|
Gənclərin yaradıcı təfəkkürlü vətəndaş kimi yetişməsində,
əməyə, zəhmətə alışmasında məktəbin və burada tədris olunan fənlərin,
xüsusilə də texnologiya fənninin rolu böyükdür.
Bəs əmək, texnologiya nədir? Əmək-insanın məqsədyönlü yaradıcı fəaliyyətidir.
Ancaq əmək sərf etməklə yeni bir şey öyrənmək və düzəltmək, həyatı dəyişmək
və rəngarəng etmək olar. Əmək fəaliyyətinin məqsədləri:
1. Əmək alətləri yaratmaq və təkmilləşdirmək.
2. Maddi nemətlər istehsalı (qida, geyim, yaşayış yerləri).
3. Şəxsi inkişaf, yaradıcılıq.
4. Mənəvi dəyərlərin yaranması (ədəbiyyat, musiqi və rəssamlıq əsərləri).
Texnologiya insanların öz həyatını dəyişmək və yaxşılaşdırmaq üçün istifadə
etdikləri üsul və qaydalardır. Texnologiya da öz növbəsində ayrı-ayrı
sahələrə bölünür:
- Kənd təsərrüfatı texnologiyaları;
- Yeyinti texnologiyaları;
- İnformasiya texnologiyaları və s.
Kurikulumlar Azərbaycan təhsil sistemində tətbiq olunandan sonra texnologiya
fənnində də bir sıra yeniliklər oldu. Ənənəvi əmək təlimi əvəzinə
texnologiya tədris olunmağa başladı. Eyni zamanda siniflərdə şagirdlər
əvvəlki qaydada (oğlanlar və qızlar) yox, qarışıq şəkildə say hesabı ilə iki
qrupa bölünür (əgər sinifdə şagidlərin sayı 20 nəfərə çatırsa; əks-halda
ümumi sinfə dərs bir müəllim tərəfindən keçilir).
Tədris proqramlarında da köklü dəyişikliklər olmuşdur. Təhsil Nazirliyi
tərəfindən təsdiq olunmuş və standart şəklində bütün regionlara eyni qaydada
verilmişdir. Bu ildən 9-cu siniflərdə də texnologiya fənni tədris olunmağa
başlayıb.
Məlum məsələdir ki, texnologiya fənni tam mənası ilə praktik xarakter
daşıyır. Tədrisin daha səmərəli və keyfiyyətli alınması üçün təbii ki, əsas
tədris bazaları - tədris emalatxanaları, peşəyönümü və evdarlıq kabinetləri,
tədris-təcrübə sahələri, yardımçı təsərrüfatlar və sair olmalıdır.
Bu fənnin tədrisində əsas məqsəd əməksevərlik, əmək mədəniyyəti, xeyirxahlıq,
əməyə və əmək vasitələrinə, materiala, xammala, bütövlükdə təbiətə qayğılı
münasibət, zamanın tələblərinə uyğunlaşma, büdcə və maliyyə sahələrini, son
texnologiyaları tanımaq və istifadə etmək bacarıqları aşılamaqdır.
Bütün sadaladıqlarımın öhdəsindən gələ bilmək müəllimlərdən böyük bacarıq
tələb edir.
Normal şəraitin olduğu bir mühitdə işləmək olduqca asandır. Bu mümkün
olmadıqda müəllimin öz təcrübəsi köməyinə gəlir.
Hazırda təlim prosesinin daha səmərəli qurulmasında mühüm vasitələrdən biri
kimi dərslik və İKT aparıcı rol oynayır. Bəzi müəllimlər dərsliyin yeganə
məlumat mənbəyi olmasını əsas tuturlar. Məncə, bu heç də düz deyil. Dərslik
keçiləcək mövzuların məzmununu, izahını və lazım olan qaydalarını özündə əks
etdirir. Mövzunu əhatəli şəkildə keçdikdə daha maraqlı olur. Hər yeni mövzu
üçün müəllim yeni forma və üsul seçməli, uyğun fənlərlə inteqrasiya
etməlidir. İnternetdən səmərəli şəkildə yararlanmalıdır.
38 illik pedaqoji təcrübəm var. Hazırda V-VIII siniflərdə texnologiya
fənnini tədris edirəm. 2013-cü ildən bu fənn üzrə təlimçi kimi fəaliyyət
göstərirəm. Respublikamızın müxtəlif bölgələrində (Balakən, Şəki, Ağstafa,
Goranboy və Ağdamın Quzanlı qəsəbəsində) təlimlərdə olmuşam. Təlimlər mənə
çox şey öyrədib. Təcrübəm daha da artıb.
