1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.01.2017

// 14.01.2017



Yaddaqalan görüş
17.12.2016/№49

 

 


Avropa Azərbaycan Məktəbində tanınmış şair və yazıçılar, elm, mədəniyyət xadimləri, nüfuzlu təhsil mütəxəssisləri ilə görüşlər artıq ənənəyə çevrilmişdir. Belə görüşlərdən biri dekabrın 8-də Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla oldu. “Yazıçı ilə görüş” adlı tədbir çərçivəsində baş tutan məclisin təşəbbüsçüsü və təşkilatçısı Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri idi.
Tədbirə hazırlaşarkən şagirdlərlə sorğu aparılmış və onların rəyi nəzərə alınaraq xalq yazıçısı görüşə dəvət olunmuşdu. Anar müəllimlə birgə Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri şair Xəyal Rza da təşrif gətirmişdi.
Tədbiri giriş sözü ilə açaraq qonaqlara xoşgəldin edən Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri H.Şahbəndəyev görüşün sonrakı axarını məktəblilərə həvalə etdi.
IX “a” sinif şagirdi Şahanə Rzayevanın ingilis dilində çıxışından sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Turan Zəkəriyəyeva xalq yazıçısının yaradıcılığı, xüsusən “Sizsiz” romanı haqqında yığcam məlumat verdi. Şagirdlərdən Fatimə Abbasovanın Azərbaycan dilində, Məryəm Əliyevanın rus dilində çıxışları qonaqların və şagirdlərin alqışları ilə qarşılandı.
Ədibin “Yaxşı padşahın nağılı” əsəri əsasında 6-7-ci siniflərdə oxuyan bir qrup şagird tərəfindən təqdim olunan səhnəcik həm əsərin bədii dərki, həm də şagirdlərimizin yaradıcılıq qabiliyyətlərinin nümayişi baxımından olduqca maraqlı təsir bağışladı.
Anarın çoxcəhətli fəaliyyətini əks etdirən filmlərdən fraqmentlər onun kinodramatuq və ssenarilər müəllifi kimi yaradıcılığı barədə şagirdlərin təsəvvürünü genişləndirdi.
Məktəbin musiqi müəllimi Şəfiqə Həsənova tərəfindən Anarın sözlərinə yazılmış “Taksi” mahnısının videoyazısı nümayiş olunanda salon riqqətə gəlmişdi. Mahnının videoyazısını tanınmış müğənni İlqar Muradov səsləndirdi. Şəfiqə xanım yazıçıya mahnının diskini hədiyyə etdi.
Söz Anar müəllimə verildi. Yazıçı şagird və müəllimlərin suallarına əhatəli və səmimi cavablar verdi.
“Açıq dərs” təsiri bağışlayan görüşü AAM-ın İR və kadrlar üzrə direktoru Amalya Sezgin yekunlaşdırdı. O, qonağa şagirdlərə xoş anlar yaşatdığı üçün təşəkkürünü bildirdi.
Sonda yazıçı ilə xatirə şəkilləri çəkdirildi. Qonaq “Xalçaçılıq” klubunda şagirdlər tərəfindən toxunmuş xalçalarla tanış oldu.

Hüseyn ŞAHBƏNDƏYEV,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, əməkdar müəllim
 

yuxarı ⤴