Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

İdman uğurları ilə dolu bir il
22.12.2017 / No49


 
 

 

 


“Təhsil” Respublika İdman Mərkəzinin idmançıları son altı ay ərzində 855 medal qazanıb

Rəşad ZİYADLI

Ölkəmizin idman həyatında uğur və nailiyyətlərin əldə edilməsində idman məktəbləri və mərkəzlərinin böyük payı vardır. Belə müəssisələrdən biri də “Təhsil” Respublika İdman Mərkəzidir (RİM). Yarandığı 1997-ci ildən etibarən mərkəzin təmsilçiləri ölkəmizi beynəlxalq səviyyəli yarışlarda uğurla təmsil edirlər.

Başa vurmaqda olduğumuz 2017-ci il Mərkəz üçün əlamətdar idman tədbirləri ilə yaddaqalan olub. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində müxtəlif idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi tədbirlərin mərkəz tərəfindən keçirilməsi il ərzində reallaşdırılan ən əhəmiyyətli idman bayramı kimi tarixə yazıldı.

“Təhsil” Respublika İdman Mərkəzinin idmançılarının qazandıqları medallar

2017-ci ilin son altı ayı ərzində “Təhsil” RİM-in idmançıları ümumilikdə 855 medal qazanıb. Bunlardan 724 medal (245 qızıl, 189 gümüş, 290 bürünc) respublika, 131 medal (60 qızıl, 23 gümüş, 48 bürünc) beynəlxalq yarışlarda əldə olunub.


“IV İslam Həmrəyliyi Oyunları”nın proqramına daxil edilmiş idman növləri məktəblilər arasında təbliğ olunub

Təhsil nazirinin 16 mart 2017-ci il tarixli əmrinə əsasən Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu kütləvi idman tədbiri 30 mart - 26 aprel tarixlərini əhatə edib. Tədbirin keçirilməsində əsas məqsəd Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları”nın proqramına daxil edilmiş idman növlərini məktəblilər arasında geniş təbliğ etmək, bu idman növlərinə marağı artırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək və onların fiziki sağlamlıqlarının qorunmasını həyata keçirməkdən ibarət idi. Bu tədbir 11 idman növü- atletika, akrobatika gimnastikası, bədii gimnastika, basketbol, boks, cüdo, karate, sərbəst güləş, stolüstü tennis, taekvando və yunan-Roma güləşi üzrə keçirilib.
Kütləvi idman tədbirləri 6 zona olmaqla ümumilikdə 76 rayon və şəhəri əhatə edib. Zonalar üzrə keçirilən yarışlarda proqrama daxil olan idman növləri üzrə rayon və şəhərlərin yığma komandaları iştirak edib. Ümumilikdə 50 yarışda 6619 məktəbli, 616 fiziki tərbiyə müəllimi təmsil olunub. İdman növləri üzrə oyunların idarə edilməsinə 100-ə yaxın hakim cəlb edilib. Oyunların təşkili və keçirilməsində “Təhsil” Respublika İdman Mərkəzi və 30 idman məktəbinin əməkdaşları iştirak edib. Qaliblər diplom və medallarla təltif edilib.

Miqyasına, iştirakçı sayına və idman növlərinin müxtəlifliyinə görə IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri məktəblilər arasında təşkil olunan ən böyük layihələrədən biri hesab edilir.

“Olimpiya Hərəkatı-2017” layihəsi çərçivəsində respublika birinciliyi

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə 2016-2017-ci tədris ilində həyata keçirilən “Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil olunub.

Məktəblilərin sözügedən respublika birinciliyi voleybol, basketbol, badminton, atletika və velosiped idman növləri üzrə keçirilib. Yarışlara Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu əhatə olunmaqla 406 məktəbdən 90 minə yaxın məktəbli qatılıb.

“Olimpiya Hərəkatı” layihəsini yüksək səviyyədə həyata keçirdiyi üçün “Təhsil” Respublika İdman Mərkəzi Milli Olimpiya Komitəsi tərəfindən xüsusi diplomla təltif edilib.

XIII Respublika Universiadası

Bu ilin yaddaqalan idman tədbirlərindən biri də ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIII Respublika Universiadasıdır. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən universiada 1 mart-28 aprel tarixlərini əhatə edib.

