1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 
Ana dilimizi qoruya bilirikmi?
17.12.2016/№49

 

 


Ana dili hər bir xalqın milli sərvətidir. Dil eyni zamanda xalqın mövcudluğunun əsas göstəricisidir. Məhz buna görə də dilin qorunması, saflığı uğrunda mübarizə, onun daha da inkişaf etdirilməsi bütün zamanlarda aktual məsələ olub. Qloballaşmanın milli dillərə, milli mədəniyyətlərə təhlükə yaratdığı müasir dövrdə isə bu aktuallıq daha da artıb. Bütün bunlar dünyada 50 milyon insanın ana dili olan Azərbaycan dilinə də aiddir. Müxtəlif dövrlərdə dilimizin qorunması, inkişafı ilə bağlı ölkəmizdə xeyli işlər görülmüşdür. Hələ Sovet dönəmində SSRİ-nin tərkibində olan bəzi xalqlar milli dil məsələsinə diqqət yetirməsələr də ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycanda hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev dilimizin inkişafına, dövlət dili kimi işlədilməsinə xüsusi önəm verirdi. O deyirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Ulu öndərin 1969-cu ildə BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında Azərbaycan dilində çıxış etməsi rus dilinin dövlət dili kimi işləndiyi bir zamanda onun dilimizə necə böyük dəyər verməsinin parlaq təzahürü idi. Ümumiyyətlə, ölkəmizdə dil siyasətinin formalaşdırılması, ana dilimizin dövlət dili kimi tətbiqinin təkmilləşdirilməsi, milli həmrəyliyimizin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun artması ulu öndərimizin adı ilə sıx bağlıdır. Onun rəhbərliyi altında müstəqilliyimizin ilk illərindən başlayaraq dövlət səviyyəsində dilimizin inkişafına yönəlik bir sıra addımlar atılıb. 1995-ci ildə qəbul olunan Azərbaycanın ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub. 2001-ci il 18 iyun tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il 9 avqust tarixində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar imzalanıb. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul olunub.
Ulu öndərin dil siyasəti onun siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin bu istiqamətdə atdığı addımlar -12 yanvar 2004-cü il tarixində imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam, 23 may 2012-ci il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam və 9 aprel 2013-cü il tarixli sərəncamla sözügedən Dövlət Proqramının təsdiqi buna əyani sübutdur. Bu sənədlərin icrası gedişində dilimizin inkişafı istiqamətində xeyli işlər görülüb. Bütün bunlara baxmayaraq, hazırda dilimizin işlənməsi ilə bağlı bəzi problemlər hələ də mövcuddur. Son illər İKT-nin sürətli inkişafı ilə əlaqədar dilimizə çoxlu sayda sözün (məsələn, sms, votsap, skayp, instaqram, premium və s.) keçməsi, hələ tam vətəndaşlıq hüququ almayan bu sözlərin necə gəldi işlənməsi, reklamların bərbad vəziyyətdə olan dili, mətbuatda, xüsusən, saytlarda dilimizin orfoqrafiya qaydalarına əməl olunmaması, mövcud “Azərbaycan dilinin orfoqrafiya lügəti”ndə özünü göstərən çatışmazlıqlar buna misal ola bilər. Qeyd etmək lazımdır ki, dilin təmizliyinin keşiyində durmaq təkcə dövlətin işi deyil. Bu həm də bilavasitə bu məsələlərlə məşğul olan qurumların vəzifəsi, vətəndaşların mənəvi borcudur. Bəs, onlar bu vəzifələrin öhdəsindən necə gəlirlər? Ümumiyyətlə, mövcud problemlər nədən yaranıb? Onları necə aradan qaldırmaq olar? Bu suallar ətrafında mütəxəssislərin fikirlərini öyrəndik.


