1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
“Nyukasl Universitetində dərslərimizin çox çətin olduğunu deyə bilərəm”
24.12.2016/№50

 

 


Böyük Britaniyanın Nyukasl Universitetinin tələbəsi Kəmalə Mədətova ilə söhbət

Kəmalə Mədətova 1994-cü il oktyabrın 11-də Bakı şəhərində anadan olub. IX sinfə qədər paytaxtdakı 271 nömrəli, daha sonra isə 80 nömrəli tam orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən sonra ali məktəblərə keçirilən qəbul imtahanlarında II ixtisas qrupu üzrə 621 bal toplayaraq Qafqaz Universitetinin biznesin idarə edilməsi fakültəsinə daxil olub. Qafqaz Universitetini bitirdikdən sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət edib. Hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Nyukasl Universitetinin maliyyə və mühasibat uçotu fakültəsinin II kursunda təhsil alır. Hər bir uğurlu tələbənin təhsil və karyera həyatında orta məktəb illərinin öz payı var. Ona görə Kəmalə ilə söhbətimizə də orta məktəb illərindən körpü salırıq.

“Bizim çox ciddi riyaziyyat müəllimimiz var idi”

- Orta məktəbdə riyaziyyat, tarix, fizika, ədəbiyyat dərslərini daha çox sevirdim. Bizim çox ciddi riyaziyyat müəllimimiz var idi. Bəlkə də ən çox onun sayəsində riyaziyyat sahəsində biliyim güclü olub. Ondan çəkindiyimə görə hər zaman verdiyi bütün məsələləri həll edib dərslərinə hazır gedirdim. Məktəbdə oxuyan zaman tarixdən, riyaziyyatdan fənn olimpiadalarına qatılmışam. Tarix fənn olimpiadasında Azərbaycan üzrə II yeri tutmuşam. Universitetdə təhsilimin ilk illərində daha çox dil öyrənməyə vaxt sərf etmişəm. II kursdan isə həm xaricdə təhsil üzrə hazırlıqlar, həm də yüksək bilik üçün çalışmışam.
Hələ Qafqaz Universitetində təhsil aldığım illərdə daha çox sevdiyim maliyyə ixtisası üzrə xaricdə təhsil almaq qərarına gəldim. Ailəm qərarıma məndən daha çox sevindi. Valideynlərim hər zaman hər addımımda məni dəstəkləyiblər. Buna görə də həyatda qazandığım çox şeyə görə onlara borcluyam. Xaricdə təhsil məncə, ölkəmizdə tətbiq olunan və gələcək üçün gözəl sərmayə olan proqramlardan biridir. Dövlətin biz gənclərə bu şansı verməsi təqdirəlayiqdir. Nəticədə isə istedadlı gənclərimiz bu proqramdan yararlanaraq təhsillərini xaricdə davam etdirə biləcək və vətənə yüksəkixtisaslı kadrlar kimi dönəcəklər.

“Universitetlərdə bəzi fənlərin ingilis dilində tədris olunması daha yaxşı olardı”

- Son illərdə təhsil sistemimizdə, xüsusilə də orta məktəblərdə bir çox islahatlar aparılır. Dərslər daha effektli və maraqlı keçir. Ali məktəblərdə ən çox görmək istədiyim məqam ixtisasa uyğun daha çox dərslərin keçilməsidir. Məsələn, mənim burada təhsil aldığım fakültə maliyyə və mühasibat uçotudur və bütün fənlər buna uyğun keçilir. Amma bizdə fakültəylə bağlı olmayan bəzi dərslər də keçilir. Məncə, bunlar həm tələbənin özü üçün ağırdır, həm də universitetin əsas məqsədi seçilən ixtisas üzrə tələbələrin ixtisaslaşmasıdır. Ona görə bütün fənlər ixtisasla bağlı olsa daha gözəl olar. Bundan əlavə, universitetlərdə bəzi fənlərin ingilis dilində tədris olunması daha yaxşı olardı. Bununla da tələbələr, bir növ, xaricdə təhsilə hazırlaşmış olardılar. Universitetlərdə və orta məktəblərdə təhsil problemləri ilə bağlı bəzi təkliflərim vardır, çox istərdim ki, vətənə döndükdən sonra onları yazılı şəkildə təqdim edim.