Universiadanın proqramına uyğun olaraq yarışlarda 11 idman növü üzrə 24 ali təhsil müəssisəsindən ümumilikdə 1200 nəfərə qədər tələbə iştirak edib.

Tələbələr arasında futbol üzrə respublika çempionatı

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol üzrə respublika çempionatı da ilin önəmli tədbirləri sırasındadır. Çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Çempionatın keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsil müəssisələri tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsinin təmin edilməsi, ən güclü tələbə futbol komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarət olub.

Çempionata fevral ayında start verilib. Ümumilikdə çempionata 29 komanda qatılıb, həmin komandaların 20-si Bakı şəhərini, 9-u isə regionları əhatə edib.

Bakı şəhəri üzrə oyunlar Binə stadionunda, Milli Olimpiya Komandalarının Təlim-Məşq Bazasının, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Milli Aviasiya Akademiyasının, regionlar üzrə isə Şirvan və Göygöl Olimpiya İdman Komplekslərinin stadionlarında keçirilib.

AFFA-nın təcrübəli hakimlər briqadasının idarə etdiyi çempionat 3 ay davam edib və oyunlarda 700-dən çox tələbə futbolçu iştirak edib.

Sərbəst güləş və boks üzrə

Martın 3-dən 5-nə kimi Şirvan şəhər Olimpiya İdman Kompleksində “Təhsil” RİM-nin təqvim planına əsasən mərkəzin sərbət güləş üzrə respublika birinciliyində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin 2003-2005-ci il təvəllüdlü idmançılardan ibarət komandaları iştirak edib.Yarışda ümumilikdə 31 komanda olmaqla 270 idmançı mübarizə aparıb.

12-16 noyabr tarixlərində isə Bakı şəhəri Şağan Olimpiya Kompleksində SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Süleyman Süleymanova həsr olunmuş boks üzrə 2002-2003-cü il təvəllüdlü idmançılar arasında açıq birincilik keçirilib. Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin komandalarından başqa, idman cəmiyyətlərinin və klublarının komandaları da olmaqla ümumilikdə 25 komanda üzrə 285 idmançı iştirak edib.

Yarışlar respublika və beynəlxalq hakimlər heyəti tərəfindən idarə olunub və reqlamentə əsasən keçirilib.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən kubok, medal və diplomlarla təltif olunub.

Yarışların keçirilməsində əsas məqsəd səbəst güləş və boks idman növünün təbliği və inkişaf etdirilməsi, idmançıların təlim-məşq prosesinin keyfiyyətinin yoxlanılması, beynəlxalq yarışlara hazırlıq, ümidverici idmançıların müəyyən edilməsi olub.

“Təhsil Liqaları”

2017-2018-ci il mövsümü üçün 8 (U-8) və 9 yaşadək (U-9) futbolçulardan, 13 (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları” keçirilib. Liqalar ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.

Liqaların keçirilməsində əsas məqsəd idman məktəblərində ibtidai hazırlıq qruplarına uşaqların kütləvi cəlb olunmasını təmin etmək, kiçik yaşdan onlarda oyun təcrübəsinin formalaşmasına köməklik göstərmək, bu yaş qrupları üzrə ən güclü futbol komandasını müəyyən etmək və uşaqlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Liqalarda I, II və III yerləri tutan komandalar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən mükafatlandırılıb.

Mini-futbol üzrə “Nardaran kuboku”

Bakının Nardaran qəsəbəsində məktəblilərin idmana cəlb olunması və asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün “Təhsil” Respublika İdman Mərkəzi bir sıra tədbirlər həyata keçirib.

Bu silsilədən olan yarışlardan biri ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə “Nardaran kuboku”dur. 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında təşkil olunan birinciliyin keçirilməsində əsas məqsəd Nardaran qəsəbəsində fəaliyyət göstərən futbol bölməsində məşq prosesi keçən futbolçuların oyun təcrübəsini artırmaq, futbol idman növünü Nardaran məktəbliləri arasında təbliğ və onların bu idman növünə cəlb olunmasını təmin etməkdən ibarət idi.

Yarışlarda ümumilikdə 10 komanda olmaqla 120 nəfərə yaxın idmançı iştirak edib ki, komandaların da 2-si Nardaran məktəblilərindən təşkil edilib.

