1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
“Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda II beynəlxalq konfrans-seminar
24.12.2016/№50

 

 


Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda II beynəlxalq konfrans-seminarın açılış mərasimi olub.
ADPU-nun akt zalında keçirilən mərasimi universitetin rektoru, professor Cəfər Cəfərov açaraq seminar iştirakçılarını salamlayıb və qonaqları təqdim edib. Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən rektor beynəlxalq konfransda iştirak edən professor Şalva Amonaşvilinin məşhur pedaqoq, Rusiya Təhsil Akademiyasının akademiki, Ukrayna Təhsil Akademiyasının xarici üzvü, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti və humanist pedaqogikanın ideya müəllifi, canlı klassiki olduğunu bildirib. Dünyaca məşhur alim, humanist pedaqogikanın əsasını qoyan akademik Şalva Amonaşvilinin pedaqogika elminə verdiyi töhfələrdən danışan Cəfər Cəfərov onun iştirakı ilə aparılacaq konfrans-seminar haqqında məlumat verib. Qeyd olunub ki, 5 gün davam edəcək konfransda müasir dərsin təşkili, pedaqoji təhsilin yeni forma və metodları müzakirə edilməklə bərabər, novator alim Şalva Amonaşvili humanist pedaqogika üzrə oxuların müəllifi kimi öz təcrübəsini, təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü -humanist yanaşma ilə bağlı dəyərli fikirlərini, onlara olan dərin, təkrarolunmaz sevgisini dinləyicilərlə bölüşəcək. Konfransda həmçinin Latviya, Litva, Rusiya, Qazaxıstan və Gürcüstanın görkəmli pedaqoq-alimlərinin təqdimatları dinləniləcək.
Çıxış üçün söz alan ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov ölkəmizdə uğurla aparılan təhsil islahatlarından danışıb. Qeyd edib ki, bu islahatlarda humanist, humanitar, demokratik, inteqrativ və s. prinsiplərə istinad edilməklə yeni təhsil sisteminin qurulması mühüm vəzifə kimi qarşıya qoyulub. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmış bir sıra müddəalara toxunan Qulu Novruzov daha sonra təhsilin məqsədlərini, prinsiplərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bu gün təhsil işçilərinin ən vacib missiyalarından birinin Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə, demokratik prinsiplərə, insan hüquqları və azadlıqlarına hörmətlə yanaşan, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq vətəndaş və şəxsiyyət yetişdirmək olduğunu söyləyən Q.Novruzov bu keyfiyyətlərin eləcə də nəciblik və alicənablıq tərbiyəsinin aşılanmasının humanist pedaqogikanın əsasını təşkil etdiyini bildirib. Məhz bu baxımdan humanist pedaqogika üzrə ölkəmizdə sayca 2-ci dəfə keçirilən konfransın əhəmiyyətini xüsusi vurğulayan kollecin direktoru humanist pedaqogikanın canlı əfsanəsi sayılan Şalva Amonaşvilinin təhsil işçiləri ilə görüşünü, dəyərli fikirlərini, təcrübəsini azərbaycanlı həmkarları ilə paylaşmasını yüksək qiymətləndirib.
Konfransda çıxış edən Milli Məclisin komitə sədri Hadi Rəcəbli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkili Fazil Mustafa, təhsil ekspertləri - BDU-nun professoru Şahlar Əsgərov, əməkdar müəllim Asif Cahangirov, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, BDU-nun dekanı Hikmət Əlizadə, Qazaxıstanın dövlət fondu nəzdində Milli Elmi-Praktik Təhsil və Sağlamlıq Mərkəzi “Bobek”in İnsanın Harmonik İnkişafı İnstitutunun direktor müavini Luiza Çubatova, Kalininqrad şəhər 49 nömrəli liseyin rəhbəri, pedaqoji elmlər namizədi İqor Kirşin, Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun filial direktoru, Ümumrusiya Pedaqoji Cəmiyyətinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru Valeriy Voşinin, “Valideyn qayğısı” Beynəlxalq İctimai Hərəkatının sədri Klara Mansurova və başqaları belə beynəlxalq konfrans-seminarların təşkilinin təhsilin inkişaf etdirilməsi, ölkələr arasında elm və təhsil sahəsində, həmçinin mədəni əlaqələrin genişləndirilməsi, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, fikir mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
Tədbirdə Azərbaycanın, eləcə də dünyanın mütəffəkkir şəxsiyyətləri, tanınmış pedaqoq alimləri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub, “Müəllimin himni” səsləndirilib.
Sonda akademik Şalva Amonaşvili çıxış edərək humanist ideyalara xidmət edən bu beynəlxalq konfrans-seminarın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür edib, humanist pedaqogika ilə bağlı fikir və mülahizələrini iştirakçılarla bölüşüb. Sonra konfrans öz işini 6 bölmədə davam etdirib.
Qeyd edək ki, dekabrın 25-dək davam edəcək tədbir çərçivəsində 21-22 dekabr tarixlərində humanist pedaqogika üzrə oxular keçirilib, dekabrın 23-dən isə beynəlxalq seminar öz işinə başlayıb. Müəllif seminarını Şalva Amonaşvili və Beynəlxalq Pedaqogika Mərkəzinin prezidenti, psixoloq, yazıçı Paata Amonaşvili təqdim edirlər.
Beynəlxalq konfans-seminarın sonunda iştirakçılara sertifikatlar veriləcək.

Samirə KƏRİMOVA,
fotolar
Rəşad Ziyadovundur,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