1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

Rektor danışır
“Müsbət tendensiyaları inkişaf etdirmək cəmiyyətin işidir”
22.12.2017 / No49


 

 

 


Cəfər Cəfərov: “Görüləcək işlərimiz həyata keçirdiklərimizdən qat-qat çoxdur”

Ruhiyyə DAŞSALAHLI,
Jalə MÜTƏLLİBOVA

III hissə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovla söhbətimizin davamında müasir universitet olmaq üçün rəhbərlik etdiyi təhsil müəssisəsinin qarşısında duran tələblərin öhdəsindən necə gəldiyi, yeniliklərin tətbiqi ilə bağlı məsələlərdən danışdıq. Bu prosesdə rektor olaraq daha çox onun üzərinə düşənləri müzakirə etdik.

- Cəfər müəllim, deyirsiniz ki, universitetin əlavə gəlir mənbəyi yoxdur?
- Beynəlxalq əlaqələr, qrant layihələri var. İndiyədək tələbə və müəllimlərimiz təlimlərə qatılaraq bu imkandan yararlanıblar. Tələbələrin ödəniş haqqı 1320 manat idi. Artıq 1500, 1600, 1800 manat olaraq təsdiq etdik. Gələn kontingentin ödəniş haqqını ödəməkdə çətinlik çəkdiyi də bəllidir, ancaq universitet özünü saxlamalıdır. Düzdür, təhsil müəssisəsinin gəliri sadəcə təhsil haqqı ilə olmamalıdır. Beyin məhsullarının satılması, kommersiya fəaliyyəti nəticəsində, qrantlar və s.-lə formalaşmalıdır. O istiqamətdə də işlərə başlamışıq.

...əvvəlcə ödəniş olur, sonra tələbə dərsə başlayır

- Ödəniş necə həyata keçirilir? Bunun üçün onlara vaxt verilirmi? Bilirsiniz ki, bu il yüksək bal toplayan bir neçə tələbə sırf bu səbəbdən təhsildən kənarda qaldı...

- Əlbəttə. Tələbə ödənişi iki hissədə verir. Dekanlıqların təqdimatı ilə hətta iki hissəyə bölünmüş məbləğin də hissə-hissə ödənilməsinə şərait yaradırıq. Dünyada qayda belədir ki, əvvəlcə ödəniş olur, sonra tələbə dərsə başlayır. Elektron qaydada həyata keçirilən bu prosesdə heç bir səbəb qəbul edilmir. Ödəniş yoxdursa, tələbənin adı qeydiyyata düşmür. Biz hələlik buna gedə bilmirik. İmkansız tələbələrə Tələbə Həmkarlar Təşkilatının köməyi olur, yeməkxanadan pulsuz istifadəyə də imkan yaradılır. Bu yolla tələbələrə kömək etməyə çalışırıq. Ancaq kaş elə bir fondumuz olardı ki, ehtiyac sahibi olan tələbələrin təhsil haqqını həmin fonddan ödəyərdik.

Bir yataqxanamız var. Əslində, yataqxanamızın sayı 6-dır. Onun 5-də 2300 məcburi köçkün məskunlaşıb. Birində 200 nəfərlik yerimiz var. Tələbələrimizin çoxunun qızlar olduğunu nəzərə alıb qərara gəldik ki, həmin yataqxanada da ancaq qızlar yaşasın. Yaşayacaq olanları da fakültələrin təqdimatı ilə seçirik. Tələbələrimiz həmin yataqxanada ucuz qiymətə qala bilirlər. 5 yataqxananın boşaldılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etmişdik. Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra keçirdiyi ilk toplantı bu məsələlərə həsr olunmuşdu. Biz də məktub hazırlayıb göndərdik. Məcburi köçkünlər köçürüləcəyi təqdirdə həmin yataqxanalar ya təmir edilməli, ya da yenisi tikilməlidir. Bu barədə nazirlikdə də söhbətlərimiz olub. Ümid edirik ki, nəzərdə tutduqlarımız reallaşacaq. Hələ bu harasıdır, bizim kampus arzularımız var.

- Elə isə müasir yataqxanası olan universitetə çevrilmək uzaq xəyal deyil, yaxın gələcək üçün plan sayıla bilər.

- Düşünürük ki, yaxın ola bilər. Hər halda arzu edirik. Bizim kollecin yataqxanası Sabunçudadır, müasir yataqxanadır və düşünürəm ki, təmir etdirib tezliklə istifadəyə vermək olar. Dördü Atatürk prospektindədir. Onların da şəraitini yaxşılaşdırıb tələbələrimizin ixtiyarına verə bilərik.