Sayalı Sadıqova, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini:
- Dilimizin qorunması məni də çox düşündürür. Fərqindəyəm ki, dilimiz daha çox alınma sözlərin yeri gəldi-gəlmədi işlənməsi hesabına korlanır. Alınma söz o zaman işlədilməlidir ki, fikrin dəqiq ifadəsi üçün bu sözə, həqiqətən, kəskin ehtiyac olsun, milli dilin lüğət tərkibində müvafiq məfhumu, anlayışı ifadə edən termin, söz olmasın. Bu qayda gözlənilməyəndə dilin və nitqin pozulmasına gətirib çıxarır. İndi biz qəzet səhifələrində, teleradio verilişlərində, reklam materiallarında, xüsusən çoxsaylı dublyaj filmlərində, demək olar ki, hər gün yeni söz və ifadələrə rast gəlirik. Təəssüf ki, həm qəzet müxbirlərinin yazılarında, həm də teleaparıcıların, verilişə dəvət olunmuş şəxslərin çıxışlarında da özünü göstərən belə alınmaların mənası geniş auditoriya üçün aydın olmur. Belə olduqda dolaşıqlıq yaranır, fikir aydın çatdırılmır, bəzən də yanlış olaraq bir termin müxtəlif mənada çatdırılır. Ona görə də alınma söz mətbuatda ilk dəfə işləndikdə onun, qısa olsa da, izahı və dilimizdəki qarşılığı verilməlidir.
Dilimizə daxil olan yeni anlayışları yalnız dilin daxili imkanlarından istifadə etməklə adlandırmaq qeyri-mümkündür. Dilin daxili imkanları əsasında, bu dilin söz yaradıcılığı üsulları ilə müəyyən anlayışın ifadəsi üçün müvafiq termin yaratmaq mümkün olmadıqda başqa dildən həmin anlayışı ifadə edən terminin hazır şəkildə alınıb işlənməsi zərurətə çevrilir.
Milli termin yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır. Bu, terminlərin asan başa düşülməsinə, tələffüzünə, tez yadda qalmasına, termin yaradıcılıq prosesinə müsbət təsir edir. Xüsusən, ümumxalq dili termin yaradıcılığı üçün münbit mənbə sayılmalıdır.
Müstəqillik illərində terminologiyaya alınma terminlərin daxil olması prosesi davam etməkdədir. Bu, təbii bir axındır. Terminoloji yeniləşmə, lüğət tərkibinin inkişafı elmi-texniki tərəqqi, ictimai-siyasi və iqtisadi yeniləşmə, ölkələrarası beynəlxalq əlaqələrlə birbaşa bağlıdır. Belə ki, dünyaya inteqrasiya, ictimai-siyasi yeniləşmə bir çox anlayışların, məfhumların və onları ifadə edən yeni terminlərin meydana gəlməsi ilə nəticələnir. Ona görə də, müasir dövrdə terminologiyanın ən əsas problemlərindən biri ictimai-siyasi həyatı, situasiyaları, bir sözlə, ölkə daxilində baş verən prosesləri özündə əks etdirən söz və terminlərin yaradılmasıdır.
Müasir dövrdə kompüter və korporativ şəbəkələrin, xüsusən də qlobal informasiya şəbəkəsinin-internetin yaranması həmin sahədə işlənən terminlərin sayının sürətlə artması, dillərə daxil olması zərurəti doğurub. Odur ki, istər informasiya texnologiyaları, istərsə də digər elm sahələri üzrə həmin yeni anlayışların milli dillər hesabına ifadəsi və terminin yaradılması mümkün olmadıqda alınmalara müraciət edilir.
Sözsüz ki, elmi kəşflərin meydana gəldiyi coğrafi məkanın dili-morfem və leksemləri terminin yaranmasında əsas rol oynayır. Yeni elm sahələrinə məxsus terminlərin əsas hissəsi isə yarandığı ölkənin dilindən alınır. Aydındır ki, bu zaman alınma terminlər mənsub olduğu dilin elementlərini, morfem və fonetik xüsusiyyətlərini də dilimizə gətirir. Ahəng qanununun pozulması, ön şəkilçilərin işlənməsi, quruluşca düzəltmə sözlərdə kökün müstəqil işlənə bilməməsi kimi xüsusiyyətlər başqa dillərdən keçən terminlərin vasitəsilə dilimizə daxil olur. Bununla yanaşı, alınma terminlər fonetik və qrammatik cəhətdən dilin qrammatik qayda-qanunlarına uyğunlaşdırılır.
