|
Azərbaycan Rəssamlar İttifaqında “Dostluğun sehri” devizi
altında I Beynəlxalq uşaq rəsm müsabiqəsinin sərgisi keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhər Uşaq Yaradıcılıq
Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və özəl
qurumların, qeyri-hökumət təşkilatlarının, xarici ölkələrin Azərbaycandakı
səfirliklərinin nümayəndələri iştirak ediblər.
Müsabiqənin nəticələrinə əsasən 480 rəsm əsərindən 90-ı I, II, III, 26 rəsm
işi isə həvəsləndirici yerlərə layiq görülüb.
Müsabiqəyə Azərbaycan, Türkiyə, Ukrayna, Belarus, Moldova, Latviya,
Qazaxıstan, Bolqarıstan, Çexiya, Misir, Bosniya və Herseqovinadan olan gənc
rəssamlar qoşulub.
Sərgidə gənc rəssamların 200-ə qədər rəsm işi nümayiş olunub.
Qaliblər medal və diplomlarla təltif ediliblər.
Tədbirin bədii hissəsində Uşaq Yaradıcılıq Mərkəzinin bədii kollektivləri
dünya xalqlarının rəqslərindən ibarət “Dostluq çələngi” adlı kompozisiya ilə
çıxış ediblər.
|