1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
XIII Beynəlxalq Elm Olimpiadasının medalçıları
24.12.2016/№50

 

 


Şagirdlərimiz növbəti dəfə təhsil ictimaiyyətimizi uğurlu nəticələri ilə sevindiriblər. Bu dəfə onların qələbə sorağı uzaq İndoneziyadan gəlib. Azərbaycan təhsilinin yetirmələri İndoneziyanın Bali şəhərində keçirilən yeniyetmələrin 13-cü Beynəlxalq Elm Olimpiadasında (İJSO) fərqlənə biliblər. Dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadada Azərbaycanı 6 şagirdimiz təmsil edib. Sumqayıtdakı Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Günel Həsənova, “İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə, Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Turan Bayramlı, “İstək” liseyinin şagirdləri Turan Məmmədli və Ramil Babazadə bürünc medal qazanıblar. Təhsil Nazirliyi Ümumi və məktəbəqədər təhsil şöbəsinin ümumi təhsil sektorunun müdiri Fuad Qarayevin sözlərinə görə, olimpiadada iştirak edən 6 şagirddən beş nəfərin medal alması yaxşı nəticədir. Demək olar ki, hər il 40-60 ölkənin iştirak etdiyi bu olimpiadada Azərbaycan məktəbliləri bu günədək 4 gümüş, 28 bürünc medal olmaqla ümumilikdə 32 medal qazanıblar. Bu il əldə etdiyimiz nəticələrin ayrıca bir özəlliyi, sevinc doğuran məqamı ondadır ki, ilk dəfədir azərbaycanlı qızlar da beynəlxalq elm olimpiadalarında medal qazanırlar. Digər tərəfdən isə iki ildir ki, Təhsil Nazirliyi tərəfindən yaradılan beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərindən şagirdlərin nailiyyət əldə etmələri həmin mərkəzlərdə başladılan işlərin artıq öz bəhrəsini verməsidir. Qalib olan bütün şagirdləri, onların valideynlərini, fənn müəllimlərini təbrik, mükafatçıları isə oxucularımıza təqdim edirik.
 
“Bu, mənim ilk medalım idi”

Turan Bayramlı: 2002-ci il mayın 23-də anadan olub. 2008-ci ildə 291 nömrəli Ekologiya liseyinə qəbul olunub və hazırda həmin liseyin IX b sinfində oxuyur.
- Bildiyimiz kimi, İJSO olimpiadasında 3 fəndən suallar olur. Ona görə də İJSO-ya seçilənlər üçün bir olimpiada mərkəzi yaradıldı. Burada kimya, biologiya, fizika dərsləri keçildi. Mən özüm də çox çalışırdım və yer tutacağıma inanırdım. Olimpiada çox gözəl təşkil olunmuşdu. Mən oranın mədəniyyəti və adət-ənənəsi ilə tanış oldum. Qaliblərin arasında öz adımı eşidərkən sevincimin hədd-hüdudu yox idi. Bürünc medal qazanmışdım. Bu, mənim ilk medalım idi. Bu medalı almağımda sinif rəhbərimizin, mərkəzin, müəllimlərimizin və valideynlərimin rolu böyükdür. İJSO olimpiadaları 15 yaşlı uşaqlar arasında keçirilir. Mənim isə 14 yaşım var, bu, o deməkdir ki, mən gələn il bu olimpiadaya yenidən qatıla biləcəyəm. Bu bir il ərzində mən çox şey öyrənə bilərəm. İnanıram ki, gələn il qızıl medal qazanacağam. Eyni zamanda İCHO-da (Beynəlxalq kimya olimpiadası) da medal almağı öz qarşıma məqsəd qoymuşam.

“Mən məqsədimə nail oldum”

Ramil Babazadə: 2001-ci il mayın 6-da Şəkidə anadan olub. 2007-ci ildə Bakıdakı 74 nömrəli tam orta məktəbə, 2013-cü ildə “İstək” liseyinə qəbul olunub.
- Yeni dərs ili başlayandan İndoneziyada keçiriləcək Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına hazırlaşaraq seçim turundan keçdim və adıçəkilən bilik müsabiqəsində ölkəmizi təmsil etmək şansı qazandım. Təhsil Nazirliyinin təşkil etdiyi Olimpiadaya hazırlıq mərkəzində dərslərdə iştirak edərək bilik yarışmasına səylə hazırlaşmağa başladım. Olimpiada kifayət qədər çətin və səviyyəli idi. Mənim məqsədim olimpiadada ölkəmizi layiqincə təmsil etmək və medal qazanmaq, vətənə alnıaçıq, üzüağ dönmək idi. Mən məqsədimə nail oldum. Bu, mənim beynəlxalq olimpiadalarda qazandığım ikinci medal idi. Qarşıda məni Qazaxıstanda keçiriləcək 51-ci Beynəlxalq Mendeleyev Olimpiadası gözləyir. Bu olimpiadada isə artıq qarşıma qızıl medal qazanmağı məqsəd qoymuşam. Medal qazanmağımda əməyi keçən müəllimlərimə - İqrar Nəzərova, Xəmməd Əsədova, Elxan Tahirova və b. minnətdarlığımı bildirirəm. Bununla yanaşı, seçdiyim yolda mənə dəstək olan valideynlərimə, xüsusən anama və nənəmə minnətdaram.