“Universitetlərin gücü imtahanların təşkilinə sərf olunmamalıdır”

- “Bakalavrı bitirib müəllim olanlar birbaşa məktəbə getməməlidir” fikri ilə bağlı siz nə düşünürsünüz? Təhsil sahəsində ekspertlərdən biri belə bir fikir səsləndirmişdi ki, həkim iki il interna keçib sonra xəstəxanalara buraxıldığı kimi, müəllim də bir neçə il təcrübə keçməlidir. Tələbələrin müəllim kimi hazırlığında indi tətbiq edilən təcrübə müddəti kifayət edirmi?

- Bununla bağlı müzakirələrimiz var. Təcrübə müddətinin artırılması ilə bağlı müəyyən işlər görəcəyik. Bu, tədris planlarında da yenilik tələb edən məsələdir, ancaq pilot layihə kimi etməyi düşünürük. Hətta tələbənin bir ili məktəbdə keçirməsi təklifi müzakirə olunur. Buna məktəb də hazır olmalıdır. Təcrübəyə tələbə göndəririk, həmin bir neçə həftəyə belə, məktəb hazır deyil. Bu, kompleks işlərdən sayılır, birini edib o birini etməmək olmaz.

- Tələbə qəbulunda ümumi test imtahanından sonra ali təhsil müəssisələrinə öz tələbəsini seçmək hüququ verilməsi müzakirə olunur. ADPU öz tələbəsində hansı keyfiyyətləri axtaracaq? Parametrləriniz bəllidirmi: ADPU tələbəsi kimlər ola biləcək?

- Universitet olaraq o ixtiyarı təhsil müəssisələrinin özünə versələr, cəmiyyətin inkişafının bugünkü səviyyəsində universitetlərin tam şəffaf və obyektiv qərar verməyə gücü yetməyə bilər. Sessiya imtahanlarında sinəmizi qabağa verib neqativ halların qarşısını ala bilirik. Bəzən burada belə tam obyektiv nəticə əldə etmək olmur. Sessiyada nəzərdə tutduğunu reallaşdıra bilməyəndə, obyektivliyi təmin etməyəndə, üstündən keçə bilirsən. Burada isə daha ciddi məsələdən söhbət gedir. Gücün daha çox olmalıdır. Bilmirəm, mənim gücüm çatar, ya yox. Bəlkə bu, bir neçə il sonra mümkün ola bilər. Ancaq indiki şəraitdə doğru olmaz. Ümumiyyətlə, məncə, universitetlərin gücü imtahanların təşkilinə sərf olunmamalıdır.

- Orta təhsil müəssisələrinin reytinqi müəyyənləşdirilərkən ali məktəblərə qəbulun nəticələri nəzərə alınır. Ali məktəb olaraq magistraturaya girən, xaricdə təhsilini davam etdirən, yaxud yaxşı nəticə ilə işə düzələn məzunlarınızın hesabatını aparırsınızmı?

- Ali məktəblərə qəbulun nəticələri əlacsızlıqdan nəzərə alınır. 500-dən yuxarı bal toplayanlara üstünlük verilməsində də şərtilik var. Məktəbin məzunlarının çoxu ali məktəbə qəbul olunubsa, bu, məktəbin göstəricisi deyil. Onları repetitorlar hazırlayıblar. Burada qeyri-dəqiqlik də var, ancaq şərtidir də, hələ ki, nəzərə alınır. Bunu ölçmək üçün cəmiyyətin meyarları hələ formalaşmayıb.

- Amma demədiniz, heç olmasa, gələcək planınızda bunun hesabatını aparmağı düşünürsünüzmü?

- Karyera mərkəzi qurmağı planlaşdırırıq. ADPU-nu indiyədək 180 min insan bitirib. Universitet həmişə bu vəziyyətdə olmayıb. Adının Azərbaycan cəmiyyəti üçün son dərəcə əhəmiyyətli olan tədris müəssisəsi kimi hallandığı vaxtlar elə uzaq keçmiş deyil. Hətta Bakı Dövlət Universitetindən də daha böyük önəm daşıdığı vaxtlar olub. Akademiyanın 10 prezidentindən 3-ü ADPU məzunu olub.

