1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Xarici mətbuatdan
24.12.2016/№50

 

 


Rusiya xarici tələbələr üçün daha cəlbedici olur

İspaniyanın “El Mundo” qəzetinin məlumatına əsasən, Rusiya uyğun qiymətə keyfiyyətli ali təhsil axtaran əcnəbi tələbələr üçün getdikcə daha çox cəlbedici ölkə olmaqdadır. Son 10 il ərzində Rusiyada əcnəbi tələbələrin sayı 3 dəfə artıb. Rublun ucuzlaşması və təcrübəli müəllimlər əcnəbi tələbələr üçün böyük imkanlar açır. Artıq tələbələrə həm ingilis, həm də ispan dilində tədris proqramları təklif olunur. Ən çox əcnəbi tələbə Rusiya Xalqlar Dostluğu Universitetində təhsil alır. Sovet dövründə bu təhsil ocağında tələbələrin 70 faizi əcnəbilər, 30 faizi sovet tələbələri idi. İndi bu rəqəm tam tərsinədir. Tələbələrin 70 faizi yerli, 30 faizi əcnəbidir. Universitetin beynəlxalq akademik mobillik üzrə prorektoru Larisa Yefremovanın sözlərinə görə, ali məktəbdə hazırda 8 mindən artıq əcnəbi tələbə təhsil alır. Ali məktəbdə iqtisadiyyat sahəsində ispandilli tədris proqramları, tibb, farmakologiya və odontologiya sahəsində isə ingilis dilində proqramlar təklif olunur. Əcnəbi tələbələrin daha çox can atdığı ali məktəblərdən M.V.Lomonosov adına Moskva Dövlət, Sankt-Peterburq Politexnik və Dövlət universitetlərini göstərmək olar.

Pulsuz onlayn kursların tətbiqinə başlanılacaq

Oksford Universiteti 2017-ci ilin fevral ayından başlayaraq ilk dəfə pulsuz onlayn kursların tətbiqinə başlayacaq. İlk onlayn kurslar edx platformasında iqtisadi inkişafa həsr olunacaq. Bəzi reytinqli ali məktəblər hələ bir neçə il əvvəl açıq onlayn kurslara start versələr də, Oksford ilk dəfədir ki, tədrisin bu növünə müraciət edir. Universitet artıq “iTunes U” servisi vasitəsilə pulsuz tədris materiallarını paylaşıb. “Yoxsulluqdan tərəqqiyə : iqtisadi inkişaf anlayışı” onlayn kursunun aparıcısı Oksford Blavatnik İdarəetmə Məktəbinin professoru Pol Koller olacaq. Mühazirəçi tələbələrə ölkənin iqtisadi inkişafının sürətləndirilməsində hökumət strukturlarının rolu barədə danışacaq.
“Coursera” servisinin həmtəsisçilərindən Dafnı Kollerin hesablamalarına görə, yaxın 5 il ərzində reytinqli bütün ali məktəblərdə distant təhsil almaq mümkün olacaq. Hələlik məsafədən təhsilin təklif etdiyi proqramların əksəriyyəti qısamüddətlidir, onlayn elmi dərəcə almaq isə Sarmaşıq Liqasına daxil olan universitetlərdə nadir imkanlardan biridir. 2016-cı ilin yayında London Təhsil Konfransında çıxış edərkən Dafnı Koller ehtimal edib ki, növbəti addım aparıcı universitetlərin təhsil proqramlarının tam tərcüməsinin internetə çıxarılması olacaq.

Tələbələr şagirdlərə biliklərin öyrənilməsində kömək edir

Stanford Universiteti federal dairədə yerləşən bir sıra ümumtəhsil məktəbləri ilə əldə olunmuş əməkdaşlıq çərçivəsində növbəti yeniliyə əl atıb. Bundan sonra universitet tələbələri orta məktəblərə gedərək şagirdlərlə, onların ailələri ilə görüşəcək, öz təcrübələrini onlarla bölüşəcək və məktəb proqramının təkmilləşdirilməsində iştirak edəcək. Universitetin tələbələri elm, texnologiya, mühəndislik işi və riyaziyyatın öyrənilməsində şagirdlərə köməklik göstərəcək. Hazırda tələbələr intensiv hazırlıq keçir. Onlar müasir təhsil trendləri, qabaqcıl pedaqoji priyomlar və elmin populyarlaşdırılması üsulları ilə tanış olurlar. Könüllülər tibdən başlamış okean biologiyasına qədər ən müxtəlif fakültələrdə təhsil alırlar. “Science in Service” proqramının bir hissəsi olan bu layihənin icrasına NASA-nın dəstəyi ilə 2003-cü ildən başlanıb. Bu müddət ərzində 1300-dən çox gənc alim şagirdlərə müasir elm və texnologiyalar barədə danışmaq üçün məktəblərə yollanıblar.

