1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 
Şamaxının görkəmli ziyalılarının layiqli varisi
17.12.2016/№49

 

 


Qədim Şamaxı Azərbaycanın elm, mədəniyyət, sənət beşiyi kimi tarixən maarif fədailəri, xeyriyyəçi insanları, məktəb və mədrəsələrinin açılması və fəaliyyət göstərməsində misilsiz xidmətlər göstərmiş görkəmli ziyalıları ilə fərqlənmişdir. Bütün zamanlarda belə insanlar əməli hərəkətləri ilə xalqın gözündə ucalmış, qəlblərə nur saçaraq öz məsləkləri yolunda yorulmadan çalışmış, əbədiyaşarlıq qazanmışlar. Belə şəxsiyyətləri xalq heç vaxt unutmur.
Həmin ənənələr bu gün də yaşayır. Keçmişini unutmayan, onun milli dəyərlərindən faydalanan, gəncliyin təlim-tərbiyəsinə öz töhfələrini verən, həyat salnaməsinə qızıl imzalarını atan Şamaxı ziyalıları az deyil. Şamaxının belə sayılıb-seçilən ziyalılarından biri də müəllim-pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Vahid Məmmədyar oğlu Xanaliyevdir. Dekabrın 17-də 75 yaşı tamam olan Vahid müəllimin ad günü yalnız ailəsinin, yaxın qohum və dostlarının deyil, həm də Şamaxı ziyalılarının, eləcə də Azərbaycanın bir çox qədirbilən elm adamlarının şad günüdür.
75 il əvvəl - 1941-ci ilin qanlı-qadalı günlərində dünyaya göz açan uşağın adını Vahid qoydular. Onun həyat yolu keşməkeşli olmuşdur. Uşaqlıq illərindən atasızlıq onu ən çətin sınaqlara çəkmiş, yeniyetmə yaşlarından anasına kömək məqsədi ilə ağır zəhmətə qatlaşmışdır.
Vahid Xanaliyev 1958-ci ildə Şamaxıda S.M.Qənizadə adına şəhər 1 nömrəli orta məktəbi əla qiymətlərlə başa vuraraq Bakı şəhərinə üz tutur. 2 il Keşlə maşınqayırma zavodunda çilingər-tornaçı kimi çalışır. 1960-1963-cü illərdə Leninqrad vilayətində və Polşa Xalq Respublikasında hərbi xidmət keçir.
Ali təhsil almaq eşqi ilə alovlanan Vahid Xanaliyev elə sənədlərini Polşadan Bakı şəhərinə - ADU-nun tarıx fakültəsinə göndərir. Hərbi xidmətdən tərxis olunandan sonra o, dərhal Bakıya qayıtsa da, imtahana 1 gün gecikir və qayğıkeş alimlər tərəfindən ümidverici bir tələbə kimi imtahanlara buraxılır, beləliklə arzusuna çatır.
Universitetin məşhur professorları Məlik Orucov, Hətəm Şahmalıyev, Məmməd Orucov, Zülfəli İbrahimov, Mamed Əfəndiyev, Şamil Məmmədbəyli, Səidə İmanzadə, Xəlil Əlimirzəyev, Aslan Atakişiyev, Ramazan Rəhimov, Nurqələm Mikayılov, Vahid Kərimov, xüsusilə elmi rəhbəri olmuş Qaçay Heydərov, opponentlər Əsəd Dilbazov, Qəzənfər İsayevdən 5 il elm, bilik alan Vahid Xanaliyev universiteti fərqlənmə diplomu ilə bitirərək 1967-ci ildə doğma Şamaxıya qayıdır.
Vahid Xanaliyevin Şamaxı şəhər 5 nömrəli orta məktəbdə ilk dəfə sinfə girməsindən ən çox sevinən anası Gülsüm xala olur. 2 il bu təhsil ocağında dərs deyən Vahid müəllim pedaqoji kollektivin dərin hörmətini qazanır, şagirdlərin ən çox sevilən müəllimlərindən olur.
Vahid müəlimin tədqiqatçılıq bacarığı hələ tələbəlik illərindən özünü büruzə vermişdir. Ona görə də universitetin bir çox görkəmli alımləri onu elmi işə cəlb etmək istəyirdi. Bu istək 1969-cu ildə baş verir. Belə ki, Vahid Xanaliyev həmin ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadi tarix kafedrası üzrə əyani aspiranturasına qəbul olunur.
1972-ci ilin fevralında aspiranturanı başa vurduqdan sonra Vahid müəllim ailə vəziyyəti ilə əlaqədar olaraq Şamaxı şəhərinə qayıdır və S.Ə.Şirvani adına Diyarşünaslıq Muzeyinin direktoru təyin olunur. İşlədiyi müddətdə muzeyi yenidən qurur və yeni-yeni eksponatlarla zənginləşdirməyə nail olur.
Daha sonra Vahid müəllimə böyük etimad göstərilərək M.Ə.Sabir adına Pedaqoji Texnikuma direktor göndərilir (1978-1980).
O, sonralar ayrı-ayrı sahələrdə çalışsa da 1991-ci ildən yenidən pedaqoji sahəyə qayıdır. O, 2003-cü ilədək ADPU-nun Şamaxı filialında elmi işlər üzrə prorektor vəzifəsində çalışır. Hazırda filialın müasir tarix kafedrasının dosentidir.
Vahid müəllim pedaqoji fəaliyyətə başladığı dövrdən bir an belə elmi işini dayandırmamış, onlarca elmi-metodik məqalə və tezislərlə dövri mətbuatda çıxış etmişdir. Neçə illər üzərində çalışdığı - “Bakı şəhərinin su təchizatı tarixi (1870-1970-ci illər)” mövzusunda yazdığı dissertasiyasını 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda müvəffəqiyyətlə müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adına layiq görülmüş,1999-cu ildə isə dosent elmi adını almışdır.
Qayğıkeş ata, mehriban baba olan Vahid müəllim ömür-gün yoldaşı Zemfira xanımla dörd qız, bir oğul böyüdərək cəmiyyətə layiqli övladlar bəxş etmişlər. Pedaqoji sahədə çalışan Zemfira xanım, Vahid müəllimin dediyi kimi, təkcə yaxşı ömür-gün yoldaşı, ləyaqətli ana, istəkli nənə yox, həm də ona həyat yollarında arxa-dayaq, mənəvi dəstək olub.
Dahi Üzeyir bəy Hacıbəyli demişdir: “İnsana ömür bağışlanmışdır, doyunca yaşamaq lazımdır. Amma bu dünyadan gərək elə keçəsən ki, sonra arxaya baxıb həsrət çəkməyəsən”.
Vahid müəllim keşməkeşli, çətin, lakin mənalı, örnək ola biləcək 75 illik bir ömür yolu keçib. Yetmiş beş yaş zirvə deyil, qarşıda səksən, doxsan, yüzün müjdəsi var. Bu müqəddəs yolda Vahid müəllimə möhkəm cansağlığı, uğurlar arzulayırıq.

Eyvaz EMİNALIYEV,
Şamaxı RTŞ-ın müdiri, filologiya üzrə fəlsəfə doktoru,
Ədalət MƏMMƏDOV,
Metodik kabinetin müdiri, qabaqcıl təhsil işçisi
 

yuxarı ⤴