1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.06.2017

// 14.06.2017




 

 
Tarixin tədrisi zamanı diqqət yetirilməli məsələlər
24.12.2016/№50

 

 


Müstəqil Azərbaycan dövlətinin milli təhsil siyasətinin əsasları ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə formalaşdırılıb. Son illər bu siyasət yeni dövrün çağırış və reallıqları nəzərə alınaraq cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu gün Azərbaycan elmi və təhsili sivil dünyanın modern elm və təhsil sisteminə uğurla inteqrasiya olunur. Düşünürəm ki, son illər ölkəmizin ictimai-siyasi, iqtisadi həyatının bütün sahələrində əldə olunan bariz uğurlar da bunu təsdiq edir.
Hər kəsə yaxşı bəllidir ki, təhsilsiz heç bir yerdə inkişaf və tərəqqi ola bilməz. Bu gün Azərbaycan təhsilində uğurlu islahatlar keçirilir. İxtisasından asılı olmayaraq müəllimlərin qarşısında duran vəzifə Azərbaycanın xoşbəxt gələcəyi naminə bilikli və savadlı gənclər yetişdirməkdir.
Ümumtəhsil məktəblərində tədris olunan fənlər içərisində tarix fənni xüsusi yer tutur. Məhz bu fənnin köməyi ilə şagirdlər Azərbaycanın dövlətçilik tarixi, müxtəlif xalqların keçmişi, cəmiyyətin inkişafı və tanınmış şəxsiyyətləri haqqında dəqiq və dolğun məlumatlar əldə edirlər.
Tarix müəllimi gündəlik dərsi planlaşdırarkən sinifdə dərsliklə yanaşı xəritənin, sxemin, audiovizial vəsaitin, ədəbiyyatın və s. resursların olması vacibdir. Müəllimin şagirdlərə yanaşma tərzi, səlist nitqi, yüksək intellekti də böyük əhəmiyyətə malikdir. Bütövlükdə, tarix fənni müəllimdən böyük yaradıcılıq tələb etdiyinə görə dərsdə Azərbaycan dili, riyaziyyat, ədəbiyyat, coğrafiya, informatika və digər fənlərə inteqrasiya şagirdləri zehni fəaliyyətə, müstəqil düşünməyə istiqamətləndirir.
Etiraf edək ki, indiki və əvvəlki illərin şagirdləri arasında fərqlər çoxdur. Əgər indi şagirdlər mövzuya aid müxtəlif təqdimatlar, fotoalbomlar və hətta slaydlar hazırlamağa təşəbbüs göstərirlərsə deməli, bu, təhsilimizin uğurudur.
Ötən il VIII sinifdə Qarabağ tarixi fənnini tədris etmişdim. Dərsdə şahidi olmuşdum ki, şagirdlər işğal altında olan torpaqlarımızla bağlı dəqiq məlumatları internet şəbəkəsindən toplayır, cavablandırırlar. Xüsusən, “Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi, Türkmənçay və Ədirnə müqavilələri”, “Qarabağda erməni seperatçı-terrorçu işğal rejimi, ermənilərin köçürülməsinin növbəti mərhələsi” mövzularının tədrisində şagirdlər bir-birindən maraqlı təqdimatlar, slaydlar hazırlamışdılar. Onlar “Şəhidlərimiz və milli qəhrəmanlarımız” adlı essedə isə Azərbaycanın əbədi və əzəli parçası olan Qarabağda mənfur ermənilərlə döyüşdə şəhid olan oğullarımızın qəhrəmanlığından yazmışdılar. Həmçinin, esselərdə babalarımızın bizə əmanət qoyduğu vətəni Milli Qəhrəmanlar Əlif Hacıyev, Albert Ağarunov və Mübariz İbrahimov kimi qoruyacaqlarını qeyd etmişdilər. Bu yerdə “vətənpərvərlik insanın doğulduğu ailədən başlasa da məktəbdə formalaşır” kəlamının nə qədər düzgün olduğunu xatırlamaq istərdim. Həmkarlarımın da diqqətinə çatdırardım ki, bu gün məktəbdə şagirdlərə aşıladığımız vətənpərvərlik tərbiyəsi tariximizə və keçmişimizə olan məhəbbət, eləcə də övladlarımızın vətənin müdafiəsinə hər an hazır olması deməkdir. Biz tarix müəllimlərinin dərslərdə vətənpərlik tərbiyəsini aşılanması üçün potensial imkanları daha çoxdur.
Tarix müəllimlərinin diqqətinə digər bir amilin vacib olduğunu da çatdırırdım. Müəllim dərsdə şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almalı, onları maraqlandıran suallara dolğun cavab verməlidir. Təlim prosesində şagirdlərin bilik və bacarıqları ilə bərabər onların yaradıcılıq qabiliyyətləri də kənarda qalmamalıdır. Rəsm çəkmək qabiliyyəti olan şagirdin istedadından yeni mövzunun tədrisində istifadə etmək mümkündür. Belə ki, rəssamlığa meyil göstərən bəzi şagirdlərin qruplarla iş mərhələsində tarixi abidələrin, qədim məişət əşyalarının və şəxsiyyətlərin şəklini vərəq üzərində çəkməsi təqdirəlayiqdir. Şagirdlər istər kollektiv, istərsə də qrup işində aktivliyi ilə seçilirlər. Bu zaman şagird fəal subyekt olaraq tarixi faktları mənimsəyir, qrup yoldaşlarının cavablarını dinləyir, müstəqil fikirlərini söyləyir. Müəllimin vəzifəsi isə şagirdin müstəqil fikirlərinə hörmətlə yanaşmaqdır. Təlim prosesində şagirdlərin bilik, bacarıq və vərdişlərinin yoxlanılması da diqqətdən kənarda qalmamalıdır.