Beynəlxalq əlaqələrin inkişafı, dünya elminə inteqrasiya terminologiyanın zənginləşməsinə səbəb olur. Başqa ölkələrlə iqtisadi, siyasi, mədəni əlaqələrin artması yeni yaranan terminlərin dilimizin lüğət tərkibinə daxil olmasını sürətləndirmişdir. Bu cür alınmaların miqdarı son illərdə çoxalmış, ayrı-ayrı lüğətlərdə, mətbuat dilində istifadə dairəsi genişlənmişdir. Xüsusilə, iqtisadiyyatla bağlı bank, menecer, menecment, tender; kompüterlə bağlı sayt, fayl, disk, elektrofaks, teletayp terminləri artıq ümumişləklik qazanmışdır. Elə alınma terminlər də var ki, dilə daxil olsa da, bir müddət sonra dilin özündə olan terminlərlə - kserokopiya-üzçıxarma, auksion-hərrac, dublikat-ikinci nüsxə, embarqo-qadağa, konsensus-yekdillik paralel işlənir. Çox vaxt inkişaf prosesində milli terminlərlə alınma terminlərin belə paralelliyi alınmanın dildən sıxışdırılıb çıxarılması ilə nəticələnir. Məsələn, monolinqvizm - birdillilik; monosemantik - təkmənalı; kvantitativ-kəmiyyət və s. Bütün bunlar dilə ağırlıq gətirir və dildə paralellərin yaranmasına səbəb olur. Ona görə də alınma və beynəlmiləl termin axını - dilə daxil olan terminlərin tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır. Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsi Azərbaycan dilinin terminoloji arealını müasir metodlarla zənginləşməsini zəruri edir. Bu nəzərə alınaraq Terminologiya Komissiyasının veb-portalı yaradılmışdır. Azərbaycan terminologiyası veb-portalının yaradılmasında əsas məqsəd dilimizdə olan mövcud terminoloji lüğətləri ilk dəfə olaraq vahid mərkəzə toplamaq, elmin-texnikanın müxtəlif sahələrində çalışanlara terminlərin izahını və müxtəlif dillərdə qarşılığını asanlıqla əldə etməyə yardımçı olmaq, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini, o cümlədən xaricdə yaşayan soydaşlarımızı cəlb etməkdir.
Orfoqrafiya lüğətindəki çatışmazlıqlara gəldikdə isə etiraf edim ki, orfoqrafiya lüğətində alınmaların, mürəkkəb sözlərin yazılışında prinsiplər pozulmuşdur. Məsələn, orfoqrafiya lüğətində “sanatori” (s.583) şəklində yazılan söz “sanatoriya” şəklində tələffüz olunur, elə o şəkildə də yazılmalıdır. Deməli, alınmaların yazılmasında fonetik prinsip əsas götürülməlidir. Bu prinsip alınmaların dilin daxilində nizama salınmasında, dilə gətirilmiş “yad” strukturlu sözlərin assimilyasiyasında mühüm rol oynayır. Ona görə də dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması ən aktual məsələlərdəndir. Daim inkişafda, zənginləşməkdə olan dilin lüğət tərkibində baş vermiş yeniliklər yeni orfoqrafiya prinsiplərinin hazırlanmasını zəruri edir. Dilin sonrakı inkişafı prosesində də dilə daxil olan alınmaların mənimsənilməsinə imkan yaradan qrammatik qanunvericilik hazırlanmalıdır ki, onların dəqiq yazılışı professionallıqla həll edilə bilsin.


Buludxan Xəlilov, filologiya elmləri doktoru, professor:
- Dil millətin qürur yeri, qürur mənbəyidir. Bu qürura söykənməklə, bu qürur vasitəsilə yazıçılarımız, şairlərimiz tarixə düşüblər. Bizim hər birimiz indi onları oxuyur və öyrənirik. Dil olmasaydı, bu, müşkül bir işə çevrilərdi. Dil öz qüruru, daxili potensialı və imkanları ilə, eləcə də qayda-qanunları, ahəngi ilə şairləri, yazıçıları nəsildən-nəslə tanıdıb, ədəbiyyat tariximizin şanlı səhifəsini yaradıbdır. Ona görə də bu dilin qayda-qanunlarını pozmaq, daxili ahənginə xələl yetirmək dilin qüruruna müdaxilə etməkdir. Həm də dilin qüruru ilə oynamaq, dilin qürurunu aşağılamaq, dilin qüruruna toxunmaq, ən başlıcası, dilin qürurunu sındırmaqdır.
