1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Paytaxt məktəblərində yeniliklər
24.12.2016/№50


“75 məktəb” layihəsi çərçivəsində seminarlara başlanılıb

Dekabrın 19-dan başlayaraq “75 məktəb” layihəsi çərçivəsində IX sinif şagirdləri üçün seminarlara start verilib.
İlk seminar Səbail rayonundakı 163 nömrəli tam orta məktəbdə keçirilib.
Vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” adlı seminarların keçirilməsində məqsəd IX sinif şagirdlərinin imtahana hazırlıq prosesinə və düzgün peşə seçiminə dəstək olmaqdır.
Seminarlar “Dərs Evi” Tədris Mərkəzinin Məktəb Proqramı üzrə koordinatoru və fənn müəllimləri tərəfindən aparılır.
“Müvəffəq məktəbli” seminarlarının “75 məktəb” layihəsinə cəlb edilən məktəblərin hər birində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “75 məktəb” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərdə təşkilatçılıq mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərlərin təbliğindən ibarətdir.

“İdeya-2017” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “İdeya-2017” müsabiqəsinə yekun vurulub.
Müsabiqənin həyata keçirilməsində əsas məqsəd valideynlərin məktəblilərin həyatında daha fəal iştirakını təmin etməkdən ibarətdir.
Müsabiqədə iştirak edən valideynlər məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədi daşıyan layihələrini təqdim ediblər.
Təqdim olunan layihələr içərisindən 10 qalib seçilib.
Qaliblərdən ilk üç yerin sahibinə “Məktəb icmaları” layihəsinin baş tərəfdaşı olan “Accessbank”, digər yeddi yerə layiq görülənlərə isə “Sağlam Ailə” Tibb Mərkəzi və “Şərq-Qərb” Nəşriyyatı tərəfindən hədiyyələr təqdim olunub.
Tədbirdə “Məktəb icmaları” layihəsi və “İdeya-2017” müsabiqəsi haqqında geniş məlumat verilib, valideynlərin məktəb və şagird həyatındakı rolunun vacibliyi, müsabiqənin şagirdlərin praktik və sosial bacarıqların hərtərəfli inkişafına təsiri nəzərə çatdırılıb. Qeyd olunub ki, valideynlərin məktəb həyatında fəallığı məktəb-şagird-valideyn münasibətlərinə olduqca müsbət təsir göstərir.
Daha sonra tədbir mükafatlandırılan layihələrdə əks olunan ideyalar və irəli sürülən təkliflərin müzakirəsi ilə davam edib.

Müəllim və valideynlərin müraciəti dinlənilib

Dekabrın 23-də Nərimanov, Nizami rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı Məktəb-Lisey Kompleksində keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, kurikulumla bağlı təlimlərin keçirilməsi, metodiki dərs vəsaitlərinin artırılması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Daha 70 məktəbdə “Məktəb icmaları” yaradılır

“Məktəb icmaları” layihəsinə yeni qoşulmuş ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Bakı şəhərindəki 147 nömrəli texniki-humanitar liseydə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, “Məktəb icmaları” layihəsinin əməkdaşları, layihəyə yeni qoşulan 70 ümumi təhsil məktəbinin direktoru və valideynlər iştirak ediblər.
Tədbirdə “Məktəb icmaları” layihəsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, məktəb icması məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagirdlərin birliyidir. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.
Görüşdə artıq “Məktəb icmaları” yaranmış məktəblərin təcrübələrindən və icma qurum layihəsinin fəaliyyətinin müsbət nəticələrindən bəhs edilib. Bundan başqa, layihəyə yeni qoşulan məktəblərdə təşkilatçılar tərəfindən müəllim, valideyn və şagirdlərin ilk birgə iclaslarının keçirilməsinin nəzərdə tutulduğu da bildirilib.

“Məktəblinin dostu” seçilmiş gənclər fəaliyyətə başlayıblar

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər fəaliyyətə başlayıblar. Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üçün 110 nəfər seçilib.
Hər məktəbdə ən azı 3 nəfər olmaqla fəaliyyət göstərən “Məktəblinin dostu” layihə çərçivəsində müəyyən edilmiş məktəblərdə müəllim və şagird kollektivinə təqdim olunub. Onlar fəaliyyətə başladıqları ilk gündən interaktiv olaraq şagirdlərin təlim-tərbiyəsi və intellektual inkişafının təmin edilməsi istiqamətində tədbir və yarışlar keçirmək təşəbbüsü ilə çıxış ediblər.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində seçilmiş namizədlərə bir ay ərzində Təhsil Nazirliyinin əməkdaşları tərəfindən təhsilin idarəedilməsi, təhsil haqqında mövcud qanunvericilik barədə məlumat verilib. Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları, eləcə də psixoloqlar tərəfindən namizədlərə fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrinin istifadəsi, təcili tibbi yardım xidməti hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması və müdaxilənin edilməsi, psixoloji dəstək göstərilməsi ilə bağlı təlim keçirilib.
Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcəklər.
Layihənin əhatə dairəsinin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.
yuxarı ⤴