- Bir il bundan əvvəl qarşınıza qoyduğunuz hədəflərinizdən bəhs edərkən tədrisin məzmununun müasirləşdirilməsi, ADPU-nun inkişafı, fəaliyyətinin yenidən qurulması ilə bağlı planın hazırlanması, tədris işi ilə bağlı dünya təcrübəsinin, habelə ölkədə toplanmış qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsindən söhbət açmışdınız. Eyni zamanda, xarici dillərin tədrisinin gücləndirilməsi, tədris planlarının təkmilləşdirilməsi, tələbələrin dərslik və dərs vəsaitləri ilə təminatının yaxşılaşdırılması, elektron kitabxana şəbəkəsinin, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi və beynəlxalq informasiya resurslarına çıxış imkanlarının təmin edilməsini qarşınızda dayanan əsas vəzifələr hesab edibsiniz. Bu il yarımda hansını reallaşdırmaq mümkün olub.

- Bunların hər biri haqqında bir saat danışa bilərik.

- Bir saata ehtiyac yoxdur, sadəcə hansı hədəf istiqamətində gözlə görüləcək addımınız var?

- Bu sualın cavabında ümumi şəkildə onu deyə bilərəm ki, Pedaqoji Universitet əvvəlki universitet deyil. Bunu tam səmimiyyətlə deyə bilərəm. Şəhərin mərkəzində yerləşir. Hələ ki dediyimiz o işləri qoyaq bir qırağa. Açın baxın hesabata, infrastruktura fikir verirsinizmi? Burada oxuyanların əksəriyyəti qızlardır, şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüldü. 1887-ci ildə tikilən köhnə binanın, həm əsas binanın bir mərtəbəsi əsaslı təmir edildi.

- Cəfər müəllim, artıq Qəbələdən tutmuş ən ucqar rayonlara qədər müasir infrastruktura rast gəlmək çətin deyil ...

- Demək istəyirəm ki, vaxtımızın çoxunu bu işlərə sərf etmək məcburiyyətində qaldıq. Universitet artıq yeni hədəflərə addımlayacaq. Neqativ işlərin kökü tamamilə kəsilib. Şəffaf seçki mexanizmi qurulub, proqram yenilənir. Kitabxana infrastrukturu yaxşılaşdırılıb. Kitabxanamız ölkənin ən böyük kitabxanalarındandır. Düzdür, hələ elektronlaşmayıb, onunla bağlı da planlarımız var. Kiril əlifbası ilə olan 27 min kitabın siyahısı çıxarılıb ki, bunları silib atmalıyıq. Adamın ürəyi gəlmir. Kitabxana ilə bağlı ayrıca layihə olmalıdır. Hazırda 4 korpusda kitabxana qurulmasına nail olmuşuq. Görüləcək işlərimiz həyata keçirdiklərimizdən qat-qat çoxdur.

- Elə hiss olunur ki, köhnə kitablardan, köhnə təhsil sistemindən, əvvəlki nəsil müəllimlərdən uzaqlaşmaqda tərəddüd edirsiniz...

- Ağsaqqal müəllimlərdən birdən-birə necə uzaqlaşa bilərsiniz? Sizə rəqəmləri dedim. İndi universitetdə işini görə bilməyən müəllimlər azalıb. Bunu birdən-birə etmək mümkün deyil. Universitet təsərrüfat müəssisəsidir. Ən əsası odur ki, aparılan dəyişikliklərdən sonra cavanlar ortaya çıxıb, yaşlılar isə öz üzərində işləməyə başlayıb. Gözlənilən dəyişiklik bir işarə ilə ola bilməz. Bir ildə, sizcə, nə edə bilərdik, etməmişik?

- Müasir universitet üçün vacib şərt sayılan sağlam mühit formalaşdıra bilərdiniz...

- Var o mühit. Sizcə yoxdur?

- Məncə, ADPU-nun müəllimi köhnə müəllimdir. Tələbələriniz müasir müəllim axtarır, müəllimləriniz də köhnə vaxtların tələbəsini.

- Mən də razıyam. Elə olanları da var. Ancaq onun nisbəti dəyişməkdədir. Dediyiniz köhnə düşüncəli yanaşmaların xüsusi çəkisi ümumi müəllimlərin sayı ilə müqayisədə azalır.

- Optimallaşdırma, yeniləşdirmə kimi proseslər etiraz və başqa aqressiv reaksiyalar doğuran, narazılıqlarla müşahidə olunan bir prosesdir. Müəyyən mənada şikayətlərə aparıb çıxaran hadisələrdir. Hətta məhkəməyə belə yolu düşənlər olub. Bəs, universitetdən Təhsil Nazirliyinə barənizdə şikayət daxil olurmu və olursa, əsasən nə ilə bağlıdır?

