1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 
Müəllimlik və alimlik şərəfi
17.12.2016/№49

 

 


Əməkdar elm xadimi, professor Abuzər Xələfovun 85 yaşı tamam olur

Əsl hikmət sahibləri o şəxslərdir ki, onlar üzü gələcəyə doğru inamla irəliləyərkən qarşılarını kəsən qar-yağışdan, üzlərinə çırpılan tufan-qasırğadan, yollarına yağan daş-kəsəkdən çəkinmir, cəsarətlə öz məqsədlərinə və amallarına doğru yol gedirlər. Bu yol isə həmişə enişli-yoxuşlu, acılı-şirinli, keşməkeşli olur. Zaman-zaman bu yolu cəsarətlə, dəyanətlə, mətanətlə keçən şəxsiyyətlərin həyatı, sözün həqiqi mənasında, gənc nəsil üçün örnəyə, nümunəyə, ibrət məktəbinə çevrilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur bir kəlamı var: “Bizim ziyalıların, mədəniyyət xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalısı, öz mədəniyyəti, öz elmi ilə tanınır”.
Bu baxımdan Azərbaycanda milli kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq təhsilinin təşkilatçılarından və müstəqil kitabxanaçılıq fakültəsinin yaradıcılarından biri, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi professor Abuzər Alı oğlu Xələfovun adı respublikamızda və ölkəmizin sərhədlərindən uzaqlarda belə məşhurdur.
Əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru Abuzər Xələfovu fəxarət zirvəsinə aparan yol heç də asan olmayıb.
Məhəmməd Peyğəmbərin: “Elm köməksizlikdə yoldaşımız, xoşbəxtliyə tərəf yol göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında isə silahımızdır”, - kəlamı sanki professor Abuzər Xələfov kimi elm və təhsil təəssübkeşlərimizin boyuna biçilib. Bu ağsaqqal alimimizin şərəfli ömür yolunun keşməkeşli məqamlarına, mübarizələrlə dolu taleyinə bələd olanlar həmin müqəddəs kəlamın mahiyyətinə vara bilərlər.
25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanda - ulu Göyçədə dünyaya göz açan, burada boya-başa çatan Abuzər Xələfovu zirvəyə aparan yol hamar olmayıb. O qədər maneələrlə, çətinliklərlə, süni əngəllərlə üz-üzə gəlib ki!.. Amma ustad Nizaminin: “Elm yolunda günə dön, aya dön, ulduza dön”, - qənaətinə köklənib, amalı uğrunda yuxusuz gecələr keçirib, narahat günlər yaşayıb, ömrünü şam kimi əridib...
Abuzər Xələfov 1950-ci ildə orta təhsilini başa vurmuş, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. O, 1955-ci ildə ali təhsilini tamamlayaraq universitetin kitabxanaşünaslıq və biblioqrafiya kafedrasında müəllim vəzifəsində saxlanılmışdır.
Gənc tədqiqatçının XX əsrin 60-cı illərinin əvvəllərində nəşr etdirdiyi “Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)” və “Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920-1932)” monoqrafiyaları elmi ictimaiyyətin böyük rəğbətini qazanmışdır. Sonuncu monoqrafiya müəllifin dissertasiya işinin əsasını təşkil etmiş, o, 1961-ci ildə Azərbaycanda kitabxana işi üzrə ilk namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
Abuzər Xələfovun Azərbaycan xalqı qarşısında ən dəyərli tarixi xidmətlərindən biri görkəmli ziyalılarla birlikdə respublika ali məktəblərinin bayraqdarı olan Bakı Dövlət Universitetində müstəqil kitabxanaçılıq fakültəsinin yaradılması ilə bağlıdır. Belə ki, 1962-ci ildə BDU-nun kitabxanaçılıq şöbəsi müstəqil kitabxanaçılıq fakültəsinə çevrilmiş, dosent A.Xələfov fakültənin ilk dekanı vəzifəsinə seçilmişdir.
Bütövlükdə 25 il kitabxanaçılıq fakültəsinin dekanı vəzifəsində işləyən A.Xələfov özünün təşəbbüskarlıq fəaliyyəti, təşkilatçılıq bacarığı və idarəçilik metodları ilə böyük nüfuz qazanmış, yüksək ixtisaslı milli kitabxanaşünaslıq-biblioqraf kadrların hazırlanması istiqamətində səmərəli iş aparmışdır.