Bəzən kütləvi informasiya vasitələrinin bir qismində dilin hüquqlarını tapdalamaqla, onun qayda-qanunlarını korlamaqla məşğul olurlar. Çap olunan bəzi yazılarda, müsahibələrdə, televiziya və radio çıxışlarında dili korlayanları görməmək mümkün deyildir. Bu, artıq dildə xoşagəlməz bir meyilə çevrilibdir. Bir sözlə, Azərbaycan dilini bəzi kütləvi informasiya vasitələri səliqəsiz bir şəkildə təqdim edirlər. Dildə bu cür meyilləri yaradanlar internet portallarında da fəallaşıblar. Əksər vaxtlar internet portallarında hər gün dil qətl olunur. Burada nəzarət mexanizmi o qədər itibdir ki, dil zəlil, şikəst bir vəziyyət alıbdır. Hətta qəzet, jurnal, radio və televiziya ilə müqayisədə internet portallarında dilin vəziyyəti daha acınacaqlıdır. İnternet portallarında dilin qayda-qanunlarının pozulması və məzmunsuz yazışmaların baş alıb getməsi adiləşibdir. Bu cür meyillərin gün-gündən çoxalması dilin özünəməxsusluğunu, ruhunu əlindən alır, həm də qüsurlu bir dil formalaşdırır. Qeyd edək ki, internet portallarında cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, o cümlədən ziyalılar fəaliyyət göstərir. Ancaq ziyalıların bəziləri öz yazılarında dilin qayda-qanunlarının keşiyində dayanmırlar. Belə olan təqdirdə Azərbaycan dilinin qayda-qanunlarını qorumaq ictimai məsuliyyətə çevrilmir və buna görə də ictimaiyyətin hər bir üzvünün marağında olmur. Nəticədə internet portallarında Azərbaycan dilinin təəssübkeşliyi çəkilmir, qayda-qanunlarının qorunması məsuliyyətə, vətəndaşlığa çevrilə bilmir. Bizə görə, dilin qayda-qanunlarını qorumaq üçün internet portallarında peşəkar redaktorlara ehtiyac vardır. Həmin peşəkar redaktorlar saytlardakı materialların dilini nəzarətə götürməlidir. Qeyd edək ki, bir sıra nəşriyyatlarda peşəkar redaktorların, korrektorların olmadığı bir vaxtda, təbii ki, internet portallarında redaktorların, korrektorların olması barədə çoxları düşünmür və düşünmək də istəmir. Odur ki, biz dilimizin təmizliyi uğrunda mübarizənin vacib tərəflərini aşağıdakıları hesab edirik:
1. İctimaiyyətin hər bir üzvü dilin keşiyində dayanmalıdır;
2. Dilə laqeyd münasibət bəsləyənlərə qarşı ictimai rəyi ifadə edən vasitələr formalaşmalıdır;
3. Dilin lazımi səviyyədə qorunması üçün “Azərbaycan Dilçilər Birliyi”nin yaranmasına və onun regionlarda olacaq nümayəndələrinə böyük ehtiyac vardır. “Azərbaycan Dilçilər Birliyi” Nəsimi adına Dilçilik İnstitutunun və müvafiq ali məktəblərdəki mütəxəssislərin görəcəkləri işə qarışmadan dilin lüğət tərkibinin, qrammatik quruluşunun praktik cəhətdən öyrənilməsi istiqamətində öz fəaliyyətini qurmalıdır;
4. Necə istəyirsə, elə də danışan qeyri-peşəkar radio və televiziya aparıcılarının fəliyyətinə ciddi nəzarət mexanizmi yaradılmalıdır;
