1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Təhsilə qayğı gələcəyə qayğıdır
24.12.2016/№50

 

 


“Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”.
Heydər ƏLİYEV,
ümummilli lider

Təhsil millətin gələcəyidir. Milləti millət kimi formalaşdıran ən əsas amillərdən biri, bəlkə də birincisi təhsildir. Belə olmasaydı ümummilli liderimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanda təhsilin inkişafı üçün bu dərəcədə səy göstərməzdi. Ulu öndərin öz sözləri bu fəaliyyəti daha dolğun ifadə edir: “...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin qiymətli nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli inkişafı qayğısına qalmış, illər boyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.
Hər bir ölkənin gələcəyi təhsillə bağlı olduğu kimi, təhsilin keyfiyyəti də yüksəkixtisaslı peşəkar müəllimlərdən asılıdır. Şərəfli müəllim əməyi ən uca dəyərə malikdir. Daim müəllimlərini xoş hisslərlə xatırlayan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”.
Təhsil və informasiya əsri elan edilən XXI yüzillikdə insan kapitalının ahəngdar inkişafında, ölkənin iqtisadiyyatının möhkəmləndirilməsində, ictimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılmasında, təhsilə böyük önəm verilməsi, infrastrukturun yeniləşdirilməsi, yeni texnologiyalardan, innovasiyalardan istifadə edilməsinə şərait yaradılması indiki qədər geniş vüsət almamış, beynəlxalq arenada dəstəklənməmişdir.
Bəli, bunların əsası ümummilli liderin istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmasından, vətənin, xalqın tərəqqisində onun rolunu yüksək qiymətləndirməsindən başlanır. Ölkənin gələcəyinin yeni nəsilləri necə və hansı ruhda tərbiyə etməkdən çox asılı olduğunu vurğulayan müdrik rəhbər demişdir: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. Şagirdlərin və tələbələrin yüksək savada, dərin və hərtərəfli biliyə yiyələnməsini vacib şərt sayan ulu öndər digər mühüm faktoru da onların mənəvi kamilliyində, əqidə saflığında görürdü. Başqa sözlə deyilsə, Heydər Əliyev təlimində təhsillə tərbiyənin, mükəmməl biliklə yüksək mənəviyyatın vəhdəti son dərəcə mühüm prinsip kimi əsaslandırılmışdır. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyi möhkəmləndirmək, xalqın daha firavan sabahını təmin etmək məqsədi ilə ölkə əhalisinin yüksək biliyə, intellektual səviyyəyə malik olmasına çalışırdı.
Bu istəyin həyata keçirilməsi üçün isə yollar çox idi. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial problemlərinin yüksək səviyyədə həll olunması, yeni dərslik siyasətinin hansısa ideologiyadan uzaq, milli və bəşəri dəyərlər əsasında formalaşdırılması, beynəlxalq təhsil ictimaiyyətinin öncül təcrübələrinin Azərbaycana gətirilməsi, informasiya-kommunikasiya texnologiyalarının gəncliyin bütün təbəqələri və zümrələri tərəfindən mənimsənilməsi, beynəlxalq aləmə çıxışın təşkil olunması və sairə. Bütün bunlar bilavasitə təhsil sistemi ilə bağlı, dövlətin təhsil siyasəti çərçivəsində reallaşdırılan məsələlər idi. Ancaq Heydər Əliyev dühası Azərbaycan təhsilinin və elminin inkişafı üçün bütün vasitələri məqbul sayır, bu sahədə səmərə verəcək istənilən addımın atılması üçün heç nəyi əsirgəmirdi.
Bəzi siyasətçilərin “biz sərhədləri bağlayaraq Azərbaycanı inkişaf etdirəcəyik” tezisini məqbul saymayan ulu öndər “Azərbaycanın sərhədləri ölkəmizə xoş məramla gələn bütün insanların üzünə açıq olmalıdır ki, biz öz inkişafımızı təmin edə bilək” - çağırışını səsləndirirdi. Nəticədə dünyanın aparıcı ölkələrinin nüfuzlu alimləri, məşhur təhsil müəssisələri ölkəmizə üz tutdu və bu tendensiya milli təhsilimizin inkişafına kifayət qədər töhfələr vermiş oldu. Bu gün dünyanın 100-dən artıq ölkəsi ilə imzaladığımız saysız-hesabsız sənədlər arasında elm, təhsil və mədəniyyət sahələrinə aid çoxsaylı saziş, protokol, müqavilə vardır. Dünyanın əksər ölkələrini təmsil edən təhsil mütəxəssislərinin Azərbaycana gəlməsi və ya bizim pedaqoji sahə əməkdaşlarının xarici ölkələrdə dövri olaraq təcrübə mübadiləsi keçməsi son nəticədə Azərbaycan təhsilinin sürətli inkişafına zəmin yaradır. Bu gün beynəlxalq aləmdə mövcud olan elə bir mütərəqqi konvensiya yoxdur ki, Azərbaycan ona qoşulmamış olsun.
