1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
“Azərbaycan müəllimi” qəzetinin təşkilatçılığı ilə keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı
31.12.2016/№51

 

 


Dekabrın 26-da “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda keçirilən yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, müsabiqənin münsiflər heyətində təmsil olunanlar, qaliblər və KİV nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyətini və iştirakçıları yaradıcılığa stimullaşdırdığını vurğulayıb. Yazı müsabiqəsinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin 2016-cı il üçün Tədbirlər Planına uyğun olaraq keçirildiyini və “Azərbaycan müəllimi” qəzeti tərəfindən təşkil olunduğunu deyən nazir müavini müəyyənləşdirilmiş mövzu və istiqamətlərin təhsilin ən aktual məsələlərini əks etdirdiyini diqqətə çatdırıb. Müsabiqənin gedişi və yekunları haqqında məlumat verən nazir müavini qısa müddətdə təşkilat komitəsinə 80 yazı daxil olduğunu, yazı müəlliflərinin 27 şəhər və rayonu təmsil etdiyini, onların arasında əksəriyyət təşkil edən müəllimlərlə bərabər alimlərin, təhsil müəssisə rəhbərlərinin, magistrlərin, SABAH qrupu tələbələrinin də olduğunu bildirib. Nazir müavini çıxışında təhsilimizdə beynəlxalq təcrübənin, yeni yanaşmaların, yeni metodların tətbiqinə önəm verildiyi müasir şəraitdə mövcud ənənələrin qorunub saxlanmasının, təhsilimizin milli-mənəvi dəyərlərə söykənərək inkişaf etdirilməsinin vacibliyinə toxunub, müsabiqə üçün təklif olunan istiqamətlər arasında milli-mənəvi dəyərlərə həsr olunan yazıların üstünlük təşkil etdiyini müsbət hal kimi qiymətləndirib. Müsabiqədə münsiflər heyətinin böyük iş apardığını qeyd edən Firudin Qurbanov onlar tərəfindən iki mərhələdə aparılan qiymətləndirmə nəticəsində 1 yazının I yerə, 2 yazının II yerə, 3 yazının III yerə layiq görüldüyünü bildirib.
Firudin Qurbanov müsabiqə qaliblərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müavini çıxışının sonunda müsabiqədə əməyi keçənlərə təşəkkür edib, gələcəkdə belə müsabiqələrin coğrafiyasının daha da genişləndirilməsini tövsiyə edib.
Mərasimdə çıxış edən “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə müsabiqə ilə bağlı bəzi nüanslara diqqət çəkib, onun qısa müddətdə keçirildiyini, yazıların təqdimi üçün ayrılmış vaxtın azlığına baxmayaraq yaradıcılıq yarışmasına gözlənildiyindən də çox iştirakçının qatıldığını söyləyib. Müsabiqənin şəffaf və ədalətli keçirilməsi üçün maksimum səy göstərildiyini deyən Bayram Hüseynzadə yoxlama prosedurunun iki mərhələdə təşkil edildiyini, hər iki mərhələdə yazıların şifrələnərək anonimliyinin qorunduğunu, nəticədə obyektiv seçim aparıldığını vurğulayıb. Ölkə Prezidentinin rəhbərliyi ilə təhsildə aparılan islahatların önündə getməli olan müəllimlərin müsabiqədə fəal iştirakını xüsusi qeyd edən baş redaktor təhsildə yeni yanaşmaları, yeni-yeni imzaları üzə çıxarmaq baxımından müsabiqənin faydalı olduğunu diqqətə çatdırıb və onun keçirilməsində göstərdiyi ciddi dəstəyə görə Təhsil Nazirliyinə, münsiflər heyətinin üzvlərinə minnətdarlığını bildirib. Müsabiqəyə qatılanlara da təşəkkür edən Bayram Hüseynzadə qalibləri təbrik edib, onların yazılarının qəzetdə dərc ediləcəyini söyləyib.
Azərbaycan Mətbuat Şurasının sədri Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycanda maarifçilik ənənələrinin yaranmasından, bu işdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin rolundan söz açıb, zəngin maarifçilik ənənələrimizin yaşadılmasının vacibliyinə diqqət çəkib və müsabiqəni bu baxımdan yüksək dəyərləndirib. Təhsilimizdə gedən islahatlarda müəllimlərin xüsusi rolu olduğunu qeyd edən Əflatun Amaşov onların öz üzərlərində müntəzəm işləməli, yenilikləri öyrənməli, bilik və bacarıqlarını artırmalı olduqlarını bildirib. Müsabiqəyə qatılanların sayının digər müsabiqələrlə müqayisədə kifayət qədər çox olduğuna diqqət çəkən şura sədri bunu təhsil işçilərinin öz təcrübələrini bölüşməyə maraqlı olması ilə əlaqələndirib və qalibləri təbrik edib.
Təhsil ekspertləri Şahlar Əsgərov və Etibar Əliyev çıxış edərək belə yaradıcılıq müsabiqələrinin təhsilalan və təhsilverənləri fəallaşdırdığını, onların ölkədə aparılan təhsil islahatlarına öz münasibətlərini, təhsilimizin gələcək inkişafı ilə bağlı rəy və mülahizələrini bildirmələrinə imkan yaratdığını nəzərə çatdırıblar. Müsabiqənin keçirilməsində obyektivliyin təmin olunduğunu xüsusi qeyd edən ekspertlər bu kimi tədbirlərin ənənəyə çevrilməsini arzulayıblar.
Sonra qaliblərə Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.
Sonda qeyd edək ki, müsabiqədə Bakı şəhəri T.Heybətov adına 126 nömrəli tam orta məktəbin tarix müəllimi Məmmədova Şirincan Əvəz qızı I yerə, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Abbasov Ənvər Məhəmməd oğlu və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin baş məsləhətçisi Səfərov Rafiq Bahadur oğlu II yerə, Xaçmaz rayon Xudat şəhər 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi (magistr) Cəfərov Sərxan Şahismayıl oğlu, Qafqaz Universitetinin laborantı Səmədzadə Fərzanə Fazil qızı və Göygöl şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Hacıyev Elnur Yuriy oğlu III yerə layiq görülüblər. Qalibləri təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

Yusif ƏLİYEV

yuxarı ⤴