Kitabxanaçılıq fakültəsinin yeni tədris planının yaradılmasında, kafedra və laboratoriyaların maddi-texniki bazalarının yaxşılaşdırılmasında, dərslərin keyfiyyətinin yüksəldilməsində, kadrların düzgün seçilib yerləşdirilməsində A.Xələfovun xüsusi rolu olmuşdur.
1963-cü ildə isə eyni zamanda kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının müdiri vəzifəsinə seçilən A.Xələfov bu dövrdən sonra paralel olaraq dekanlığın və kafedranın işinə nəzarət etməli, onların fəaliyyətini əlaqələndirməli və istiqamətləndirməli, başqa sözlə, idarəetmə funksiyası ilə elmi tədqiqatçılıq prosesini bir-biri ilə sıx şəkildə uzlaşdırmalı olur ki, bu da həm fakültənin, həm də kafedranın müasir elmi əsaslar üzərində düzgün istiqamətdə inkişafına ciddi kömək göstərir.
Görkəmli kitabxanaşünas alim 60 ilə yaxındır ki, kitabxana işinin tarixi və nəzəriyyəsi problemləri ilə yanaşı, müntəzəm olaraq Azərbaycanda kitabxanaçılıq təhsilinin nəzəri və metodoloji məsələlərini hazırlayıb tətbiq etməklə də məşğuldur. O, bu istiqamətdə yazıb nəşr etdirdiyi çoxsaylı elmi məqalə və monoqrafiyalarında, habelə elmi məclislərdəki məruzə və çıxışlarında Azərbaycan Respublikasında ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını formalaşdırmışdır.
Ali təhsil sistemində tədris proseslərinin mahir bilicisi kimi tanınan professor A.Xələfov istər respublikamızda, istərsə də BDU-da ali təhsilin yenidən qurulması və optimallaşdırılması ilə bağlı mühüm məsələlərin həllində yaxından iştirak edir və bu sahəyə öz sanballı töhfəsini verir.
A.Xələfovun elmi üslubundakı arxiv sənədlərinə sistemli müraciət, fasiləsiz axtarış, yeni fakt və sənədlərin elmi dövriyyəyə daxil edilməsi və s. kimi fərqləndirici cəhətlər məhz bu araşdırmalarda formalaşmağa başlayır. Onun elmi-tədqiqat işlərinin çoxu məhz təkzibolunmaz arxiv-sənəd bazasına əsaslanması ilə seçilir. Sovet hakimiyyəti illərində mövcud olan ideoloji konsepsiyalara qeyri-standart yanaşması, yaradıcı münasibət bəsləməsi, tənqidi təhlil verməsi A.Xələfova həmin dövrdə kommunist ehkamlarına uyğun olaraq cəhalət və avamlıq ocağı adlandırılan məscidlərin kitabxana işinin inkişafında, xalqın maariflənməsində rolu və əhəmiyyəti haqqında orijinal fikirlər söyləmək üçün imkan yaradır.
Azərbaycan Demokratik Respublikasının guya mürtəce rejim olması haqqında sovet dövründə uydurulan çeynənmiş fikirlərin əksinə ustalıqla çıxan A.Xələfov nəinki ADR dövründə kitabxana işinin inkişafını təsdiqləyən bir sıra faktları üzə çıxarmış, hətta adının çəkilməsi belə qadağan olunan Məhəmməd Əmin Rəsulzadənin xalqın maariflənməsində kitabxanaların rolu və əhəmiyyəti ilə bağlı söylədiyi fikirlərdən sitatlar gətirmiş, 1919-cu ildə Azərbaycan kitabxanalarının kitabla təchiz olunmasında Türkiyənin köməyi barədə faktları misal göstərmiş, həmçinin XX əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin vəziyyətinə dair yanlış təsəvvür yaradan rus statistikasına tənqidi təhlil vermişdir və s.
Kitabxanaların sosial təbiətinin aşkarlanması, cəmiyyətin sosial institutları kimi ictimai rol və funksiyalarının açılması, müxtəlif tarixi mərhələlərdə kitabxana prosesləri qanunauyğunluqlarının cəmiyyətin mənəvi, iqtisadi və siyasi şəraiti ilə, mədəniyyət və maarifçilik səviyyəsi ilə sıx əlaqədə aydınlaşdırılması və ümumiləşdirilməsi, maarifin, elmin, xalqın intellektual imkanlarının inkişafında kitabxana işinin mahiyyətinin geniş şəkildə göstərilməsi və əsaslandırılması A.Xələfovun Azərbaycanda kitabxana işinin tarixinə dair ilk tədqiqatlarının xarakterik cəhətlərindəndir.