Bu silsilədən digər bir yarış isə şahmat üzrə “Nardaran Kuboku” olub.

Şahmatın rapid növü üzrə keçirilən yarışda məqsəd Nardaran məktəblilərinin şahmat idman növünə marağını daha da artırmaq, qəsəbədə fəaliyyət göstərən şahmat bölmələrində məşğul olan şahmatçıların oyun təcrübəsini artırmaqdan ibarət olub. 7 turdan ibarət olan turnirdə 8 komanda üzrə 72 şahmatçı iştirak edib.

“Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi ilə Nardaranda habelə cüdo üzrə açıq birincilk keçirilib. Birincilik 2003-2004, 2005-2006-cı il təvəllüdlülər arasında təşkil olunub.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok, diplom və medalları ilə təltif olunub.

İl ərzində ölkənin kənd və qəsəbələrində idmanın inkişaf etdirilməsi proqramı çərçivəsində silsilə idman tədbirləri təşkil olunub.

Şahmatın inkişafına hədəflənmiş tədbirlər

Təsadüfi deyil ki, ölkə üzrə 24 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 27 nəfər beynəlxalq dərəcəli idman ustasından 10-u, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropa və dünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz şahmat məktəblərinin yetirmələri qazanıblar.

Bunlarla yanaşı, şagirdlər arasında şahmatın geniş təbliğ edilməsi bu idman növünə onların meyil və marağının gücləndirilməsi məqsədilə Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında imzalanmış birgə memoranduma əsasən şahmat ümumtəhsil məktəblərində tədris fənləri sırasına daxil edilib. Bu barədə qərar qəbul edilərkən şahmatın zehni fəaliyyəti, yaddaş və intellekti inkişaf etdirməsi, şagirdlərdə problem həlletmə, qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi mənəvi keyfiyyətləri formalaşdırması, sağlam həyat tərzi keçirmələrinə zəmin yaratması, habelə dünyanın bir çox ölkələrində şahmatın bir fənn kimi artıq məktəblərdə tədris olunması və digər arqumentlər əsas tutulub.
Pilot layihə olaraq hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərslərinin tədrisinə başlanılıb. Hazırda 500-ə yaxın ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində “Şahmat” fənni tədris olunur.
Bununla əlaqədar həmin fənnin tədris proqramı, “Şahmat-2”, “Şahmat-3” elektron dərs vəsaitləri, 2-ci, 3-cü və 4-cü siniflər üçün “Şahmat” dərsliyi hazırlanıb pilot ümumtəhsil məktəblərinə və şahmat məktəblərinə çatdırılıb, pilot ümumtəhsil məktəblərində “Şahmat” fənnini tədris edən müəllimlər üçün kurslar təşkil edilib.

2017-ci ildə Mərkəz tərəfindən şahmat üzrə respublika, Avropa, dünya çempionatlartı, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş respublika şahmat turniri, şahmat festivalı keçirilib.

“İlin ən yaxşı idman mərkəzi”

Bundan başqa, “Təhsil” Respublika İdman Mərkəzi uşaq, yeniyetmə və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğ edilməsində, dərəcəli idmançıların hazırlanmasında, idman növləri üzrə milli yığma komandalara ehtiyyat qüvvələrin yetişdirilməsində, kütləvi idman tədbirlərinin təşkili və keçirilməsində, idman məktəblərinin işinin əlaqələləndirilməsi və onların səmərəli fəaliyyətinin həyata keçirilməsində, 2017-ci ildə göstərdiyi səmərəli fəaliyyətinə görə “Sport Time” jurnalının “2017-ci ilin ən yaxşıları müsabiqəsi” üzrə “İlin ən yaxşı idman mərkəzi” nominasiyasının qalibi olub.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlirik ki, “Təhsil” Respublika İdman Mərkəzi işini günün tələbləri səviyyəsində qurmağı bacaran idman qurumlarından biri kimi ölkədə idman və Olimpiya Hərəkatının inkişafına öz töhfəsini verir və gələcək nəslin savadlı, fiziki cəhətdən sağlam olması üçün səmərəli fəaliyyət göstərir.

yuxarı ⤴