“Olimpiada bizdə öz gücümüzə inam yaratdı ”

Şəbnəm Nəbizadə: 2001-ci il yanvarın 12-də anadan olub. Sumqayıt “İstedad” liseyinin X sinfində oxuyur, dərs əlaçısıdır. 2014-2015-ci tədris ilində respublika fənn müsabiqəsində fizika fənni üzrə qızıl, 2015 -2016-cı tədris ilində respublika fənn olimpiadasında isə gümüş medalla təltif olunub.
- Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (İJSO) kimya, fizika və biologiya fənlərini əhatə edirdi. Bu fənlər üzrə məktəbdə müəyyən hazırlığım var idi. Bu hazırlıqda fizika müəllimim Valeh Quliyevin, biologiya müəllimim İradə Məmmədovanın, kimya müəllimim Qənirə Əliyevanın rolu böyük idi. Eyni zamanda 2015-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan beynəlxalq olimpiadalara hazırlıq məşğələlərində iştirak edirdim. Bu məşğələlər mənim medal qazanmağımda böyük rol oynamışdır.
İndoneziyada keçirilən olimpiada yüksək səviyyədə təşkil olunmuşdu, biz həm beynəlxalq arenada yarışdıq, həm də fərqli mədəniyyətlər gördük, dostlar qazandıq. Müxtəlif ölkələrdən olan həmyaşıdlarımızla söhbət apardıq, onların təhsil sistemi ilə tanış olduq. Bu olimpiada bizdə öz gücümüzə inam yaratdı, Azərbaycan gənclərinin nəyə qadir olduğunu dünyaya sübut etdi. Bizə belə gözəl şərait yaratdığına görə Təhsil Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm.

“Yeni dostlar qazandıq, dünyagörüşümüz artdı”

Günel Həsənova: 2001-ci il aprelin 16-da anadan olub. Sumqayıt Təbiət elmləri təmayüllü gimnaziyanın X b sinif şagirdidir.
- Mən ilk dəfə olaraq VIII sinifdə fizika fənni üzrə olimpiadaya hazırlıq məşğələlərinə başladım. Bu məşğələlər Təhsil Nazirliyi tərəfindən təşkil olunmuşdu və dərsləri məktəbimizin fizika müəllimi Bəxtiyar Bayramov keçirdi. Bu ilin oktyabr ayında Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına seçim turu keçirildi və mən 6 nəfərlik komandaya seçildim. İJSO ilə bağlı hazırlıq dərslərini bizə Rəşadət Qədiməliyev, Elxan Tahirov tədris etdi. Bu vaxt ərzində biz gərgin və intensiv işlədik. Mənim medal qazanmağımda adını çəkdiyim müəllimlərin hər birinin ayrı-ayrılıqda böyük əziyyəti var. Buna görə də onların hər birinə öz minnətdarlığımı bildirirəm.
Builki ev sahibi İndoneziya olan İJSO-da imtahanlar yüksək səviyyədə keçirildi. Suallar isə standarta uyğun idi. İndoneziyada yeni dostlar qazandıq, həm də dünyagörüşümüz artdı. Bizə belə şəraiti yaratdığı üçün Təhsil Nazirliyinə təşəkkürlərimi bildirirəm.

“Gələn il qızıl medal alacağam”

Turan Məmmədli: 2000-ci il yanvarın 14-də Xızı rayonunun Giləzi kəndində ziyalı ailəsində anadan olub. Lənkəran “İstək” liseyinin şagirdidir.
- Keçən il bu olimpiadada iştirak edib bürünc medal almışdım. Ona görə də bu il daha yaxşı hazırlaşıb ən azı gümüş medal almaq istəyirdim. Kimya olimpiadaçısı olduğum üçün daha çox fizika və biologiya fənlərinə maraq göstərirdim. Fərqli ölkələrdən uşaqlarla tanış olduğum üçün olimpiada çox maraqlı idi. Müəllimlər seçimdən olimpiadaya qədər mənə dərslər keçib bilmədiyim sualları cavablandırırdılar. Olimpiada zamanı isə sualları tərcümə edirdilər. Ən əsası isə apelyasiya zamanı professorlarla mübahisə edib bizə vacib xallar qazandırırdılar. Mənim 14 yaşım var və buna görə də gələn il bu olimpiadada iştirak edə bilərəm. Ümid edirəm ki, gələn il qızıl medal alacağam və vətənimi xarici ölkədə layiqincə təmsil edəcəyəm. Bundan əlavə, bir kimya olimpiadaçısı olaraq beynəlxalq kimya və Mendeleyev olimpiadalarında medal qazanmaq gələcək hədəflərimdəndir.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