- Şikayətlər həmişə olub. Ən müxtəlif səviyyələrdə iştirak etdiyim söhbətlərdə də buranın spesfikliyi bildirilirdi. Hələ sovet hakimiyyəti illərindən qalan ənənə davam edib. İmzasız məktublar, şikayətlər hər zaman olub. O tipli fəaliyyətin ən çox müşahidə olunduğu yeganə müəssisə məhz ADPU-dur. İndi fərqli modifikasiyalar olur. 10 adamın adı yazılır. Soruşanda məlum olur ki, onların heç nədən xəbəri yoxdur. Belə faktlar ictimai fikri daha çox məşğul edir. Əvvəlki statistika məndə olmadığından bilmirəm say azalıb, ya yox. Bu proses getməkdədir. İndi bu cür işlərlə sadəcə 2-3 nəfər məşğul olur.

- Tələbə və müəllim kollektivinin universitetin idarə olunması və ya həyata keçirilən proseslərin nəticələrindən doğan şikayətləri olurmu?

- Tələbələrin şikayəti olarsa, bunun üçün xüsusi qutu qoyulub. İkincisi, ümumiyyətlə, otaqda oturmuram, auditoriyaları gəzirəm. Yeməkxanada bir yerdəyik. Bu gün 3-4 nəfərlə söhbət etmişik. Sosial şəbəkələrdə bir şey olarsa, onu da mənə xəbər verirlər. Mən özüm orada yoxam.

- Niyə yoxsunuz?

- Onun məsuliyyətini yerinə yetirə bilməməkdən qorxuram. Orada bir sual olarsa, ona cavab verməliyəm. Elektron müraciətləri mütəmadi yoxlayıram. Bunları ancaq çatdıra bilirəm.

“10 il əvvəl necə rektor idimsə, indi də eləyəm”

- Universitetlərin standartları dəyişdiyi kimi, rektorlardan gözləntilər də dəyişib. Dəyişən tələblərə cavab verə bilmək üçün hansı planlarınız var?

- 10 il əvvəl necə rektor idimsə, indi də eləyəm. Sadəcə məsələ ondadır ki, bəlkə də 10 il əvvəlki kateqoriyaya uyğun rektor deyildim. Mən sərbəstəm, dükana-bazara özüm gedirəm, küçədə olmaqdan çəkinmirəm. İdarəçilik düşüncəm belədir ki, səlahiyyətləri bölüşdürüb, başqalarından da iş tələb etməlisən. Yoxsa ki, hər şeyi əlimdə cəmləməyin tərəfdarı olmamışam. Hər şeydən əvvəl isə rəhbər üçün ali məqsədlər göz önündə olmalı, həmişə onları nəzərə almalıdır. Rektordan həmişə gözləntilər olub. Həyatı, yaşayış tərzi ilə nümunə olması tələb edilib. Qabalığa, kobudluğa ixtiyarı olmadığı kimi, lazım gələndə sərt də olmalıdır.

- Azərbaycan Dövlət Pedaqoji Universitetində rektor kimi fəaliyyətiniz 2 ilə yaxın bir zaman kəsiyini əhatə etsə də, ali təhsil müəssisəsində rəhbər olaraq ilk təcrübəniz deyil. Çalışdığınız əvvəlki təhsil müəssisəsi ilə Pedaqoji Universitetin fərqi nədir?

- Ən böyük fərq Azərbaycan cəmiyyətindəki rolu və əhəmiyyəti ilə bağlıdır. Bundan əvvəl rəhbərlik etdiyim Turizm və Menecment Universiteti də böyükdür. ADPU isə köklü, 100 ilə yaxın tarixi olan, ölkənin ən böyük universitetlərindən biridir. Ölkənin və xalqın inkişafı üçün hər zaman olduğu kimi, bəlkə hər zamankından daha artıq dərəcədə rolu və əhəmiyyəti olan təhsil müəssisəsidir. Ona görə də bu kollektivə rəhbərlik etmək böyük etimad və məsuliyyətdir. Əsas bir fərq də var. Bundan əvvəlki universitetdə insanlara iş vermişəm, bura gələndən sonra faktiki olaraq belə çıxır ki, insanların çörəyini əlindən alıram. Bununla bağlı ciddi narahatlıqlarım olub və sözünə güvəndiyim insanlarla məsləhətləşmişəm də. Onların da fikri budur ki, böyük məqsədlərə nail olmaq üçün kimdənsə, nədənsə keçmək zərurəti yarana bilər. Həmin böyük məqsəd universitetdir.

