1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Bölgə xəbərləri
24.12.2016/№50

 
 

 

 


Bərdədə akademik Həsən Əliyevin anadan olmasının 109-cu ildönümü münasibətilə konfrans keçirilib

Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 109-cu ildönümü münasibətilə konfrans keçirilib. Bərdə Rayon Təhsil Şöbəsi və rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə məktəblilərlə yanaşı, təhsil işçiləri, ağsaqqallar, ziyalılar, KİV nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra dünya şöhrətli alim Həsən Əliyevin həyat və yaradıcılığını, zəngin elmi-pedaqoji fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Aynurə Əyyubova rəhbərlik etdiyi qurumun fəaliyyəti, onun üzvlərinin respublika səviyyəli müxtəlif müsabiqələrdə, viktorina və yarışlarda qazandıqları uğurlar barədə məlumat verib.
Konfransda çıxış edən rayon təhsil şöbəsinin müdiri, əməkdar müəllim Rzaqulu Şərifov belə bir tədbirin keçirilməsinin məktəblilərin ekoloji biliklərinin artırılmasında, bu sahədə görkəmli elm xadimlərini tanımalarında xüsusi əhəmiyyəti olduğunu bildirib. Ekologiya sahəsində dünya şöhrətli alim, akademik Həsən Əliyevin zəngin və mənalı ömür yolu, çoxşaxəli elmi və pedaqoji fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edilib ki, akademik Həsən Əliyev Azərbaycan xalqının tarixində və taleyində müstəsna yeri olan bir ailədə-Əliyevlər ailəsində böyümüşdür. O, ümummilli lider Heydər Əliyevin böyük qardaşı idi. Belə bir ailədə, sağlam mühitdə böyüyən Həsən Əliyev zəngin və mənalı həyatını Azərbaycan təbiətinin qorunmasına, onun bütün dünyada tanınmasına həsr etmişdir. O, ana təbiətə canlı bir mexanizm kimi yanaşırdı. Akademikin pedaqoji fəaliyyətinə də toxunan şöbə müdiri qeyd edib ki, o, bir müəllim kimi də çox ucalıqda dayanırdı. Yüksəkixtisaslı elmi kadrların yetişməsinə xüsusi diqqət və qayğı göstərən Həsən Əliyevin rəhbərliyi ilə alimlik dərəcəsi almış şəxslər var ki, onlar təbiətin müxtəlif sahələrinin aktual problemlərinin araşdırılması ilə bu gün də məşğuldurlar.
Tədbirdə məktəblilərin ifasında ana təbiəti vəsf edən mahnılar oxunub, şeirlər söylənib. Şagirdlərin şux rəqsləri, göstərdikləri səhnəciklər iştirakçılarda xoş ovqat yaradıb.
Sonra şagirdlər arasında ekoloji biliklərlə bağlı müsabiqə-viktorina keçirilib və qaliblər mükafatlandırılıb.
Tədbirin sonunda şəhər 8 nömrəli tam orta məktəbin həyətində ağacəkmə kampaniyası keçirilib.

Azərbaycan Texnologiya Universitetində bilik yarışı keçirilib

Azərbaycan Texnologiya Universitetində bələdiyyələrə həsr olunan bilik yarışı keçirilib. Universitetin inzibati idarəetmə kafedrasının təşəbbüsü ilə keçirilən yarışda Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi Elşad Məmmədov və Nizami bələdiyyəsinin nümayəndəsi Elçin Ələkbərov da iştirak edib.
Bilik yarışında ATU-nun avtomatika, telekommunikasiya və informatika fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan 2-ci və 3-cü kurs tələbələrindən təşkil olunan 4 komanda iştirak edib. 3 turda keçirilən yarışda təqdim olunan suallar tələbələrin nəzəri və təcrübi biliklərini yoxlamaq məqsədi daşıyıb və əsasən yerli özünüidarəetmə orqanlarının yaranmasını, fəaliyyətini, eləcə də bu sahədəki mövcud qanunvericiliyi əhatə edib.
1-ci turda “Turan” komandası “Göygöl” komandası üzərində, 2-ci turda isə “Kəpəz” komandası “Nizami” komandası üzərində qələbə qazanıb. Nəhayət, final qarşılaşmasında topladığı ballarla “Turan” komandasını üstələyən “Kəpəz” komandası yarışın qalibi olub. Qalib komandanın üzvlərinə mükafatlar təqdim olunub.