5. Dili öyrətmək metodikası dəyişməli, müasir dünyanın qəbul etdiyi dil öyrətmək metodları tətbiq olunmalıdır.
Son illər iqtisadi, siyasi, elmi, mədəni inkişafla bağlı olaraq dilimizə xeyli sözlər daxil olubdur. Ancaq həmin sözlərin unifikasiyası məsələsi daha vacibdir. Yəni, həmin sözlərin vahid qaydada yazılması məsələsi elmi şəkildə həll edilməlidir. Təəssüflər olsun ki, bəzən belə bir ciddi məsələ müzakirə obyekti olmur, müzakirədən keçməyən qərarlar və rəylər əsasında öz yazılış qaydasını lüğətdə əks etdirir. Bizcə, dilin lüğət tərkibinə daxil olan sözlərin orfoqrafiyası geniş şəkildə mütəxəssislər tərəfindən müzakirə olunmalıdır. Belə müzakirələr olarsa, dilin lüğət tərkibinə daxil olan yeni sözlərin orfoqrafiyası mübahisə mövzusu ola bilməz. Bu mənada ling, votsap, skayp və s. kimi sözlərin orfoqrafiyası da dilimizin qayda-qanunlarına uyğunlaşmır. Ona görə ki, belə sözlərin orfoqrafiyası mütəxəssislər tərəfindən müzakirə olunmadan həll olunubdur.
Orfoqrafiya məsələsi hər bir mədəni xalqın yazısında mühüm tələblərdən biridir. İndiyə qədər ölkəmizdə altı dəfə orfoqrafiya lüğəti çap olunmuşdur: 1929, 1940, 1960, 1975, 2004 və 2013-cü illərdə. Bu “Orfoqrafiya lüğətləri”nin hər biri özündən əvvəlki nəşrdən ehtiva etdiyi sözlərin sayı baxımından fərqlənir. Belə ki, lüğətin həcminin genişlənməsi zamanla və onun tələbi ilə bağlıdır. Bu mənada 2013-cü ildə çap olunmuş “Orfoqrafiya lüğəti”ndə 110 min 563 söz vardır. Bu sözlər imkan daxilində son illərdə dilimizə daxil olan yeni sözləri də əhatə edə bilir. Ancaq həyat o qədər dəyişir, inkişaf edir ki, dilimizə daxil olan sözlərin hamısını çap olunmuş orfoqrafiya lüğətləri əks etdirə bilmir. Həm də “Orfoqrafiya lüğəti”nin məqsədi o deyil ki, bütün sözlər lüğətdə əks olunsun. “Orfoqrafiya lüğəti”nin əsas məqsədi yazılışı çətin olan sözlərin yazılış qaydasını tənzimləməkdir. O ki qaldı 2013-cü ildə çap olunmuş “Orfoqrafiya lüğəti”nə, qeyd edək ki, bu lüğət barədə fikirlər birmənalı deyildir. Bəzən deyilir ki, bu lüğətdə verilən sözlərin sayı çoxdur. Bəzən isə deyilir ki, bu lüğət bütün sözləri əhatə etmir. Nəzərə almaq lazımdır ki, “Orfoqrafiya lüğəti” barədə söz, fikir deyəndə bu lüğətin nəyə xidmət etdiyini bilmək lazımdır. 2013-cü ildə çap olunmuş “Orfoqrafiya lüğəti”nin qüsurları ilə bağlı demək lazımdır ki, ideal “Orfoqrafiya lüğəti” yoxdur. Və bu, inkişafda, dəyişməklə olan cəmiyyətdə heç cür mümkün də deyildir. Ancaq bununla belə, “Orfoqrafiya lüğəti” çap olunmamışdan əvvəl geniş elmi ictimaiyyətin müzakirəsindən keçərsə, bu, işin xeyrinə ola bilər.


Rafiq İsmayılov, Orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin müəllifi, filologiya üzrə fəlsəfə doktoru:
- Məlumdur ki, son 50 ildə orfoqrafiya lüğətimiz üç dəfə yenilənmiş və hər dəfə lüğətə xeyli miqdarda yeni sözlər əlavə olunmuşdur: 1975-ci il nəşri - 58000 söz, 2004-cü il nəşri - 80000 söz və nəhayət, 2013-cü il nəşri - 110563 söz.