A.Xələfovun tədqiqatları nəticəsində 60-cı illərdə kitabxana işi tarixinin və nəzəriyyəsinin problemləri üzrə elmi nəticələr və müddəalar formalaşır ki, bunlar da Azərbaycan kitabxanalarının nümunəsində müasir kitabxanaların mahiyyətini, məqsədini və iş metodlarını açıb göstərirdi.
1974-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında A.Xələfovun “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)” adlı sanballı əsəri çapdan çıxır. Monoqrafiyada 1930-50-ci illərdə respublikamızda hərtərəfli inkişaf etmiş kitabxana şəbəkələrinin formalaşması prosesinin geniş mənzərəsi yaradılmışdır. Müəllif Azərbaycanda kitabxana quruculuğunun inkişaf dinamikasını ümumiləşdirərək, həmin mərhələdə Azərbaycanın sosial-iqtisadi və mənəvi həyatının bütün cəhətlərini qarşılıqlı əlaqədə göstərir. Kitabxana işinin inkişafı bütün mərhələlərdə Azərbaycan tarixi və mədəniyyəti ilə sıx əlaqədə, cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatının ayrı-ayrı sahələrində baş verən proseslər fonunda əks etdirilir.
Tədqiqatda Azərbaycanda kitabxana işinin inkişafının elmi əsasları və təcrübi metodları açılıb göstərilir, kitabxana quruculuğu sahəsində dövlət siyasəti təhlil edilir.
Tədqiq olunan dövrdə respublikanın şəhərlərində və kənd rayonlarında müxtəlif tipli kitabxanalarda (kütləvi, elmi, texniki, ali məktəb, həmkarlar ittifaqı və s.) əhaliyə xidmətin forma və metodları da əsərdə özünün ətraflı təhlilini tapır.
Həmin monoqrafiya A.Xələfovun 1975-ci ildə uğurla müdafiə etdiyi doktorluq dissertasiyasının mövzusu idi. Alimin 15 illik tədqiqatının nəticələrini ümumiləşdirən bu doktorluq dissertasiyası həm Sovetlər Birliyinin kitabxana ictimaiyyətinin, həm də mədəniyyətşünaslıq sahəsi mütəxəssislərinin diqqətini yalnız maraqlı və qiymətli elmi faktların zənginliyi ilə deyil, eyni zamanda elmi nəticələrin yeniliyi, orijinallığı və ümumiləşdirilmə səviyyəsi ilə cəlb etmişdir.
Sonrakı illərdə Abuzər Xələfov Azərbaycanda kitabxana işinin inkişaf tarixi və müasir problemləri sahəsində tədqiqatlarının xronoloji çərçivəsini daha da genişləndirir və dərinləşdirir.
A.Xələfov həmin dövrdə respublikamızda 70-ci illərin ikinci yarısında kütləvi kitabxanaların mərkəzləşdirilməsi sahəsində qazanılmış təcrübəni ümumiləşdirmək üçün genişmiqyaslı işlər görür.
A.Xələfov Azərbaycan Mədəniyyət Nazirliyi kitabxana sistemlərinin mərkəzləşdirilməsi haqqında zəngin materialları sistemləşdirərək və ümumiləşdirərək, mərkəzləşdirmə nəticəsində baş verən mühüm prosesləri müəyyənləşdirir, mərkəzləşdirilmiş kitabxana sistemlərinin xüsusiyyətlərini sistemli şəkildə təhlil edir, bir sıra çatışmazlıqları göstərir və MKS-lərin təşkili və idarə olunması metodlarının təkmilləşdirilməsi vacibliyini sübuta yetirir.
80-ci illərdə A.Xələfovun elmi araşdırmalarının mühüm xarakterik cəhətlərindən biri da onun Azərbaycanda kitabxanaların yaranmasının tarixi köklərinə, ayrı-ayrı mərhələlərdə kitabxanaların tarixi təcrübəsinə müntəzəm müraciət etməsi və bu zaman kitabxanaların inkişafını Azərbaycan xalqının mənəvi mədəniyyətinin inkişafı ilə sıx əlaqədə öyrənməsi, varislik məsələsini diqqətdə saxlamasıdır.