“İnsan yalnız sevdiyi bir işi gördükdə uğur qazana bilər”

- Hazırda Böyük Britaniyanın Nyukasl şəhərində yaşayıram. Çox kiçik, sakit, tələbə üçün ən münasib şəhərlərdən biri kimi qiymətləndirərdim. Təhsilin birinci ilində dərslərimiz daha rahat olduğuna görə vaxtımız da kifayət qədər idi. Nyukasl Universitetində dərslərimizin çox çətin olduğunu deyə bilərəm. Dərslər daha artıq vaxt alır. Bundan əlavə, mən öz fakültəmlə bağlı olaraq universitetdənkənar da bəzi imtahanlar verirəm, onlara da hazırlaşmaq xeyli vaxtımı alır. Boş vaxtım olanda, bu isə az olur, daha çox dostlarım ilə görüşürəm. Kitab oxumağı çox sevirəm, amma dediyim kimi burada vaxtım olmur. Sonuncu oxuduğum kitab T.Drayzerin “Finansist” əsəri olub. Maliyyə ixtisasında oxuyan hər bir tələbəyə bu əsəri oxumağı tövsiyə edərdim.
Seçdiyim ixtisas sahəsi ürəyimcədir. Düşünürəm ki, mənə uyğun bundan gözəl ixtisas ola bilməz. İxtisasımı sevdiyimə görə bütün fənlərimi həvəslə oxuyuram. Ona görə də, hesab edirəm ki, gənclər ixtisas seçimində daha diqqətli olmalıdırlar. İnsan yalnız sevdiyi bir işi gördükdə uğur qazana bilər.

“İl ərzində 6 fənn keçilir”

- Universitetdəki mövcud müəllim-tələbə münasibətlərindən çox razıyam. Əgər dərslə bağlı hər hansı çətinliyimiz, problemlərimiz olarsa, müəllimə yazıb soruşa və ya görüşüb müzakirə edə bilirik. İl ərzində 6 fənn keçilir. Yanvarda 25 faizlik 2 və ya 3 imtahanımız olur. Finalda isə bütün fənlərdən imtahan veririk. Sərbəst işlərimiz də çox olur. Qrup halında çalışdığımız layihələrimiz də var, hesab edirəm ki, bu, işlədiyimiz ən yaxşılardandır. Professorların mühazirələrində iştirak vizalara görə bizim üçün məcburidir. Amma il ərzində 1-2 fənn olur ki, mühazirələrdə iştirak məcburi deyil.
Xaricdə təhsil mənə nə verdi? Xaricdə təhsili həyatımın dönüş nöqtəsi adlandırıram. İlk dəfə ailəmdən uzaq, təkbaşına nəyisə edirəm. Burada yaşamaq, oxumaq həm özümə inamımı artırdı, həm də gələcəyimlə bağlı bütün planlarımı artıq bilirəm. Bir neçə il öncə “5 il sonra özünü harada görürsən” desəydilər, bəlkə də heç bir cavab tapa bilməzdim, çünki dəqiq məqsədlərim yox idi. Amma indi həyatda nə etmək istədiyimi dəqiq bilirəm.
Gənclərimizin xaricdə təhsil almasına gəlincə, buna çox müsbət yanaşıram. Çox istərdim ki, hər bir gəncimiz elə məktəb vaxtlarından bunun üçün çox çalışsın. Dil biliklərini mükəmməlləşdirsinlər, hansı ixtisasa yönələcəklərsə, o ixtisas barədə ətraflı öyrənsinlər. Vacib olan, dediyim kimi, doğru ixtisası seçməkdir. Düzgün seçim olduqdan sonra, inanın, gerisi rahat olur.

“Böyük Britaniyada ölkəmizin təbliğatı kifayət qədər güclü aparılır”

- Seçdiyim ixtisas ən prioritet ixtisaslardan biridir, deyərdim. Hər zaman bu sahəyə böyük tələbat olmuşdur. Xüsusən indiki dövrdə şirkətlər, banklar üçün yüksəkixtisaslı kadrlar tələb olunur. Buna görə də bu sahə gələcək vəd edən ixtisasdır. Onu da deyim ki, Nyukasl tələbə şəhəri olduğundan burada dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alırlar. Biz azərbaycanlı tələbələr onlarla ünsiyyət saxlayır, ölkəmiz, tariximiz, mədəniyyətimiz barədə onlara məlumatlar veririk. Belə bir mühit diaspora fəaliyyətləri üçün geniş imkanlar açır.
Böyük Britaniyada ölkəmizin təbliğatı kifayət qədər güclü aparılır. Tələbə kontingentimiz çox olduğundan bu sahədə çox işlər görülür.
Gələcək planlarımla bağlı deyə bilərəm ki, bakalavr təhsilimi bitirdikdən sonra magistratura və ya doktorantura səviyyəsində təhsilimi davam etdirmək istəyirəm. Təhsil aldığım fakültə magistratura təhsili almadan doktorantura təhsili almağıma icazə verir. Tam əminliklə deyə bilərəm ki, təhsilimi davam etdirəcəyim növbəti ölkənin Amerika olmasını istəyirəm. Çünki orada təhsil daha çox praktika üzərində qurulub. Bu isə mənim daha yüksək səviyyədə ixtisaslaşmağıma səbəb olacaq.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