Tarix müəllimi həm də dərsdə şagirdlərə əsl psixoloq kimi yanaşmağı bacarmalıdır. Çünki şagirdlər eyni xüsusiyyətlərə malik deyillər. Onlar bilik səviyyəsinə, davranışına və düşüncə tərzinə görə fərqlənirlər. Bu zaman müəllimin əsl peşəkarlığı şagirdlərlə ünsiyyəti və yanaşmanı düzgün qurmasıdır. Müəllim həm də şagirdlərin dilini tapmalı, qabiliyyətlərini üzə çıxarmağı bacarmalıdır.
Yeni mövzu ilə tanışlıqda şagird dərslikdə verilən mətnlə, tarixi mənbələrlə, xəritələrlə, illüstrasiyalarla tanış olur, mövzu ilə bağlı zəngin informasıya əldə edir.
Tədris proqramına müvafiq olaraq müəllim VII sinifdə Azərbaycan tarixi fənninin tədrisində “İntibah mədəniyyəti” mövzusunu keçir. Bildiyimiz kimi, IX-XII yüzilliklərdə Azərbaycanda intibah mədəniyyəti formalaşıb. Müəllim həmin dərs prosesində Azərbaycan intibah mədəniyyətinin, dünya sivilizasiyasının mərkəzlərindən biri olması haqqında nəticə çıxarmasına nail olmalı və intibah mədəniyyət nümunələri əsasında şagirdlərdə erkən orta əsrlərə dair təsəvvür formalaşdırmalıdır. Müəllimin bu mövzunun tədrisində Azərbaycanda baş verən intibahı memarlıq, incəsənət və ədəbiyyatla daha sıx əlaqələndirməsi də vacibdir.
Şagirdlərin zehni inkişafında testlərin əhəmiyyətini də qeyd etmək istərdim. Məlumdur ki, müəllim şagirdlərin əldə etdiyi biliklərin nəticəsini test tapşırıqları vasitəsi ilə qiymətləndirir. Məsələn, dərsdə formalaşdırılmış və subyektivləşdirilmiş biliklərin yoxlanılması məqsədilə xronologiya, kartoqrafiya, tarixi şəxsiyyətlər, faktlar, termin, anlayışlar və s. üzrə bilikləri yoxlayan testlərin verilməsi məqsədəuyğundur. Məhz belə test tapşırıqları şagirdləri daha tez sərbəst düşünməyə istiqamətləndirir.
Bu gün təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi keyfiyyətin təminatına müsbət təsir edir. İndi öz üzərində məhsuldar işləyən müəllimi kompütersiz də təsəvvür etmək olmaz. Orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində interaktiv təlim metodlarından istifadə olunur. Məlumdur ki, “interaktiv” termini qarşılıqlı fəaliyyətə əsaslanan deməkdir. Tarix fənninin tədrisinin öyrənilməsində tətbiq olunan interaktivlik həm də bilavasitə idrak fəaliyyətinə əsaslanır. Məsələn, tarix dərsində keçirilən rollu oyunlar, beyin həmləsi, diskussiyalar, qrup layihələri, debatlar və s. şagirdlərdə müstəqil iş vərdişləri yaradır, onlara yeni bilik verir. Dərsini yeni metod və üsullarla qurmağı bacaran müəllimin zəhməti isə heç zaman itmir. Belə biliklər şagirdlərdə yaradıcılıq və tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirməklə yanaşı, onları həm də vətənimizin tarixini dərindən öyrənməyə ruhlandırır. Bir sözlə, dərsin müxtəlif mərhələlərində tətbiq olunan təlim üsulları - BİBÖ, klaster (şaxələndirmə), mühazirə, Venn diaqramı, karusel və s. şagirdlərin yaddaşında uzun müddət qalır. Ümumiyyətlə, müəllimin dərsdə müxtəlif təlim metodlarından istifadə etməsi şagirdlərin tarix fənninə marağını artırmış olur.
Tarix dərsində şagirdlərin müstəqil apardığı tədqiqatlardan biri də mənbələrlə iş adlanır. Mənbələrlə işə - əsatirlər, tarixi hekayələr, müxtəlif əsərlərdən parçalar, illüstrasiyalar, xəritələr daxildir. Mənbələrlə iş şagirdləri tədqiqata, yaradıcı axtarışa düzgün istiqamətləndirir.
Biz tarix müəllimlərinin qarşısındakı əsas vəzifə şagirdlərimizi əsl vətəndaş kimi yetişdirməkdir. Məncə bu, ülvi hissin təbliği yaşadığımız ərazidə yerləşən tarixi abidələrimizə ekskursiyalardan başlayır. Məhz şagirdlərin sinifdənxaric tədbirlərdə tarixi abidələrlə tanışlığı onlarda keçmişimizə dərin hörmət hissini formalaşdırır.
Şagirdlərimi “Atəşgah”, “Şirvanşahlar saray kompleksi” dövlət tarix-memarlıq qoruqlarına ekskursiyaya apararkən onlar bu abidələrlə tanış oldular, geniş məlumatlar əldə etdilər. Bu ekskursiya həm də onların elmi dünyagörüşünün formalaşmasında, şəxsiyyət kimi yetişməsində mühüm rol oynadı. Deyərdim ki, belə tədbirlərin keçirilməsi şagirdlərdə milli mənlik şüurunun oyanmasına ciddi təsir edir. Məncə dərs proqramında şagirdlərimizi tarixi abidələrimizlə tanış etmək üçün xüsusi saatların ayrılması vacibdir.

Təranə CƏBİYEVA,
Bakı şəhəri 226 nömrəli tam orta məktəbin tarix müəllimi

 

yuxarı ⤴