1986-cı ildə Sovet İttifaqında ilk dəfə nəşr edilmiş “Kitabxana işçisinin məlumat kitabı” həqiqətən kitabxana işçilərinin masaüstü kitabına çevrildi ki, bu nəşrin müəlliflərindən biri də A.Xələfov idi.
XX əsrin 90-cı illərində kitabxana işinin tarixi, nəzəriyyəsi və metodikası sahəsində A.Xələfovun elmi-tədqiqat fəaliyyəti Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi şəraitində keyfiyyətcə yeni tarixi biçimdə meydana çıxır. Abuzər Xələfov bu illərdə özünün çoxsahəli elmi və pedaqoji fəaliyyətini Azərbaycanda hüquqi, demokratik cəmiyyət quruculuğu şəraitində siyasi plüralizmin, informasiya azadlığının, milli və ümumbəşəri dəyərlərin ilkinliyinin nəzərə alınması əsasında kitabxana xidmətinin təşkilinin metodik problemləri ilə, şəxsiyyətin və bütövlükdə cəmiyyətin intellektual və mənəvi inkişafında kitabxanaların rolu ilə sıx şəkildə bağlayır.
Alimin “Müasir şəraitdə kitabxana işinin nəzəri və təcrübi metodoloji əsasları haqqında”, “Müasir dövrdə kitabxanaların sosial funksiyaları” və başqa konseptual məqalələrində cəmiyyətdə baş verən sosial-iqtisadi və mədəni proseslərin elmi şəkildə dərk edilməsi əsasında Azərbaycanda kitabxana işinin nəzəriyyə və təcrübəsinin inkişaf konsepsiyası hazırlanmışdır ki, bu da yeni cəmiyyətin reallıqlarını özündə hərtərəfli əks etdirir.
Sovet hakimiyyəti dövründə ölkədə kitabxana işinin inkişafının bir sıra cəhətlərini tənqid edən, bunların informasiya təminatında oxucuların hüquq və azadlıqlarının məhdudlaşdırılması, kitabxanaların fəaliyyətində birtərəfli partiya və ideoloji istiqamət götürülməsi, kitabxana işinin idarə edilməsində inzibati-amirlik metodlarından istifadə olunması ilə bağlı olduğunu vurğulayan müəllif, bununla yanaşı, ötən illərdə qazanılmış uğurların nəzərə alınmasına etinasızlıq göstərilməsi barədə də xəbərdarlıq edir. Alimin fikrincə, tarixə məhəl qoymamaq, onu qiymətdən salmaq, gələcəkdə onun ən dəyərli və faydalı cəhətlərini götürməmək ən bağışlanılmaz səhv olur.
XXI əsrin əvvəllərində “Kitabxanaşünaslığın nəzəri əsasları” və “Kitabxana haqqında təlim” adlı 2 hissədən ibarət “Kitabxanaşünaslığa giriş” dərsliyinin çapdan çıxması A.Xələfovun elmi fəaliyyətinin zirvəsi sayıla bilər. Bu nəşr Azərbaycanda kitabxanaçılıq təhsili tarixində kitabxanaşünaslığa dair meydana çıxmış ilk dərslikdir.
Dərsliyin məzmunu və mahiyyəti burada araşdırılan problemlərin əhəmiyyəti ilə şərtlənir ki, bu da dünyada müasir kitabxana-informasiya proseslərinin nəzəriyyə və təcrübəsi üçün olduqca vacibdir. Kitabda kitabxanaşünaslıq fikrinin inkişaf tarixinin aktual məsələləri, dünya informasiya məkanında kitabxanaların elmi, informasiya və sosial-mədəni missiyası da tədqiq edilmişdir.
