in iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda çıxış edib. Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirən ulu öndər Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı sahəsində xidmətlərinin dərindən öyrənilməli olduğunu bildirib. O, Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirdiyini xüsusi vurğulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 1969-cu ilə qədər Azərbaycanın sovet ölkələri arasında son yerlərdən birini tutduğunu deyən professor M.Babanlı Heydər Əliyevin idarəçiliyə gətirilməsindən sonra ölkəmizin aqrar-sənaye ölkəsinə çevrilərək SSRİ-də öndə gedən respublikalardan biri olduğunu vurğulayıb. 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gələndə Azərbaycanın vətəndaş müharibəsi ərəfəsində olduğunu bildirən rektor M.Babanlı ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizin parçalanmaq təhlükəsindən xilas olduğunu qeyd edib. “Ümummilli lider hakimiyyətə gəldikdən sonra cəbhədə bir sıra uğurlar qazanıldı. 1994-cü ildə atəşkəs müqaviləsi, bir neçə aydan sonra isə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda yeni quruculuq işləri başladı və o inkişafı cənab Prezident İlham Əliyev bu gün də uğurla davam etdirir”.
Ulu öndərin istər təhsil aldığı, istərsə də dövlət idarəçiliyində fəaliyyət göstərdiyi illərdə öhdəsinə düşən vəzifələri artıqlaması ilə yerinə yetirdiyini deyən millət vəkili, ADNSU-nun professoru Hüseynbala Mirələmov bütün vətəndaşlara öz vəzifələrini düzgün yerinə yetirməyi tövsiyə edib.
Daha sonra çıxış edən ADNSU-nun ictimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev Heydər Əliyevin sovet dönəmindəki fəaliyyəti haqqında geniş məlumat verib.
Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamının bu gün hər bir vətəndaşımız üçün fəxr yeri olduğunu qeyd edib.

Paytaxt məktəblərində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar silsilə anım tədbirləri, mühazirə, konfrans, seminar və “dəyirmi masa”lar keçirilib.
Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların, habelə valideyn icmalarının nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Anım tədbirlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti barədə söhbət açılıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, tarixi fərman və sərəncamlar imzalayıb.
“Unudulmaz ulu öndər”, “Dahi rəhbər”, “Heydər Əliyev yeniyetmə və gənclər üçün milli düşüncə məktəbidir”, “Sən elə bir zirvəsən...”, “Azərbaycan xalqının ən böyük sərvəti”, “Dahilər heç vaxt unudulmur”, “Qəlblərdə yaşayan lider” və digər tədbirlərdə ümummilli lider haqqında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şeirlər söylənilib, dahi rəhbərin hakimiyyəti illərində respublikamızın təhsil sahəsində qazandığı parlaq nailiyyətlərdən danışılıb.
Vurğulanıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətimizin taleyi etibarlı əllərdədir və bu kursun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq uğurlara imza atmaqdadır.
Anım tədbirlərində ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş etdirilib. Həmçinin, təhsil müəssisələrində fotostendlər, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

Heydər Əliyev adına liseydə

Bakıdakı Heydər Əliyev adına liseydə müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəzadə, valideynlər və digər şəxslər də iştirak edib. Öncə iştirakçılar ümummilli liderin liseyin qarşısındakı büstü önünə gül dəstəsi qoyublar. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunduqdan sonra tədbiri giriş sözü ilə açan liseyin direktoru Sevinc Orucova ulu öndərin həyat və fəaliyyətindən geniş söhbət açıb. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. Ulu öndərin daim təhsilə və təhsil işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirən direktor Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətləri olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəzadə ümummilli liderin daxili və xarici siyasətinin uğurlarından, Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin tərəqqisindəki əvəzsiz rolundan danışıb.
Liseyin direktor müavini Nüranə Şıxəliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərin ifasında şeirlər söylənilib, mahnılar oxunub. Ulu öndərin təhsil, mədəniyyət və müəllim haqqında dahiyanə fikirləri şagirdlər tərəfindən səsləndirilib. X sinif şagirdi Hüseyn Mərcanovun ifasında ümummilli liderin ən çox sevdiyi nəğmələrdən olan “Küçələrə su səpmişəm” mahnısı iştirakçılara kövrək anlar yaşadıb.

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