- Amma bu gün universitetiniz təhlükə altındadır. Keçmiş təhsil naziri Mikayıl Cabbarov belə bir fikir səsləndirmişdi: Ali təhsil müəssisələri müasir təhsil standartlarına uyğunlaşmasa, 50 il sonra kollec səviyyəsində fəaliyyət göstərəcəklər. Sizcə, ADPU-nu belə bir tale gözləmir ki?

- Ola bilər. Hələ bir neçə il əvvəl həmkarlarımızla söhbətimdə deyirdim ki, bu formada davam etsək, universitetlərin hamısı yarı yolda qalacaq. Həmin proses gedir. Bəzilərinin qəbul planı dolmur və s. Bu da insanların informasiyasının artması ilə bağlıdır. Hamı görür ki, 4-5 min manat təhsil haqqı ödəyib universitetdə heç nə öyrənmirlər. Ancaq həmin pulu verib dil bilgisi zəruri olmayan Türkiyə, yaxud Kiprin hansısa universitetində təhsil alırlar. Cəmiyyətin səviyyəsi artdıqca ölkədə xoşagəlməz işlər yavaş-yavaş sıradan çıxacaq. Təsəvvür edə bilərsinizmi ki, Qərb dünyasında universitet hansısa adına ləkə gətirəcək addıma yol versin.

- Təhsil Nazirliyi müəllimlərin cəmiyyətdəki nüfuzunu yüksəltmək üçün çoxsaylı tədbirlər həyata keçirir. Bunun nəticəsini hamı görür. Bəs, müəllimin artan nüfuzunda ADPU-nun payı nə zaman yüksələcək?

- Biz də Təhsil Nazirliyinin tərkib hissəsi olaraq onun siyasətini həyata keçiririk. Mənim işim Təhsil Nazirliyinin işinin vacib hissəsi olan məktəbə kadr hazırlamaqdır. Kadrların böyük hissəsi burada yetişir. Ölkə miqyasında Prezidentin təhsilin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi prosesin içərisində üzərimizə düşən bir iş var.

“Çox istərdim ki, təhsil jurnalistikası formalaşsın”

- Cəfər müəllim, söhbətimizin əvvəlində dediniz ki, ADPU-nu cəmiyyət olaraq birləşib bu vəziyyətə gətirdik. Bəs, indi bu vəziyyətdən çıxartmaq üçün cəmiyyətdən nə umursunuz?

- Çox şey umuruq. Çünki bu, sadəcə ADPU və Təhsil Nazirliyinə deyil, hamıya aid olan bir məsələdir. Hər kəsdən qolunu çirməyib ədəb-ərkanla bu işlə məşğul olması tələb edilir. Müsbət tendensiyalar varsa, onu inkişaf etdirmək cəmiyyətin işidir. Qətiyyətlə deyə bilərik ki, arzuolunmaz, xüsusən, təhsildə yolverilməz hallar yığışdırılıb, ancaq kökü tamamilə kəsilməlidir. Türkiyədə insanların ağlına belə gəlmir ki, təhsillə bağlı kiməsə nəsə demək olar. Bizdə isə utanmadan deyirlər. Halbuki bundan utanmaq lazımdır. Yaxşı bir fakt varsa, onu qeyd etmək, narazı qaldığımızla bağlı müzakirə aparmaq lazımdır. Çox istərdim ki, təhsil jurnalistikası formalaşsın, ara-sıra toplaşıb məsələləri müzakirə edə bilək. Fikrimcə, təhsil sahəsində formalaşmış normal mətbuat problemlərin həllində əhəmiyyətli dərəcədə rol oynaya bilər. Çoxsaylı yaxşı işlərin arasında gözdən yayınan bir problemi şişirdib, sensasiya xatirinə müzakirə etmək doğru deyil. Maddi bazası bundan dəfələrlə artıq olan müəssisə ilə bizi müqayisə etməsinlər. Bu, bərabər münasibətin pozulması olar. Biz özümüz qəbul edirik ki, universitetlərimiz arasında böyük, amma imkanları zəif təhsil müəssisəsiyik. Bura gələndə bu vəziyyəti bilirdim. Reputasiyası, imkanları baxımından daha yaxşı şəraiti olan bir universitetdən bura gəlmişəm. Bu, həm böyük etimaddır, həm də vətəndaşlıq borcu.

yuxarı ⤴