1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Məktəbdə “açıq dərs”
24.12.2016/№50

 

 


Fəal təlimin tələbləri əsasında qurulan, interaktiv təlim üsullarından səmərəli istifadəyə əsaslanan “açıq dərs”lər yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə tanış olmaq, yeni texnologiyalardan müəllimlərin nə dərəcədə səmərəli istifadə etmələrini müəyyənləşdirmək, onların qabaqcıl iş təcrübəsini öyrənib yaymaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə Bakıdakı 158 nömrəli tam orta məktəbdə tez-tez “açıq dərs”lər təşkil olunur. Növbəti belə “açıq dərs”lərdən biri dekabrın 16-da məktəbin III a sinfində ana dili fənnindən keçirildi. Dərsdə təhsil ocağının direktoru Mehriban Ələkbərova, dərs hissə müdiri Nübar Həmzəyeva, metodiki birləşmənin sədri Lalə Nəzərova, həmçinin müəllimlər iştirak edirdi. “Açıq dərs” bu dəfə “Ağac” mövzusuna həsr olunmuşdu. Təcrübəli müəllim Zəmləkət Zamanova uzun illərin təcrübəsinin verdiyi pəşəkarlıqla şagird və dərsi izləyənlərin diqqətini mövzuya yönəldə bildi, dərs sonadək maraqla davam etdi. Müəllim ağacın torpağa dərin kök atması ilə qol-budağının daha da ucalara yüksəlməsi, boy atmasının dərin mənasını şagirdlərə maraqlı nəql etdi. “Şam”, “Çinar”, “Palıd”, “Söyüd”, “Nar”, “Dəmir ağacı” kimi qruplar halında şagirdlərin hazırladıqları bir-birindən maraqlı təqdimatlar, şəkillər onların sərbəst işləmək qabiliyyətini, yaradıcı yanaşmasını nümayiş etdirdi.
Canlı diskussiya, müzakirələr, interaktiv cədvəllər, slayd şəklində hazırlanmış tapşırıqlar, qruplar halında təşkil olunan dərsin necə sona çatması hiss olunmadı.
Sonda məktəbin direktoru Mehriban Ələkbərova mövzu və “açıq dərs”in gedişi ilə bağlı öz təəssüratlarını bölüşdü. O, dərsdə uşaqların aktiv iştirakı və hazırcavablığını, müəllimin yaradıcı işini, fəal təlim metodlarından məharətlə istifadə etməsini xüsusi dəyərləndirdi. Dərs hissə müdiri Nübar Həmzəyeva da ağac mövzusuna müxtəlif cəhətlərdən yanaşaraq onun şagirdlərə aydın şəkildə izah olunmasına müsbət rəy bildirdi. Müəllimin dərsini müasir təlimə verilən tələblər səviyyəsində qurması, maraqlı motivasiya yaratması, interaktiv təlim üsullarından, resurslardan geniş istifadə etməsi, şagirdləri müstəqil, yaradıcı işə cəlb edə bilməsi müsbət qiymətləndirildi.
Olduqca maraqlı keçən dərs şagirdlərin müxtəlif dillərdə ağaca həsr olunmuş şeir parçalarını səsləndirməsilə sona çatdı.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