1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.01.2017

// 14.01.2017



UNEC-də görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib
31.12.2016/№51

 

 


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib. Tədbirə tanınmış iqtisadçı alimin həmkarları, dostları, yaxınları, elm xadimləri, ziyalılar qatılıblar.
Konfransı UNEC-in rektoru, professor Ədalət Muradov giriş sözü ilə açaraq görkəmli alimin yubileyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq təşkil edildiyini bildirib. Rektor Aqil Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində, xüsusən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı apardığı tədqiqatların ölkənin gələcək inkişafında əhəmiyyətli olacağını qeyd edib. Aqil Əliyevin məhsuldar elmi tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran professor Ədalət Muradov, bu gün ölkədə və Azərbaycanın hüdudlarından kənarda görkəmli alimin ideyalarını reallaşdıran çoxsaylı tələbələri olduğunu bildirib.
Çıxış edənlərdən UNEC-in gömrük işi və ticarət kafedrasının müdiri, professor Arif Şəkərəliyev, Milli Məclisin komitə sədrləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli, akademiklər Ziyad Səmədzadə, Əhliman Əmiraslanov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov Azərbaycan iqtisad elminin görkəmli siması Aqil Əliyevin zəngin elmi yaradıcılığından, əsərlərinin əhəmiyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıblar. Qeyd ediblər ki, onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutur. Alim Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olub, onun iqtisadi islahatların sosial tərəqqidə rolu, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi sahəsindəki araşdırmaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Konfransın sonunda Aqil Əliyevin ailə üzvləri adından qızı Zərifə Əliyeva çıxış edərək belə nüfuzlu konfransın təşkilinə görə UNEC-in kollektivinə minnətdarlığını bildirib. Z.Əliyeva ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycanın inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı gördükləri işləri müsbət qiymətləndirərək respublikamızda elm adamlarına verilən yüksək qiymətdən danışıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