1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

VIII Beynəlxalq Olimpiadanın qalibləri
24.12.2016/№50

 

 


Ölkəmizi müxtəlif beynəlxalq bilik yarışmalarında təmsil edən istedadlı şagirdlərimizin xoş sorağını eşidəndə fərəh hissi keçiririk. Belə ki, oktyabrın 30-dan noyabrın 6-na qədər Türkiyənin Antalya şəhərində məktəblilər arasında VIII Beynəlxalq Olimpiada keçirilib. Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunan olimpiadada III-XI sinif şagirdləri iştirak ediblər. Bilik yarışması riyaziyyat, rus dili, ingilis dili, türk dili, coğrafiya, fizika, kimya, biologiya, təsviri incəsənət və ümumi tarix fənlərini əhatə edib. Olimpiadaya Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkiyə dövlətlərinin 20 məktəbini təmsil edən 200-dən artıq şagird qatılıb. Ölkəmizi isə bu yarışlarda 5 məktəbdən - Bakı Modern Təhsil Kompleksi, Avropa Azərbaycan Məktəbi, akademik Zərifə Əliyeva adına lisey, Bakı şəhəri 27 və 220 nömrəli tam orta məktəblərdən olan 72 şagird təmsil edib. Sonda Bakı Modern Təhsil Kompleksinin və Bakıdakı 27 nömrəli tam orta məktəbin şagirdləri öz istedad və bacarıqlarını nümayiş etdirərək qızıl, gümüş, bürünc medallar qazanıblar. Həmin qaliblərin bəziləri ilə oxucularımızı da tanış edirik.
 
“Qızıl medal qazanacağıma əmin idim”

Turqay Qaybalıyev 2003-cü il dekabrın 26-da Bakı şəhərində anadan olub. Hazırda Bakı Modern Təhsil Kompleksinin VII sinif şagirdidir. 2013-cü ildə Türkiyənin Antalya şəhərində keçirilən V Beynəlxalq Olimpiadada riyaziyyat fənni üzrə birinci yerə çıxıb və qızıl medal qazanıb. VIII Beynəlxalq Antalya Olimpiadasına da həvəslə qatılıb. İngilis dili fənni üzrə qızıl medal, riyaziyyat və fizika fənlərindən isə gümüş medallar əldə edə bilib. Söhbət zamanı Turqay dedi: bütün fənləri yaxşı oxuyuram. Amma riyaziyyata daha çox maraq göstərirəm. Əbəs yerə deməyiblər ki, riyaziyyat bütün elmlərin açarıdır. Qızıl medal qazanacağıma əmin idim.

“Müəllimlərimə və valideynlərimə minnətdaram”

Vaqif Seyidov 2004-cü il sentyabrın 17-də Rusiya Federasiyasının Stavropol şəhərində anadan olub. 2012-ci ildə Bakı Modern Təhsil Kompleksinə daxil olub. Hazırda V sinif şagirdidir. İlk qələbəsini 2015-ci ildə IV sinifdə oxuyarkən qazanıb. Növbəti uğuru isə Turkiyədə keçirilən VIII Beynəlxalq Antalya Olimpiadasında olub. Bu olimpiadada o, riyaziyyat fənni üzrə I yerə çıxaraq qızıl medala və futbol yarışları üzrə kuboka layiq görülüb. Söyləyir ki, uğurlarıma görə müəllimlərimə və valideynlərimə minnətdaram.

Bir gümüş, bir bürünc və kubok

Emil Hacıyev 2004-cü il dekabrın 1-də Moskva şəhərində anadan olub. Bakı Modern Təhsil Kompleksinin VII sinfində oxuyur. İlk qələbəsini 2015-ci ildə Antalyada keçirilən Olimpiadada qazanaraq ingilis dilindən bürünc medala sahib olub. Türkiyədə keçirilən VIII Beynəlxalq Antalya Olimpiadasında isə rus dili fənnindən gümüş, riyaziyyat fənnindən bürünc medallar qazanıb və futbol üzrə yarışlarda kubok əldə edib. Emil deyir ki, olimpiada təəssüratlarını danışmaqla qurtaran deyil. Amma çox çalışmaq lazımdır ki, istəyinə nail olasan. Arzum beynəlxalq miqyaslı olimpiadalarda iştirak etməkdir.

