1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Qafqaz Universitetində görüş keçirilib
24.12.2016/№50

 

 


Dekabrın 19-da Qafqaz Universitetində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüş keçirilib.
Görüşdə ölkəmizdə dini məsələlərə dövlət yanaşmasından, dini radikalizm və onun törətdiyi fəsadlardan danışılıb. Universitetin müəllim - tələbə kollektivi ilə görüşdə komitə sədri Mübariz Qurbanlı və sədr müavini Siyavuş Heydərov iştirak ediblər. Əvvəl “Fitnə” filmi izlənilib, sonra isə mövzu ilə əlaqəli çıxışlar olub.
Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov Azərbaycanın tolerant ölkə olduğunu, burada yaşayan xalqların öz adət-ənənələrini və dinlərini rahat bir şəkildə yaşada bildiklərini diqqətə çatdırıb. Rektor əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib. Multikulturalizm siyasəti Azərbaycan nümunəsində bir daha sübut edir ki, müxtəlif dinlərdən və irqlərdən olan xalqlar bir arada sülh şəraitində yaşaya bilərlər. Rektor komitə tərəfindən çəkilən “Fitnə” filminin gənclərin din adı altında aparılan çirkin siyasətə qarşı maarifləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, tarixən din amilindən siyasi məqsədlər üçün istifadə olunub. Bu gün də dünyada islam dininin yayılmasının və islam ölkələrinin inkişafının qarşısının alınması üçün islam pərdəsi altında dini radikalizmdən istifadə edilir. İslam dini əslində günahsız insanların öldürülməsinə, savadsızlığa qarşıdır.
Dövlət-din münasibətlərindən danışan komitə sədri bildirib ki, rəhbəri olduğu qurumun fəaliyyət istiqamətlərindən biri ölkəmizdə islamın düzgün təbliğ olunmasıdır. Azərbaycanda məzhəblərarası vəhdət dünya üçün örnəkdir. Dini radikalizm və xurafatla mübarizə aparmaq üçün gənclərimizin elmli olmaları da vacib şərtlərdəndir. Gənclərimizin belə fitnələrin qurbanına çevrilməməsi üçün “Fitnə” filmi çəkilib. Növbəti film isə “Şəhadət” adı ilə hazırlanır. Yeni filmdə övladları fitnələrin qurbanına çevrilmiş ailələrlə Aprel döyüşlərində şəhid olmuş gənclərimizin ailələri arasında müqayisələr aparılır.
Sonda tələbələrin mövzu ilə əlaqəli sualları cavablandırılıb.

Mətbuat şöbəsi
 

yuxarı ⤴