Kitabxanaşünaslığı kitabxana-informasiya proseslərinin və sosial kommunikasiyaların qanunauyğunluqları haqqında elm kimi şərh edən müəllif onun inkişafının tarixi və nəzəri cəhətlərini hərtərəfli açıqlayır. Bu baxımdan ilk dəfə işlənmiş “Tarixəqədərki kitabxanaşünaslıq (bizim eradan əvvəl II minilliyin ortalarından XVIII əsrə qədər) fikrinin meydana gəlməsi və inkişafı”, "XIX əsrdə kitabxanaşünaslığın inkişafı”, “XX əsrdə kitabxanaşünaslığın inkişafı”, “Azərbaycanda kitabxanaşünaslıq fikrinin təşəkkülü və inkişafı (ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər)”, “Azərbaycanda kitabxanaşünaslığın inkişafı (1920-2000-ci illər)” bölmələri xüsusilə qiymətlidir. Bu əsərdə kitabxanaşünaslığın başqa elmlərlə qarşılıqlı əlaqəsinin və qarşılıqlı təsirinin sistemli xüsusiyyətlərinin aydınlaşdırılması müəllifin xüsusi xidməti kimi qiymətləndirilə bilər. Sovet kitabxanaşünaslığında lazımi səviyyədə işlənilməmiş bu problemi A.Xələfov “Kitabxanaşünaslıq və fəlsəfə”, “Kitabxanaşünaslıq və sosiologiya”, “Kitabxanaşünaslıq və iqtisadiyyat”, “Kitabxanaşünaslıq və riyaziyyat”, “Kitabxanaşünaslıq və informatika”, “Kitabxanaşünaslıq və psixologiya” adlı yeni bölmələrdə hərtərəfli araşdırmışdır.
Alim “Kitabxanaçılıq informatikası”, “Kitabxanaçılıq pedaqogikası”, “Kitabxanaçılıq psixologiyası”, “Kitabxana iqtisadiyyatı”, “Kitabxanaçı peşəsi” kimi kitabxanaşünaslıq sahələrinin formalaşmasına, həmçinin kitabxanaçı kadrların hazırlığının ixtisaslaşdırılmasına, geniş profilli kitabxana işçilərinin hazırlanmasına dair perspektivli ideya və təkliflər vermişdir. Bu isə öz növbəsində Bakı Dövlət Universitetində yeni ali təhsil sisteminin - bakalavriatura və magistratura pillələrinin əsasını təşkil etmişdir. O, eyni zamanda BDU-da kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və informatika üzrə bakalavr və magistr təhsilinin təşkilatçısı, bu istiqamətlər üzrə ixtisas fənlərinə dair tədris plan və proqramlarının əsas müəlliflərindən biridir.
Ölkəmizdə mədəniyyət və kitabxana işi quruculuğunun tarixi problemləri, kitabxanaşünaslığın nəzəriyyəsi və metodologiyası, ali kitabxanaçılıq-biblioqrafiya təhsili məsələləri, habelə kitabxana işi nəzəriyyəsi və bir sıra digər aktual elmi problemlər A.Xələfovun elmi araşdırmalarının özəyini təşkil edir. Alimin bütövlükdə milli mədəniyyətşünaslıq və kitabxanaçılıq elmi və təcrübəsi üçün mühüm əhəmiyyət kəsb edən sanballı əsərləri məhz həmin uğurlu elmi tədqiqatların parlaq nəticələridir.
A.Xələfovun elmi tədqiqat fəaliyyətində humanitar elm kimi kitabxanaşünaslığın ümumnəzəri və metodoloji problemlərinin işlənilməsi, kitabxanaların sosial funksiyalarının inkişafının araşdırılması, cəmiyyətin intellektual inkişafı prosesində, insanların mədəni-mənəvi tərbiyəsində, təhsil prosesində kitabxanaların rolunun öyrənilməsi çox böyük yer tutur. Alimin “Kitabxanaşünaslığa giriş” adlı 2 cildlik sanballı monoqrafiyasında bütün bu məsələlər yüksək elmi səviyyədə ümumiləşdirilmişdir.
Professor A.Xələfovun 2006-cı ildə nəşr etdirdiyi “XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar)” monoqrafiyası müstəqillik illərində Azərbaycanda kitabxanaşünaslıq fikri sahəsində mühüm mərhələdir. Həmin monoqrafiyada dünyada və Azərbaycanda kitabxanaşünaslıq fikrinin inkişaf tarixi, kitabxanaşünaslığın nəzəriyyə, metodologiya və metodikasının əsasları, elmlər sistemində kitabxanaşünaslığın yeri, kitabxanaların bir sistem kimi struktur xarakteristikası, kitabxanaların tipologiyası, kitabxanaçılıq peşəsinin, bir sözlə, kitabxanaşünaslıq elminin inkişaf problemləri və müasir vəziyyəti və s. kimi aktual məsələlər əhatə olunmuşdur.