Əlbəttə, dildə sözlərin bu intensivliklə artması qanunauyğun haldır. Elm və texnikanın inkişafı ilə dildə yeni sözlər yaranır, neologizmlər sabitləşərək ümumişlək söz kimi dilin fəal lüğət tərkibinə daxil olur və onlar lüğətlərdə öz əksini tapır. Lakin təəssüf doğuran hal budur ki, son nəşrlərdə dilin lüğət tərkibinin inkişafı dilə daxil olan yeni sözlərin deyil, daha çox lüğət tərtibçilərinin söz yaradıcılığı hesabına baş verir. Məsələn, indiyə kimi söz birləşməsi hesab etdiyimiz bir çox feili və ismi birləşmələr, eləcə də frazeoloji ifadələr lüğətdə mürəkkəb söz kimi təqdim olunmuşdur: canyandırmaq, fasiləsizaxan, ürəklənib-danışmaq və s. Əgər bu, prinsip kimi götürülürsə, onda lüğətə yüz minlərlə, bəlkə də, milyonlarla “yeni söz” əlavə etmək olar. Amma burada vahid prinsip gözlənilmir. Məsələn, niyə “farağatdurmayan” sözü var, amma “farağatduran” yoxdur? Və yaxud əksinə, niyə “kruizəçıxan” var, “kruizəçıxmayan” yoxdur? Ümumiyyətlə, hansı feili birləşmələri indi bitişik yazaraq mürəkkəb söz kimi qəbul etməliyik, hansılar söz birləşməsi kimi qalmalıdır? Məsələn, niyə “farmazonluqedən” var, amma xalçaçılıq termini olan “qonşugözüçatladan” (naxış) yoxdur?
Ayrı yazılan mürəkkəb miqdar saylarından düzəlmiş sıra sayları da bitişik yazılmışdır. Lakin yenə ümumi prinsip yoxdur. Məsələn, lüğətdə dördyüzüncü, altıyüzüncü sözləri verilibsə, yəqin ki, ikiyüzüncü, dördmininci və s. sözlər də öz əksini tapmalı idi. Təəssüf ki, tərtibçilər orfoqrafiya lüğətinə ilk dəfə belə sözlər əlavə etsələr də, lüğətin giriş hissəsində bu qaydanı şərh etməmiş, sadəcə, 2004-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi “Orfoqrafiya qaydaları”nın şərhi ilə kifayətlənmişlər. Lüğət tərtibçiləri sözlərin “bitişdirilməsi” hesabına lüğətə on minlərlə yeni söz əlavə etməkdənsə, kitabın girişində bir neçə yeni qayda təqdim etsəydilər (yəqin ki, Dilçilik İnstitutunun buna səlahiyyəti çatır), daha yaxşı olardı.
Lüğətdə sovet dövrünün mətbuatında epizodik olaraq görünmüş, lakin dilin lüğət tərkibinə daxil olmamış “beşyüzsentnerçi”, “traktorlaşdırılma” kimi sözlər verilir. Bu cür sözlərin yerinə klassik ədəbiyyatımızda işlənən arxaizmlər verilsə idi, daha yaxşı olmazdımı? Axı klassik ədəbiyyatımıza daim müraciət edirik.
Ən pis hal budur ki, son dövrdə mətbuatda və danışıqda çox işlənən və artıq ümumişlək sözə çevrilmiş bir çox sözlər orfoqrafiya lüğətinə salınmır. Məsələn, bir maraqlı fakta diqqət yetirək. ABŞ-ın Merriam-Webster lüğəti 2004-cü ildə “bloq” sözünü ilin sözü elan etmişdi: həmin il bütün dünyada internet-lüğətə ən çox məhz bu anlayışın mənasını bilmək üçün müraciət olunub. Lakin bu söz indiyə qədər bizim lüğətlərdə yer almır.
Mötəbər dövlət qurumu tərəfindən təsdiq olunmuş orfoqrafiya lüğəti sözlərin yazılışı üçün əsas sayılır. Bununla belə, sonuncu orfoqrafiya lüğəti tərtibçilərinin xidmətlərini aşağılamadan deməliyik ki, bu lüğətdəki bir sıra prinsiplərlə və ayrı-ayrı sözlərin yazılışı ilə razılaşa bilmərik.
Orfoqrafiya lüğətlərində Avropa mənşəli alınma sözlərin yazılışında rus dilinin təsiri indiyə kimi özünü göstərir. Nəyə görə “oriyental” (ing. oriental), “pasiyent” (ing. patient), “diyet” (ing. diet), kimi sözlərdə saitlər arasına “y” samiti əlavə olunur? Ona görə ki, rus dilində “e” hərfi “ye” kimi tələffüz olunur? Axı indi bir çox gənclərimiz Avropa dillərini rus dilindən yaxşı bilirlər. Niyə onlar bu sözləri orijinaldakı kimi deyil, rus dilindəki kimi tələffüz etməlidirlər? Fransız dilində “mansard” kimi tələffüz olunan söz də rus dilndəki “mansarda” kimi verilib.