V-IX siniflərin texnologiya fənn proqramları ilə tam şəkildə tanışam. Son
zamanlar valideynlər mövzuların bir az çətinliyindən şikayətlənir və
valideyn iclaslarında iradlarını bildirirlər. Rəsmxət fənninin də
texnologiyanın tərkibində keçilməsi buna zəmin yaradır. Biz müəlimlər bu
çətinlikləri aradan qaldırmaq üçün müxtəlif forma və üsullar seçib onlardan
daha da səmərəli şəkildə istifadə etməliyik. Texnologiya fənninin 4 məzmun
xətti var:
1. Emal texnologiyaları;
2. Texnika elementləri;
3. Məişət mədəniyyəti;
4. Qrafika.
Mən “Qrafika” məzmun xəttinin üzərində xüsusi dayanmaq istəyirəm. V sinifdən
başlayaraq şagirdlərdə texniki təsvir, eskiz, çertyoj, xətlər, texnoloji və
marşrut xəritələri, spesifikasiya cədvəli, miqyas və sairə kimi terminlər
haqqında tam təsəvvür yaratmaq lazımdır. Yuxarı siniflərə keçdikcə bu
məlumatlar daha geniş şəkildə izah edilməlidir. Şagird həmçinin çertyoj
ləvazimatları ilə də yaxından tanış olmalı və onlarla sərbəst işləməyi
bacarmalıdır. Müəllim bu sahədə inteqrasiyanı düzgün qurarsa, dərslərdə
istədiyinə nail ola bilər. Məsələn, miqyasdan coğrafiyada; tarixdə;
çertyojdan riyaziyyatda, xüsusən də həndəsədə; təsvir və eskizdən təsviri
incəsənətdə və s. istifadə etmək faydalıdır.
Bütün bunları ənənəvi qaydada dərs keçərkən şəkil və plakatlarla nümayiş
etdirir və yazı lövhəsində çəkərək izah edirdik. İndi isə İKT-nin
imkanlarından istifadə edərək az vaxt ərzində daha effektli və dəqiq
nəticələr əldə etmək mümkündür. Texnologiyada “Qrafika” məzmun xəttində
öyrənilən qrafik savad elementləri “Emal texnologiyaları” məzmun xəttinə aid
bölmələrdə “Ölçmə və nişanlama” əməliyyatlarında onlara öyrəndiklərini
praktikada asan tətbiq etməyə kömək edir. İnternet saytlarında bütün bunlara
aid geniş məlumatlar, materiallar, əyani vəsaitlər, əməliyyatların izahlı
şəkildə icrasına aid geniş formatda videolar və s. axtarıb tapmaq mümkündür.
Çünki nəzəri biliklərin praktikaya tətbiqi zəruridir.
Sual oluna bilər ki, axı bizim praktikanı yerinə yetirmək üçün normal
şəraitimiz yoxdur. Hər bir texnologiya müəlliminin, kiçik də olsa, öz şəxsi
emalatxanası olmalıdır (əmək alətlərinin ən azından nümunələri: çəkic,
mişar, rəndə, fuqan, yeyə, vintaçan, əl dreli, lobzik mişarı, ştangenpərgar,
kəlbətin, şurup, mismar nümunələri, şlyampur, ölçmə və nişanlama alətləri və
tikiş maşınları və s.). Eyni zamanda bütün bunları əks etdirən slaydlar
müəllimdə olmalıdır. Bu materiallar əlində olan müəllim sinif şəraitində də
istədiyini əldə edə bilər.
Mən fənn ilə bağlı başqa bir məsələyə də toxunmaq istəyirəm. Hazırda kiçik
və böyuk summativ qiymətləndirmələr geniş şəkildə tətbiq edilir. Bu fənnin
kiçik summativlərini müəllim praktiki şəkildə apara bilər. Hansı ki, fiziki
tərbiyə fənnində bu, normativlərin yerinə yetirilməsi yolu ilə həyata
keçirilir; təsviri incəsənətdə rəsm çəkməklə; musiqidə mahnı ifası ilə və s.
Texnologiyada isə ölçmə və nişanlama, biçmə-tikmə, quraşdırma, fərqləndirmə
(oduncaq və metallar) və hissələri nümayiş etdirməklə və s. vasitələrlə
yerinə yetirmək olar.
Texnologiyanın demək olar ki, bütün fənlərlə sıx əlaqəsi var. Ona görə də
müəllim başqa fənn müəllimləri ilə daim ünsiyyətdə olmalı və yenilikləri
paylaşmalıdır.
Hazırda bütün təhsil müəssisələri İKT və “ağıllı lövhə” ilə təmin olunur.
Mən bütün mövzuların tədrisində yeniliklərdən istifadə etməyə çalışıram. Bu
günün əksər şagirdləri ən son model telefonları belə işlətməyi bacarırsa,
dərslər niyə ən son vasitələrin köməyi ilə keçirilməsin? Bu, müasir dövrün
tələbidir. Onda dərs daha maraqlı olur və asan mənimsənilir. Bütün bunlara
nail olmaq üçün isə birinci növbədə müəllim özü ən son variantları
araşdırmalı, tapıb sistemli şəkildə istifadə etməlidir.
Müəllim öz üzərində daim çalışmasa, axtarışlarda olmasa yeniliklərdən geri
qalacaq, zamanın nəbzini tuta bilməyəcək. Biz hərtərəfli inkişaf etmiş
şəxsiyyət yetişdirmək istəyiriksə, mütləqdir ki, dövlətin qoyduğu tələblərə,
standartlara cavab verən, yeni qayda ilə işləməyi bacaran müəllim olmalıyıq.
Gündən-günə yeniləşən Azərbaycanın gələcəyi olan gənc nəslin
təlim-tərbiyəsində əlimizdən gələni əsirgəməməliyik.
Qərənfil QAFFAROVA,
Mingəçevir şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin
texnologiya müəllimi, texniki fənlər üzrə kafedra müdiri
|