A.Xələfovun elmi araşdırmalarında Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur. Onun “Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı”, “Azərbaycanda ali kitabxanaçılıq təhsili” kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin, yüksəkixtisaslı mütəxəssislər hazırlanmasının konseptual cəhətdən həllinə ciddi təsir göstərmişdir.
XXI əsrin əvvəllərində Abuzər Xələfovun xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli töhfələrindən biri də 2004-2010-cü illərdə çap etdirdiyi 3 cildlik “Azərbaycanda kitabxana işinin tarixi” adlı dərslik olmuşdur. Həmin dərslik ölkəmizdə kitabxana işi tarixinin ən qədim dövrlərdən XXI əsrin əvvəllərinə qədərki dövrünü əhatə edir.
A.Xələfovun son 10 il ərzində apardığı tədqiqatlar nəticəsində Azərbaycanın müstəqilliyi şəraitində ölkədə kitabxana-informasiya fəaliyyətinin strateji istiqamətləri, informasiya cəmiyyətinin vəzifələrinə uyğun yeniləşməsi, kitabxanaşünas-biblioqraf peşəsinin yeni keyfiyyətləri və s. məsələlər ətraflı şərh edilmişdir.
Son illərdə A.Xələfovun elmi-tədqiqat istiqamətlərindən biri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafındakı xidmətlərinin təhlili, onun nəzəri irsinin kitabxanalarda təbliği məsələləri təşkil etmişdir. Onun 2006-cı ildə çapdan çıxmış “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı fundamental monoqrafiyası mühüm tarixi elmi əsər kimi mütəxəssislərin diqqətini cəlb etmiş, həm elmi nəşrlərdə, həm də kütləvi informasiya vasitələrində çox yüksək qiymətləndirilərək, müəllifinə şöhrət qazandırmışdır.
Professor A.Xələfov kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində mütəxəssis elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynamışdır. O, Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi elmi məktəb yaratmış, 20-dək elmlər doktoru və fəlsəfə doktoru dissertasiyası onun elmi rəhbərliyi ilə müdafiə edilmişdir. Tanınmış alim eyni zamanda 25 alimin hazırlanmasında elmi məsləhətçi və ya opponent kimi xüsusi fəallıq göstərmişdir.
Professor A.Xələfov uzun illər ərzində Moskva şəhərində fəaliyyət göstərmiş doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də səmərəli fəaliyyət göstərmişdir.
A.Xələfovun tədqiqatları Azərbaycanın mədəniyyət tarixinin müəyyən sahələrini öyrənmək baxımından çox qiymətlidir. Onun tədqiqatlarında qədim dövrlərdən başlayaraq bu günümüzədək Azərbaycanda kitabxanaşünaslığın keçdiyi inkişaf yolu öyrənilmiş, bu inkişafa təkan verən alimlərin fəaliyyəti araşdırılmış, qarşıdakı perspektivlər müəyyənləşdirilmişdir. Alim kitabxana işinin tarixi ilə bağlı təcrübəni öyrənməklə yanaşı, inkişafın qanunauyğunluqlarını müəyyənləşdirmiş, fakt və dəlilləri dövrün ictimai-siyasi hadisələri fonunda, tarixilik və elmilik prinsiplərinin tələbləri baxımından qiymətləndirmiş, müasir dövrdə kitabxana işinin təşkili və kitabxanaşünaslıq elmi ilə bağlı dəyərli fikirlər söyləmiş, nəzəri konsepsiyalar irəli sürmüşdür.
Ömrünün böyük hissəsini yaradıcısı olduğu fakültənin inkişafına, müasir tələblərə cavab verən kitabxanaçı kadrların hazırlanması işinə həsr etmiş alim haqlı olaraq respublikamızda çalışan 5 mindən artıq yüksəkixtisaslı kadrlar ordusunun müəllimi adlandırılır. Bu gün Azərbaycanda kitabxanaçı kadrların orta nəslinin elə bir nümayəndəsi tapılmaz ki, o, “Professor Abuzər Xələfovun məktəbi”ni keçməmiş olsun, onun mühazirələrindən, dərsliklərindən bəhrələnməmiş olsun. Alimin yarım əsrdən çox elmi, ictimai və pedaqoji fəaliyyəti dövründə yetişmiş minlərlə yüksəkixtisaslı kitabxanaçı kadr hazırda mədəniyyətimizin inkişafına xidmət edir.