Heydər Əliyev təkcə ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə deyil, hələ müstəqillikdən 20-25 il əvvəl də Azərbaycan təhsilinin sabahı üçün çox möhtəşəm layihələr həyata keçirirdi. Ölkəyə rəhbərlik etdiyi dövrdə milli kadrların yetişdirilməsini, yerli mütəxəssislərin irəli çəkilməsini bir nömrəli məsələ kimi qarşıya qoyur və istənilən təzyiqdən, təhdiddən çəkinməyərək öz arzularını reallaşdırırdı. Ulu öndərin 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına ünvanladığı “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı tarixi müraciətində qeyd edilirdi ki, Azərbaycan xalqının intellektual və yaradıcı imkanları ötən əsrdə, başa çatmaqda olan minillikdə dünya mədəniyyətinə bir çox maddi və mənəvi sərvətlər bəxş etməsi üçün zəmin yaratdı. Çəkinmədən və səmimiyyətlə qeyd edə bilərik ki, ötən əsrdə gedən həmin prosesin ən yüksək nöqtəsi məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrə təsadüf edirdi. Sovet Azərbaycanının ən inkişaf etmiş dövrü məhz 70-80-ci illər idi. Ulu öndər həmin dövrü xarakterizə edərək yazırdı: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.
Bugünkü müstəqil Azərbaycanın qüdrətləndirilməsində iştirak edən və keçmiş SSRİ məkanında formalaşmış Azərbaycan diasporunun aparıcı qüvvəsinə çevrilən çoxminli ziyalılar ordusu bilavasitə Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində ərsəyə gəlmişdi. 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Ulu öndər hər il başqa şəhərlərə göndərilən gənclərlə şəxsən görüşür, onların Azərbaycan üçün yüksəkixtisaslı kadr kimi yetişməsinin əhəmiyyəti barədə söz açırdı. Budur, həmin səmərəni, əhəmiyyəti müstəqil Azərbaycan dövləti artıq 25 ilə yaxındır ki, yüksək səviyyədə görür.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də bu sahəyə dövlət qayğısını ilbəil artırır. Xalqın nicat yolunu təhsilimizin inkişafında görən ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: “Təhsil sisteminin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin qaldırılması üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir... Bu sahə prioritet sahədir. Bütün orta məktəblərdə kompüter sinifləri yaradılır, informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Bütün məktəblərin internetə qoşulması prosesi uğurla davam edir. Belə olan halda gənclərimiz, uşaqlarımız, yeniyetmələrimiz bilikli və savadlı olacaqlar, həyatda özlərinə layiq yeri tutacaq. Eyni zamanda, gələcəkdə 10 ildən, 20 ildən, 50 ildən sonra Azərbaycanın uğurlu inkişafını təmin edəcəklər. Çünki bir daha demək istəyirəm ki, təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amillərdir”.
Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ulu öndər Heydər Əliyev siyasi kursu bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksək sürətlə həyata keçirilir. Bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər bu baxımdan xüsusi dəyərə malikdir.
Muxtar respublikamızda təhsilə böyük qayğı göstərilir. Bu qayğı təkcə şəhər və qəsəbə məktəblərini deyil, eyni zamanda ucqar dağ kəndlərini, sərhəd məntəqələrini və əhalisi az olan balaca kəndlərdə yerləşən məktəbləri də əhatə edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: Ölkəmizdə bütün sahələrdə nailiyyətlər vardır. Əldə olunmuş nailiyyətlərin bir hissəsi tez bir zamanda özünü göstərir, bir hissəsi isə gələcəkdə öz bəhrəsini verəcəkdir. Gələcəkdə öz bəhrəsini verəcək nailiyyətlər təhsillə bağlıdır. Bu gün təhsilə çəkilən xərcin, sərf edilən zəhmətin bəhrəsinin bir neçə ildən sonra şahidi olacağıq. Gənclərimiz Azərbaycanın ali məktəblərində və dövlətimizin qayğısı ilə dünyanın müxtəlif ali təhsil ocaqlarında təhsil alıb ölkəmizin inkişafında nailiyyətlər qazananda, o zaman indi təhsilə çəkilən zəhmətlə fəxr edəcəyik.
Muxtar respublikamızda müəllimlərin əməyinin qiymətləndirilməsi, sosial rifahının yaxşılaşdırılması, onların hərtərəfli qayğı ilə əhatə olunması diqqət mərkəzindədir. Müəllim əməyinə verilən əsas qiymət həm də yüksək təhsil şəraitinin yaradılması, dərslərin müasir metodlarla tədris olunmasıdır. Bu mənada muxtar respublikamızda son 20 ildə ardıcıl tədbirlər həyata keçirilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuş 200-dən çox məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Bu gün təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəblərimizin müxtəlif növ dərs vəsaitləri, dərslik və bədii ədəbiyyat, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması da diqqət mərkəzində saxlanılır.
Xüsusi vurğulamaq lazımdır ki, muxtar respublikada təhsilə göstərilən diqqət və qayğı, məktəblərin müasir şəkildə qurulması, tədrisin keyfiyyətinin artırılması, ilk növbədə buraxılış imtahanlarında yaxşı nəticə göstərməyi, ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev adına Hərbi Liseyinə və ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələrin qazanılmasını şərtləndirən əsas amillərdəndir.
Bir sözlə, bu gün Azərbaycan təhsilini Heydər Əliyev siyasəti, Heydər Əliyevin qurduğu dövlət və ulu öndərin adını daşıyan Fond inkişaf etdirir. Bu tendensiya hələ yüz illər davam edəcəkdir. Çünki Heydər Əliyev siyasi irsi əbədidir, daimidir, ölməzdir.

Seymur XUDANOV,
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin orta ixtisas təhsili müəssisələri və peşə məktəbləri ilə iş üzrə şöbə müdiri
 

yuxarı ⤴