Qazaxıstanda ilk onlayn universitet yaradılacaq

Qazaxıstanda yeni ilin əvvəllərindən edX platformasında ilk onlayn universitet yaradılacaq. Onlayn kurslar Harvard Universitetinin müvafiq tədris proqramlarına əsaslanır. Ölkənin ən yaxşı professorlarının videomühazirələrinin saytda yerləşdirilməsi nəzərdə tutulub. Qazax dilində olan ilk kurslar biznes və informasiya texnologiyaları, telekommunikasiya kimi istiqamətlərə həsr olunacaq. Ölkənin aparıcı texniki universitetləri artıq layihəyə qoşulmağa razılıq veriblər. Onlayn kurslar ali məktəbin real tədris proqramlarına əsaslanacaq. Onlayn universitetin başlıca özəlliyi ondadır ki, istənilən şəxs pulsuz olaraq mühazirə materiallarına qulaq asa bilər.

Dili tez öyrənməyə nə kömək edir?

Amerikalı alimlər xarici dili tez öyrənməyə komək edən faktorları müəyyən ediblər. Mütəxəssislər qeyd edirlər ki, xarici dilin öyrənilmə sürəti şərait və motivasiyadan deyil, yalnız insanın fərdi qabiliyyətlərindən asılıdır. Vaşinqton Ştat Universitetinin alimləri nadir dil proqramını işləyib hazırlayıblar. Onlar 18 yaşdan 31 yaşa kimi təxminən 20 könüllü üzərində təcrübə aparıblar. Alimlər belə bir qənaətə gəliblər ki, təlimin sürəti beyinin müəyyən sahələrinin aktivliyindən birbaşa asılıdır. Sübut olunub ki, dil prosesləri ilə bağlı olan beyinin fəallığı insanın xarici dili nə dərəcədə tez öyrənməsini asanlıqla əvvəlcədən xəbər verə bilər.


Ukraynada tələbə təqaüdləri yeni qaydada veriləcək

Ukraynada tələbə təqaüdlərinin yeni standartları hazırlanıb. 2017-ci il yanvarın 1-dən tətbiq olunacaq yeni standarta əsasən, yaxşı qiymətlər təqaüd almaq üçün yetərli deyil, ali məktəbin yeni reytinqində yer almaq lazımdır. Ukraynanın təhsil və elm naziri Liliya Qrinevitsin sözlərinə görə, təqaüdlər ən yaxşı tələbələri təhsilə motivasiya etməlidir, buna görə də təqaüdlər təyin olunan zaman orta baldan əlavə müəyyən kriteriyalar nəzərə alınacaq. “Bizim üçün vacibdir ki, ali məktəblərdə təqaüdlər almaq üçün kriteriyalar doğrudan da ən yaxşı tələbələri motivləndirsin. Sessiyada tələbənin aldığı orta bal və qiymətləndirmə tələbələrin reytinqi üçün ümumi kriteriyaların 90 faizini təşkil edəcək. Bu meyarların geridə qalan 10 faizi isə elmi şura və tələbə özünüidarə öz aralarında razılaşdıracaq. Bu tələbənin elmi konfranslarda iştirakı, elmi məqalələrin yazılması, habelə universitetin idman yarışlarında və ali məktəbin ictimai həyatında iştirakı ola bilər”,- deyə nazir bildirib. O qeyd edib ki, kriteriyaların müəyyən edilməsində tələbə özünüidarəçiliyin iştirak etməsi tələbələrə təqaüdlərin bölüşdürülməsinə real təsir imkanları verəcək. Bundan əlavə, nazirin sözlərinə görə, büdcə hesabına təqaüd alacaq tələbələrin sayı əhəmiyyətli dərəcədə azalmayacaq. “Bizim hesablamalarımıza görə, büdcə hesabına oxuyan tələbələrin yarısı təqaüd alacaq. Ən az akademik təqaüd 1000, maksimal 1600 qrivna təşkil edəcək. Təhsilin çətin olduğu mühəndislik, texniki, təbiət və riyaziyyat ixtisasları üzrə minimum təqaüd 1400, maksimum isə 2000 qrivna təşkil edəcək”, - deyə nazir əlavə edib.

Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”
xarici mətbuat materialları əsasında
yuxarı ⤴