Astara Pedaqoji Kollecində multikulturalizmə həsr olunmuş tədbir

Astara Pedaqoji Kollecində Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə “Azərbaycanda multikulturalizm və tolerantlıq: əcnəbilər üçün yaradılmış şərait” mövzusunda tədbir keçirilib.
Kollecin direktoru Yusif Şahnamazov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda, o cümlədən rəhbərlik etdiyi təhsil müəssisəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayev iştirakçılara xidmətin fəaliyyəti haqqında məlumat verib.
Sonra regional idarənin əməkdaşı Ramil Bəşirovun mövzu ilə bağlı məruzəsi dinlənilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

“Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları”

Abşeron rayonunun Novxanı kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
FHN Sumqayıt Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisi Emin Ramazanov giriş sözü ilə çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına nail olmaq olduğunu bildirib.
I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, daxili xidmət mayoru Abuzər Rövşənov son dövrlərdə yanğın hallarının çoxaldığını diqqət mərkəzinə gətirərək bu halların qarşısının alınması yolları barədə, eləcə də təhsil ocaqlarında yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyindən söz açıb.
“Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda çıxış edən FHN Sumqayıt Regional Mərkəzinin Qüvvələrin və texnikanın hazırlığı və axtarış-xilasetmə işlərinin təşkili bölməsinin baş zabiti, daxili xidmət baş leytenantı Şahin Məmmədov tədbir iştirakçılarına fövqəladə hallar barədə ümumi məlumat verərək fövqəladə hallar içərisində daha təhlükəlisi olan “Zəlzələ”, “Torpaq sürüşməsi”, “Sel və daşqın” ilə əlaqədar davranış qaydaları haqqında danışıb.
Daha sonra mövzulara aid videoçarxlar nümayiş olunub.

Bilik yarışının qalibləri mükafatlandırılıb

Ağstafa rayonunda “Müstəqil Azərbaycanım” adlı bilik yarışı keçirilib. Yarışda Ağstafa şəhər 1 və 2 nömrəli, texniki-humanitar təmayüllü lisey, Köçəsgər 1 və 2 nömrəli, Poylu, Qıraq Kəsəmən, Düz Qışlaq və Eynallı kənd tam orta məktəbləri daxil olmaqla doqquz komanda iştirak edib. Nəticədə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin komandası birinci, texniki-humanitar təmayüllü liseyin komandası ikinci, Poylu kənd tam orta məktəbinin komandası isə üçüncü yerə layiq görülüblər.

Şəkinin daha bir kəndində yeni məktəb binası tikilir

Şəki rayonunun Baş Zəyzid kəndində 624 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb.Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən üçmərtəbəli yeni məktəb binasının 2017-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, 2012-ci ildə bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşən bu məktəb indiyədək uyğunlaşdırılmış binalarda fəaliyyət göstərib.
Son illər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonda 25 yeni məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub.

Ağdam məktəblərində qışa hazırlıq işləri yekunlaşıb

Ağdam Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, ümumtəhsil məktəblərinin 56-sı rayonun işğal olunmamış ərazilərində, 79-u isə ağdamlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları 16 şəhər və rayonda fəaliyyət göstərir.Məktəblərdə qışa hazırlıq işləri yekunlaşıb. Təhsil ocaqlarının qızdırılması üçün zəruri tədbirlər həyata keçirilib. Rayon ərazisindəki məktəblərdən 14-ü mərkəzləşdirilmiş istilik sistemi, 12-si elektrik enerjisi, 30-u isə odun və maye yanacaqla isidilir.
Elektriklə qızdırılan məktəblərə baxış keçirilib, mövcud çatışmazlıqlar aradan qaldırılıb. Digər məktəblərdə sobalar qurulub. Məktəblər üçün nəzərdə tutulan odun və maye yanacaq təyinatı üzrə paylanılıb.
Hazırda məktəblərin qızdırılmasında heç bir çətinlik yoxdur.

Lənkəranda şəhid Qalib Zülfüqarlının xatirəsi anılıb

Lənkəran şəhərindəki 7 nömrəli tam orta məktəbdə təhsil ocağının məzunu olmuş Silahlı Qüvvələrin şəhid zabiti Qalib Zülfüqarlının doğum günü ilə əlaqədar tədbir keçirilib. Mərasimdə məktəbin direktoru Ülviyyə Əliyeva şəhid zabitin qısa, lakin mənalı ömür yolundan danışıb. Qeyd olunub ki, Qalib Layim oğlu Zülfüqarlı 1992-ci il dekabrın 20-də Lənkəran şəhərində anadan olub. Şəhər 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. O, 2014-cü ildə leytenant rütbəsi ilə cəbhənin ön sıralarında hərbi xidmətini davam etdirib. İgid zabit 2015-ci il martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Qalib Zülfüqarlı ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.
Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Cəmil Axundzadə, Qarabağ Müharibəsi Əlilləri və Veteranları Cəmiyyətinin sədri Əbülfət Əliyev, müəllim Amil Qurbanov və başqaları torpaqlarımız uğrunda şəhid olmuş Qalib Zülfüqarlının mənalı ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.

Hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