İlk yarışda iki medal

Cahan Hüseynli 2004-cü il sentyabrın 14-də Bakı şəhərində anadan olub. Bakı Modern Təhsil Kompleksinin VII sinfində təhsil alır. Bu il Antalyada keçirilən VIII Beynəlxalq Olimpiadaya o da qatılıb. Rus dili fənnindən gümüş, ingilis dili fənnindən bürünc medallara layiq görülüb. Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycandan iştirak edən məktəblilər və tələbələr arasında ilk dəfə bilik yarışmasına qatıldığından qürur hissi keçirdiyini bildirir. Növbəti bilik yarışmalarında da iştirak edəcəyinə və qalib adını qazanacağına əminliyini ifadə edir.

“Eşidəndə ki, olimpiadada iştirak edəcəyəm...”

Xədicə Əzizova 1999-cu ildə Bakıda anadan olub. Bakı Modern Təhsil Kompleksinin XI sinfində oxuyur.
- Eşidəndə ki, olimpiadada iştirak edəcəyəm, çox sevindim,-deyə o bizimlə söhbətində bildirdi. Dedi ki, Beynəlxalq Olimpiadanın iştirakçısı olmaq mənim üçün çox məsuliyyətli və şərəfli idi. Mən təkcə öz məktəbimi yox, ölkəmizi təmsil edirdim. Məqsədim qızıl medal qazanmaq idi. Amma istədiyim nəticəni tam əldə edə bilmədim. Belə ki, ingilis dili fənni üzrə gümüş medal, rus dili və biologiya fənlərindən bürünc medallar qazandım. Növbəti olimpiadada iştirak etmək, uğur qazanmaq, Azərbaycanımızın bayrağını yüksəklərə qaldırmaq arzusu ilə yaşayıram.

Uğurlarını artırmaq əzmindədir

Səma Salmanova 2001-ci ildə Bakıda anadan olub. Bakıdakı 27 nömrəli tam orta məktəbin X sinfində təhsil alır. İngilis dilini mükəmməl bilir, bu onun ən çox sevdiyi fəndir. Hələ uşaq yaşlarından bu dilin incəliklərinə yiyələnməyə çalışıb. İngilis dilində çoxlu dərs vəsaitləri oxuyub. İngilis dili müəllimi Ketavan Allahverdiyeva bu dili ona həvəslə mənimsədib. Səma deyir ki, olimpiadanın keçiriləcəyini eşidəndə, böyük həvəslə yarışmaya qatılıb. Müəlliminin və Səmanın zəhməti hədər getməyib, gümüş medal qazanaraq II yerə layiq görülüb. Olimpiadada iştirakı onun gələcək uğurlarına bir açar, böyük bir stimul olub. Səma növbəti olimpiadalarda I yerə çıxacağına tam əmindir.

Müəllimlərinin etimadını doğruldub

Razim Məmmədli 2004-cü ildə Bakıda anadan olub. Hazırda 27 nömrəli tam orta məktəbin VII sinfində oxuyur. Riyaziyyatı, məntiq elmlərini çox sevir. Elə bu həvəs də Razimi olimpiadada öz seçimini sınamağa ruhlandırıb. Zəngin proqramlardan ibarət olan bu bilik yarışması onu zərrəcə qorxutmayıb. Müxtəlif ölkələrdən çoxlu məktəbli iştirak edən olimpiadada Razim də gümüş medal qazanaraq ikinci yerlə mükafatlandırılıb. Fəxr edir ki, müəllimlərinin etimadını doğruldub.

Böyük uğurları hələ qarşıdadır

Nihat Qənbərli 2006-cı ildə Bakıda anadan olub. Hazırda paytaxtdakı 27 nömrəli tam orta məktəbin V sinif şagirdidir. Dərslərindən “5” qiymət alır. Ən çox sevdiyi fənn isə riyaziyyatdır. O, eyni zamanda idmanın şahmat növü ilə də məşğul olur. Bu olimpiadada özünü həm riyaziyyatçı, həm də şahmatçı kimi sınayıb. Hər iki nominasiyada II yerə çıxaraq 2 gümüş medala sahib olub. Sevinir ki, təhsil aldığı məktəbin və müəllim kollektivinin ünvanına xoş sözlər qazandırıb. Növbəti bilik yarışmalarında daha yüksək zirvələr fəth etməyi qarşısına məqsəd qoyan Nihatın böyük uğurları hələ qarşıdadır.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”
 
yuxarı ⤴