1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
AzTU-da təqaüd proqramlarının təqdimatı
24.12.2016/№50

 

 


Dekabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin məsul işçiləri-Səidə Qurbanova və Vasif Cəfərov Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüşüblər. Görüşdə SOCAR-ın Təqaüd Proqramlarının təqdimatı keçirilib.
Tədbirdə AzTU-nun tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov Neft Şirkətinin gənclərlə bağlı layihələrinin üstünlüklərindən və əhəmiyyətindən danışaraq tələbələrə bu layihələrdə iştirak etməyi tövsiyə edib.
Daha sonra şirkətin əməkdaşları çıxış edərək Neft Şirkətinin həyata keçirdiyi Daxili Təqaüd Proqramı, Yay Məktəbi Layihəsi, Xarici Təqaüd Proqramı və Ödənişli Yay Təcrübəsi Proqramı haqqında tələbələrə ətraflı məlumat veriblər. Bildirilib ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə Daxili Təqaüd Proqramını həyata keçirir. Bu təşəbbüs öz bəhrəsini verib: neft-qaz sənayesinə aid ixtisaslara qəbul üçün sənəd verənlər arasında yüksək hazırlıqlı abituriyentlərin sayı artıb və tələbələrin elmi-praktik biliklərə daha dərindən yiyələnməyə həvəsi yüksəlib.
Bundan başqa, Xarici Təqaüd Proqramı çərçivəsində isə hər il 50-yə yaxın gəncin SOCAR-ın vəsaiti hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almasına imkan yaradılır.
Tələbələr Yay Məktəbi Proqramı çərçivəsində müxtəlif mövzuları əhatə edən interaktiv mühazirə və məşğələlərdə iştirak edərək nəzəri biliklərini artırmaqla yanaşı, təşkil olunacaq ekskursiyalara qatılaraq prosesi yaxından izləmək imkanına sahib olurlar.
SOCAR eyni zamanda Azərbaycanda təhsil alan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün Ödənişli Yay Təcrübəsi Proqramını da həyata keçirir. Seçilmiş tələbələrlə əmək müqaviləsi bağlandıqdan sonra istehsalat təcrübəsi SOCAR-ın müəssisələrində keçirilir. Bu proqrama seçim zamanı SOCAR-ın təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin müsabiqələrdə yaxşı nəticələr göstərən tələbələrə üstünlük verilir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat xidməti
 

yuxarı ⤴