Azərbaycanın görkəmli şəxsiyyətləri öz elmi və publisistik məqalələrində, məruzə və çıxışlarında milli elmimizin, təhsilimizin və mədəniyyətimizin inkişafına, kadr hazırlığına özünəməxsus töhfələr vermiş əməkdar elm xadimi, tarix elmləri doktoru, professor A.Xələfovun xidmətlərini yüksək qiymətləndirirlər.
Ayrı-ayrı səlahiyyət və məqam sahiblərinin ustad haqqında düşüncələri bu böyük şəxsiyyətin əsasən alimlik və müdriklik xüsusiyyətlərinin araşdırılması baxımından seçilir. Əlbəttə, bu qoşa qanadın konkret faktlar timsalında ümumiləşdirilməsi, sistemləşdirilməsi və qiymətləndirilməsi ağsaqqal alimimizin zəngin tale yolunun öyrənilməsi cəhətdən çox təqdirəlayiqdir.
BDU-nun rektoru, əməkdar elm xadimi, akademik Abel Məhərrəmov onu belə xarakterizə edir: “Abuzər müəllimin çox zəngin irsi vardır və ondan gənc alimlər, tələbələr zaman-zaman faydalanacaqlar. Abuzər müəllimin yazdığı dərslik, dərs vəsaiti, tədris metodik vəsaitləri hər zaman aktual olacaq, dövrlə, zamanla səsləşəcəkdir. Çünki bu əsərlərin bir ucu tarixi ənənələrə söykənirsə, o biri ucu bugünkü həyatın axarına uyğundur. Yeniliyə, müasirləşməyə səsləyən hər bir yaradıcı əmək heç vaxt təsirsiz qalmaz”.
Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin fikri də çox maraqlıdır: “Abuzər müəllim dinimizin qayda-qanunlarını gözəl bilən, onlara riayət edən bir insandır. Abuzər müəllim dinin yarısı olan insafı heç bir zaman əldən verməyən mömin bir müsəlmandır. Mən bir çox prinsipial məsələlərdə dəfələrlə bunun şahidi olmuşam. Allahın evini - müqəddəs Kəbəni ziyarət etmiş bir Hacı kimi özünün ibrətamiz söhbətləri, gözəl məsləhətləri ilə gəncliyimiz arasında inam, vətənpərvərlik hisslərinin qüvvətlənməsi işində fəal rol oynayır”.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov qeyd edir ki, professor Abuzər Xələfov universitetdə və respublikada təkcə kitabxanaşünas-alim kimi deyil, həm də yüksək səviyyəli şəxsiyyət və ictimai elmləri dərindən bilən ictimai xadim kimi tanınır. O, universitetin və bütövlükdə respublikamızın elmi, mədəni və ictimai həyatında böyük rol oynayır.
Əmək və müharibə veteranı olan professor A.Xələfovun Vətən və cəmiyyət qarşısındakı, elm, mədəniyyət və təhsilin inkişafındakı xidmətləri dövlət orqanlarının və bir sıra ictimai təşkilatların xüsusi mükafatları, medalları və fəxri fərmanları ilə dəyərləndirilmişdir. Belə ki, o, 1969-cu ildə kadr hazırlığı sahəsində xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi”, 2001-ci ildə isə kitabxanaşünaslıq elminin inkişafında böyük xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüş ilk kitabxanaşünas alimdir.
Görkəmli alim A.Xələfov 2000-ci ildə BDU-nun 80 illiyi münasibətilə elm və təhsil sahələrindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycanda milli kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq təhsilinin təşkilatçılarından və müstəqil kitabxanaçılıq fakültəsinin yaradıcılarından biri, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi respublikamızda və ölkəmizin sərhədlərindən uzaqlarda çox yaxşı tanınan professor Abuzər Xələfovun mənalı ömür yolu nəsillərə nümunədir.
Bu gün Abuzər Xələfov ömrünün müdriklik çağlarını yaşayır. İnanırıq ki, görkəmli alimimiz bundan sonra da kitabxanaşünaslıq elmini özünün yeni-yeni sanballı əsərləri ilə daha da zənginləşdirəcəkdir. Bu yolda ona möhkəm cansağlığı və bütün işlərində uğurlar arzulayırıq!

Knyaz ASLAN,
Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
Nadir İSMAYILOV,
biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
 

yuxarı ⤴