Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
“Qardaşlaşmış məktəblər” layihəsinə daha üç məktəb qoşuldu
17.12.2016/№49

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İl boyu bilik” proqramı çərçivəsində “Qardaşlaşmış məktəblər” layihəsini davam etdirir. Bu günə qədər 47 məktəbin qoşulduğu layihəyə daha 3 məktəb əlavə olunub.
Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu nəzərə alaraq, bu dəfə “Qardaşlaşma sazişi” müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları məktəblər arasında imzalanıb. İmzalanma mərasimi ulu öndər Heydər Əliyevin anım günü ərəfəsi - dekabrın 10-da Şəmkir şəhərində olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə gerçəkləşən “Ölkəmizi tanıyaq” layihəsinin davamı olan “Qardaşlaşmış məktəblər” layihəsi İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəbi, Qəbələ şəhər Nicat Apayev adına 4 nömrəli tam orta məktəbi və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin şagirdlərinin iştirakı ilə həyata keçirilib.
İsmayıllı-Qəbələ-Şəmkir marşrutu üzrə 10-11 dekabr tarixlərində gerçəkləşən layihə çərçivəsində Şəmkir ev sahibi rolunda çıxış edib. Şəmkirli məktəblilər qonaqları Bayraq Meydanında qarşılayıblar. İsmayıllı məktəbindən hapıtlar, Qəbələ məktəbindən ləzgilər, Şəmkir məktəbindən Azərbaycan türkləri birlikdə Əhməd Cavad adına tam orta məktəbdə olub, dahi şairin büstü ətrafında ağac əkiblər. Sonra mərasim məktəbdə davam etdirilib. Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski, Gənc Müəllimlər Birliyinin sədri Hafiz Pənahov, icra hakimiyyətinin nümayəndələri, müəllim və şagirdlərin iştirakı ilə keçirilən görüşdə məktəbin direktoru Səfər Məmmədov rəhbərlik etdiyi təhsil ocağının “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulmasına şərait yaratdığına görə Bilik Fonduna minnətdarlığını bildirib və qonaq şagirdləri Şəmkirdə görməkdən məmnunluğunu ifadə edib. Görüşdə məktəblilərə hədiyyələr təqdim olunub.
Məktəblilər arasında “Qardaşlaşma sazişi” Şəmkir Heydər Əliyev Mərkəzində imzalanıb. İmzalanma mərasimində Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu layihənin mahiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov çıxış edərək, bu qardaşlaşmanın əbədi olacağına əminliyini bildirib. Natiq vurğulayıb ki, Şəmkir qardaşlaşan bütün azərbaycanlılara qucağını açıb. İcra başçısı rayonda aparılan abadlıq-quruculuq işlərindən danışaraq, gələcək nəslin azad, xoşbəxt, rahat yaşaması üçün dövlətin böyük işlər gördüyünü xatırladıb.
İmzalanma mərasimindən sonra məktəbli qonaqların Şəmkir şəhərində ekskursiyası təşkil olunub. Onlar Şəmkir şəhərində yerləşən Kirxaya gediblər. Burada məktəblilərə Kirxa barədə geniş məlumat verilib. Məktəblilər Bayraq Meydanı Muzeyi və Gənclər evi ilə də yaxından tanış olublar. İsmayıllı və Qəbələ məktəbliləri qardaşlaşdıqları şəmkirli şagirdlərin ailələrində qonaq olublar.
Layihənin iştirakçıları Bilik Fondu, Azərbaycan Universiteti və “Hədəf” nəşrlər evinin birgə təşkilatçılığı ilə dekabrın 11-də Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən “Fənlərin dostluğu” Olimpiadasına da qatılıblar.

Bilik Fondunun İnformasiya təminatı sektoru
 

yuxarı ⤴