Ədalət naminə deməliyik ki, orfoqrafiya lüğətinin son nəşrində əvvəlki nəşrdə yol verilmiş bir sıra xətalar islah olunmuşdur. Məsələn, “bər-bəzək”, “zir-zibil” kimi sözlər çoxaltma dərəcəli sifət (tərtəmiz və s.) olmadığından morfoloji qaydalara uyğun olaraq defislə yazılıb. 2004-cü il nəşrində “kompyuter” və “superkompüter” sözlərindəki uyğunsuzluq bir çoxlarının etirazına səbəb olmuşdu. Yeni nəşrdə həmin uyğunsuzluq aradan qaldırıldı. Lakin başqa ziddiyyətlər ortaya çıxdı: media - intermediya, anafora - metafor və s.
Sonu “a” ilə bitən sözlərdə elmi yanaşmanı görmək olmur. Hansı məntiqlə “korrektura” sözündə “a” saxlanıldığı halda “karikatur”, “konyunktur” sözləri “a”sız yazılır? Axı əslində, “konyunktur” sifətdir (konyunktur əsər); isim kimi “konyunktura” deyirik. Bundan əlavə, nədənsə “yoq” sözü verilib, “yoqa”dan imtina edilib. Axı bunlar müxtəlif sözlərdir: yoqa təlimin adıdır, yoq isə bu təlimlə məşğul olana deyilir.
Maraqlıdır ki, lüğətdə bir sıra sözlərin törəmələri var, özləri isə yoxdur. Məsələn, toponimika var, toponim yoxdur, defektologiya var, defekt yoxdur, merkantilizm var, merkantil yoxdur. Bəzən də əksinə: söz var, törəmə yoxdur: avanqard var, avanqardizm yoxdur, motiv var, motivasiya yoxdur, politoloq var, politologiya yoxdur.
Bir sıra sözlər də var ki, onların orfoqrafiya lüğətində yer alması qəbuledilməzdir. Məsələn, məlumdur ki, feili sifətlər lüğətlərdə baş söz kimi verilmir. Bununla belə, tərtibçilər lüğətə “faşistləşmiş” sözünü salıblar. Və ya “şərhsiz” sözü var ikən “kommentarisiz” sözünə nə ehtiyac var?
Bir sıra alınma sözlərin yazılışını mənşə dillə müqayisə etsək, düzgün verilmədiyinin şahidi olarıq. Məsələn, “farmasept” yox, “farmasevt”, “distribüter” yox, “distribütor”, “kommivoyajer” yox “kommivoyajor” yazılmalıdır. “Mötəbərlik” sözü ilə yanaşı “mötəbərlilik” sözü də salınıb ki, bu da morfoloji baxımdan düzgün deyil, çünki dilimizdə “lilik” şəkilçisi yoxdur.
Söz yaradıcılığı ilə bağlı qaydaların verilməməsi və vahid prinsipin gözlənilməməsi tədris prosesində orfoqrafiya normalarının öyrədilməsini xeyli çətinləşdirir. Adi vətəndaş isə bir çox sözləri düzgün yazmaq üçün mütləq lüğətə müraciət etməlidir.
Leksikoqrafiya dilçiliyin ən ağır sahələrindən biridir. Orfoqrafiya lüğəti tərtib olunarkən, sözsüz ki, ilk növbədə, dilin lüğət korpusu yaradılmalıdır. Alınma bununla yanaşı, sözlərin Azərbaycan dilinə fonetik adaptasiyası prinsipləri müəyyənləşdirilməlidir. Bunun üçün isə sözlərin etimologiyası, mənşə dildəki orfoqrafiyası və orfoepiyası araşdırılmalıdır. Sözsüz ki, bu işə Azərbaycan dili ilə yanaşı başqa dilləri də bilən mütəxəssislər cəlb olunmalıdır.

Yusif Əliyev, Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